Məhkəmə qərarları › İş №2-1(112)-698/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-698/2022

21.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-698/2022 21.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X3, Zəruri cəlbetmə qaydasında üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin mərhum X9 məxsusluğu haqqında arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Bakı İnzibati məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 4080A saylı bağ sahəsinə dair hüququn X9 məxsus olması haqqında arayışın verilməsinin cavabdeh Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini tələb etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin 9/333 saylı. xx.xx.1989-cu il tarixli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 4080A saylı bağ sahəsi mərhum atası X9 verilmişdir. Həmin bağ sahəsi həmin vaxtdan etibarən atasının istifadəsindədir. Atası vəfat etdikdən sonra bağ sahəsi vərəsəlik hüququ əsasında onun istifadəsinə keçmişdir. Hal-hazırda da istifadəmdədir. Qeyd olunan torpaq sahəsinə dair hüququn X9 məxsus olması haqqında arayış verilməsi üçün Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edilmişdir. Lakin Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müraciətimdən imtina etmişdir. Hesab edir ki, Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuz və əsassızdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 4080A saylı bağ sahəsinə dair hüququn X9 məxsus olması haqqında arayışın verilməsi Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir

3. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 4080A nömrəli bağ sahəsi barədə məlumat və sənəd surətinin verilməsinə dair iddiaçının müraciətinə cavabdeh tərəfindən bildirilmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin 9/333 saylı 30 avqust 1989-cu il tarixli qərarı ilə X9 93 saylı Bağ Tikinti Kooperativi nəzdində Ləhiş qəsəbəsində bağ sahəsinin ayrılmasına dair məlumat mövcuddur. X2 93 saylı ВТК nəzdində Ləhiş qəsəbəsində 4080a nömrəli bağ sahəsinin ayrılmasına dair sənəd (order) İdarənin arxivində aşkar edilməmişdir

4. Bakı şəhəri 22 saylı notariat ofisi tərəfindən cavabdeh quruma torpaq sahəsinə dair çıxarış verilməsinə dair müraciət edilərək bildirilmişdir ki, X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu Ləhiş Bağları ərazisində yerləşən 4080A nömrəli sahəsi 0.12 ha olan torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı oğlu İddiaçı tərəfindən Bakı şəhəri 22 saylı notariat ofisinə müraciət daxil olmuşdur. İddiaçı xx.xx.1996-cı il tarixdə vəfat etmiş X8 qanuni vərəsəsidir. Lakin həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin itirildiyinə görə sənəd təqdim etməyib.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, bir neçə bağ sahəsi bir hasar daxilindədir, ara sərhədləri şərtidir. Qonşu bağ sahələri ilə yol nəzərə alınmaqla notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim olunmamışdır. Həmçinin bağ sahəsinə dair təqdim edilmiş sənədlərdə bağ sahəsinin ölçüsü barədə məlumat yoxdur. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamışdır. Bununla bağlı İdarə tərəfindən İddiaçı **********55 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli, məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci ilin mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərinin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq- yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci bəndinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

6. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

7. Məhkəmənin sorğusuna cavab olaraq Milli Arxiv İdarəsinin Bakı filialı tərəfindən təqdim edilmiş Bakı şəhər XDS İK- nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli, 9/333 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışına əsasən Böyük Vətən müharibəsinin iştirakçısı X9 93 nömrəli BTK nəzdində bağ sahəsi ayrılmıdşır.

8. Məhkəmənin sorğusuna cavab olaraq 93 saylı BTK üzvlərinin siyahısının və yerləşmə sxeminin təsdiq olunmuş surəti (arxiv nüsxəsi) təqdim edilmiş, həmin siyahıda 11-cı sırada Böyük Vətən müharibəsinin iştirakçısı X8 adı, yerləşmə sxemində yola yaxın hissədə 4080A saylı bağ sahəsi mövcuddur.

9. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən aşağıdakı məsələlər üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır: - İddiaçı faktiki istifadəsində olan bağ sahəsinin yerləşmə sxeminin müəyyən olunması barədə; - İddiaçı faktiki istifadəsində olan bağ sahəsinin 93 saylı BTK-nın Ləhiş massivində bağ sahələrinin yerləşmə sxemi üzrə 4080A saylı bağ sahəsi ilə üst-üstə düşməsi barədə; - İddiaçı faktiki istifadəsində olan bağ sahəsinin 93 saylı BTK-nın Ləhiş massivində bağ sahələrinin yerləşmə sxemi üzrə hər hansı digər bağ sahəsi ilə üst-üstə düşməsi barədə (4080A saylı bağ sahəsi ilə üst-üstə düşmədiyi təqdirdə); - 93 saylı BTK-nın üzvlərinin siyahısı cədvəli üzrə 11-ci qrafada X8 adının qarşısındakı qeyd hissəsində («примечание») “Cİ-3381” qeydinin açıqlaması barədə;

10. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC tərəfindən təqdim olunmuş mütəxəssis rəyinə əsasən bildirilmişdir ki: -İddiaçı faktiki istifadəsində olan bağ sahəsinə özünün iştirakı ilə baxış keçirilmiş, göstərdiyi nöqtələr əsasında bağ sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilərək sxem tərtib olunmuşdur. -1 saylı Bakı Ərazi İdarəsinin xidməti məlumatına əsasən, İddiaçı “93 saylı BTK-nın Sabunçu rayonu, Ləhiş bağ massivindəki 4080A saylı bağ sahəsi” kimi iddia etdiyi torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 4080 saylı bağın bir hissəsinə uyğun gəlir. Bu sahəyə digər şəxslərində çoxsaylı müraciətləri olmuşdur. 4-cü sualın cavablandırılması "xxxx" MMC-nin mütəxəssisinin səlahiyyətləri xaricindədir.

11. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, («примечание») “Cİ-3381” qeydi vətəndaşın bağ növbəsinə götürüldüyünü göstərən sıra nömrəsi kimi qəbul edilir.

12. Maraqlı şəxs tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək bildirmişdir ki, Bakı şəhəri XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 3/78 nömrəli qərarına əsasən 172 saylı Ləhiş BTK-nın üzvü kimi ona 0,12 ha torpaq sahəsi ayrılmış, ona 17 nömrəli order verilmişdir. Bununla əlaqədar hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir.

13. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Maraqlı şəxs məhkəmə icraatına cəlbedilmə barədə vəsatəti təmin edilməmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs nümayəndəsi bildirir ki, torpaq sahəsi ümumi hasarlanmış ərazinin içərisindədir, torpaq sahəsinin dəqiq yerini bilmir, eləcə də iddiaçının atası mərhum X9 torpaq sahəsi 93 nömrəli BTK-nın nəzdində, ərizəçi Maraqlı şəxs 172 nömrəli BTK-nın nəzdində ayrılmışdır. Həmin qərardaddan verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Maraqlı şəxs 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmə ilə bağlı vəsatəti təmin edilmiş və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 3/78 saylı qərarının arxiv çıxarışından, 17 nömrəli orderdən və Bakı şəhəri XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 3/78 saylı qərarına əsasən 3 nömrəli əlavənin surətindən görünür ki, Maraqlı şəxs Ləhiş bağlarında 0,12 ha torpaq sahəsi olan 4080A saylı bağ sahəsi ayrılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 31 mart 2022-ci il tarixli **********76 nömrəli məktubunda qeyd edilmişdir ki, Maraqlı şəxs məxsus torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 4080 saylı torpaq sahəsinin ərazisinə uyğun gəlir. Həmin torpaq sahəsinə digər şəxslərin müraciətləri mövcuddur. Hazırki iş üzrə məhkəmə mübahisəsi İddiaçı cavabdehə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 4080A saylı bağ sahəsinə dair hüququn X9 məxsus olması haqqında arayışın verilməsi ilə bağlıdır. Eyni zamanda, Maraqlı şəxs İdarə tərəfindən verilmiş imtina məktubda da ayrılmış Ləhiş bağlarında 0,12 ha torpaq sahəsinin İddiaçı göstərdiyi torpaq sahəsi ilə üstüstə düşdüyü qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi, sözügedən bağ sahələri Ləhiş bağlar massivində yerləşməklə 4080A saylı olduğundan, hazırki iş üzrə qəbul ediləcək məhkəmə qərarının Maraqlı şəxs qanuni maraqlarına toxunma ehtimalı vardır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, Maraqlı şəxs hazırki məhkəmə icraatına cəlb edilməli və iş üzrə ətraflı araşdırma aparılmalıdır.

14. Məhkəmədə şahid qismində dindirilmiş X5 bildirdi ki, 1973-1978-ci illərdə keçmiş bağlar idarəsində işləyib, 1978-ci ildən Ləhiş bağları üzrə sahə rəisi olub, 2007-2009-ci illərdə Bakı şəhər Texniki İnventarlaşdırma İdarəsində mühəndis vəzifəsində işləyib. X4 torpa və ərazi idarəetmə şöbəsinin rəisi işləyir. Ləhiş bağlarının xəritəsi 1973-cü ildə hazırlanıb. 2007-ci ildə həmin xəritə Əmlak Məsələləri Dövlət Xidmətinə verilib. O zaman bağ sahəsi veriləndə bağların sahəsi yazılmırdı. 93 nömrəli BTK-nın nəzdində X6 4080A nömrəli bağ sahəsi ayrılıb. 93 nömrəli BTK-nın nəzdindəki bağlar bağın öz nömrəsi və “A” nömrəsi ilə, 172 nömrəli BTK-nın nəzdindəki bağlar həmin bağ nömrəsinin “B” və “V” nömrəsi ilə ayrılmışdır. Özünün vaxtilə apardığı qeydlərinə əsasən (həmin qeydləri məhkəməyə təqdim edir) X6 93 nömrəli BTK-nın nəzdində 4080A nömrəli bağ sahəsi, Maraqlı şəxs 172 nömrəli BTK-nın nəzdində 4080B nömrəli bağ sahəsi ayrılıb.

8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi.

9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

10. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili izahat verərək bildirdi ki, hazırkı işə qoşulmasının səbəbi Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Maraqlı şəxs məxsus torpaq sahəsinin İddiaçı göstərdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd etməsi ilə bağlıdır. Məqsədi özünə məxsus torpaq sahəsinin yerini müəyyən etməklə hüquqlarının qeydə alınmasıdır.

II. İddianın növü və mümkünlüyü

11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

13. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

14. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

15. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

16. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

17. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

19. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

20. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

21. X15 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

22. X15 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

23. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.

24. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

25. Məhkəmə tərəfindən həm 93 nömrəli, həm də 172 nömrəli BTK-ların arxiv qovluğu tələb edilərək əslləri məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq olunmuşdur və surəti iş materiallarına əlavə edilmişdir. Müəyyən edilmişdir ki, həmin BTK-lar üzrə hər bir vətəndaşa 0,12 ha torpaq sahəsi ayrılmış, 93 nömrli BTK-nın üzvlərinin siyahısında 11-ci sırada X8, 172 nömrəli BTK-nın üzvlərinin siyahısında 17-ci sırada Maraqlı şəxs adı var. 93 nörməli BTK üzrə bağların yerləşmə sxeminə əsasən bağlar, bağın nömrəsi və “A” nömrəsi üzrə (məsələn, 4080 və 4080 A nömrəli bağ sahələri), 172 nömrəli BTK üzrə bağlar, yerləşmə sxeminə əsasən “B” və “V” nömrəsi üzrə (kirill qrafika ilə “Б” və “В” olaraq) qeyd edilmiş və 172 nömrəli BTK nəzdində bağ sahələrinin yerləşmə sxeminə əsasən 4080B və 4080V nömrəli bağlar (sıralama kirill qrafikasında “4080Б” və “4080В” olaraq qeyd edilir) mövcuddur.

26. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, Ləhiş bağ massivindəki 4080A nömrəli bağ məhz 93 nömrəli BTK-nın nəzdindədir və 93 nömrəli BTK-nın üzvlərinin siyahısında 11-ci sırada Böyük Vətən müharibəsi iştirakçısı X8 adı var.

27. Məhkəmə iclasında şahid qismində dindirilmiş və qeydləri iş materiallarına əlavə edilmiş vaxtilə bağlar idarəsinin mühəndisi vəzifəsində işləmiş şahidin (vaxtilə tərtib edilmiş) qeydlərinə əsasən, Ləhiş bağ massivindəki 93 nömrəli BTK-nın üzvlərinin siyahısında torpaq sahəsinin ölçüsü 0,12 ha göstərilməklə 11-ci sırada qeyd olunmuş Böyük Vətən müharibəsi iştirakçısı X8 adının qarşısında (telefon nömrəsi üzvlərinin siyahısındakı 69-37- 11 nömrə göstərilmişdir) 4080a nömrəli bağ qeyd olunmuşdur. Həmin yazılarda 172 nömrəli BTK-nın nəzdində 4080b nömrəli (qeydlər kirill qrafikasında “4080б” olaraq göstərilmişdir) bağ sahəsinin qarşısında Maraqlı şəxs adı var.

28. Həmin torpaqlar ümumi hasar daxilində olmaqla hər birinin sərhədləri ayrılıqda müəyyən edilməmişdir. İddiaçı özünə aid torpaq sahəsinə sahiblik edir və torpaq onun istifadəsindədir.

29. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Böyük Vətən müharibəsi iştirakçısı X9 Ləhiş bağ massivindəki 93 nömrəli BTK-nın nəzdində 4080A nömrəli bağ sahəsi ayrılmışdır. Odur ki, 4080A nömrəli bağ sahəsinə dair X8 hüquqlarının qeydiyyatı Maraqlı şəxs maraqlarına toxunmur (onun hüquqları həmin ərazidəki digər bağ sahəsinə aiddir).

30. Odur ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında uyğunsuzluğu aradan qaldırmaqla mərhum X8 Ləhiş bağ massivindəki 93 nömrəli BTK-nın nəzdindəki sahəsi 4080A nömrəli saylı bağ sahəsinə dair hüquqlarının qeydiyyatı təmin edilməklə həmin bağ sahəsinin ona məxsusluğuna dair arayış verilməlidir.

31. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir.

34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağ massivində 93 saylı BTK nəzdində 0,12 ha sahəsi olan 4080A saylı bağın mərhum X9 məxsusluğu haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar