Məhkəmə qərarları › İş №2-1(112)-6982/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6982/2023

26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6982/2023 26.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi ilə, Üçüncü şəxs X8 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı üçüncü şəxslər qismində X19, X20, X22 və X21 cəlb edilməklə“ünvan 1 ünvanda qeydiyyatda olan, lakin həmin evdə faktiki yaşamayan X19, X20, X22 və yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X21, xx.xx.2016-cı il təvəllüdlü X23 ilə birlikdə həmin ünvan üzrə qeydiyyatdan çıxarılması” barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı “ünvan 1 ünvanda qeydiyyatda olan, lakin həmin evdə faktiki yaşamayan X19, X20, X22 və yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X21, xx.xx.2016-cı il təvəllüdlü X23 ilə birlikdə həmin ünvan üzrə qeydiyyatdan çıxarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçının şəxsi mülkiyyətində və istifadəsindədir. Həmin mənzildə formal olaraq X19, X20, X22, X21 və X23 qeydiyyatdadırlar. İddiaçı mülkiyyətçi kimi öz hüquqlarını həyata keçirə bilmir. Qeyd edilən şəxslərin qeydiyyatdan çıxarılması barədə Xəzər rayon Polis İdarəsinə müraciət etmiş, 04 oktyabr 2022-ci il tarixdə müraciətinə cavab olaraq bildirilmişdir, şəxslərin qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılması qətnaməsi əsasında həyata keçirilir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş iddiaya dair etirazın təqdim edilməsi haqqında məhkəmə sərəncamı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.

II. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

5. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehdən imtina məktubu alınmış, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı və cavabdeh məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmişdirlər. Cavabdeh məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Оdur ki, məhkəmə işə iddiaçı və cavabdehin iştirаkı оlmаdаn bахmışdır.

7. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X20 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İş materiallarında olan sənədlər

AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1949-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. 266 nömrəli, 12 oktyabr 2021-ci il tarixli “Yaşayış sahəsinin kirayə müqaviləsi”nə əsasən, kirayəyə verən adlanıdırlacaq xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisinin adından çıxış edən Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, digər tərəfdən kirayəçi adlandırılacaq İddiaçı. Müqaviləyə görə kirayəyə verən Bakı Şəhəri, Xəzər rayonu, Şimal Dres, Ş.Bayramov küçəsi, 25 nömrəli evdə, 2 nömrəli mənzildə yerləşən Dövlət mənzil fonduna aid, ümumi sahəsi 104,7 kv.metrdən, yaşayış hissəsi 25,0 kv.m-dən ibarət 2 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li nömrəli xx.xx.2023-cü il tarixli arayışına əsasən, ünvan 1 ünvanında qeydiyyatdadırlar – X20 (xx.xx.1981-ci il təvəllüd), X19 (xx.xx.1978-ci il təvəllüd), X23 (xx.xx.2016-cı il təvəllüd), X21 (xx.xx.2005-ci il təvəllüd), X22 (xx.xx.2003-cü il təvəllüd). Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının İddiaçı ünvanladığı 7 fevral 2023-cü il tarixli, BA-00639-2022 saylı məktubu ilə, keçmiş Əzizbəyov rayon ZDS İK-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə xx.xx.1968-ci il tarixli, 1 saylı protokolundan təsdiq edilmiş arxiv çıxarışı təqdim edilmişdir. AZ-İİ 208923 nömrəli “Ölüm haqqında şəhadətnamə”də göstərilmişdir ki, X5 xx.xx.2012-ci il tarixində ölmüşdür. Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan Xİdmət” Mərkəzində Notariat ofisinin İddiaçı ünvanladığı 08 sentyabr 2021-ci il tarixli, 1581 nömrəli məktubuna əsasən bildirilmişdir ki, xx.xx.1921-ci il təvəllüdü ünvan 4 ünvanında qeydiyyatda olmuş xx.xx.2012-ci ildə vəfat etmiş X2 adına vərəsəlik işi açılmışdır. İddiaçı X2 oğlu kimi vərəsə kimi tanınır. AZ-T 012244 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətinə əsasən, İddiaçı X9 ilə xx.xx.1972-ci ildə nikahlarını bağlamışlar. AZ-İİ 148002 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən X3 xx.xx.2020-ci ildə ölmüşdür. Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-45/2-Z-31xx/xx/2023 saylı məktubuna əsasən bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci hissəsinin tələblərinə müvafiq olaraq sözügedən məsələ ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə olunur. Məhkəmə sorğusu əsasında Bakı şəhər Xəzər rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13/45/2-7708/2023 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, X12, Nəbiyeva Aysun qızının və X13 fərdi uçot katroçkaları Xəzər RPİ-nin Qeydiyyat məsələləri bölməsinin arxivində müəyyən olunmamışdır. Əlavə olaraq X10 və X8 fərdi uçot kartoçkalarının təsdiq olunmuş surətləri məhkəməyə göndərilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 30 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 92 nömrəli, 31 may 2023-cü il tarixli arayışına əsasən bildirilmişdir ki, X4 Dres Şükür Bayramov küçəsi, 25 saylı evin 2 saylı mənzilində ailəsi ilə birgə (X19, X22, X21 və X23) qeydiyyatdadırlar, lakin faktiki olaraq yaşamırlar. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, **********23 nömrəli “Vətəndaşın müddətli həqiqi hərbi xidmətə göndərilməsinə” dair elektron arayışa əsasən X1 və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Xəzər rayon idarəsi tərəfindən xx.xx.2023-cü il tarixində müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. X6 və X17 31 saylı notariat ofisinə xx.xx.2023-cü il tarixli **********044 nömrəli ərizə təqdim edərək bildirmişdir ki, X20 ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayırlar.

İİİ. Məhkəmənin mövqeyi

8. Məhkəmə, iddia ərizəsini, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

9. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

10. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

11. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.

13. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

14. Yаşаyış yеri və оlduğu yеr üzrə qеydiyyаt hаqqındа” Аzərbаycаn Rеspublikаsının Qаnunundа şəxsin (şəхslərin) yаşаyış yеri üzrə qеydiyyаtdаn çıхаrılmаsının əsаslаrı dəqiq göstərilmişdir.

15. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında;5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

16. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İşin faktiki hallarına əsasən iddiaçı Bakı şəhəri, Şimal DRES qəsəbəsi, Şükür Bayramov küçəsi, ev 25, 2 saylı mənzilin mülkiyyətçisi deyil, bu səbəbdən iddiaçının üçüncü şəxslərin qeydiyyatda olduqları yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb edə bilməsi üçün əsas yaranmır. Belə ki, üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb edən iddiaçı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində olan hər hansı bir səbəb göstərməmişdir. Bundan əlavə qeydiyyatdan çıxarılması tələb edilən şəxslər barədə polis idarəsi tərəfindən məhkəməyə ünvanlanan uçot kartoçkalardan görünür ki, X19 xx.xx.2016-cı il tarixdə, X20 isə mübahisəli mənzilə qeydiyyata xx.xx.2016-cı il tarixdə yəni, İddiaçı kirayə müqaviləsi bağlanıldığı tarixdən daha əvvəl qeydiyyata alınmışlar. Odur ki, iddiaçının müraciəti ilə bağlı cavabdeh inzibati orqan iddiaçının ərizəsinin icrasından imtina etməkdə haqlı olmuşdur.

17. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə, Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

19. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhər Xəzər rayon Polis İdarəsinə qarşı “ünvan 1 ünvanda qeydiyyatda olan, lakin həmin evdə faktiki yaşamayan X19, X20, X22 və yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X21, xx.xx.2016-cı il təvəllüdlü X23 ilə birlikdə həmin ünvan üzrə qeydiyyatdan çıxarılması” barədə iddiası təmin edilməməlidir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı “ünvan 1 ünvanda qeydiyyatda olan, lakin həmin evdə faktiki yaşamayan X19, X20, X22 və yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X21, xx.xx.2016-cı il təvəllüdlü X23 ilə birlikdə həmin ünvan üzrə qeydiyyatdan çıxarılması” barədə iddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar