Məhkəmə qərarları › İş №2-1(112)-6962/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6962/2024

17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6962/2024 17.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq arayışının verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək hüquqi əhəmiyyəti olan mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ilə yanaşı, cavabdehin üzərinə İddiaçı adına, qeyd edilən, ünvan 1 ünvanına dair qeydiyyat vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi ünvan 2 ünvanına dair Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair 1962-ci il tarixli pasportda göstərilən 837,8 kv.metr torpaq sahəsi üzərində hüququn mərhum X4 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi kimi dəqiqləşdirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı qeyd edilən ünvan 3 ünvanında doğulduğu gündən yaşayır. Həmin ünvanda yaşamış atası X5 2018-ci ildə, anası X16 qizi isə 2020-ci ildə və qardaşı X6 xx.xx.1970-ci ildə dünyalarını dəyişmişlər. Həmin ünvanda qeydiyyatda olan, iddiaçının digər qardaşları: X12, X8 və X9 notariat qaydada vərəsəlik hüquqlarından iddiaçının xeyrinə imtina ərizələrini vermişlər. İddiaçının yaşayış yeri üzrə Binə qəsəbəsindəki 31 saylı notariat kontoru vərəsəlik işi açmış, lakin xx.xx.2023-cü il tarixli Qərarla notariat hərəkətini aparmaqdan vərəsəliyin qəbuluna dair qanunla müəyyən edilmiş müddətin buraxılması, miras qalmış əmlaka dair hüquqmüəyyənedici sənədin olmaması və vəfat etmiş vərəsə barədə məlumat tam şəkildə təqdim olunmamış səbəblərə görə imtina etmişdir. Lakin xx.xx.2023-cü il tarixli Qərarla bildirilmiş vərəsəliyin qəbuluna dair qanunla müəyyən edilmiş müddətin buraxılmaması onunla müəyyən edilir ki, İddiaçı valideyinlərindən qalan ünvan 4 ünvanında doğulduğu günündən hazıradək yaşayır və valideynlərinin ölümündən sonra həmin mirası hazıradək faktiki idarə edir. Həmin Qərarla bildirilmişdir ki, vəfat etmiş vərəsə barədə məlumatların tam şəkildə təqdim olunmaması ilə bağlı bildirməlidir ki, Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə mərhum qardaşı X2 xx.xx.1969-cu il tarixində doğulması və xx.xx.1970-ci ildə ölməsinə dair faktı müəyyən edilmiş və Xəzər rayon Qeydiyyat Şöbəsindən verilən bu barədə müvafiq şəhadətnamə mövcuddur. Miras qalmış əmlaka dair hüquqmüəyyənedici sənəd olmamasına dair bildirilmişdir ki, DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna görə, X3 adı ilə bağlı arxiv əsaslarında saxlanılan 1962-ci il tarixli texniki pasport mövcuddur və bu hal həmin əmlakın mülkiyyət olmasını formal olsa da sübut edir. Həmçinin, qeyd edilir ki, həmin Qərarda göstərilən nöqsanların aradan qaldırılması zamanı Binə qəsəbəsindəki 31 saylı notariat kontoru qeyri-müəyyən vaxta bağlanmış və səlahiyyətləri Buzovna qəsəbəsindəki 25 saylı notariat kontoruna həvalə edilmişdir. Həmin, üçüncü şəxs qismində qeyd edilən 25 saylı notariat ofisinin notariusu bildirmişdir ki, Binə qəsəbəsinin 31 saylı Notariat kontoru tərəfindən çıxarılan qərar yalnız məhkəmə yolu ilə ləğv oluna bilər. İddiaçı tərəfindən hazırkı cavabdehə xx.xx.2024-cü il tarixində X3 adına 1962-ci il tarixli texniki pasport mövcud olmasına görə, vərəsəsi olan İddiaçı adına yaşadığı ünvanına dair müvafiq çıxarışın verilməsi xahişi ilə müraciət edilsə də, cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq iddia tələbinə dair iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. Cavabdeh “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, Ns 5 qərarının 9-cu bəndinə istinad edərək iddianın mümkün hesab edilməməsi barədə qətrar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələbindən göründüyü kimi, iddiaçı Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair 1962-ci il tarixli pasportunda göstərilən 837,8 kv.metr torpaq sahəsi üzərində özünüün mülkiyyət və ya digər əşya hüququnun qeydiyyatını deyil, həmin əmlak üzərində hüququn mərhum atasına məxsus olması haqqında qeydiyyat orqanının arayışının verilməsini xahiş edir. Hansı ki, bundan sonra həmin arayış əsasında vərəsəlik sənədi (vərəsəlik şəhadətnaməsi) əldə edilərək qeydiyyat orqanına təqdim edilməklə vərəsənin birbaşa qeydiyyat orqanında əmlakı öz adına rəsmiləşdirmək hüququ yaranmış olur. Cavabdehin iddiaçının hazırkı tələbi üzrə ilkin müraciətinin olmamasına dair etirazda göstərilmiş dəlillərinə münasibətdə qeyd olunur ki, iddiaçı hazırkı tələbi ilə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, lakin arzuladığı məqsədə nail ola bilmədiyindən cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, iddiaçı tərəfin hazırkı tələbinə dair müraciətinə baxılmış, lakin məsələnin həllindən imtina edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüququnun olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianın dəqiqləşdirilməsinə dair izahat izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin və xx.xx.2023-cü il tarixli **********07 nömrəli məktubundan görünür ki, iddiaçının ünvan 5 ünvanında olan fərdi yaşayış evi və torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış və İdarənin arxiv məlumatlarına əsasən ünvan 5 ünvanına dair X3 adına tərtib olunmuş 1962ci il tarixli texniki pasportun mövcud olduğu, lakin bununla bağlı əlaqəli sənədin (etibarnamə və ya vərəsəlik işinin açılması ilə bağlı məktub) təqdim edilmədiyi, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilmiş texniki baxış zamanı texniki pasportun baş planında göstərilən fərdi yaşayış evinin söküldüyü və yeni fərdi yaşayış evinin inşa edildiyi müəyyən edildiyi, həmçinin elektron kadastr məlumatına əsasən texniki pasportla faktiki torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqinin mövcud olduğu bildirilərək imtina cavabı verilmişdir. -DƏDKR PHŞ-nin 1 saylı ünvan 7 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin X3 adına dövlət reyestrində qeyidyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Məlumat üçün bildiririk ki, X3 adı ilə bağlı arxiv əsaslarında saxlanılan 1962-ci il tarixli texniki pasport mövcuddur. -Cavabdeh qeydiyyat orqanı tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim edilmiş Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin Texniki İnventarlaşdırma bürosu tərəfindən X3 adına verilmiş oktyabr 1962-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun cavabdeh tərəfindən təqdim edilmiş arxiv surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən 1956-ci ildə inşa edilmiş fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin inventarizasiya kartoçkası tərtib edilmişdir. Cəmi meydançanın sahəsi 837,8 kv.metrdir. -Bakı şəhər Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İ seriyalı 979880 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. -Bakı şəhər Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İ seriyalı 088774 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. - Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu Ramiz Hümmətov tərəfindən qəbul edil edilmiş “notariat hərəkətlərini aparmaqdan imtina edilməsi haqqında” 18 yanvar 2023-cü il tarixli 27 nömrəli Qərardan görünür ki, Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X14, ünvan 9 ünvanında qeydiyyatda olan İddiaçı, xx.xx.2018-ci il tarixdə vəfat etmiş atası X1 miras qalmış ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinə dair mirasın qəbul edilməsi, ona qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsi ilə bağlı İddiaçı ərizəsinə baxılarkən müəyyən olunmuşdur ki, X5 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Təqdim olunan ərizə və sənədləri nəzərə alaraq, hal-hazırda qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsinin vərəsəliyin qəbuluna dair qanunla müəyyən edilmiş müddətin buraxıldığı, miras qalmış əmlaka dair hüquqmüəyyənedici sənədlərin olmaması, vəfat etmiş vərəsə barədə məlumatların tam şəkildə təqdim olunmaması əsası ilə qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsindən imtina edilmişdir. -X13, X10, X11 tərəfindən notarial qaydada təsdiq olunmuş ərizələrin surətindən görünür ki, həmin şəxslər xx.xx.2018-ci ildə vəfat etmiş X1 irs qalmış bütün daşınar və daşınmaz əmlaklardan, habelə digər əmlak hüquqlarından mirasın onlara çatası hissəsindən imtina etmişlər. -DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 5 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Beləliklə, işin araşdırılan halları və iddiaçı tərəfin məhkəmə iclaslarında verdiyi izahatlar, həmçinin tələbin dəqiqləşdirilməsinə dair ərizənin məzmunundan müəyyən edilmişdir ki, iddiaçı mərhum atası X4 Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda göstərilmiş ev yanğın nəticəsində sökülmüş, əvəzində başqa ev tikilmişdir. Həmin evin X3 adına dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Hazırda iddiaçı Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş 1962-ci il tarixli texniki pasporta hüquqmüəyyənedici sənəd kimi istinad edərək ünvan 11 ünvanında yerləşən 837.8 kv.metr torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsini istəyir. Məhkəmə cavabdehin imtinasının qanunauyğun olmadığını hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na: 1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar da daxildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsində deyilir: Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma və imtina əsaslarının dairəsini konkret müəyyən edir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının hüquqmüəyyənedici sənədləri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndində göstərilən sənədə uyğun gəlir. Belə ki, iddiaçı mərhum atası X4 verilmiş Bakı şəhəri, Binə qəsəbəsi, Xəqani küməsi 19 a ünvanında yerləşən 837,8 kv.m torpaq sahəsinə dair Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu cavabdehə təqdim etmişdir. Qeyd olunan texniki pasportun qüvvədən düşməsi, etibarsız sayılması, yaxud həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə cavabdehin imtina dəlillərini hüquqların qeydiyyata alınmasından imtina edilməsi üçün əsaslı hesab etməyərək qeyd edir ki, iddia tələbindən göründüyü kimi iddiaçı texniki pasportun baş planında göstərilən fərdi yaşayış evi və həmin ünvanda tikilmiş yeni fərdi yaşayış evinə dair hüquqların qeydiyyatı ilə bağlı hər hansı tələb irəli sürməmişdir. Cavabdeh tərəfindən iddia olunan torpaq sahəsinin texniki pasport ilə faktiki sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqinin olduğu göstərilsə də, bu uyğunsuzluğun nədən ibarət olması, habelə həmin torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair hansısa sübut təqdim edilməmişdir. Digər tərəfdən uyğunsuzluq varsa belə, onun aradan qaldırılması müvafiq şərtlər daxilində cavabdeh inzibati orqanın səlahiyyətində olan məsələdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsindən göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, qeyd olunan dəlillər qanunvericiliklə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı ünvan 2 ünvanında yerləşən Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair 1962-ci il tarixli pasportda göstərilən 837,8 kv.metr torpaq sahəsi üzərində hüququn mərhum X4 məxsus olmasına dair arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ünvan 2 ünvanında yerləşən Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair 1962-ci il tarixli pasportda göstərilən 837,8 kv.metr torpaq sahəsi üzərində hüququn mərhum X4 məxsus olmasına dair arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar