Məhkəmə qərarları › İş №2-1(112)-696/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-696/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-696/2024 24.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı şəhəri iş № 2-1(112)-696/2024 24 oktyabr 2024-cü il Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqların qeydə alınması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üzərinə Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 761-ci məhəllədə yerləşən qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 761-ci məhəllədə yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli, **********61 nömrəli bildiriş göndərilərək bildirilmişdir ki, sözügüdən qeyri-yaşayış binasının 732 kvadratmetr hissəsi təqdim edilmiş istismara icazə sənədində öz əksini tapmamışdır. Bundan başqa qeyri-yaşayış binasına dair təqdim edilən razılaşdırılmış layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Cavabdeh İnzibati orqanın imtinasını qanunsuz və əsassız sayırıq. Belə ki, cavabdeh, qanunsuz olaraq formal tələblərə əməl etməyi bizdən tələb edir. Halbuki, iddiaçı tərəfindən qeyriyaşayış binası inşa edilərkən müvafiq dövlət orqanlarından icazələr alınmış, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası iqtisadi inkişaf Nazirliyi Dövlət Əmlakının idarə Olunması və özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 003484 qeydiyyat nömrəli Mülkiyyət hüququ haqqında Şəhadətnaməyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 761-ci məhəllədə yerləşən yarımçıq tikilinin mülkiyyətçisinin iddiaçı olduğu təsdiq olunur. Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli ,107 nömrəli Sərəncamına əsasən “MƏK-AN" MMC-nin müraciəti, dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamentinin xx.xx.2004-cü il tarixli, 003484 saylı şəhadətnaməsi və Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstutunun xx.xx.2003-cü il tarixli rəyi nəzərə alınaraq, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 761-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin “MƏK-AN" MMC tərəfindən çoxmərtəbəli yaşayış sahəsi kimi yenidən qurulmasına icazə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2006-cı il tarixli, 000154 nömrəli Şəhadətnamədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 761-ci məhəllədə yerləşən yarımçıq tikilinin yerləşdiyi 6311,7 kvadratmetr ümumi sahəsi olan torpaq sahəsi iddiaçı tərəfindən satın alınmışdır və həmin şəhadətnamənin iddiaçının torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olduğu göstərilmişdir. Yuxarıda göstərilən faktlardan aydın olur ki iddiaçı qanunvericiliyin tələblərinə riayət edərək qeyri yaşayış binası inşa etmişdir. Cavabdeh inzibati orqana müraciət edərkən yuxarıda qeyd olunan sənədlər təqdim edilmişdir. Lakin cavabdeh qanunsuz olaraq, formal tələblərə əsaslanaraq iddiaçının qeyri yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-cü il tarixli məktubda qeyd olunmuşdur ki, sözügedən qeyri-yaşayış binasının 732 kv.m hissəsi təqdim edilmiş istismara icazə sənədində öz əksini tapmamışdır. Odur ki, həmin sahəyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan başqa qeyriyaşayış binasına dair təqdim edilən razılaşdırılmış layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Belə ki, qeyri-yaşayış binası layihədən fərqli olaraq böyük inşa edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1 -ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektnin istismarına icazə təqdim edilməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, 761 -ci məhəllədə yerləşən qeyri- yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 müvafiq tələblə xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən qeyri- yaşayış binasının 732 kv.m hissəsi təqdim edilmiş istismara icazə sənədində öz əksini tapmamışdır. Odur ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi tərəfindən həmin sahəyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin qeyri-yaşayış binasına dair təqdim edilən razılaşdırılmış layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bununla bağlı iddiaçının etibarnamə üzrə nümayəndəsi X5 **********61 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektnin istismarına icazə təqdim edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014 tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obektinin istismarına icazənin vahid forması” və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 349 saylı fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun tərtib olunmalı, təsdiqlənməli və təqdim edilmiş sənədlər toplusuna əlavə olunmalıdır. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi” ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli fərmanının birinci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin fərmanın ikinci bəndinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X7 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh orqan yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 107 nömrəli Özünəməxsus ərazidə yaşayış, ofis binasının, istehsalat və yardımçı sahəsinin layihələşdirilməsi haqqında Sərəncamına əsasən İddiaçı müraciəti, Dövlət Əmlakının İdarə ) Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2004-cü il tarixli, 003484 saylı şəhadətnaməsi, və Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun xx.xx.2003-cü il tarixli rəyi nəzərə alınaraq, Nərimanov rayonu, C.Haçıbəyli küçəsi, 761-ci məhəllədə 6311,7 kv.m. torpaq sahəsində yanmçıq qalmış qeyri-yaşayış sahəsinin İddiaçı MMM-nə çoxmərtəbəli yaşayış binası kimi yenidən qurulmasına icazə verilmiş, İddiaçınə tapşırılmışdır ki, tikinti işlərinə başlayana qodər mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 6311,7 kv.m torpaq sahəsinə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və özəlləşdirilməsi Departamenti ilə icarə müqaviləsi bağlanmışdır.

6. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair Şəhadətnaməyə əsasən İddiaçı həqiqətən Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli kiiçəsi, 761-ci məhəllə ünvanında yerləşən Laboratoriya korpusunun yarımçıq tikilisinin yerləşdiyi 6311.7 kv.m. olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Torpaq sahəsinin ümumi satış qiyməti 25852.72 - iyirmi beş min səkkiz yüz əlli iki manat 72 qəpik təşkil edir.

7. 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilti yaşayış binası kompleksinin) İstismarına xx.xx.2019-cu il tarixli İcazə sənədinə əsasən ünvan 2, 3 girişli, zirzəmili, 8 (+mansarda) mərtəbəli yaşayış binasına xx.xx.2019-cu il tarixdən yaşayış binasının istismarına icazə verilmişdir.

8. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, 761-ci məhəllədə yerləşən qeyri-yaşayış binası razılaşdırılmış layihəyə yox, təqdim edilmiş faktiki vəziyyətə uyğun olan layihəyə uyğundur. Qeyri-yaşayış binasının layihədə göstərilmiş S=538.0 kv.m. sahəsi istismara icazədə göstərilən S=333.0 kv.m. ümümi sahədə öz əksini tapmışdır. Faktiki tikili təqdim edilmiş layihədən göründüyü razılaşdırılmış layihənin çöl perimetrik ölçülərindən böyükdür. Müvafiq olaraq faktiki tikilinin S=732.0 kv.m. hissəsi istismara icazə göstərilən sahədən artıqdır.

9. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, 761-ci məhəllədə yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasına Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli 266 nömrəli istismara icazə sənədi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli fərmanının 1-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini əks etdirən elektron layihəsinə və istismara hazır olaması barədə tərtib edilmiş rəyə əsasən verilmişdir.

10. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) Aktına əsasən torpaq sahəsinin ölçüsü faktiki olaraq 1270,2 kv.m. təşkil edir. Qeyri-yaşayış binası razılaşdırılmış layihəyə yox, faktiki vəziyyətə uyğun olan təqdim edilmiş layihəyə uyğundur. 2-ci mərtəbədə aşırım nəzərə alınmamışdır. Təmir işləri gedir. Qeyri-yaşayış binsaının layihədə göstərilmiş S=3330,0 kv.m. ümumi sahədə öz əksini tapmışdır. Lakin faktiki tikili təqdim edilmiş layihədə göründüyü kimi böyük tikilmişdir. Müvafiq olaraq faktiki tikilinin S=1270.0-538.0=732.0 kv.m hissəi istismara icazədən əlavədir.

11. Aşağıdakı sənədlər iş materiallarına əlavə edilmişdir:

1. Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yarımçıq tikilinin 8 mərtəbəli yaşayış binasının Layihəsi

2. Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, Xəzər Universiteti qarşısında qeyri-yaşayış obyekti üçün şəhərsalma əsaslandırması

3. Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində 761 məhəllədə 8 mərtəbəli yaşayış evin qarşısında tikilmiş qeyri-yaşayış binasının eskiz layihəsi

12. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

16. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

17. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 761-ci məhəllədə yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etmişdir.

18. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Özünəməxsus ərazidə yaşayış, ofis binasının, istehsalat və yardımçı sahəsinin layihələşdirilməsi haqqında” xx.xx.2005-ci il tarixli, 107 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, C.Haçıbəyli küçəsi, 761-ci məhəllədə 6311,7 kv.m. torpaq sahəsində yanmçıq qalmış qeyri-yaşayış sahəsinin İddiaçı MMM tərəfindən çoxmərtəbəli yaşayış binası kimi yenidən qurulmasına icazə verilmişdir. - Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” Şəhadətnaməyə əsasən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli kiiçəsi, 761-ci məhəllə ünvanında yerləşən Laboratoriya korpusunun yarımçıq tikilisinin yerləşdiyi 6311.7 kv.m. olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. - xx.xx.2019-cu il tarixli, 266 nömrəli “2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilti yaşayış binası kompleksinin) İstismarına İcazə sənədi”nə əsasən ünvan 2, 3 girişli, zirzəmili, 8 (+mansarda) mərtəbəli yaşayış binasına xx.xx.2019-cu il tarixdən yaşayış binasının istismarına icazə verilmişdir (Tikinti obyektinin sahibi: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti; Tikintiyə dair icazəəverici sənəd: Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 107 nömrəli sərəncamı).

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;

22. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

23. Məhkəmə nəzərə alır ki, cavabdeh orqan imtinanın əsası olaraq qeyri-yaşayış binasına dair təqdim edilən razılaşdırılmış layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğunu qeyd etmişdir. Eyni zamanda Daşınmaz Əmlakın Texniki Vəziyyətini Əks etdirən Müayinə Aktında qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, 761-ci məhəllədə yerləşən qeyri-yaşayış binası razılaşdırılmış layihəyə yox, təqdim edilmiş faktiki vəziyyətə uyğun olan layihəyə uyğundur; qeyri-yaşayış binasının layihədə göstərilmiş S=538.0 kv.m. sahəsi istismara icazədə göstərilən S=333.0 kv.m. ümümi sahədə öz əksini tapmışdır; faktiki tikili təqdim edilmiş layihədən göründüyü razılaşdırılmış layihənin çöl perimetrik ölçülərindən böyükdür; müvafiq olaraq faktiki tikilinin S=732.0 kv.m. hissəsi istismara icazə göstərilən sahədən artıqdır.

24. Buna baxmayaraq məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununa əsasən müvafiq tikililər üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas hüquqmüəyyənedici sənədlər torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti obyektinin layihəsi, tikinti obyektinin istismarına icazə sənədi hesab olunur. Hazırki iş materiallardan isə görünür ki, 1) Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 107 nömrəli Sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, C.Haçıbəyli küçəsi, 761-ci məhəllədə 6311,7 kv.m. torpaq sahəsində yanmçıq qalmış qeyriyaşayış sahəsinin İddiaçı MMM tərəfindən çoxmərtəbəli yaşayış binası kimi yenidən qurulmasına icazə verilmişdir. 2) Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” Şəhadətnaməyə əsasən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli kiiçəsi, 761-ci məhəllə ünvanında yerləşən Laboratoriya korpusunun yarımçıq tikilisinin yerləşdiyi 6311.7 kv.m. olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. 3) ünvan 2 ünvanında yerləşən tikiliyə dair İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə xx.xx.2019-cu il tarixli, 266 nömrəli “2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikintiquraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilti yaşayış binası kompleksinin) İstismarına İcazə sənədi” verilmişdir.

25. Məhkəmə qeyd edir ki, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti məhz qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri (xüsusilə istismara icazə sənədi) təqdim edərək daşınmaz əmlak üzərində mülkiyyət hüquqularının qeydiyyata alınmasını tələb etmişdir (daşınmaz əmlakın ölçüsü ilə bağlı hər hansı tələb irəli sürməmişdir). Belə olan təqdirdə cavabdeh orqan tərəfindən daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina olunması qanunsuzdur.

26. Belə ki, iddiaçı tərəfindən daşınmaz əmlakın tikilməsi, istifadəsinə verilməsi həmin dövrdə buna səlahiyyətli qurum tərəfindən razılaşdırılmış, səlahiyyətli qurum tərəfindən tikiliyə dair istismara icazə sənədi verilmişdir. Nəticədə daşınmaz əmlaka mülkiyyət hüququnun tanınmasına dair iddiaçının etimadı qanunla qorunur.

27. Bununla bağlı məhkəmə X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında ifadə edilmiş mövqeyə əsaslanır. Həmin qərara əsasən: ...Konstitusiya Məhkəməsinin Plenumu inzibati ədliyyənin bəzi xüsusiyyətlərini qeyd etməyi zəruri hesab edir. İnzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində fiziki və hüquqi şəxslərin subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar, bir qayda olaraq, şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini, hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 20 aprel tarixli Qərarı). Digər tərəfdən, inzibati məhkəmələrin “təyinatı” bununla məhdudlaşmayaraq, həmçinin inzibati orqanların qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərmələrinə “nəzarətin” həyata keçirilməsini ehtiva edir. Bu baxımdan inzibati məhkəmə icraatında mülki məhkəmə icraatı ilə nisbətdə dövlətin daha yüksək publik marağı mövcud olur. Belə ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və yerli özünüidarəetmə sahəsində yaranır və bu münasibətlərin iştirakçıları əvvəlcədən qeyribərabər hüquqi vəziyyətdə olurlar. Tərəflərdən biri suverenlik daşıyıcısı olaraq digər tərəfə, yəni fiziki və hüquqi şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərinə malik olur. Bununla yanaşı, öz maraqlarının müdafiəsi üçün inzibati orqanlar həm təşkilati, həm də əmək resurslarına malikdir ki, əksər hallarda belə resurslar fiziki və ya hüquqi şəxslər üçün əlçatmazdır. Məhz bu səbəbdən inzibati prosesdə mülki prosesdən fərqli olaraq, inkvizisiya prinsipi tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İnzibati Prosessual Məcəllə) 12.1 və 12.2-ci maddələrinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Qeyd edilməlidir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir (İnzibati Prosessual Məcəllənin 68.2 və 69.4-cü maddələri)... ...İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir... ...İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir...

28. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

29. X10 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

30. X10 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

31. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” var.

32. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X10 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

33. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

34. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 761-ci məhəllədə yerləşən qeyriyaşayış binası üzərində İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar