Məhkəmə qərarları › İş №2-1(112)-6975/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6975/2020

02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6975/2020 02.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Sadıqova Nigar Əliağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı “soyadın dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı “soyadın dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “Qəndil” soyadının “Qəndilov” soyadına dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, X7 xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, sənədlərində soyadı “Qəndil” olaraq qeyd edilmişdir. Ailə üzvləri, qohumları Qəndilov soyadını daşıyırlar. Ailə üzvlərində, yaxın və uzaq qohumlarında Qəndil soyadı mövcud deyil. Cəmiyyətdə və ya iştirak etdiyi tədbirlərdə soyadı “Qəndil”, adı "Mirtagı” olduğu halda, onun adını Qəndil kimi qeyd edirlər. Halbuki, bu hallar onu narahat edir. Yasamal rayon Qeydiyyat şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli imtina məktubundan göstərmişdir ki, soyadın sonluğunun "Qəndilova“a dəyişdirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş əsasların olmaması səbəbindən xahişinin təmin edilməsi imkan xaricindədir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Cavabdeh Bakı şəhər Yasamal rayon Qeydiyyat şöbəsi məhkəmə iclaslarının (hazırlıq icraatı və məhkəmə baxışı üzrə) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış, lakin məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ- T seriyalı 149342 №li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş və doğumu xx.xx.1991-ci il tarixində 28 nömrə ilə qeydiyyata alınmışdır. Asan 3 tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. X2 məxsus İ-ИЕ saylı 314147 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 atası kimi Seyfəddin Qəndilov, anası kimi Səlmaxanım İmanova qeyd edilmişdir. Bakı şəhər Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ- İİ seriyalı 358166 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 arasında bağlanmış nikah 2019-cu ilin dekabr ayının 20-ci günündə akt qeydləri kitabında 199 nömrə ilə qeyd olunmuşdur. Məhkəmənin müvafiq sorğusu əsasında verilmiş; Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli 05/762021/13 №li məktubu ilə məhkəməyə göndərilmiş İddiaçı doğumu haqqında xx.xx.1991-cı il tarixli 28 nömrəli akt qeydinin surətindən müəyyən olunur ki, o, xx xxxxxx 1990-cı ildə Azərbaycan Respublikası Bakı şəhərində doğulmuşdur. Doğum haqqında akt qeydinin “Ata haqqında məlumat” qrafasında “X4”, “Ana haqqında məlumat” qrafasında X3 qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli 05/2-6254/13 saylı cavab məktubundan müəyyən olunur ki, valideynləri X4 və X6 olan xx.xx.1982-ci il təvəllüdlü Nigar Qəndilovanın doğumu xx.xx.1982-ci ildə, xx.xx.1983-cü il təvəllüdlü Orxan Qəndilovun doğumu xx.xx.1983-cü ildə, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı doğumu xx.xx.1991-ci ildə, xx.xx.1998-ci il təvəllüdlü Nərmin Qəndilovanın doğumu isə xx.xx.1998-ci ildə Yasamal rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. İddiaçı xx.xx.2019-cu ildə Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.1989-cu il təvəllüdlü X5 ilə nikaha daxil olduğu məlum olmuşdur. İddiaçı hazırki tələblə bağlı Bakı şəhər Yasamal rayon Qeydiyyat şöbəsinə etdiyi müraciətə cavab olaraq, Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, xx/xx- 2000/15 saylı məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495 saylı qərarına əsasən “ov” və “yev” sonluqlu soyadlar sözün kökündən asılı olaraq lı , lı , lu , lu , “zadə” “sov” “qil” “oqlu”, “qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilə bilər. Soyad sonluğunun “Qəndilov”-a dəyişdirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş əsasların olmaması səbəbindən xahişinin təmin edilməsi imkan xaricindədir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 161.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iş materiallarından görünür ki, iddiaçı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq, ilk dəfə soyadının dəyişdirilməsi barədə tələblə inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunduğu üçün o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş və doğumu xx.xx.1991-ci il tarixində 28 nömrə ilə qeydiyyata alınmış İddiaçı soyadının “Qəndil”dən “Qəndilov”a dəyişdirilməsi öhdəliyi Bakı şəhər Yasamal rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş və doğumu vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında xx.xx.1991-ci il tarixində 28 nömrə ilə qeydiyyata alınmış İddiaçı soyadının “Qəndil”dən “Qəndilov”a dəyişdirilməsi öhdəliyi Bakı şəhər Yasamal rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar