Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-698/2023 04.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının vəkili və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın yenidən hesablanması və s” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın yenidən hesablanması və s” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı əlavə təqdim edərək maddi və mənəvi zərərin əvəzi kimi 5 min manat məbləğində kompensasiya ödənilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçı tələbə dəqiqləşmə verərək iddiaçıya 2011-ci ilin iyun ayından başlayaraq 2022-ci ilin yanvar ayınadək olan müddətdə əlavə olaraq ödənilməli olan pensiyanın məbləğinin yenidən hesablanması və ödənilməmiş fərq məbləği olan 57,600 manat pensiyanın ona ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona təyin edilmiş pensiya məbləği səhv hesablanmış, hesablanmalı olan pensiya məbləği 800 manat artıq olmalıdır. Nəticədə də həm həmin məbləğ, həm də həmin məbləğ nəzərə alınmaqla ödənilməmiş fərq məbləği ona ödənilməlidir. Cavabdeh bu barədə müraciətini nəzərə almamış, pensiyanın yenidən hesablanması və ödənilməsini həyata keçirməmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya keçmiş müddət üçün hesablanmış fərq məbləğinin 506,84 manat hissəsi cari ilin avqust və sentyabr aylarında ona ödənilmiş, qalan hissə müraciət nəzərə alınmaqla 04 oktyabr 2021-ci il tarixində pensiyanın üzərinə əlavə olunmaqla ödənilməkdədir. Pensiyanın yenidən hesablanaraq artırılması əsası olmadığından iddia rədd edilməlidir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Arayışdan görünür ki, iddiaçı 558,93 manat əmək pensiyası alır. Əmək pensiyasının yenidən hesablanması barədə qərardan görünür ki, iddiaçıya dövlət məvacibinin 47 faizinə uyğun olaraq 558,93 manat pensiya hesablanmışdır. Məhkəmə ekspertiza mərkəzinin rəyində qeyd edilmişdir ki, iddiaçıya təyin edilmiş pensiya məbləğinin 01 aprel 2008-ci il tarixdən hal-hazırkı tarixədək olan dövr üzrə hesablanmasında uyğunsuzluq mövcud deyildir. İddiaçının keçmiş müddət üçün hesablanmış 9123,01 manat fərq məbləğinin 506,84 manat hissəsi 2021-ci ilin avqust və sentyabr aylarında ona ödənilmiş, qalan 8616,17 manat hissəsi 14 oktyabr 2021-ci il tarixində pensiyanın üzərinə əlavə olunmaqla köçürülmüşdür. İddiaçıya 01 yanvar 2022-ci il 31 dekabr 2022-ci il tarixləri arasındakı dövr ərzində hesablanmaqla “əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 04 mart 2022-ci il tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 01 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4cü maddəsinə əsasən onun əmək pensiyası həmin tarixdən artırılaraq 614,82 manat müəyyən edilmişdir. Həmin Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar əmək pensiyası 01 yanvar 2023-cü il tarixdən 705,20 manat artırılaraq ödənildiyi müəyyən edilmişdir. İddiaçının əmək pensiyasının təyin olunduğu tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapıtalı pensiya hüququnun yarandığı tarixdə 7254,72 manat, həmin tarixdən sonrakı dövr üzrə 06 yanvar 2023-cü il tarixinə 4436,93 manat təşkil edir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il(bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Mübahisə üzrə hüquq münasibətinin qüvvədə olduğu dövrdə qüvvədə olmuş 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanuna yeni əlavə edilən 26.4. 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Həmin dövrdə qüvvədə olmuş 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması QAYDASİ”nın: 2.2.3. Qanunun 20.1.4-cü, 20.1.5-ci, 20.1.5-1-ci, 20.1.7-ci, 20.1.9-cu, 20.1.14-cü, 20.1.18-ci və 20.1.20-ci maddələrində nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əməkhaqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi (FD x 50% / 15) orta aylıq əməkhaqqının artım məbləğinə vurulur. Bu yarımbənddə göstərilən şəxslərin pensiyasına qulluq stajına görə əlavə aşağıdakı düstura əsasən yenidən hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur: İşin faktiki hallarından da göründüyü kimi hazırkı mübahisənin əsası əmək pensiyasının məbləği ilə bağlıdır. Belə ki, iddiaçı 558 manat məbləğində olan əmək pensiyasından narazı qalaraq həmin məbləğin 800 manatdan artıq olmalı olması qənaətindədir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, AR İPM-nin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qanunvericiliyin tələbindən də göründüyü kimi məcburetmə, eləcə də öhdəliyin icrası və kompensasiya növündə iddialarda sübut etmə baxımından inzibati prosessual qanunvericilik fərqli tənzimləmə müəyyən etmişdir. Hazırkı iddia da əmək pensiyasının yenidən hesablanması ilə bağlı olduğundan əmək pensiyasının yenidən hesablanaraq ən azından 800 manatdan artıq olmalı olması barədə sübutetmə də iddiaçının üzərinə düşür. Lakin, işin faktiki hallarından göründüyü kimi iddiaçı həmin məbləğin necə müəyyən edilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdeh isə iddiaçıdan fərqli olaraq əmək pensiyasının məhz 800 manatdan artıq olmaması, Əmək pensiyaları haqqında Qanunun 01 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən onun əmək pensiyası həmin tarixdən artılıraq 614,82 manat müəyyən edilməsi, daha sonra 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar əmək pensiyasının 01 yanvar 2023-cü il tarixdən 705,20 manat artırılması ödənilməsi barədə publik səlahiyyətlərinin düzgün icrasını həyata keçirmişdir ki, cavabdehin əmək pensiyasının yenidən hesablanması barədə hərəkətlərinin qanuni və əsaslılığını istisna edən hər hansı hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. İşin faktiki hallarından da göründüyü kimi cavabdeh iddiaçının vəziyyətini yaxşılaşdıran yeni tənzimləməri də tətbiq etməklə ona ödənişin 705,20 manata çatdırılmalı olması ilə bağlı öhdəliklərin icrasını təmin etmişdir ki, əmək pensiyasının yenidən hesablanaraq artırılmalı olması barədə iddiaçının istinad etdiyi hallar işin digər faktiki halları ilə ziddiyyət təşkil etməkdədir. Beləliklə, Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə əmək pensiyasının məbləğini düzgün müəyyən etmiş, hesablamaları həm həmin dövrdə qüvvədə olan Qanunun redaksiyasına, həm də hazırda pensiya təminatı ilə bağlı məsələləri tənzimləyən Qanunun və normativ hüququ aktların tələblərinə uyğun aparmışdır ki, göstərilən bu halların hər biri pensiya işində olan sənədlər ilə yanaşı, həmçinin də müvafiq mühasibatlıq ekspertizasının rəyi ilə təsdiq olunmuşdur. Nəzərə alınmalıdır ki, əmək pensiyasının yenidən hesablanması ilə bağlı texniki xarakterli məsələlərə münasibət bildirilməsi ilə əlaqədar ekspertiza barədə qərardad qəbul edilmiş və təqdim edilmiş ekspert rəyi ilə də müəyyən edilmişdir ki, cavabdehin əmək pensiyasının yenidən hesablanması barədə mövqeyi qanuni və əsaslıdır. Məhkəmə rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir Məhkəmə əmək pensiyasının yenidən hesablanaraq artırılmasına dair əsas tələbə münasibətdə asılı tələblərin də rədd edilməsi qənaətindədir ki, məhkəmə hesab edir ki, əmək pensiya məbləği düzgün hesablandığından fərq məbləğinin ödənilməsi və s barədə tələbin təmini əsasının mövcudluğundan da söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, AR İPM-nin: 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 110.2. Sosial təminat mübahisələri ilə bağlı işlər üzrə (əmək pensiyasının, sosial müavinətin təyin olunması və s.) dövlət orqanının xeyrinə qərar qəbul edildiyi hallarda, bu Məcəllənin 110.1-ci maddəsi tətbiq olunmur. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrəinzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-698/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-698/2023
04.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver