Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6964/2024 17.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, Tərəflərin iştirakı olmadan. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Bakı Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsinə qarşı təkrar doğum haqqında şəhadənamənin verilməsi tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Bakı Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğum haqqında şəhadətnamənin təkrar verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, anası Tahirova (Quliyeva) Fatimə Kərim qızı atası Tahirov Şair ilə ailə qurmuşlar. O, xx xxxx 1968-ci ildə anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsi 3 il bundan əvvəl itmişdir. Təkrar doğum haqqında şəhdətnamənin verilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh şəxsiyyət vəsiqəsinin olmasına baxmayaraq onun yaşadığı rayonun məhkəməsinə müraciət etməyi tösiyyə etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə məhkəmə hazırlıq icraatının iclası 17 sentyabr 2024-cü il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan: -AZE №******** seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1968-ci il tarixdə Ermənistan, Qafan rayonunda anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı Cavabdeh 3-16-5/8- 398/24 nömrəli 20 fevral 2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədi (doğum haqqında şəhadətnaməni) təqdim edə bilmədiyinə görə doğum haqqında akt qeydinin bərpası tərəflərindən mümkün olmamışdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 14-cü bəndinə əsasən iddiaçıya məhkəməyə müraciət olunması tövsiyyə olumuşdur. İşin faktiki hallarından görünür ki, iddiaçı cavabdeh orqna müraciət edərək doğum haqqında şəhadətnaməni itirdiyindən təkrar verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prossessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normaları mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia-inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. Məhkəmə iddianın mümkünlük şərtini ödəmədiyi nəticəsinə gələrək, hesab edir ki, hazırki iddia tələbinə baxılması inzibati məhkəmənin səlahiyyətində deyildir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının müddəaları ilə əsaslandırır. Hazırkı iş üzrə isə iddiaçı çatmaq istədiyi məqsədə uyğun olmayan iddia qaldırmış, nəticədə iddianın mümkünlüyü ilə bağlı şərt pozulmuşdur. İşin faktiki hallarından da göründüyü kimi hazırkı mübahisə onunla bağlıdır ki, İddiaçı AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsi əsasında ona doğum haqqında təkrar şəhadətnamənin verilməsini xahiş edir. Doğrudur ki, təqdim olunmuş şəxsiyyət vəsiqəsində iddiaçının soyadı, adı və ata adı İddiaçı kimi göstərilmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə icraatı zamanı adıçəkilən şəxsin doğum haqqında akt qeydi ilə bağlı aidiyyəti üzrə sorğular ünvanlasa da, doğum haqqında akt qeydinin mövcudluğu müəyyən olunmamışdır. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, nə qədər ki, iddiaçının doğum haqqında akt qeydi barədə məlumatlar mövcud deyil, onun yalnız şəxsiyyət vəsiqəsi əsasına doğum haqqında şəhadətnamənin tələb edilməsi ilə bağlı iddiasında mümkünlük əsaslarının mövcudluğundan söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 nömrəli 12 aprel 2019-cu il tarixli Qərarının: 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Göründüyü kimi hazırkı işə mahiyyəti üzrə baxılması baxımından iddiaçının doğum akt qeydinin mövcud olmaması, faktiki olaraq doğum haqqında şəhadətnamənin yalnız şəxsiyyət vəsiqəsi əsasında verilməsini istər hüquqi maraq, istərsə də inzibati icraat qaydasında baxılmalı olma baxımından həmin iddianın mümkünlüyünü istisna edir. Nəzərə alınmalıdır ki, doğum faktının müəyyən olunması barədə iddianın yuxarıda adıçəkilən Qərara uyğunluğu isə mülki icraat qaydasında işə baxan məhkəmənin səlahiyyətinə aid olduğundan məhkəmə həmin hala qiymət verməkdə özünü səlahiyyətli hesab etmir ki, məhkəmənin səlahiyyətli olduğu hissədə iddiaçının diqqətinə çatdırır ki, hazırki mərhələdə ilk növbədə onun doğum haqqında faktı müəyyən olunmalıdır. Bundan əlavə, yardım etmə vəzifəsinin icra edilməsi ilə bağlı Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Məhkəmə də qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçının (əvvəlki məhkəmə iclasında) diqqətinə çatdırmış, iddianın mümkünlüyünü istisna edə biləcək hallara aydınlıq gətirilməsini iddiaçıya təklif olunmuşdur. Məhkəmə hesab edir ki, İPM-nin tələbləri baxımından iddiaçıya zəruri olan hüquqi yardım göstərilmişdir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Bakı Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsinə qarşı təkrar doğum haqqında şəhadənamənin verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aygün Abdullayeva