Məhkəmə qərarları › İş №2-1(112)-6957/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6957/2024

24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6957/2024 24.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı “pulun ödənilməsi və s” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı “pulun ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia tələbinə dəqiqləşmə icraata qəbul edilərək 40 gün istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsi və buna uyğun məlumat vərəqəsinin yenidən tərtib edilərək pensiya orqanına göndərilməsinin cavabdehə həvalə edilməsi formasında iddia icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 oktyabr 2021-ci il tarixində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 2021-ci ilin yanvar ayında 40 günük ödənişli məzuniyyət, 40 gün növbəti məzuniyyət verilmişdir. 90 gün məzuniyyətə çıxmaq hüququ olmuş, 50 günündən istifadə etmiş, 40 günlük məzuniyyət verilməmişdir. 40 gün məzuniyyətin əvəzinə kompensasiya ödənilməsi barədə müraciət etmiş, müraciətin təminindən əsassız olaraq imtina edilmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 17 mart 2021-ci il tarixdən 26 aprel 2021-ci il tarixədək növbəti məzuniyyətdən 40 gün istifadə etmiş, ona pul təminatı ödənilmişdir. 03 sentyabr 2021-ci il tarixdən 22 oktyabr 2021-ci il tarixədək 50 gün müddətində 2021-ci ilin hesabına növbəti məzuniyyət verilmişdir. Qanunvericilikdə il ərzində iki dəfə növbəti məzuniyyət verilməsi nəzərdə tutulmamış, növbəti məzuniyyətdən ildə bir dəfə olmaqla tam istifadə edilmişdir. Qanunvericilik hərbi qulluqçulara verilən məzuniyyət növlərini konkret tənzimləmiş, növbəti məzuniyyət həmin növlərdən birinə aid edilmişdir. Bu səbəbdən əlavə pul kompensasiyanın ödənilməsi və həmin günlərin xidmət illərinə daxil edilməsi əsassızdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda yeni məlumat vərəqəsinin tərtib edilərək pensiya orqanına göndərilməsinə münasibətdə də məhkəmə hesab edir ki, iddia tələbi mümkünlük şərtlərini ödəməkdədir. Hər nə qədər ilkin iddia tələbində göstərilməsə də işin faktiki hallarından da göründüyü kimi iddiaçının hüquqi marağı, həmçinin də məlumat vərəqəsinin ödənişə uyğun və xidmət illərinə uyğun yenidən tərtib edilməsi ilə əlaqədar olmuşdur. Cavabdeh də etirazında həmin məsələ mahiyyəti üzrə qiymət verərək iddianın adıçəkilən hissədə rədd edilməsi barədə mövqe nümayiş etdirmişdir ki, məhkəmə hesab edir ki, adıçəkilən hissədə ilkin müraciətin olmaması kimi qiymətləndirmə formal hesab edilməli, iddiaçının ilkin müraciətinin məhz adıçəkilən məlumatın pensiya orqanına təqdim edilməsi ilə məzmun baxımından bağlılığı nəzərə alınmalıdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Dövlət Sərhəd Xidmətinin 31 yanvar 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 2021-ci il ərzində növbəti məzuniyyətdən 40 gün istifadə etmiş, ehtiyata buraxılarkən müvafiq olaraq 50 gün növbəti məzuniyyət də verilmiş, beləliklə də 90 gün məzuniyyətdən istifadə edilmişdir ki, əlavə kompensasiyanın verilməsi imkan xaricindədir. 04 oktyabr 2021-ci il tarixli əmrdən görünür ki, iddiaçı arxa təminat şöbəsinə əraz və yem xidmətinin yeməkxana rəisi vəzifəsinə təyin edilmişdir. 17 mart 2021-ci il tarixli əmrdən görünür ki, baş gizir İddiaçı 17 mart 2021-ci il trixdən 40 gün növbəti məzuniyyət verilmişdir. 03 aprel 2021-ci il trixli əmrdən görünür ki, 03 sentyabr 2021-ci il tarixdən 22 oktyabr 2021-ci il tarixədək 50 gün müddətinə 2021-ci il hesabına növbəti məzuniyyət verilmiş, 23 oktyabr 2021-ci il tarixdən iddiaçı şəxsi heyətindən çıxarılması qərara alınmışdır. 16 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı 2021-ci il üzrə ümumilikdə 90 gün məzuniyyətdən istifadə etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlər verilir: a) növbəti məzuniyyətlər; b) qısa müddətli məzuniyyətlər; c) xəstəliyə görə məzuniyyət; ç) tədris təlimi zamanı məzuniyyət; d) hərbi təhsil müəssisəsini bitirmək ilə əlaqədar məzuniyyət; e) təhsil məzuniyyəti; ə) yaradıcılıq məzuniyyəti; f) qadın hərbi qulluqçulara hamiləliyinə və doğuşa görə, 3 yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətlər; g) əlavə məzuniyyət İldə bir dəfə zabitlərə 45 günlük, gizirlərə və miçmanlara 35 günlük, müddətindən artıq xidmət hərbi qulluqçularına 30 günlük, əsgərlərə (matroslara) və çavuşlara N günlük növbəti məzuniyyət verilir. Silahlı qüvvələrdə 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara və qadın hərbi qulluqçulara hər il 40 günlük məzuniyyət verilir. Məzuniyyətin keçirildiyi yerə gedib-qayıtmaq vaxtı həmin müddətə daxil deyildir. Bütün hərbi qulluqçulara ailə vəziyyətinə görə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına isə həm də mükafatlandırma qaydasında qısa-müddətli—N günlük məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Eyni zamanda “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 116-cı maddəsinə əsasən hərbi qulluqçuların növbəti, qısa müddətli, təhsil, habelə xəstəliyə və hərbi təhsil müəssisəsini bitirməklə əlaqədar məzuniyyətlər verildikdə, müəyyən edilmiş məzuniyyət müddətindən əlavə məzuniyyət yerinə gedib-gəlmək müddəti də 3 gündən çox olmamaq şərti ilə verilir. Həmin Əsasnamənin 120-ci maddəsinə əsasən növbəti məzuniyyət aşağıdakılara verilir: a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına — müddətli həqiqi hərbi xidmət ərzində — bir dəfə N gün; b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına — hər təqvim ili üçün 30 gün; v) gizirlərə və miçmanlara — hər təqvim ili üçün 35 gün; q) zabitlərə — hər təqvim ili üçün 45 gün. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) 40 günlük növbəti məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Həmin Əsasnamənin 126-cı maddəsinə əsasən hərbi hissə və bölmələrdə yanvar ayının birinə kimi yeni il üçün hərbi qulluqçuların növbəti məzuniyyətləri planı tutulur və hərbi qulluqçuların müvafiq kateqoriyalarına məzuniyyət vermək səlahiyyəti olan rəis tərəfindən təsdiq olunur və şəxsi heyətə elan edilir. Hərbi qulluqçulara növbəti məzuniyyətlər bütün təqvim ili boyu bərabər şəkildə hər ay hərbi hissə hərbi qulluqçularının N — 12 faizinin məzuniyyətdə olması hesabı ilə verilir. Məzuniyyət vermək səlahiyyəti olan rəislər hərbi qulluqçuların ayrı-ayrı kateqoriyalarına döyüş hazırlığının (tapşırığın yerinə yetirilməsinin) gərgin dövründə məzuniyyətlərin aylıq normasını azalda bilər və eləcə də ilin başqa vaxtında bu normaları artıra bilər. Hərbi təhsil müəssisələrində daimi heyətdən olan hərbi qulluqçulara növbəti məzuniyyətlərin verilməsinin aylıq norması təhsil müəssisələrinin rəisləri tərəfindən müəyyən edilir/ Məhkəmə qeyd edir ki, vətəndaşın həqiqi hərbi qulluğa daxil olması onun Konstitusiyada təsbit olunmuş əmək hüququnun realizə üsullarından biridir. Hərbi qulluğun özü isə dövlət qulluğunun xüsusi növü kimi, bilavasitə ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təminatı ilə əlaqədar olduğuna görə ümumi (publik) maraqlar naminə həyata keçirilən fəaliyyətdir. Hərbi qulluqda olan şəxslərin konstitusiya əhəmiyyətli funksiyaları həyata keçirmələri onların hüquqi statusuna, habelə həmin şəxslərlə dövlət arasında olan qarşılıqlı münasibətlərin məzmununa və xarakterinə təsir göstərir. Bu qulluq növü əmək fəaliyyətinin digər növlərindən fərqləndiyinə görə müəyyən xüsusiyyətlərə malikdir. Göstərilən mövqeyə əsaslanan qanunverici özünün konstitusion səlahiyyətləri çərçivəsində hərbi qulluqçuların xüsusi hüquqi statusunu təsbit edərkən həm onların hüquq və azadlıqlarının həyata keçirilməsi üçün müəyyən əlavələr və ya məhdudiyyətlər müəyyənləşdirir, həm də bu şəxslərin üzərinə hərbi qulluğun vəzifələrindən, prinsiplərindən və funksiyalarından, eləcə də hərbi qulluq keçən şəxslərin fəaliyyət xüsusiyyətlərindən irəli gələn əlahiddə vəzifələr qoyur. Qanunvericinin bu səlahiyyəti bilavasitə “Hərbi qulluqçuların statusu haqqında” Qanunda öz təzahürünü tapmışdır. Belə ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. Məhz hərbi qulluqda yerinə yetirilən funksiyaların mürəkkəbliyini, onların həyat və sağlamlıq üçün təhlükəliliyini nəzərə alaraq qanunverici, əmək fəaliyyəti ilə məşğul olan digər şəxslərdən fərqli olaraq hərbi qulluqçuların sosial müdafiəsinin daha yüksək səviyyəsini nəzərdə tutmuşdur. Bu isə öz növbəsində onların istirahət hüququnda, xüsusilə də ödənişli məzuniyyət müddətlərində öz əksini tapmışdır/ İşdən görünür ki, iddiaçı 04 dekabr 1996-cı il tarixdən 23 oktyabr 2021-ci il tarixədək Dövlət Sərhəd Xidmətində xidmət etmiş, 23 oktyabr 2021-ci il tarixdən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, həmin il üzrə növbəti məzuniyyətdən tam istifadə etmişdir. İşin faktiki hallarından da aydın olur ki, hazırkı inzibati mübahisə iddiaçının əlavə 40 gün məzuniyyət hüququnun olub-olmaması, olmuşdursa ödənişin edilməməsi ilə əlaqədardır. Belə ki, iddiaçı hesab edir ki, 2021-ci il üzrə ehtiyata buraxılarkən 3 ay məzuniyyətdən istifadə etmək hüququ olsa da, ona yalnız 50 gün kimi nəzərə alınmış, əlavə 40 gün isə nəzərə alınmamışdır. Cavabdeh isə hesab edir ki, 90 günlük məzuniyyət müddəti 50 gündən əvvəlki 2021-ci il üzrə götürülmüş 40 günü də ehtiva etməklə, ümumilikdə 90 günlük müddəti təşkil edir. Yuxarıda istinad olunan normalardan da görünür ki, qanunverici hərbi qulluqçulara verilən məzuniyyət növlərini konkret tənzimləmiş, növbəti məzuniyyət həmin növlərdən birinə aid edilmişdir. Normaya əsasən növbəti məzuniyyət hərbi qulluqçuya hər təqvim ili və ildə bir dəfə verilir. Qanunverici il ərzində iki dəfə növbəti məzuniyyət verilməsini nəzərdə tutmamışdır. Buna görə də məhkəmə hesab edir ki, qanunla nəzərdə tutulmuş 90 günlük məzuniyyət tam şəkildə iddiaçıya verildiyindən, onun əlavə 40 günlük məzuniyyət hüququ qalmadığından həmin müddətin onun xidmət illərinə əlavə edilməsi və istifadə edilməmiş 40 günə görə pul kompensasiyasının ödənilməsi mümkünsüzdür. Bundan əlavə, o da qeyd edilməlidir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır. İşdən görünür ki, iddiaçı 2021-ci ildə ehtiyata buraxılarkən onun xidmət illəri hesablanmış, iddiaçı 40 günlük müddətin həmin illərə daxil edilməməsi ilə bağlı hər hansı bir etiraz irəli sürməmiş, yalnız 3 il sonra həmin əmrdə göstərilən məlumatların doğru olmadığı qənaətinə gəlmişdir. Halbuki işin hallarından görünür ki, iddiaçının şəxsi heyət siyahısından çıxarılması barədə 03 aprel 2021-ci əmri –inzibati akt kimi və onun xidmət illəri ilə bağlı müddəaları hazırda qüvvədədir, ləğv edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar