Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-698/2021 02.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzilə dair sosial kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 mənzil 13 ünvanına kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 155 saylı evin 13 saylı mənzilinə dair onunla sosial kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, Xətai Rayon İcra Hakimiyyətində ev növbəsində olmuş və onun növbəsi çatana qədər ona müvəqqəti yaşamaq üçün hazırda mübahisəli mənzil - Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 155 saylı evin 13 saylı mənzili xx.xx.1993-cü ildə 4528 nömrəli sərəncamla Xətai Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmişdir. O, qeyd olunan tarixdən qeyd olunan mənzildə uzun müddət yaşamış və hazırda mənzilin bütün kommunal və digər xərcləri onun tərəfindən ödənilir. O, cavabdehə rəsmi məktubla müraciət edərək həmin mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə köməklik edilməsini tələb etsə də, cavabdeh xx.xx.2020-ci il tarixli 20-091 saylı məktubu ilə onunla kirayə müqaviləsi bağlamaqdan imtina etmişdir. Cavabdehin imtinası qanunsuz və ədalətsizdir. Elə bu səbəbdən də pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmişdir. İddia ərizəsində texniki səhv olaraq Nobel prospekti əvəzinə Neapol prospekti yazılmışdır, bunun nəzərə alınmasını xahiş etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli Q-20-091 saylı məktubda qeyd edilir: Sizin Rayon İcra Hakimiyyətinə daxil olmuş ərizənizə baxılmışdır. Ərizənizdə Sizə sığınacaq kimi verilmiş mənzili Sizin adınıza keçirilməsini və eyni zamanda kirayə müqaviləsinin Sizinlə bağlanmasını xahiş edirsiniz. Məlumat üçün bildiririk ki, xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 36-cı maddəsinə əsasən mənzilə ehtiyacı olan vətəndaşlar iş və yaxud yaşayış yeri üzrə növbəlilik əsasında mənzillə təmin olunurdurlar. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilirdi. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən isə dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərara müvafiq olaraq rayon, şəhər İcra Hakimiyyəti orqanları vətəndaşlara order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsas idi. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən yaşayış sahəsinə icarə müqaviləsi adına order verilmiş vətəndaşla bağlanılırdı. Bildiririk ki, Sizin adınıza isə göstərilən mənzilə order verilməmişdir. Qeyd edilən ünvanda yerləşən mənzil Sizin ailənizə müvəqqəti sığınacaq kimi verildiyindən, Sizinlə kirayə müqaviləsinin bağlanılması mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 852 nömrəli məktuba əlavə edilmiş Xətai rayon İcra Hakimiyyəti Başçısının 4528 saylı xx.xx.1993-cü il tarixli Sərəncamından görünür ki, İddiaçı Fəhlə prospektindəki 155 nömrəli evin, sahəsi 18 kv.m olan tam kommunal şəraiti olmayan 1 otaqlı 13 nömrəli mənzil sığınacaq kimi verilməsi və 4 nəfər (özü, arvadı və 2 qızı) ailə tərkibində pasport qeydiyyatına alınması qərara alınmışdır (İddiaçı -1963, özü, X8 -1964, arvadı, X1 - 1992, qızı, X2 - 1993, qızı). İş materiallarında olan Bakı şəhəri Xətai RİH Xətai rayon Mənzil Kommunal Təsərrfat Birliyinin 66 saylı MKİS-nin xx.xx.2021-ci il tarixli 641 saylı arayışından görünür ki, İddiaçı Xətai rayonu, Nobel pr., 155 saylı evin 13 saylı mənzilində qeydiyyatdadır. Ailə tərkibi: həyat yoldaşı X8, qızı X3, qızı X4, qızı X6, oğlu X5. 1993-cü ildən həqiqətən göstərilən ünvanda yaşayırlar (əsas Sərəncam). Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ilin oktyabrından əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsi ilə tənzimlənməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 52-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər («Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə, 43-cü maddəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğunluğu haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2000-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin “müəyyən edilmiş qaydada” müddəası qüvvədən düşmüş hesab edilmişdir). Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 81-ci maddəsinə görə bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı yaşayış yeri üzrə Xətai RİH-də mənzil növbəsində olmuş, 1990-cı ildə Xətai RİH iddiaçını və onun ailə üzvlərini Bakı şəhəri, Xətai rayonu, Nobel (Fəhlə) prospekti, 155 saylı evin 13 saylı mənzilinə (sahəsi 18 kv.m) köçürmüşdür. Xətai rayon İcra Hakimiyyəti Başçısının 4528 saylı xx.xx.1993-cü il tarixli Sərəncamına əsasən iddiaçıya həmin mənzil sığınacaq kimi verilmiş və 4 nəfər (özü, arvadı və 2 qızı) ailə tərkibində pasport qeydiyyatına alınmışdır. Hazırda Bakı şəhəri Xətai RİH Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 66 saylı MKİS-nin xx.xx.2021-ci il tarixli 641 saylı arayışına əsasən iddiaçı və onun ailə üzvləri 1993-cü ildən göstərilən ünvanda həmin Sərəncama əsasən daimi qeydiyyatdadırlar və yaşayırlar. Göründüyü kimi, iddiaçı və onun ailə üzvləri qeyd olunan mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ilin oktyabrından əvvəlki dövrdən yaşayırlar və mənzil münasibətləri də həmin dövrdə yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçı mənzilə ehtiyacı olan şəxs kimi Xətai RİH tərəfindən 1990-cı ildən həmin ünvana köçürüldüyü və həmin tarixdən bugünədək həmin ünvanda ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşadığı üçün xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 85-ci maddəsinin tələblərinə əsasən (əvvəlki icarədarın ölüm halı olmasa da) özünün icarədar hesab edilməsini tələb edə bilər. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 155 saylı evin 13 saylı mənzilinə dair İddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-698/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-698/2021
02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver