Məhkəmə qərarları › İş №2-1(112)-6983/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6983/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6983/2024 06.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə (adi cəlbetmə qaydasında üçüncü şəxs X10) qarşı “sərəncamının dəyişdirilməsi və yeni sərəncam qəbul edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müvəqqəti mənzil kirayə xərci ödənilən zaman həyat yoldaşı - X10 da nəzərə alınaraq ona görə də mənzil kirayəsi haqqının ödənilməsi öhdəliyinin cavabdeh Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək həyat yoldaşı X10 nəzərə alınaraq Binəqədi Rayonu İcra Hakimiyyəti tərəfindən yeni sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi X10 ailə tərkibi kimi nəzərə alınaraq Binəqədi Rayon İcra Hakimiyyətinin sərəncamının dəyişdirilərək yeni sərəncam verilməsi” kimi dəyişdirilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1964-cü il tarixdə Ağsu rayonunda anadan olmuşdur. İddiaçı hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla ünvan 2 ünvanında ailəsi ilə birlikdə kirayədə yaşayır. İddiaçı bildirir ki, onun tərəfindən mənzil kirayə xərcləri ödənilən zaman həyat yoldaşı - X7 da nəzərə alınması ilə bağlı iş üzrə cavabdeh Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş, lakin cavabdehin 01 fevral 2024-cü il tarixli məktubu ilə ərizənin icrasından imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası tamamilə əsassız və qanunsuzdur. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, 06 may 2006-cı il tarixdə iddiaçı və X10 arasında nikah bağlanmışdır. İddiaçı xidmət etdiyi dövr ərzində X10 daim iddiaçının yanımda olmuş və onunla birlikdə yaşamışdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi X3 rayonundan məcburi köçkündür, indiki vəziyyətdə isə onun pasport qeydiyyatını dəyişməsi ölkə rəhbərliyinin göstərişinə əsasən mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarı ilə yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləği və ödənilməsi qaydası müəyyən edilmiş və həmin qərara əsasən müvəqqəti mənzil kirayəsi almaq hüququna malik şəxslərə və onlarla birlikdə yaşayan hər bir ailə üzvünə yaşadıqları yerdən asılı olaraq müvafiq məbləğdə müvəqqəti mənzil kirayəsi haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin qeyd olunan qərarından da görünür ki, müvəqqəti mənzil kirayəsi haqqı mənzil kirayəsi almaq hüququna malik şəxslərə və onlarla birlikdə yaşayan hər bir ailə üzvünə görə müəyyən edilir. Yəni həmin qərarda ailə üzvünün qeydiyyatı ilə bağlı hər hansı hal nəzərdə tutulmamış, bir mənalı olaraq mənzil kirayəsi almaq hüququna malik olan şəxslə birlikdə yaşayan ailə üzvü nəzərdə tutulur. Bu səbəbdən də iddiaçı hesab edir ki, cavabdehin imtinası tamamilə əsassız və qanunsuzdur.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd olunmuşdur ki, iddiaçı xx.xx.2023-cü il tarixli, 5-10/1-S-105-068/2023 saylı ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, ona müvəqqəti mənzil kirayə xərcləri ödənilərkən həyat yoldaşının da nəzərə alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Mənzil-məişət Komissiyasının iclasının xx.xx.2007-ci il tarixli 36 saylı Protokoluna əsasən ümumi əsaslarla mənzil növbəsində hesab olunmuşdur. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 234 saylı 25 noyabr 2014-cü il tarixli Sərəncamı ilə ailə tərkibi 1 nəfər olmaqla (özü) yaşayış yerini dəyişməyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinindən mənzil növbəliliyi Binəqədi Rayon icra Hakimiyyətinə köçürülmüşdür. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 16 saylı 11 fevral 2021-ci il tarixli Sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyətində olan mənzil növbəliliyi sənədlərində ailə tərkibinə dəyişiklik edilmiş və 11 fevral 2021-ci il tarixdən ailə tərkibi 5 nəfər olmaqla (özü, 2 oğlu və 2 qızı) mənzil növbəsində hesab edilmişdir. Yuxarıda qeyd olunan Sərəncamlara uyğun olaraq "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli 36 saylı Qanununa və "Ehtiyata va ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 saylı Qərarına əsasən iddiaçıya mənzil kirayə haqqı ödənilir. Bildirilir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli 55-İQ saylı Qanununun 3-cü maddəsinə əsasən yaşayış yeri müəyyən edilərkən Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi tələb olunur. İddiaçı həyat yoldaşının şəxsiyyət vəsiqəsindən də müəyyən olunur ki, Ağdam rayonu, ünvan 3 ünvanıdır. İddiaçı şəxsiyyət vəsiqəsindən isə görünür ki, o hal-hazırda ünvan 4 ünvanında qeydiyyatdadır. Həmçinin Qaçqınların və X14 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli məcburi köçkün vəsiqəsindən də göründüyü kimi Q.İ.Seydəliyeva Ağdam rayonundan məcburi köçkündür. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı’nın Tədbirlər Planının 3.1-ci bəndinə əsasən tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı və onların yaşayış sahələri ilə təmin olunması “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nda öz əksini tapmışdır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı’nın Tədbirlər Planının təsdiq olunmasından da əvvəl məcburi köçkünlər Qaçqınların və X14 üzrə Dövlət Komitəsi tərəfindən evlə təmin olunduğundan RİH tərəfindən nə mənzil növbəsinə götürülür, nə də mənzil növbəsində dayanan şəxslərin ailə tərkibinə daxil edilirdilər. Məcburi köçkünlərinə öz evlərinə yenidən köçürüləcəklərini nəzərə alaraq, onları nə mənzil növbəsinə dayanan şəxslərin ailə tərkibinə daxil etmək, nə də mənzil növbəsinə götürmək məqsədəuyğun hesab olunmur. Həmçinin Bakı Şəhər X15 8-ci sessiyasının xx.xx.1989-cu il tarixli qərarı ilə təsdiq olunmuş "Bakı təsdiq edilmiş şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydalarf'nm 17-ci bəndinə əsasən Bakı şəhərinda nə qədər yaşamağından asılı olmayaraq onunla birlikdə pasport qeydiyyatına alımış va onunla birlikdə yaşayan ər və ya arvad, habelə onların öhdəsində olan uşaqlar və səhhətinə görə qulluğa ehtiyacı olan əmək qabiliyyətini itirmiş valideynlər mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Mənzil uçotuna götürülən zaman iddiaçının həyat yoldaşı onunla eyni ünvanda qeydiyyatda olmadığından müraciətin müsbət həll olunması mümkün olmamışdır. Gələcəkdə ailə üzvü onunla eyni üvanda qeydiyyatda olaraq yaşayarsa müraciəti əsasında məsələyə yenidən baxılacağı iddiaçıya bildirilmişdir. Bu barədə vətəndaşa ətraflı cavab verilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Rayon İcra Hakimiyyəti vətəndaşa imtina etməmiş, ailə üzvü onunla eyni üvanda qeydiyyatda olaraq yaşayarsa məsələyə müraciəti əsasında yenidən baxılacağı bildirilmişdir. İddiaçının iddia ərizəsində istinad etdiyi AR Nazirlər Kabinetinin “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilmə qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarına gəldikdə isə məhkəmənin nəzərinə çatdırılır ki, həmin qərarın 2-ci bəndinə əsasən bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Qeyd olunanlardan göründüyü kimi qanunvericilikdə müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsi yalnız növbəyə götürülmüş şəxslə birlikdə yaşayan ailə üzvləri üçün nəzərdə tutulmuşdur. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli 55-İQ saylı Qanununa əsasən vətəndaşın yaşayış yeri onun şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur. İddiaçının həyat yoldaşının şəxsiyyət vəsiqəsindən də göründüyü kimi onların yaşayış ünvanları fərqlidir. Həmçinin, məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, iddiaçının həyat yoldaşına da kirayə xərcləri ödənilməsi üçün onun ilk növbədə ailə tərkibinə daxil edilməsi lazımdır. Lakin, yuxarıda qeyd olunanlara əsasən iddiaçının həyat yoldaşının iddiaçının Rayon İcra Hakimiyyətində olan mənzil növbəsinin ailə tərkibinə salınması mümkün olmadığından onun üçün kirayə haqqının ödənilməsi də mümkün deyildir. Beləliklə də, hesab edilir ki, iddiaçının Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia irəli sürməsi əsassızdır, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və o, həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianm əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasını, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericlikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdır. AR İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və qəbul edilməsindən imtina olunması, yaxud inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. AR İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunan qanunvericiliyin tələblərinə görə iddiaçı inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqların pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər. Lakin göründüyü kimi iddiaçı öz tələblərinin əsasını iddia ərizəsində əsaslandırmayaraq hüquqlarının pozulduğunu bildirmişdir. Yuxarıda qeyd olunan qanun normalarından göründüyü kimi iddiaçının xahişinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır.

6. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, DTX-nin digər dövlət və ya yerli özünüidarəetmə orqanları ilə təhlükəsizlik orqanları əməkdaşlarına fərdi yaşayış mənzili ilə təmin olunmasına dair qarşılıqlı öhdəliyini reallaşdıran qanunvericilik aktı mövcud olmadığından qaldırılan məsələnin xidmət tərəfindən həlli mümkün deyildir. Eyni zamanda, məlumat üçün bildiririk ki, DTX-də qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hərbi qulluqçu həqiqi hərbi xidmətdən ehtiyata buraxılarkən mənzil növbəsindən çıxarılır. Lakin, müraciət müvafiq dövlət orqanları tərəfindən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun həll oluna bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 25 dekabr 1991 -ci il tarixli 36 nömrəli Qanununun 12-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu kateqoriyaya aid olan şəxslər üçün eyni hüquqlar Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 147-ci maddəsinin altıncı abzasında da qeyd olunmuş və həmin maddədə də “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinin yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməsi müəyyənləşdirilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarı ilə yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləği və ödənilməsi qaydası müəyyən edilmiş və həmin qərara əsasən müvəqqəti mənzil kirayəsi almaq rıüququna malik şəxsiərə və oniaria birlikdə yaşayan hər bir ailə üzvünə yaşadıqları yerdən asılı olaraq müvafiq məbləğdə müvəqqəti mənzil kirayəsi haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan, mənzil növbəsinə götürülərək mənzillə təmin olunma barədə aidiyyəti qurumlara müraciət edilməsi tövsiyə olunmuşdur.

7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Mənzil-məişət Komissiyasının iclasının xx.xx.2007-ci il tarixli 36 saylı Protokoluna əsasən ümumi əsaslarla mənzil növbəsində hesab olunmuşdur. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 234 saylı 25 noyabr 2014cü il tarixli Sərəncamı ilə ailə tərkibi 1 nəfər olmaqla (özü - iddiaçı) yaşayış yerini dəyişməklə əlaqədar Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinindən mənzil növbəliliyi Binəqədi Rayon İcra Hakimiyyətinə köçürülmüşdür. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 16 saylı 11 fevral 2021-ci il tarixli Sərəncamı ilə Binəqədi Rayon icra Hakimiyyətində olan mənzil növbəliliyi sənədlərində ailə tərkibinə dəyişiklik edilmiş və 11 fevral 2021-ci il tarixdən ailə tərkibi 5 nəfər olmaqla (özü, 2 oğlu və 2 qızı) mənzil növbəsində hesab edilmişdir. Yuxarıda qeyd olunan Sərəncamlara uyğun olaraq “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli 36 saylı Qanununa və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Kabinetinin xx.xx.2012-ci il tarixli 174 saylı Qərarına əsasən iddiaçıya mənzil kirayə haqqı ödənilir. Bildirilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli 55-İQ saylı Qanununun 3-cü maddəsinə əsasən yaşayış yeri müəyyən edilərkən Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi tələb olunur. Həmçinin Bakı Şəhər X15 xx.xx.1989-cu il tarixli Qərarına əsasən təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”nın 17-ci bəndinə uyğun olaraq Bakı şəhərində nə qədər yaşamağından asılı olmayaraq onunla birlikdə pasport qeydiyyatına alınmış və onunla birlikdə yaşayan ər və ya arvad, habelə onların öhdəsində olan uşaqlar və səhhətinə görə qulluğa ehtiyacı olan əmək qabiliyyətini itirmiş valideynlər mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Mənzil uçotuna götürülən zaman iddiaçının həyat yoldaşı onunla eyni ünvanda qeydiyyatda olmadığından məsələnin müsbət həlli mümkün olmamışdır. Gələcəkdə ailə üzvü iddiaçı ilə eyni ünvanda qeydiyyatda olaraq yaşayarsa, müraciət əsasında məsələyə yenidən baxılacaqdır.

8. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Mənzil-məişət Komissiyasının iclasının xx.xx.2007-ci il tarixli 36 saylı Protokoluna əsasən ümumi əsaslarla mənzil növbəsində hesab olunmuşdur. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 234 saylı 25 noyabr 2014cü il tarixli Sərəncamı ilə ailə tərkibi 1 nəfər olmaqla (özü) iddiaçının yaşayış yerini dəyişməyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinindən mənzil növbəliliyi Binəqədi Rayon İcra Hakimiyyətinə köçürülmüşdür. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 16 saylı 11 fevral 2021-ci il tarixli Sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyətində olan mənzil növbəliliyi sənədlərində ailə tərkibinizə dəyişiklik edilmiş və 11 fevral 2021-ci il tarixdən ailə tərkibi 5 nəfər olmaqla (özü, 2 oğlu və 2 qızı) mənzil növbəsində hesab edilmişdir. Yuxarıda qeyd olunan Sərəncamlara uyğun olaraq “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli 36 saylı Qanununa və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 saylı Qərarına əsasən Sizə mənzil kirayə haqqı ödənilir. Bildirilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli 55-İQ saylı Qanununun 3-cü maddəsinə əsasən yaşayış yeri müəyyən edilərkən Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi tələb olunur. Həmçinin Bakı Şəhər X15 xx.xx.1989-cu il tarixli Qərarına əsasən təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”nm 17-ci bəndinə uyğun olaraq Bakı şəhərində nə qədər yaşamağından asılı olmayaraq onunla birlikdə pasport qeydiyyatına alınmış və onunla birlikdə yaşayan ər və ya arvad, habelə onların öhdəsində olan uşaqlar və səhhətinə görə qulluğa ehtiyacı olan əmək qabiliyyətini itirmiş valideynlər mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Mənzil uçotuna götürülən zaman iddiaçının həyat yoldaşı onunla eyni ünvanda qeydiyyatda olmadığından məsələnin müsbət həlli mümkün olmamışdır. Gələcəkdə ailə üzvü iddiaçı ilə eyni ünvanda qeydiyyatda olaraq yaşayarsa, müraciət əsasında məsələyə yenidən baxılacaqdır.

9. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının “Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 234 saylı sərəncamında dəyişiklik edilməsi barədə” xx.xx.2019-cu il tarixli, 176 nömrəli Sərəncamına əsasən Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 234 saylı sərəncamının 2-ci bəndinə “ehtiyatda olan zabit olmasını nəzərə alaraq” və “güzəştli əsaslarla” sözləri əlavə olunaraq, aşağıda qeyd olunan kimi oxunması qərara alınmışdır: Vətəndaş İddiaçı ehtiyatda olan zabit olmasını nəzərə alaraq, mənzil növbəsi yaşayış yeri üzrə Binəqədi Rayonu İcra Hakimiyyətində güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısında xx.xx.2007-ci il tarixdən hesab edilmişdir.

10. xx.xx.2021-ci il tarixli “Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinə” (Kirayə Müqaviləsinə) əsasən kirayə verən X4 rayonu, Ceyranbatan qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 228,8 kv.m olan fərdi yaşayış evinin kirayəçi İddiaçı kirayəyə vermişdir. Kirayəyə verilən sahənin istifadəsinə görə: “kirayəyə götürən” İddiaçı, X10, X1, X5 Kirayə götürülən fərdi yaşayış evində yetkinlik yaşına çatmayan ailə üzvləri: X6 və X9

11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadı ilə X10 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

12. İş materiallarına əlavə olunmuş AZ-İ 235544 nömrəli Nikah haqqında Şəhadətnaməyə əsasən İddiaçı və üçüncü şəxs X19 arasında xx.xx.2006-cı il tarixində arasında nikah bağlanmışdır. Nikah bağlandıqdan sora arvada Seyidəliyeva soyadı verilmişdir.

13. İş materiallarına əlavə olunmuş AA 318740 seriya nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X10 (1978-ci il təvəllüdlü, Ağdam rayonunda doğulmuşdur) 1993-cü ildə Ağdam rayonundakı daimi yaşayış yerini tərk etmişdir, məcburi köçkün statusuna malikdir, hazırda Abşeron rayonunda məskunlaşmışdır.

14. Məhkəmənin əvvəlki iclasına iştirak edən iddiaçı və üçüncü şəxs eyni məzmunlu izahat verməklə iddia tələbinin təmin edilməsini xahiş etdilər.

15. Tərəflər məhkəmə iclasında iştirak etmir.

II. İddianın növü və mümkünlüyü

16. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. İddia tələbi Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti (inzibati orqan) tərəfindən yeni sərəncamın (inzibati aktın) qəbul edilməsi ilə bağlı olduğundan iddianın növü məcburetmə növündə iddiadır.

18. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

19. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

20. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

21. Mənzil Məcəlləsindən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 55.3. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.

22. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarına əsasən Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.

2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.

23. X21 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

24. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

25. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)

26. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Mənzil-məişət Komissiyasının iclasının xx.xx.2007-ci il tarixli, 36 saylı Protokoluna əsasən ümumi əsaslarla mənzil növbəsində hesab olunmuşdur. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 25 noyabr 2014-cü il tarixli, 234 saylı Sərəncamı ilə ailə tərkibi 1 nəfər olmaqla (iddiaçı özü) iddiaçının yaşayış yerini dəyişməyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinindən mənzil növbəliliyi Binəqədi Rayon İcra Hakimiyyətinə köçürülmüşdür. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 11 fevral 2021-ci il tarixli 16 saylı Sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyətində olan mənzil növbəliliyi sənədlərində iddiaçının ailə tərkibinə dəyişiklik edilmiş və 11 fevral 2021-ci il tarixdən ailə tərkibi 5 nəfər olmaqla (özü, 2 oğlu və 2 qızı) mənzil növbəsində hesab edilmişdir.

27. İddia tələbindən görünür ki, iddiaçı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 11 fevral 2021-ci il tarixli, 16 saylı Sərəncamında dəyişiklik edilməsini, ailə tərkibi olaraq arvadı X10 da (özü, 2 oğlu və 2 qızı ilə yanaşı) nəzərə alınmaqla Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən yeni sərəncam qəbul edilməsini xahiş etmişdir.

28. Məhkəmə nəzərə alır ki, iş materiallarına əlavə olunmuş AZ-İ 235544 nömrəli Nikah haqqında Şəhadətnaməyə əsasən İddiaçı və üçüncü şəxs X10 arasında xx.xx.2006-cı il tarixində nikah bağlanmışdır. Eyni zamanda AA 318740 seriya nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X10 (1978-ci il təvəllüdlü, Ağdam rayonunda doğulmuşdur) 1993-cü ildə Ağdam rayonundakı daimi yaşayış yerini tərk etmişdir, məcburi köçkün statusuna malikdir, hazırda Abşeron rayonunda məskunlaşmışdır.

29. Məhkəmə eyni zamanda müəyyən edir ki, xx.xx.2021-ci il tarixli “Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinə” (Kirayə Müqaviləsinə) əsasən kirayə verən X4 rayonu, Ceyranbatan qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 228,8 kv.m olan fərdi yaşayış evini kirayəçi İddiaçı kirayəyə vermişdir. Müqaviləyə əsasən “kirayəyə götürən” qismində X10 da (İddiaçı, X2, X5, X6 və X9 ilə yanaşı) qeyd edilmişdir.

30. Məhkəmə qeyd edir ki, üçüncü şəxs X7 qeydiyyatı Ağdam şəhəri olaraq qeyd olunsa da, məcburi köçkün vəsiqəsindən və xx.xx.2021-ci il tarixli “Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsi”ndən aydın olur ki, üçüncü şəxs X10 İddiaçı və digər ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən ümumi sahəsi 228,8 kv.m olan fərdi yaşayış evində yaşayır.

31. Cavabdeh etirazın əsası olaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın Tədbirlər Planının 3.1ci bəndinə əsasən tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na əsasən yuxarıda qeyd olunanlardan göründüyü kimi məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı və onların yaşayış sahələri ilə təmin olunması nəzərdə tutulduğundan məcburi köçkün olan X7 mənzil növbəsinə dayanan iddiaçının ailə tərkibinə daxil edilməsi məqsədəuyğun hesab olunmur.

32. Bununla bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”da qeyd olunduğu kimi işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün ən önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi vasitəsilə əhalinin, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı ərazilərin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsidir. Odur ki, hazırda Ağdam şəhərinə Böyük Qayıdış baş tutmamışdır.

33. Beləliklə məhkəmə hesab edir ki, üçüncü şəxs X7 İddiaçı ailə tərkibi olaraq güzəştli şərtlərlə mənzil növbəsinə uçota alınmasına qanuni gözləntisi vardır və cavabdehin qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur.

34. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

35. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Mənzil sahəsi təmin olunanadək mənzil kirayə haqqı ödənilməsi zamanı İddiaçı ailə tərkibi kimi (digər ailə üzvləri ilə yanaşı) X7 da nəzərə alınmasına dair sərəncam qəbul edilməsi öhdəliyi cavabdeh Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar