Məhkəmə qərarları › İş №2-1(112)-6979/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6979/2025

14.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6979/2025 14.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və göndəriş əsasında əlilliyin müəyyən olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və göndəriş əsasında əlillik dərəcəsinin təyin olunması” tələbinə dair iddiası üzrə inzibati işə 14 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2017-ci il tarixdə ikinci dərəcəli əlilik təyin edilmişdir. Əlilliyin müddəti – 5 il, səbəb əlaqəsi – Azərbaycan Respublikasının Ərazi Bütovlüyünün müdafiəsi ilə əlaqədar əlillik, Diqanozun mətni – Kəlladaxili travma, Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı qaparıq astenonevrotik sindrom. Posttravmatik ensefalopatiya. Digər ikinci hipertenziya, kəllədaxili hipertenziya, tez-tez təkrarlana vegetativ damar krizlərlə qeyd edilmişdir. İddiaçının əlillik vəziyyətinə Bakı 10 nömrəli Şəhər Poliklinikasının 0096003AAD0U nömrəli, xx.xx.2022-ci il tarixli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə baxılmış və Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıqları(1992). Baş beynin xəstəliyi, zədələnməsi və ya disfuksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları Şəxsiyyət və davranışda rast gəlinəndəyişikliklər, baş beyin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən, Üzvi mənşəli şəxsiyyət pozuntusu kooqnitiv funksiyaların enməsi, anamnezdə qıcolmalarla qeyd edilmişdir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. İddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli X2 H00213559SSG nömrəli, xx.xx.2024cü il tarixli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə qeyd edilmişdir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, ona xx.xx.2024-cü il tarixli göndəriş əsasında əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən hallarına istinadən tələb onunla əsaslandırılmışdır ki, o könüllü olaraq erməni təcavüzkarlarına qarşı vətənimizin müdafiəsi üçün X5 batalyonu sıralarına ehtiyatda olan zabit olaraq qatılmışdır. Məlum Daşaltı əməliyyatı zamanı düşmən tankından açılan atəş nəticəsində ağır kəllə-beyin travması alaraq İİ qrup müharibə əlili olmuşdur. Bu faktı rəsmi təsdiq edən sənədi əldə eləmədiyi üçün ömrünün 10 ilindən artıq vaxtını itirmişdir. Hətta barəsində məhkəmə qərarı da var. Həyat yoldaşı həkim olmasına baxmayaraq onu ev şəraitində müalicə etməsi qeyri-mümkün olduğundan mütəmadi olaraq Maştağa qəsəbəsində yerləşən 1 saylı Psixatrik Xəstəxanada hər dəfə 1 ay olmaqla stasionar müalicə almağa məcburdur. Növbəti canlı şəxsin tibbi-sosial ekspert komisdsiyasına xx.xx.2022-ci il tarixdə müayinə olunmuş. Cavabdeh uzun illərdir həkim komissiyalarının müayinələrinin nəticələrini və müxtəlif xəstəxanalarda aldığı ağır müalicəlirimi heçə sayaraq hətta özlərinin canlı müayinə vaxtı ilə nəticə vaxtının heç cür uzlaşmadığı absurt bir qərar vermişdir. Bütün bunlar əsassız və ədalətsizdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli 0096003AAD0U nömrəli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Bakı 2 nömrəli X2 xx.xx.2024-cü il tarixli göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 527 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qəlpə yaralanmalarından sonra başın sağ aşağı arxa ənsə nahiyyəsində bir-birindən aralı yerləşmiş iki ədəd, sifətin sol yarısında, düzgün olaraq sol almacıq nahiyyəsində bir ədəd, sağ qaşın tış ucuna yaxın proyeksiyada bir ədəd köhnə çapıq toxumalar” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı çoxsaylı somatik, qarışıq şikayətlər, ətraflarının keyləşməsini, ayda 10-12 dəfə, oturaqlı vəziyyətdə ətraflarının “uyuşması” ilə keçən qıcolmalarının olmasını, bu halın 30 dəqiqə davam etməsini, axşamlar qarabasmaların oluğunu bildirmişdir. Nevroloji və psixi status, intellektual mnestik funksiyaları yaşına uyğun, KBS tərəfindən patologiyasız, ətraflarda əzələ gücü ~4,0-4,5 bal, tonusu normal, reflekslər canlı, hərəkətlər sərbəst qeyd olunmuşdur” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, aqressiv olmasından, yaddaş zəifliyindən, yuxusuzluqdan, qıcolma tutmalarından, eşitmə zəifliyindən, yüksək arterial təzyiqdən şikayətlənmişdir. Anamnestik məlumatlarında 1992-ci ildə qəlpə yaralanması aldığını, iki dəfə miokard infarktı keçirdiyini, şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini, qıcolma tutmalarının həftədə 3-4 dəfə baş verdiyini söyləmişdir. Tutmalarının təxminən 20- 30 dəqiqə davam etdiyini, bədənində gərginlik, ətraflarında uyuşma olduğunu, rahat bir yer taparaq əyləşdiyini, tutma zamanı ətrafda olanları hiss etmədiyini, əvvəllər qaşıqla yardım göstərildiyini, ayıldıqdan sonra əvvəlcə rahat, sonra isə 1-2 gün halsız olduğunu qeyd etmişdir. Medikamentoz preparatlardan “Depakine”, “Finlepsin” qəbul etdiyini bildirmişdir. Baxış zamanı 5 m məsafədə əyləşərək sualları sakit səs tonu ilə cavablandırmış, bəzən sualları təkrarlatmış, eşitmə cihazından istifadə etmədiyi müşahidə edilmişdir. Müayinə zamanı başın ənsə, sol almacıq, sağ bilək nahiyyələrində çapıqlar izlənilmiş, hərəkətləri sərbəst olmuşdur. Nevroloji baxış: deməsinə görə 15 il öncə qıcolma tutmaları başlamış, lakin təsvir etdiyi qıcolmanın xarakteri epilepsiya xəstəliyi ilə uyğun olmamışdır. Təqdim etdiyi MRT müayinəsinin nəticəsində ocaqlı dəyişiklik qeyd olunmamışdır. Psixi status: Psixiatrik müraciətlər Hərbi qərar aldıqdan sonra başlamışdır. Qərarda beyinə sirayət edən qəlpə və ya kəllə-beyin travması qeyd olunmamış, həkim ekspert tərəfindən 32 il öncəki travmanın hazırda fəsadının olması absurd hesab edilmişdir. Şikayətləri yaşa bağlı olaraq yuxu ehtiyacının azalmasından olmuşdur. Beyinə sirayət edən xəsarət almadığı halda qəlpə nəticəsində epileptik ocaq yaranması fikri də uyğunsuz olmuşdur. İntellektual mnestik funksiyaları yaşına uyğun dəyərləndirilmişdir. Təfəkkürü ardıcıl, məntiqi, mühakimə qabiliyyəti qüsursuz izlənilmişdir. Psixi durumu səbəbi ilə kənar şəxs qulluğu və ya nəzarətinə ehtiyac yaradan ağırlaşma müşahidə edilməmişdir. X4 xx.xx.2022-ci il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Müayinə oyaq vəziyyətdə, hiperventilyasiya və fotostimulyasiya sınaqları zamanı keçirilib. Fon aktivliyində dizritmiya fonunda beyin qabığının cüzi paroksizmal meyli qeyd olunur. Funksional sınaqlar zamanı, hiperventilyasiyada (HV) və fotostimulyasiyada (FS) beyin qabığında paroksizmal aktivlik artmamışdır. Sağ ənsə payında delta diapazonlarda yavaş dalğalar izlənilir (anamnezdə həmin nahiyyədə qəlpə olduğu qeyd edir). Baş beynin bioelektrik aktivliyinin diffuz dəyişikliyi qıcolma qapısının daralması əlaməti və beyin kötüyünün disfunksiya əlaməti ilə qeyd olunur” kimi qeyd edilmişdir. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2024-xx.xx.2024-cü il tarixli Çıxarışında diaqnoz “Üzvi mənşəli (İ Qarabağ müharibəsi) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Anamnezində qıcolma tutmaları” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024cü il tarixli 5619 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir.” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 12781777 nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verə biləcək psixi pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçının müraciətləri üzrə qiymətləndirmə aparılarkən hazırki sağlamlıq vəziyyəti müvafiq tibbi müəssisəsi tərəfindən rəsmiləşdirilmiş diaqnoza uyğun olmadığından həmçinin orqanizm funksiyalarının pozulması əlilliyin müəyyən edilməsi üçün yetərli səviyyədə olmadığından onun barəsində əlillik təyin etmək mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş edirik. Nəzərə almağınızı xahiş edirik. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək rədd edilməsi barədə qərar qəbil edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Cavabdehin iddiaçının müraciətini təmin etməkdən xx.xx.2024-cü il tarixli qərarla imtina etmiş, lakin həmin qərarına iddiaçıya hansı tarixdə təqdim edilməsinə dair hər hansı sübut olmadığından məhkəmə iddiaçı tərəfindən iddia müddətinin riayət edilməsi qənaətinə gəlir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçıya xx.xx.2017-ci il tarixdə 5 il müddətinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. Təyin edilən əlilliyin diaqnozu - “Kəlladaxili travma, Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı qaparıq astenonevrotik sindrom. Posttravmatik ensefalopatiya. Digər ikinci hipertenziya, kəllədaxili hipertenziya, tez-tez təkrarlana vegetativ damar krizlərlə”. İddiaçının əlillik vəziyyətinə Bakı 10 nömrəli X2 0096003AAD0U nömrəli, xx.xx.2022ci il tarixli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli X2 H00213559SSG nömrəli, xx.xx.2024cü il tarixli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə qeyd edilmişdir. Diaqnozun öz təsdiqini tapmaması əsası ilə əlillilk təyinatı aparılmasından imtina edilmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və xx.xx.2024-cü il tarixli (sonuncu) göndəriş əsasında orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsi ilə əlilliyin təyin edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi. Məhkəmə cavabdehin imtinası, yəni iddiaçıda olan diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə bağlı qeyd edir ki, hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının barəsində rəsmiləşdirilmiş sonuncu H00213559SSG nömrəli göndərişdə onun diaqnozu “Üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-psixiatrik ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MəhkəməPsixiatrik Ekspertiza Mərkəzinin ekspertlərinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli 2357 №-li ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı hal hazırda “Üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə, anamnezində funksional qıcolma tutmaları” (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Göründüyü kimi, iddiaçıda qeyd edilən diqanozun, yəni “Üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə, anamnezində funksional qıcolma tutmaları” olması iş üzrə aparılmış ekspert rəyi ilə də öz təsdiqini tapır. Bundan başqa, iddiaçıda “Üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” diqanozunun olması işdə olan digər tibbi sənədlərdən də müəyyən edilir. Belə ki, iddiaçıda qeyd edilən xəstəlik 1992-ci ildə döyüş əməliyyatları zamanı aldığı xəsarətin nəticəsində olmuşdur. İddiaçı həmin tarixdən sonra mütəmadi olaraq ambulator və psixiatrik müayinə və müalicələrdə olmuşdur. İş materiallarında olan X4 xx.xx.2022-ci il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Müayinə oyaq vəziyyətdə, hiperventilyasiya və fotostimulyasiya sınaqları zamanı keçirilib. Fon aktivliyində dizritmiya fonunda beyin qabığının cüzi paroksizmal meyli qeyd olunur. Funksional sınaqlar zamanı, hiperventilyasiyada (HV) və fotostimulyasiyada (FS) beyin qabığında paroksizmal aktivlik artmamışdır. Sağ ənsə payında delta diapazonlarda yavaş dalğalar izlənilir (anamnezdə həmin nahiyyədə qəlpə olduğu qeyd edir). Baş beynin bioelektrik aktivliyinin diffuz dəyişikliyi qıcolma qapısının daralması əlaməti və beyin kötüyünün disfunksiya əlaməti ilə qeyd olunur” kimi qeyd edilmişdir. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2024-xx.xx.2024-cü il tarixli Çıxarışında diaqnoz “Üzvi mənşəli (İ Qarabağ müharibəsi) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Anamnezində qıcolma tutmaları” kimi qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 5619 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir.” kimi qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 12781777 nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilmişdir. Cavabdeh iddiaçınını əyani müayinə edərkən qeyd edilən tibbi sənədləri nəyə görə qiymət vermədiyini əsaslandırmamış, formal olaraq əyani müayinənin nəticəsində qeyd edilən diaqnozların klinik olaraq öz təsdiqini tapmadığını bildirmişdir. “Məhkəmə qeyd edir ki, TSEK-in əyani müayinənin nəticəsi olaraq qəbul etdiyi qərarı lazımi qaydada, şəxsin xüsusi halları ilə əlaqələndirilməklə əsaslandırılmamış, göndərişdə göstərilmiş diaqnozlar müvafiq tibbi sənədlərə istinadla deyil, ümumi ifadələrdən istifadə edilməklə inkar olunmuşdur. Əyani müayinənin nəticəsində qəbul edilən qərarlara münasibətdə nəzərə alınmalıdır ki, sözügedən müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verən şəkildə aparılmalıdır. Bu zaman çıxarılan qərarlar şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələrinə, mütəxəssislərin ətraflı obyektiv məlumatlarına, aparılmış müalicə tədbirləri və onların səmərəliliyinə, klinik proqnozlara əsaslanmalıdır. Ona görə də, cavabdehin iddiaçının xarici görünüşünə əsaslanan formal əyani müayinədən ibarət dəlili, yəni iddiaçıda olan diaqnozun əlillik təyinatına əsas verməməsi barədə dəlili də əsassızıdır. İddiaçının “Əsas diaqnozu - F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Bu diaqnozun iddiaçıda olması ekspert rəyi və digər tibbi sənədlərlə müəyyən edilir. Yuxarıda göstərilən Meyarlara Əlavənin:

7. Psixi və davranış pozuntuları ... 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1940/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini mümkünsüz hesab edərək qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının X2 Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2-1(102)-1038/2023 nömrəli, X1 Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2-1(102)-437/2024 nömrəli, X3 Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2-1(102)-73/2024 nömrəli, X4 TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2-1(102)-234/2024 nömrəli, X5 Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2-1(102)-589/2024 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnozu iş materialları ilə öz təsdiqini tapırsa və həmin diaqnoz şəxsə müvafiq əlillik dərəcəsinin təyin edilməsi üçün meyarların müvafiq bəndinə uyğundursa, cavabdeh inzibati orqan tərəfindən müvafiq əlillik dərəcəsinin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olacaq və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmayacaqdır. Cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir”. Məhkəmə iddiaçıda olan diqanozun əlillik əlaməti təyin etməməsi barədə dəlilini əsassız hesab edir. Belə ki, yuxarıda göstərilən Meyarlarda qeyd edilən diaqnozun iki qiymətləndirilmə bəndi müəyyən edilmişdir: 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti İddiaçının barəsində rəsmiləşdirilən Forma 88-də qeyd edilmiş “Həyat fəaliyyətinin kateqoriyasının məhdudlaşma dərəcəsi” bölməsindən müəyyən edilir ki, iddiaçının özünə qulluq bacarığı İ dərəcə, istiqamətseçmə bacarığı İ dərəcə, ünsiyyət bacarığı İ dərəcə, daranışa nəzarət etmə bacrığı İİ dərəcə, öyrənmə bacarığı İ dərəcə, əmək fəaliyyəti İİ dərəcə qeyd edilmişdir. Davranışa nəzarət etmə bacarığın bəndindən müəyyən edilir ki, iddiaçının davranışa nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə kimi qeyd edilmişdir ki, yuxarıda qimymətləndirmə meyarlarına uyğuin gəlir. Məhkəmə iddiaçının əlilliyin orqanizmin funksiyaların pozulması faizi və əlilliyin təyin edilmə müddəti ilə bağlı qeyd edir ki, iddiaçıda mövcud olan əsas diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin hansı bəndinə uyğun olması və hansı faiz dərəcəsi və hansı müddətdə olmasını cavabdeh müəyyən etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Şahin Ziyaddin oğluna əlillik təyin edilməsindən imtina edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixli, H00213559SSG nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsi ilə əlilliyin əlilliyin müəyyən olunması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar