Məhkəmə qərarları › İş №2-1(112)-6980/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6980/2024

01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6980/2024 01.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil2, üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X3) qarşı “çıxarışın verilməsi” üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Goradil bağ sahəsində 194 nömrəli ВТК nəznində 0.12 ha torpaq sahəsi olan 254D nömrəli bağ sahəsinə dair çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər icra komitəsinin xx.xx.1991-ci il tarixli 5/353 saylı qərarına əsasən Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və X2 bağlar sahəsindəki 194 saylı kooperativi tərəfindən order verilmişdir. Orderə əsasən İddiaçı Goradil bağ sahəsində 194 nömrəli ВТК nəzdində 0.12 ha torpaq sahəsi olan 254D nömrəli bağ ayrılmışdır. 1 saylı Bakı Ərazi İdarəsinə torpaq sahəsinin koordinatlarının müəyyənləşdirilməsinə dair ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin **********98 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əsasən torpaq sahələri paylanılarkən koordinatlar verilmədiyindən və arxiv cizgisi olmadığından torpağın ölçüləri məlum olmadığından və şərti göstərilən sahənin “254D” torpaq sahəsinə aid olub-olmadığını dəqiqləşdirmək mümkün olmadığından imtina verilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edilərək sözügedən əmlakın dövlət reyestrində qeydiyyata alınması xahiş edilmiş, lakin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 5-21-3- 30/2- M1726-8/2023 **********79 nömrəli məktubla ərizənin icrasından imtina olunmuşdur. İmtinanın əsası kimi qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli müraciətiniz zamanı idarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka texniki baxış keçirilərkən torpaq sahəsinin digər şəxs tərəfindən hasarlanaraq istifadə edildiyi müəyyən olunmuşdur. Elektron kadastr məlumatlarına əsasən şərti göstərilmiş sahənin bir hissəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Həmçinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən sahə “254” saylı bağın bölünənlərinin yerləşməsinə uyğun gəlsə də, “254D” saylı bağa dair ayrıca cizgi olmadığından dəqiq yerləşməsini araşdırmaq mümkün olmamışdır. Həmin imtinanı qanunsuz və əsassız hesab edir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi bağ sahəsinin yerquruluşu işlərini aparmaqla və mövcud uyğunsuzluq aradan qaldırılmaqla həmin bağ sahəsinə dair mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almalı idi. Beləliklə, yuxarıda qeyd olunanlardan məlum olduğu kimi, cavabdeh orqan tərəfindən verilmiş imtina tamamilə qanunsuzdur. Göründüyü kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən verilən imtina məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən əsaslardan hər hansı biri qeyd edilməmiş və əsaslandırılmamışdır. Bu səbəbdən 1 saylı Bakı Ərazi İdarəsinin hərəkəti qanunvericiliyin tələblərini pozmuşdur.

3. Cavabdehin iddiaçıya ünvanlandığı xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-M1726-8/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “xx.xx.2022-ci il tarixli müraciətiniz zamanı idarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka texniki baxış keçirilərkən göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən hasarlanaraq istifadə edildiyi müəyyən olunmuşdur. Elektron kadastr məlumatlarına əsasən şərti göstərilmiş sahənin bir hissəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Həmçinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən sahə “254” saylı bağın bölünənlərinin yerləşməsinə uyğun gəlsə də, “254D” saylı bağa dair ayrıca cizgi olmadığından dəqiq yerləşməsinin araşdırmaq mümkün olmamışdır.”

4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən hasarlanaraq istifadə edildiyi müəyyən olunmuşdur. Elektron kadastr məlumatlarına əsasən şərti göstərilmiş sahənin bir hissəsi X1 adına **********77-11301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Həmçinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən sahə “254” saylı bağın bölünənlərinin yerləşməsinə uyğun gəlsə də, “254D” saylı bağa dair ayrıca cizgi olmadığından dəqiq yerləşməsinin araşdırmaq mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. Yuxarıda qeyd olunanlara əsasən, cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

5. Məhkəmənin qərardadı ilə iş üzrə X3 üçüncü şəxs qismində cəlb edilmişdir.

6. Üçüncü şəxs tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, hazırkı işdə cavabdeh inzibati orqanın iddiaçının ona çıxarış verilməsi tələbindən imtina etməsi, digər əsaslarla yanaşı həmçinin həmin torpaq sahəsinin bir hissəsinin X1 mülkiyyəti kimi qeydiyyata alınmış sahə ilə üst-ütsə düşməsi səbəbindən qanuni və əsaslı olmuşdur. Bundan əlavə, cavabdeh inzibati orqan, imtinasının əsası kimi qeyd etmişdir ki, idarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka texniki baxış keçirilərkən torpaq sahəsinin digər şəxs tərəfindən hasarlanaraq istifadə edildiyi müəyyən olunmuşdur. Elektron kadastr məlumatlarına əsasən şərti göstərilmiş sahənin bir hissəsi dişər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür.” Göründüyü kimi, iddiaçının çıxarış almaq istədiyi sahənin bir hissəsi X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür və iddianın təmin olunması X1 mülkiyyət hüquqlarının pozulması ilə nəticələnəcəkdir. X3 mülkiyyətində olan torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində hüquqları qeydiyyata alınmış şəxsdən notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında, dəyərini ödəməklə əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında, o cümlədən “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 10 mart 2020-ci il tarixli qərarındakı hüquqi mövqeyi də bundan ibarət olmuşdur ki, Mülki Məcəllənin 139- cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bıı hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin və bütövlükdə mülki qanunvericiliyin əsas məqsədi mülki dövriyyə azadlığını təmin etməkdir. Daşınmaz əşyalar isə öz iqtisadi dəyərləri baxımından mülki dövriyyədə çox böyük əhəmiyyət və funksiyaya malikdir. Odur ki, mülki dövriyyənin inkişafında daşınmaz əşyalarla bağlı əşya hüquqlarının mövcudluğu, mahiyyəti və mənsubiyyəti baxımından hüquqi etimadın təmin olunması olduqca zəruridir. Hazırkı işdə də cavabdeh inzibati orqan, barəsində çıxarış verilməsi istənilən torpaq sahəsinin bir hissəsinin X1 mülkiyyətində olmasını, sonuncunun Azərbaycan Respublikasının Konstitusiyası və Mülki Məcəlləsi ilə təsbit edilmiş mülkiyyət hüquqlarını, nəhayət, Mülki Məcəllənin 140-cı maddəsində nəzərdə tutulmuş reyestrin həqiqiliyi prezumpsiyasını nəzərə alaraq, yəni “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinin tələblərinə riayət edərək, iddiaçının əsassız tələbinin təmin olunmasından imtina etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş edirik.

7. Azərbaycan SSR Bakı şəhəri İcrayyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və X2 bağlar sahəsindəki 194 nömrəli kooperatinin orderinə əsasən Bakı şəhəri İcrayyə Komitəsinin xx.xx.1991-ci il tarixli 5/353 nömrəli qərardadına əsasən İddiaçı Goradil bağ sahəsində 194 nömrəli ВТК nəzdində 0.12 ha torpaq sahəsi olan 254D nömrəli bağ ayrılmışdır.

8. Cavabdeh tərəfindən təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Goradil bağ massivi 254 D saylı bağ: № 194 baxış keçirilmişdir. Baxış zamanı göstərilən sahə digər vətəndaş tərəfindən hasarlanmış və istifadəsində olan ərazi daxilindən şərti olaraq göstərilmişdir. Sahədə darvaza olmadığından içəri giriş sərbəstdir. Şərt göstərilən sahədə mövcud olmuş tikililər sökülmüşdür. Bağ sahələri paylanılarkən koordinatla verilmədiyindən və arxiv cizgisi olmadığından bağın ölçüləri məlum deyil və şərti göstərilən sahənin 254 D saylı bağa aid olub olmadığını dəqiqləşdimək mümkün olmamışdır. Qeyd olunan ərazilər xəritəyə əsasən 254 i/b-lər və indekslərinin əraziləri olsa da cizgi olmaması səbəbi ilə dəqiq yerləşməsi araşdırmaq mümkün olmadı. Ərazinin bir hissəsi (197 kv.metr hissə) **********77-1130 reyestrli sahə ilə üst-üstə düşür.

9. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Goradil kəndi 254 saylı 0,12 ha bağ torpaq sahəsi X1 adına xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmışdır.

10. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışda qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Goradil kəndi 254a saylı 188,6 kv.metr bağ evi 0,12 ha torpaq sahəsi ilə birlikdə X1 adına xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmışdır.

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) etirazın məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

15. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

17. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

18. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

20. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.

21. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

22. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

23. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

24. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

25. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

26. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

27. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

28. Hazırkı iş üzrə iddia tələbi Goradil bağ sahəsində 194 nömrəli ВТК nəznində 0.12 ha torpaq sahəsi olan 254D nömrəli bağ sahəsinə dair çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılması ilə bağlıdır.

29. Məhkəmə ilk növbədə qeyd edir ki, sxematik xəritəyə və ortofoto çıxarışına əsasən məlum olmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir, sxematik xəritəyə əsasən sahə “254” saylı bağın bölünənlərinin yerləşməsinə uyğun gəlsə də, “254D” saylı bağa dair ayrıca cizgi olmadığından dəqiq yerləşməsinin araşdırmaq mümkün olmamışdır.

30. Həmçinin torpaq sahəsinin bir hissəsi (197 kv.metr hissə) X1 adına **********77-11301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üstüstə düşür.

31. Bundan başqa məhkəmə tərəfindən müəyyən edildi ki, torpaq sahəsi digər şəxs tərəfindən hasarlanaraq istifadə edilir, sahə iddiaçının faktiki istifadəsində deyil.

32. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununun:

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

33. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

34. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

35. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

36. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar