Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6965/2023 26.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1, üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğvi və müvəqqəti yaşamaq üçün icazənin verilməsi öhdəliyinin qoyulması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 8 fevral 2023-cü il tarixli, ******* saylı qərarının ləğv edilməsi və ona qohumluq münasibəti əsasında Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı 28 oktyabr 1989-cu ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuşdur. 2006-cı ildən Azərbaycan Respublikasına gəlmiş və həmin ildən müvəqqəti yaşamaq üçün qanuni əsaslarla icazə alaraq, heç bir hadisə və ya xəta törətmədən ünvan 1 ünvanında ailəsilə birlikdə yaşayır. Həmin ev anası X5 adınadır. Bu vaxtadək olan müddət ərzində Azərbaycan Respublikasının vətəndaşı olan bacısıoğlu X3 qohumluğu əsasında bir neçə dəfə qanuni şəkildə müvəqqəti yaşama icazəsi almış və bu uzun illər ərzində rəsmi olaraq Azərbaycan Respublikasında olmağıyla bağlı cavabdehin heç bir etirazı olmamış, ona verilmiş rəsmi icazə heç vaxt ləğv edilməmişdir. Hazırda isə onun Azərbaycan Respublikası vətəndaşı ilə qanuni nikah bağlamasına baxmayaraq, cavabdeh ona müvəqqəti yaşamaq icazəsi verməkdən imtina etmişdir. Belə ki, hazırkı həyat yoldaşı X4 ilə 2021-ci ildə Neftçilərdə yerləşən geyim mağazalarının birində tanış olmuşdur. Tanışlıq müddəti 2 il davam etmiş, bu tanışlıqdan hazırkı həyat yoldaşı M.Heydərovanın oğlu X6, həmçinin qohumları və iddiaçının ailə üzvləri də məlumatlı olmuşdur. Yoldaşının ailə üzvlərinin hamısı iddiaçını tanıyır, hər biri ilə normal münasibət qurduqdan sonra hər iki tərəfin də razılığı ilə 29 dekabr 2022-ci il tarixində rəsmi nikaha girmişlər. Rəsmi nikahın bağlanmasında qanunvericiliyə zidd hər-hansı hal olmamışdır və nikahları təsdiqlənmişdir. Rəsmi nikahdan sonra ünvan 1 ünvanında anası, həyat yoldaşı M.Heydərova və iddiaçı birlikdə yaşayır. Qeyd olunanlara əsasən iddiaçı tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X4 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddianın heç bir hüquqi əsası yoxdur və ərizə təmin edilməməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45.1.1-ci maddəsində göstərilən əsasla (Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda) müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Müraciətin icrası ilə əlaqədar aparılmış araşdırma zamanı İsmailov Emilin Azərbaycan Respublikasının ərazisində yaşamasını qanuniləşdirmək üçün məqsədli şəkildə Azərbaycan Respublikasının vətəndaşı 1966-cı il təvəllüdlü X4 ilə nikaha daxil olduğu müəyyən edilmişdir. İcrat zamanı X14 Heydərova ilə 2021-ci ildə o, paltar mağazasında satıcı işlədiyi zaman tanış olduğunu, bir müddət sonra qeyrirəsmi olaraq birlikdə yaşadıqlarını, 3 aydır ki, birlikdə həyat yoldaşına məxsus ünvan 2 ünvanında birgə yaşadıqlarını bildirmişdir. İsmailov Emil izahatında həmçinin bildirmişdir ki, Məhluqə Heydərovanın digər nikahdan olan övladının adını bilmir, hər hansı tanışlığı yoxdur, həyat yoldaşının doğum günü tarixi barədə məlumatlı deyil. O, həmçinin həyat yoldaşı ilə birlikdə fotoşəklinin olmadığını bildirmişdir. İcraat zamanı X11 Heydərov adlı şəxslə 1994-cü ildə qurulan 2014cü ildə isə pozulan nikahından 1998-ci il təvəllüdlü övladı olduğunu, təxminən 10 ildir Masazır qəsəbəsi, “Baxçalı evlər” yaşayış kompleksi, bina 10, mənzil 12 ünvanında yaşadığını, hazırda uşaq bağçasında müəllimə işlədiyini qeyd etmişdir. O, X12 adlı bacısının 2020-ci ildə olan doğum günündə tanış olduğunu, hazırda isə birlikdə yaşadıqlarını, qeyd etmişdir. O, həmçinin həyat yoldaşı ilə birlikdə fotoşəklinin olmadığını bildirmişdir. Qeyd olunanlardan göründüyü kimi şəxslərin izahatlarında ziddiyyətli məqamlar vardır. Belə ki, İsmailov Emil izahatında Məhluqə Heydərova ilə 2021-ci ildə paltar mağazasında satıcı işlədiyi zaman tanış olduğunu bildirsə də, Məhluqə Heydərova tamamilə fərqli izahat verərək İsmailov Emillə onun bacısı Vişanənin doğum günündə tanış olduğunu qeyd etmişdir. Bundan başqa İsmailov Emilin rəsmi olaraq nikahda olduğu şəxsin doğum tarixi ilə bağlı məlumatlı olmaması, eyni zamanda onun keçmiş nikahından olan övladını tanımaması, həmçinin tərəflər arasında ailə olaraq hər hansı foto şəkillərinin olmaması ağlabatan deyil və bu bir daha sübut edir ki, bağlanmış nikah Azərbaycan Respublikasının ərazisində yaşamanın məqsədli şəkildə qanuniləşdirilməsinə yönəlmişdir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verdi və onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia ərizəsinə uyğun məzmunda izahat verdi və onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verdi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növündə iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: -3 saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci i tarixli, AZ-İİ 551388 nömrəli nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, 28 oktyabr 1989-cu ildə Gürcüstan Respublikası, Bolnisi şəhərində doğulmuş İddiaçı ilə 23 may 1966-cı ildə Qazax rayonu, Markskənd kəndində doğulmuş X4 29 dekabr 2022-ci il tarixdə nikaha daxil olmuşlar. -3 saylı “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1966-cı il təvəllüdlüdür. -Alieva Dilara tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, o, Gürcüstan Respublikası vətəndaşı İsmailov Emilin ona məxsus olan ünvan 3 ünvanına qeydiyyata alınmasına etiraz etməmişdir. -Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 021452 №-li Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 62 saylı mənzil X5 xüsusi mülkiyyətindədir. -104 saylı MKİS tərəfindən verilmiş məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 11, mənzil 62-də İddiaçı müvəqqəti üç (3) aylıq yəni may, iyun, iyul ayları üzrə qeydiyyata düşmüşdür və bu mənzildə yaşayır. Hal-hazırda ev sahibi anası X7r. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarından görünür ki, Gürcüstan vətəndaşı 17AB9601 nömrəli pasporta malik olan İsmailov Emilin qohumluq münasibəti əsasında ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi barədə xx.xx.2022-ci il tarixli müraciəti təmin edilməmişdir. İddiaçının Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı müraciəti əsasında aparılmış inzibati icraat matrialları məhkəməyə təqdim edilmişdir. Həmin materiallara əlavə edilmiş iddiaçının və üçüncü şəxsin ziddiyyətli izahatlar verdiyi müəyyən edilmişdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, Gürcüstan Respublikasının vətəndaşı olan İddiaçı qohumluq münasibətləri əsasında Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə müraciət təmin edilməmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə əsasən, Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 3.0.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında müvəqqəti yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir (44.3.). “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2013-cü il tarixli Fərmanının 5.4-cü maddəsinə əsasən, Miqrasiya Məcəlləsinin 44.2 və 44.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir. Miqrasiya Məcəlləsinin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verildiyi (müddətinin uzadıldığı) hallar adlanan 45-ci maddəsinin 1-ci hissəsinə əsasən, Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 46.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket; 46.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (pasportun və ya digər sənədin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan müvəqqəti yaşama icazəsinin müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır); 46.1.3. doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmayan şəxslər üçün); 46.1.4. müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan halların mövcudluğunu notariat qaydasında və ya ona bərabər tutulan qaydada təsdiq edən sənəd; 46.1.4-1. Bu Məcəllənin 45.1.1-ci və 45.1.5-ci maddələrində göstərilən əsaslarla əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı həmin maddələrdə nəzərdə tutulmuş ailə üzvünün və ya yaxın qohumun notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi; 46.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış; 46.1.6. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququ verən sənədin surəti; 46.1.7. iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olan əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət edən idarə, müəssisə və təşkilatın əsaslandırılmış vəsatəti; 46.1.8. 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil; 46.1.9. qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd); 46.1.10. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 46.1.11. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 46.1.12. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 50.1.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda; 50.1.2. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 50.1.3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 46-cı maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (bu Məcəllənin 46.8ci maddəsi nəzərə alınmaqla); 50.1.4. pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin bitməsinə 3 aydan az vaxt qaldıqda; 50.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla); 50.1.6. əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla, həmin şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulduqda; 50.1.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda; 50.1.7-1. bu Məcəllənin 46.1.10-cu maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə; 50.1.8. 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda; 50.1.9. xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə; 50.1.10. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə; 50.1.11. barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə; 50.1.12. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda; 50.1.13. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə. Həmin Məcəllənin 48.3-cü maddəsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edildikdə, təkrar müraciətə həmin imtinaya əsas olmuş hallar aradan qalxdıqdan sonra baxılır. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: (73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; (73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; (73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Göründüyü kimi, qüvvədə olan miqrasiya qanunverciliyi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi, icazənin müddətinin uzadılması, eləcə də imtina əsaslarını müəyyən etmişdir. Qeyd olunan normaların tələblərini hazırkı işə tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina olunması üçün mövcud qanunvericilikdə nəzərdə tutulan əsaslar olduğundan, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında” Qərar qəbul etməkdə haqlı olmuşdur. Odur ki, iddia təmin edilməməlidir. Məhkəmə əlavə edir ki, imtinaya əsas olmuş hallar aradan qalxdıqdan sonra iddiaçının müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması ilə bağlı cavabdeh inzibati orqana təkrar müraciət etmək imkanı vardır. İPM-in: - 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-6965/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6965/2023
26.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver