Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6959/2022 10.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Hacıbəyovanın sədrliyi, X1 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Dövlət Kommersiya Sığorta Şirkətinə qarşı “iddiaçıya 5 (beş) illik pul təminatı məbləğində sığorta ödənişinin həyata keçirilməsinə dair cavabdehin üzərinə öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Dövlət Kommerisiya Sığorta Şirkətinə qarşı “iddiaçıya 5 (beş) illik pul təminatı məbləğində sığorta ödənişinin həyata keçirilməsinə dair cavabdehin üzərinə öhdəliyin qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 04 avqust 2001-ci il tarixindən 28 sentyabr 2019-cu il tarixinədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir. 15 iyul 2008-ci il tarixindən 28 sentyabr 2019-cu il tarixinədək Müdafiə nazirinin müvafiq nömrəli məxfi əmrinə əsasən "Kəşfiyyat və Əks-kəşfiyyat Fəaliyyətinin" subyekti olaraq xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində N (on bir) il müddətində xüsusi şəraitdə xidmət keçmişdir. Müdafiə Nazirinin 16 sentyabr 2019-cu il tarixli, 0699 nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin "v" bəndinə (xəstəliyə görə) əsasən, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasının 05.07.2019-cu il tarixli, 5282 nömrəli Xəstəlik Şəhadətnaməsində xəstəliyinin səbəbi kimi qeyd olunmuşdur ki, "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır". Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının 05.12.2019-cu il tarixli Qərarı ilə "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" ona ikinci dərəcəli müharibə əlilliyi təyin olunmuşdur. Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən 30.01.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq, ikinci dərəcəli müharibə əlili vəsiqəsi ilə də təmin olunmuşdur. İİ qrup hərbi əlil olduğuna görə, Dövlət Sığorta Şirkəti tərəfindən 2020-ci ildə "Kəşfiyyat və Əks-kəşfiyyat Fəaliyyətinin" subyekti olmağı nəzərə alınmadan qanunsuz şəkildə ona digər hərbi qulluqçular kimi cəmi 6500 (altı min beş yüz) manat məbləğində sığorta pulu ödənilmişdir ki, bu da iddiaçını qane etməmişdir. İddiaçı hesab edir ki, qanunvericliyin tələblərinə əsasən "Kəşfiyyat və Əks-kəşfiyyat Fəaliyyətinin" subyekti olduğu üçün ona 5 (beş) illik pul təminatı məbləğində sığorta pulu ödənilməli idi. Bununla əlaqədar olaraq cavabdehə 31 yanvar 2022-ci il tarixində rəsmi şəkildə müraciət edərək “Kəşfiyyat və Əks-kəşfiyyat Fəaliyyətinin subyekti" olduğunu nəzərə alınmaqla mənə 5(beş) illik pul təminatı məbləğində sığorta pulunun ödənilməsini xahiş etmişdi. “Azərsığorta" Dövlət Kommersiya Sığorta Şirkətindən aldığı 14 fevral 2022ci il tarixli cavab məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkətinin elektron informasiya bazasının məlumatına əsasən 13 yanvar 2020-ci il tarixində 6600 (altı min altı yüz) manat sığorta məbləği Sizin bank hesabınıza köçürülmüşdür. Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının icbari sığortası Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkəti tərəfindən aparılır və bu barədə müvafiq AR Müdafiə Nazirliyi ilə şirkətimiz arasında imzalanmış müqaviləyə görə Müdafiə Nazirliyinin hərbi qulluqçularının icbari sığortası yalnız "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında"Qanunla tənzimlənir və bu Qanun sığorta ödənişlərinin qayda və şərtlərini müəyyən edir. Buna görə də Sizə əlavə sığorta ödənişinin verilməsi qeyri- mümkündür ". Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2. –ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda cavabdeh şirkəti inzibati orqan qismində göstərilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan deyildir. Halbuki yuxarıda sadalanan qanunvericilik normalarına əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların publik hüquqdan irəli gələn hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyi və əsaslılığı yoxlanılır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibatiiqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarına əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir(2), xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.(3.1) İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.(3.2) İddia ərizəsindən göründüyü kimi tərəflərin arasında olan hazırkı mübahisə mülki hüquq münasibətlərdən (sığorta hüquq münasibətlərindən) irəli gələn mübahisədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 884.1. –ci maddəsinə əsasən, sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. Həmin Məcəllənin 884.2. –ci maddəsinə əsasən, sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir. Həmin Məcəllənin 884.3. –ci maddəsinə əsasən, sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 884.4. –ci maddəsinə əsasən, sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 17-ci bəndinə əsasən, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən məhkəmənin gəldiyi nəticəyə görə iddiaçı ilə cavabdeh arasındakı mübahisəyə tərəflərin subyektiv tərkibinə görə, mübahisənin xarakterinə görə mülki icraatında baxılmalı olduğu üçün, İddiaçı cavabdeh "xxxx" Dövlət Kommerisiya Sığorta Şirkətinə qarşı “iddiaçıya 5 (beş) illik pul təminatı məbləğində sığorta ödənişinin həyata keçirilməsinə dair cavabdehin üzərinə öhdəliyin qoyulması” tələbi barədə iddiası mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. İddiaçıya izah olunsun ki, tərəflər arasında olan hazırkı mübahisəyə mülki məhkəmə icraatında baxılması üçün ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2-ci, 35-ci, 80-ci və 85ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiaçı cavabdeh "xxxx" Dövlət Kommerisiya Sığorta Şirkətinə qarşı “iddiaçıya 5 (beş) illik pul təminatı məbləğində sığorta ödənişinin həyata keçirilməsinə dair cavabdehin üzərinə öhdəliyin qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-6959/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6959/2022
10.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver