Məhkəmə qərarları › İş №2-1(112)-6982/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6982/2022

08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6982/2022 08.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Aataxan qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlilliyin ondan asılı olmayan səbəblərdən gec bərpa olunduğunu nəzərə alıb cavabdehin üzərinə onun pensiyasından tutulmanın dayandırılmasını və noyabr-dekabr aylarında ona ödənilməyən pensiyanın ödənilməsi öhdəliyi qoyulmasını xahiş etmişdir. İddiaçı razılığı ilə əsl olmayan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh inzibati orqan tərəfindən barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli, ********** №-li qərarın qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmiş və həmin ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bundan sonra - cavabdeh) tərəfindən xx.xx.2011-ci ildə 2-ci dərəcə əllilik (müddətli) təyin edilmişdir. xx.xx.2021-ci il tarixində ona təyin edilən əlilliyin müddəti bitmiş, lakin pensiyasının verilməsi xx.xx.2021-ci il tarixədək davam etmişdir. Əlillik müddəti bitməmiş o Maştağa qəsəbəsi, 7 nömrəli xəstəxananın polikilinika şöbəsinə müraciət etmişdir. Tibbi ekspert komissiyasından keçmişdir. Komissiyanın rəyi (forma-88) xx.xx.2021-ci il tarixində elektron formada ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə ötürülüb. May ayında polikilinika şöbəsindən ona imtina cavabı gəldiyini bildirdilər. Cavabdeh imtina səbəbinində göstərib ki, MRT müayinəsindən keçməyi lazımdır. Yenidən tələb olunan müayinədən keçərək sənədlərini təqdim etmişdir. Bir neçə vaxtdan sonra 2-ci dəfə imtina gəlmişdir. Cavabdeh imtina səbəbi kimi Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulduğunu göstərilmişdir. Sonuncu imtinadan sonra noyabr ayında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinədən keçmişdir və 13 noyabr 2021-ci il tarixində əlilliyi (3-cü qrup) bərpa edilmişdir. 2022-ci il yanvar ayının pensiyasını alarkən, ona ödənilməyən noyabr və dekabr aylarının pensiyasının verilmədiyini, yanvar ayının pensiyasının isə 20%-nin tutulduğu məlum olmuşdur. Pensiyasından tutulmanın dayandırılması ilə bağlı 18 yanvar 2022-ci il tarixində ƏƏSMN-ə ərizə ünvanlamışdır. Elə həmin gün DOST Agentliyindən ona zəng vuraraq bildirmişdilər ki, ərizəyə cavab hazırdır, gəlib götürsün. Növbəti gün DOST Agentliyində olmuşdur və onlar ona 24 dekabr 2021-ci il tarixində imzalanmış qərar və 10 yanvar 2022ci il tarixində imzalanmış məktub təqdim etmişlər. Ona verilən məktub və qərar onun ərizəsinə cavab olaraq yazılmamışdı. Belə ki, bu sənədlər əvvəlki tarixə yazılıb təsdiqlənmişdi. Həmçinin bu sənədlərdə bir çox qüsurlar vardır: qərarın mətnində (3-cü səhifə) başqa bir şəxsin ad, soyadı və ata adı yazılıb və onun məlumatları qeyd edilib, həmçinin məktubun içərisində onun pensiya tarixçəsini düzgün əks etdirməyən məqamlar vardır. Cavabdeh məktubda qeyd etmişdir ki, əmək pensiyasının məbləği artıq hesablanmışdır. Belə ki, əlilliyin müddəti xx.xx.2021-ci il tarixində bitdiyi halda xx.xx.2021ci il tarixədək ona pensiya ödənişi davam etmişdir. Ödənilən məbləğ - ümumilikdə 1558.68 manat hissə-hissə növbəti aylarda pensiyasından tutulacaqdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qeyd edir ki, pensiyasından tutulma onun razılığı əsasında olmamışdır və tutulma haqqında müvafiq qanuna əsasən heç bir məhkəmə prosesi baş verməmişdir. Bu artıq qanun pozuntusudur. Cavabdehin qərarında göstərdiyi müddət əzində də (xx.xx.2021-ci il tarixindən xx.xx.2021ci il tarixədək) əmək qabiliyyəti bərpa olmayıb, sağlamlığında heç bir irəliləyiş baş verməmişdir və bu müddət ərzində tələb olunan bütün müayinələrdən keçmişdir, lakin iki nazirliyin bu məsələni həll etməsi 8 ay çəkmişdir və o bu müddət ərzində süründürməçliyə məruz qalmışdır. Cavabdehin artıq ödənilən məbləğ kimi göstərdiyi pensiyanı o əlil ola-ola almışdır. Buna görə də hesab edir ki, ona qarşı haqsızlıq olmuşdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdırki, iddiaçıya ilk dəfə xx.xx.2012-ci il tarixdə İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçının əlillik müddətinin xx.xx.2021-ci il tarixdə bitməsinə baxmayaraq X4 (PAS) ödəniş xx.xx.2021-ci il tarixinə qədər davam etmişdir. İddiaçı təyin olunmuş əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixdən 259,78 manat məbləğində müəyyən edilmişdir. İddiaçı əlilliyi xx.xx.2021-ci il tarixində bərpa edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanan xx.xx.2021-ci il tarixli, **********2 nömrəli artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında qərara əsasən bildirilmişdir ki, ona pensiyanın dayandırıldığı-xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə əsassız olaraq ödənilmiş 1558,60 manat məbləğdən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər alınmamış keçmiş dövr üzrə 415,65 manat çıxılmaqla, qalan 1143,03 manat məbləğ xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2023-cü il tarixinə kimi aylıq 51,96 manat məbləğində ödənilmiş vəsaitin geri tələb edilməsi zərurəti ortaya çıxmışdır. Beləliklə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə iddiaçıya 1143,03 manat məbləğində artıq ödəmə yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinə uyğun olaraq artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Sözügedən Qanunun 39.2-ci maddəsinə əsasən bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, əmək pensiyaçısına ödənilməli olan məbləğin 20 faizindən artıq ola bilməz. Eyni zamanda Qanunun 39.4-cü maddəsinin tələbinə uyğun olaraq borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. İnzibati orqan İddiaçı artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab etmiş və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirmişdır. Beləliklə, filial İddiaçı xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə heç bir əsas olmadan ödənilmiş 1143,03 manat məbləğin qeri qaytarılması barədə qərar qəbul etmişdir. Pensiyanın təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və digər normativ hüquqi aktlarında qeyd olunduğu kimi hüquqa və haqq-ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə hüquqi tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxarır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Ona görə də iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı lazımi qaydada xəbərdarlıq edilmiş, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********0 №-li məktubun surətindən görünür ki, daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 12.1-ci maddəsinin xx.xx.2012-ci il tarixində qüvvədə olan tələbləri əsasında ona qeyd edilən tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışına əsasən təkrar əlillik dərəcəsinin təyin olunduğu xx.xx.2021-ci il tarixindən İİİ dərəcə əlilliyə görə 259,78 manat məbləğində əmək pensiyası ödənişi bərpa edilmişdir. Qanunun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Əlavə olaraq bildirilir ki, müraciətinin araşdırılması zamanı ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının məbləğinin artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. Belə ki, əlilliyinin müddəti xx.xx.2021-ci il tarixində bitdiyi halda xx.xx.2021-ci il tarixinədək ona pensiya ödənişi davam etdirilmişdir. Nəticədə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək pensiyasının məbləği 1558,68 manat artıq hesablanıb ödənilmişdir. Məlumat üçün bildirilir ki, ona artıq ödənilmiş məbləğdən (1558,68 manatdan) ötən dövr üzrə ödənilməli olan pensiya məbləği (415,65 manat) çıxıldıqdan sonra yekun borc məbləği 1143,03 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, artıq ödənilmiş 1143,03 manat məbləğin əmək pensiyasından tutulmasına razı olduğu halda 10 gün müddətində 3 saylı Bakı “DOST Mərkəzinə yaxınlaşmağı və razılıq ərizəsi yazmağı xahiş olunur. Əks halda artıq ödənilmiş məbləğin tutulması “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2, 63, 64.1 və 82-ci maddələrinə uyğun olaraq həyata keçiriləcəkdir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. - Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********2 №-li “Artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” qərarın surətindən görünür ki, xx.xx.1961-ci il tarixində anadan olmuş, ünvan 1 ünvanında yaşayan vətəndaş İddiaçı təyin olunmuş əmək pensiyasının məbləğinin xx.xx.2021-ci il tarixindən 259,78 manat müəyyən edilməsi, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 1143,03 manat yekun borc məbləği bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********7 №-li və xx.xx.2022-ci il tarixli, **********9 №li məktublardan görünür ki, İddiaçı xx.xx.2012-ci ildə ilkin təyin edilmiş ikinci dərəcə əlillik sonuncu dəfə xx.xx.2016-cı ildə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Vətəndaşın əlillik müddətinin bitdiyi xx.xx.2021-ci ildən sonra Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə dövlət tibb müəssisəsi tərəfindən iki göndəriş (Forma-088) daxil olmuşdur: 1) 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 2736003AADZ3 nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müvafiq qaydada qiymətləndirilmə aparılmış və əsas diaqnozu təsdiqləyən köməkçi diaqnostik müayinələr tam aparılmadığından “Göndərişin natamam doldurulması” barədə qərar qəbul edilmişdir. 2) 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 2736003AAD29 nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və müalicə müddəti yetərli olmadığından “Əlavə müalicəyə ehtiyacın olması” qərarı qəbul edilmişdir. Qərardan narazı qalan vətəndaşın müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasında əyani müayinəyə cəlb edilmişdir. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində xx.xx.2021-ci ildən “ümumi xəstəlik” səbəbindən müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. - 39.2-ci maddəsinə əsasən bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Qanunvericiliyin tələblərindən göründüyü kimi əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Hazırki iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçıya ilk dəfə xx.xx.2012-ci il tarixdə İİ dərəcə əlillik təyin edilmiş, xx.xx.2016-cı ildə beş il müddətinə İİ dərəcə əlillik avtomatlaşdırılmış qaydada uzadılmışdır. İddiaçı cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 12.1-ci maddəsinin tələbləri əsasında xx.xx.2012-ci il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasında o əyani müayinəyə cəlb edilmiş, təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində xx.xx.2021-ci ildən “ümumi xəstəlik” səbəbindən müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Hazırda cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli, **********2 №-li qərara istinad etməklə iddiaçıya pensiyanın dayandırıldığı - xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə ödənilmiş 1558,60 manat məbləğdən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər alınmamış keçmiş dövr üzrə 415,65 manat çıxılmaqla, qalan 1143,03 manat məbləğində ödənilmiş vəsaiti geri tələb edir .Cavabdeh artıq ödənilmiş məbləğin iddiaçıya ödənilən pensiyadan tutulması barədə qərar qəbul etsə də bu zaman iddiaçının razılığını almamışdır. İddiaçının belə bir razılığının olmaması onun iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi halı ilə də təsdiqlənmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliklə məhkəmənin səlahiyyətinə aid edilmiş məsələ ilə bağlı qərar qəbul edilmişdir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə həmçinin qeyd edir ki, "İnzibati icraat haqqında” Qanunun: - 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. - 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Lakin bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, belə başqa qayda "Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində müəyyən edilmişdir. Eyni zamanda "İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. O da qeyd edilməlidir ki, "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, "İnzibatı icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edən məhkəmə hesab edir ki, nə qədər ki, "Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində əmək pensiyaçısının razılığı olmadıqda artıq ödənilmiş pensiya məbləğinin ona ödənilən əmək pensiyasında tutulması məhkəmənin səlahiyyətinə aid edilmiş, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuşdur, onda cavabdehin məhkəmənin səlahiyyətinə aid məsələ ilə bağlı qəbul etdiyi xx.xx.2021-ci il tarixli, **********2 nömrəli qərarı qanunsuzdur. Ona görə də iddia tələbi əsaslı sayılmaqla həmin qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş artıq ödənilmiş əmək pensiya məbləğinin tutulması haqqında xx.xx.2021-ci il tarixli, **********2 №-li qərar ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar