Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6966/2020 13.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Səbail bələdiyyəsinə qarşı «qərarın ləğv edilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı KİŞ-in direktoru X3 cavabdeh Bakı şəhəri Səbail bələdiyyəsinə qarşı «qərarın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində qeyd olunur ki, Bakı ŞİH tərəfindən 03/023 nömrəli xx xxxxxx 2019cu il tarixli məktubla sorğu verilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə uyğun olaraq torpağı icarəyə vermək hüququ dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə, bələdiyyələr həyata keçirir. İddiaçı KİŞ-ə Bakı ŞİH-in xx xxxxxxx 2005-ci il tarixli 267 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsi dövlət mülkiyyətində olduğundan, həmin torpağa dair icarə müqaviləsi bağlanaraq icarə haqqı dövlət büdcəsinə ödənildiyindən və sözügedən torpaq sahəsi üzərində inşa olunmuş qeyri-yaşayış obyekti özəlləşdirildiyindən, qanunvericiliyə uyğun olaraq torpağa dair icarə haqqından başqa heç bir tələb edilə bilməz. Göründüyü kimi, Bakı ŞİH-dən bildirilir ki, otelin yerləşdiyi torpaq sahəsi Bakı ŞİH-in balansındadır və mülkiyyət olaraq dövlətindir. Bu səbəbdən hesab olunur ki, oteldə qalan müştərilərdən əlavə 1,1 manata qədər məbləğ bələdiyyə vergiləri tutulmamalıdır. Bakı şəhəri Səbail bələdiyyəsi tərəfindən son üç ildə hesablanmış vergi İddiaçı KİŞ-in nümayəndəsinin iştirakı olmadan hesablanmış, həmin dövr üçün vergiyə və statistikaya verilən hesabat nəzərə alınmamış və reallıqdan tam uzaq olan bir rəqəm göstərilmişdir. Bundan əlavə, Bakı şəhəri Səbail bələdiyyəsi tərəfindən 20 saylı xx xxxxxx 2019-cu il tarixli protokolda yerli (bələdiyyə) vergilərdən yayınan “İddiaçı Plaza” otelinin məcburi vergiyə cəlb olunmasına dair çıxarış üzrə qərar qəbul edilmiş, bu qərar üzrə x xxxxxx 2017-ci il tarixdən x xxxxxx 2020-ci il tarixədək olan dövr üçün ümumilikdə 59.400 manat məbləğində vergi borcu müəyyən edilərək qərar icra olunması üçün Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İddiaçı isə, öz növbəsində sözügedən qərar ilə razılaşmır. İddiaçı KİŞ-ə aid edilmiş vergi borcu tamamilə qanunsuz və əsassız sayılır və hesab edilir ki, bu səbəbdən də həmin qərar ləğv edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 24, 25, 26-cı maddələrinə, AR İnzibati Xətalar Məcəlləsinin müddəalarına, İPM-in 38, 39-cu maddələrinə əsaslanaraq, Bakı şəhəri Səbail bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli 20 nömrəli qərarı mübahisələndirilir. Cavabdeh Bakı şəhəri Səbail bələdiyyəsinin nümayəndəsinin İPM-in 47-ci maddəsinə müvafiq olaraq, məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilmişdir: - İddiaçı KİŞ-in direktoru X3 tərəfindən İddiaçı KİŞ barəsində Bakı şəhəri Səbail Bələdiyyəsinin 20 nömrəli xx xxxxxx 2019-cu il tarixli qərarın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Otel tərəfindən verilmiş şikayətdə göstərilmişdir ki, Bakı ŞİH-ə 03/023 nömrəli xx xxxxxx 2019-cu il tarixli məktubla sorğu verilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, «Torpaq icraatı haqqında» Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə uyğun olaraq, torpağı icarəyə vermək hüququ dövlət mülkiyyətində olan torpaqların qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirir. İddiaçı KİŞ-ə Bakı ŞİH-in xx xxxxxxx 2005-ci il tarixli 267 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsi dövlət mülkiyyətində olduğundan, həmin torpağa dair icarə müqaviləsi bağlanaraq icarə haqqı dövlət büdcəsinə ödənildiyindən və həmin torpaq sahəsi üzərində inşa olunmuş qeyri-yaşayış obyekti özəllləşdirildiyindən, qanunvericiliyə uyğun olaraq torpağa dair icarə haqqından başqa heç bir tələb edilə bilməz. Bu səbəbdən oteldə qalan müştərilərə görə otel 1,1 manat ödənişi verməməlidir. Bununla bağlı qeyd olunmalıdır ki, «Yerli vergilər və ödənişlər haqqında» AR Qanununun 9.1.4-cü maddəsinə əsasən, bələdiyyə ərazisində mehmanxana, sanatoriyakurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş hər bir şəxs üçün 1,1 manatdan çox olmamaqla bələdiyyə büdcəsinə köçürülməlidir. Bu qanun nomrası otellərdə qalan müştərilərdən tutulan ödənişə aiddir və bunun heç bir icarə, torpaq və yaxud da torpağın kimin balansında olmasından asılı olmayaraq müştəridən tutulan qanunla müəyyən edilmiş ödəniş növüdür. Həmçinin bildirir ki, Bakı ŞİH vergi müəyyən edən orqan deyil və bu qanunla müəyyən edilmiş ödənişin bələdiyyə büdcəsinə köçürülməsinə aidiyyəti yoxdur. Həmçinin qarşı tərəfin bu arqumentinə cavab olaraq bələdiyyə tərəfindən həmin məktuba hansı səlahiyyətlər çərçivəsində cavab verilməsi üçün Bakı ŞİH-ə müraciət edilmiş və Bakı ŞİH-in 7-2949/17 nömrəli xx xxxxxxx 2020-ci il tarixli məktubu ilə bələdiyyənin müraciətinə cavab olaraq bildirilmişdir ki, «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 2-ci abzası ilə bələdiyyə ərazisinin hüdudları «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, İddiaçı KİŞ yerləşdiyi ərazi Bakı şəhəri Səbail bələdiyyəsinin qanunvericiliklə müəyyən olunmuş ərazisidirsə və mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərirsə o zaman hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmayan ödəniş müəyyən etmək hüququnuz vardır. Həmçinin qeyd olunur ki, İddiaçı Plaza oteli işlədiyi uzun illər ərzində belə formalarda ödənişlərdən yayınmışdır. Lakin qanunvericik bələdiyyəyə 3 il müddətində tələb etmək hüququ verdiyindən, ondan əvvəlki illər üzrə borc məbləğlərini tələb etmək mümkün olmur. Halbuki, əvvəlki illərə görə də borc hesablanarsa, kifayət qədər yüksək məbləğ yaranar. Bundan başqa, otel tərəfindən verilmiş şikayətdə qeyd olunur ki, vergi hesablanarkən onların nümayəndəsinin iştirakı olmadan hesablanmış, həmin dövr üzrə vergiyə və statistikaya verilən hesabat nəzərə alınmamış və reallıqdan tam uzaq olan bir rəqəm göstərilmişdir. Bununla əlaqədar bildirilir ki, dəfələrlə “İddiaçı Plaza” otelinə şifahi və yazılı məlumatlar verilmiş və onlar tərəfindən hesabatlar tələb edilmişdir. Lakin otel hər dəfəsində müxtəlif bəhanələrlə həmin hesabatları təqdim etməkdən yayınmışdır. Bu müddət ərzində icra sənədi qəbul edilmiş və icra edilməsi üçün tədbirlər görülsə də, əslində otel son mərhələdə bələdiyyə tərəfindən qəbul edilmiş qərarı mübahisələndirmişdir. Hesab olunur ki, onlar bu şikayətin verilməsi müddətini də ötürmüşlər və bu səbəbdən şikayət əsassız olduğundan təmin edilə bilməz. Belə ki, bələdiyyənin qərarı əsasında xx xxxxxx 2020-ci il tarixli tələbin könüllü icrası barədə Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən otelə bildiriş göndərilmişdir. Bundan əlavə, dəfələrlə icra məmurları otelə gedərək xəbərlarlıq etmiş, lakin otel tərəfindən bu tədbirlərin heç birinə məhəl qoyulmamışdır. Son məqamda icra məmuru tərəfindən otelin hesablarının dondurulması ilə əlaqədar artıq otel bizim qərardan şikayət vermək qərarına gəlmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, müddəti ötürdüyündən və ümumuyyətcə İddiaçı KİŞ tərəfindən verilmiş şikayət əsassız olduğundan həmin şikayətin rədd edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddaçı tərəf isə gəlməmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim edərək, işə onun (nümayəndəsinin) iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarına əsaslanaraq və İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, inzibati işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətin (etirazın) məzmununa uyğun izahat verdi və iddanın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını arşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: dövlət vergiləri, muxtar respublika vergiləri, yerli vergilər (bələdiyyə vergiləri). Həmin Məcəllənin 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən vergi məbləğləri aşağıdakı formalarda tutulur: bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması), bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması), bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən yerli ödənişlərə aşağıdakılar aiddir: (9.1.1) bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödəniş, (9.1.2) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş, (9.1.3) bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş, (9.1.4) bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş. Bu ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir, (9.1.5) bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş. Bu ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla müəyyən edilir. Həmin Qanunun 11.1-ci maddəsinə görə bu Qanunda göstərilən yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi müvafiq qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən bu Qanunun 9.1.4-cü maddəsində göstərilən ödənişlər qeydiyyata düşmüş şəxslərdən tutularaq, növbəti ayın 5-dək müvafiq bələdiyyələrə ödənilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 65.1.6-cı maddəsinə əsasən kimə ünvanlandığı aydın olmayan inzibati akt etibarsız sayılır. Həmin Qanunun 65.3-cü maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin İİ hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Bu hüquqları qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Bələdiyyələr öz vəzifələrini yerinə yetirmək məqsədi ilə onların qarşısında məsuliyyət daşıyan, daimi fəaliyyət göstərən icra strukturları yarada bilərlər. Azərbaycan Respublikasının xx xxxxxxx 1999-cu il tarixli 709-İQ saylı Qanunu ilə təsdiq edilmiş «X1»nin Vİ bəndində göstərilmişdir ki, bələdiyyə iclaslarında baxılan yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə, digər qərarlar isə bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Müvafiq qanunda nəzərdə tutulmuş qaydada qüvvəyə minmiş bələdiyyə aktları əhaliyə elan edilir və bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Cavabdeh tərəfin gətirdiyi (iddia müddətinin ötürülməsi barədə) dəlillə bağlı məhkəmə qeyd edir ki, mübahisə predmeti olan xx xxxxxx 2019-cu il tarixli 20 nömrəli qərarın hazırkı iddiaçıya x xxxxxxxx 2020-ci il tarixdən (iddia ərizəsi x xxxxxxx 2020-ci il tarixdə təqdim olunmuşdur) qabaq təqdim olunması barədə hər hansı sübut məhkəməyə təqdim olunmadığından, iddia iddia müddəti buraxılmaqla qaldırılmış sayıla bilməz. İş üzrə məhkəmə icraatında iddianın mümkünlüyünü istisna edən digər hallar (iddiaçının subyektiv hüququn olmaması və s.) müəyyən edilmədiyindən, iddia mümkün qiymətləndirilir. İnzibati mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə hazırkı icraatda tədqiq edilmiş sübutlar və tərəflərin izahatları əsasında müəyyən edilmiş aşağıdakı xüsusatları diqqətə çəkir: - mübahisələndirilən xx xxxxxx 2019-cu il tarixli 20 nömrəli qərarın ünvanlandığı şəxs “İddiaçı Plaza Otel” göstərilsə də, həmin adda hazırkı İddiaçı Kommersiya İstesalat Şirkətinə təsərrüfat subyekti aiddir. Bununla da «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 65.1.6-cı maddəsinə əsasən həmin qərar, inzibati akt kimi etibarsızdır; - mübahisələndirilən xx xxxxxx 2019-cu il tarixli 20 nömrəli qərarın qəbulu üzrə inzibati icraatda maraqlı şəxs kimi hazırkı İddiaçı KİŞ-ə rəsmi məlumat verilməsinə, o cümlədən qurumun hüququ ünvanına hər hansı poçt sənədinin çatdırılmasına dair sübut məhkəməyə təqdim olunmamışdır, telefon vasitəsilə şirkətin rəhbərinə məlumat verilməsi isə, mötəbər sübutlarla təsdiqlənmir. Odur ki, inzibati icraatda inzibati orqan Bakı şəhəri Səbail bələdiyyəsi «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin tələblərini pozmuşdur; - cavabdeh inzibati orqan Bakı şəhəri Səbail bələdiyyəsi «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, mehmanxana xidmətinə görə hər bir şəxs üçün 1,10 manat olmaqla ümumi ödənişi hesablayarkən, müvafiq müddət ərzində mehmanxanada xidmət göstərilmiş şəxslərin sayını mənbəyi bəlli olan, məsələn vergi orqanlarından və s. alınmış məlumatlara istinadən deyil, məlumatın olmamasını əsas tutaraq mehmanxanada otaqların (yerlərin) maksimal sayına uyğun müəyyənləşdirmişdir. Bu isə, şəxsin, yəni iddiaçının göstərdiyi müvafiq xidmətə (mehmanxana xidmətinə) görə real göstəricilər üzrə ödəniş hesablanması demək deyil. Bələdiyyə verginin hesablanmasında 1,10 manat maksimum tarifin götürülməsi də əsaslandırmamış, habelə bu barədə bələdiyyə tərəfindən ayrıca qərarın qəbul olunması və müvafiq qaydada, yəni bələdiyyə aktı kimi əhaliyə elan edilməklə və bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə əks olunmaqla elan olunmasının təmin edilməmişdir (bu hal, məhkəmə icraatında müəyyən edilmədi). xx xxxxxx 2019-cu il tarixli həmin qərar kollegial orqan kimi bələdiyyənin icrasında qəbul olunduğu halda, bu barədə müvafiq iclas protokolu təqdim oluna bilərdi. Halbuki, belə protokolun mövcudluğu hazırkı məhkəmə icraatında müəyyən edilmir. Bununla da, İPM-in 14.1-ci maddəsinə əsasən hazırkı iddianın növünə görə sübutetmə yükü daşıyan cavabdeh Bakı şəhəri Səbail bələdiyyəsi İddiaçı KİŞ-ə münasibətdə əlverişsiz inzibati akt kimi xx xxxxxx 2019-cu il tarixli 20 nömrəli qərarının qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmir. Həmçinin, sadalanan xüsusatlara əssən bu qərar «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbləri baxımından, inzibati icraatın hallarına münasibətdə mütənasib də qiymətləndirilir. Qeyd olunanlara əsaslanaraq, eləcə də İPM-in 14.1-ci maddəsini və AR Vergi Məvcəlləsinin 53.3-cü maddəsini rəhbər tiutaraq, məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Səbail bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli 20 nömrəli qərarı qanunsuzdur və onun qəbulu İddiaçı KİŞ-in hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bununla belə məhkəmə vurğulayır ki, mübahisə predmeti olan xx xxxxxx 2019-cu il tarixli qərarın qanunsuz sayılması, qeyd olunan nöqsan və çatışmazlıqlar aradan qaldırılmaqla, eyni zamanda müvafiq vergiyə cəlb olunma ilə bağlı qanunla müəyyən edilmiş müddətlərə əməl edilməklə hazırkı iddiaçıya münasibətdə müvafiq verginin tutulması ilə əlaqədar yenidən inzibati icraatın aparılmasına maneə deyil. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh Bakı şəhəri Səbail bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli 20 nömrəli qərarı ləğv edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Səbail bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli 20 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-6966/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6966/2020
13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver