Məhkəmə qərarları › İş №2-1(112)-6984/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6984/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6984/2024 25.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyinat tarixinin dəyişdirilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyinat tarixinin dəyişdirilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2-ci dərəcə müddətsiz əlilliyin xx.xx.2023-cü il tarixdən təyin olunmasının qanunsuz hesab edilməsi, əlilliyin tarixinin dəyişdirilərək ona 2-ci dərəcə müddətsiz əlilliyin xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2006-cı il tarixdən hərbi xidmət dövrü ilə laqədar 2-ci dərəcə əlillik dərəcəsnə görə pensiya alır. Həmin xəstəlik sağalmaz xəstəlikdir. Belə ki, ona tənəffüs orqanlarının vərəmi, bakterioloji və histoloji təsdiq edilməmiş, sol ağ ciyərinin fibroz-kavernoz vərəmi, sağa səpələnmə ilə, TDM (-).Xroniki respirator, çatmamazlıq, qarışıq tipli kəskin ventilyasiya pozğunluğu, Xroniki tənəffüz çatmamazlığı 3-cü dərəcə diaqnoz qoyulmuşdur. Bir sözlə onun sol ağ ciyəri yoxdur. Yəni bu da, onu göstərir ki, onun xəstəliyi sağalmaz xəstəlikdir. Ağ ciyəri yenidən əmələ gələsi və yaxud yerinə başqası qoyulası deyildir. Ancaq ona təyin olunmuş 2-ci dərəcəli əlillik 2021-ci ilin iyul ayından əsassız olaraq kəsilmişdir. Bununla bağlı bir çox qurumlara müraciət etmiş və nəticədə ona yenidən əlillik xx.xx.2023-cü il tarixdə təyin olunmuşdur. İnzibati orqana müraciət etsə də, tarix dəyişdirilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş, sərəncamın icrası ilə əlaqədar cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz ərizəsi təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçıya xx.xx.2016-cı il tarixdə 5 il müddətinə aparılmış əlillik təyinatının müddəti xx.xx.2021-ci il tarixində bitmişdir. Sonradan xx.xx.2021-ci il tarixli göndəriş əsasında “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-xəstənin 1 gün də olsa müalicəsi yoxdur.İxtisaslaşmış müalicəyə ehtiyacı var” barədə, xx.xx.2022-ci il tarixli göndəriş əsasında “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir.” əsası ilə imtina qərarları verilmiş, həmin qərarlar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış, “Diaqnozun mətni: Tənəffüs orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş, Sol ağciyərin fibroz-kavernoz vərəmi, sağa səpələnmə ilə. TDM(-). Xroniki respirator çatmamazlıq, Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu. Xroniki tənəffüs çatmamazlığı İİİ dərəcə.; Meyar: Tənəffüs sistemi orqanlarının xəstəlikləri => Tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq edilməmiş vərəmi => Tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq edilməmiş vərəmi => ll-lll dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması)” ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası qanunun 3.3-1-ci bəndinə əsasən Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Göründüyü kimi, iddiaçının əlillik müddəti bitdikdən 1 il 9 ay keçdikdən sonra əlillik qiymətləndirilməsi nəticəsində yenidən əlillik müəyyən edilmişdir.

4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

6. İddiaçı tərəfindən müayinə sənədləri iş materiallarına əlavə edilmişdir.

7. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim edilmiş iddiaçının TSEK müayinə sənədlərinə əsasən: - iddiaçıya xx.xx.2016-cı il tarixdə 5 il müddətinə aparılmış əlillik təyinatının müddəti xx.xx.2021-ci il tarixində bitmişdir. Sonradan xx.xx.2021-ci il tarixli göndəriş əsasında “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-xəstənin 1 gün də olsa müalicəsi yoxdur.İxtisaslaşmış müalicəyə ehtiyacı var” barədə, xx.xx.2022-ci il tarixli göndəriş əsasında “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir.” əsası ilə imtina qərarları verilmiş, həmin qərarlar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış, “Diaqnozun mətni: Tənəffüs orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş, Sol ağciyərin fibroz-kavernoz vərəmi, sağa səpələnmə ilə. TDM(-). Xroniki respirator çatmamazlıq, Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu. Xroniki tənəffüs çatmamazlığı İİİ dərəcə.; Meyar: Tənəffüs sistemi orqanlarının xəstəlikləri => Tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq edilməmiş vərəmi => Tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq edilməmiş vərəmi => ll-lll dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması)” ikinci dərəcəli əlillik təyin edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 14 aprel 2023-cü il tarilxi 3-17-4/3-3-2258/2023 nömrəli qərarına əsasən Bakı şəhər sakini xx.xx.1978-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərarı verilmişdir (ESDAS **********9). Yenidən əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir, (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixli 506 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Soltərəfli ekssudativ plevritlə fəsadlaşmışhər iki ağciyərin infıltrativ vərəmi, sorulma və bərkimə mərhələsində. BK (-) mənfi” diaqnozlu xəstəliyin səbəb əlaqəsi 'Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Qeyd edirlər ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hərarətdən, guru öskürəkdən, təngnəfəslikdən, qanhayxırmaları şikayətlənmişdir. Müayinə zamanı saturasiyası 97 %, nəbzi 101 vurğu müəyyən edilmiş, auskultasiyada sol ağciyərin orta və aşağı paylarında tənəffüs keciriciliyi zəifləmişdir. Hal-hazırda medikamentoz preparatlardan "İzoniazid" gəbul etdiyini bidirmisdir” kimi qeyd olunmuş, əlavə müalicəyə ehtiyacı olması barədə qərarı qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı təngnəfəslik, halsızlıq, yüksək hərarətdən şikayətlənmişdir. Anamnestik məlumatlarında ağciyərindən əməliyyat keçirdiyini bildirmişdir. Müayinə zamanı döş qəfəsində assimetriya izlənilmiş, auskultasiyada sol ağciyərin aşağı paylarında ötürücülük zəifləmiş, sərt quru xırıltılar eşidilmiş, saturasiyası (Sp02) fiziki gərginlikdən dərhal sonra 91-92%, sakit vəziyyətdə Sp02 97-98%-ə qədər yüksəlmiş, nəbzi 124 vurğu, boyu 169 sm, çəkisi 75 kq, BKİ=26.7 müəyyənləşdirilmişdir. Təqdim olunmuş rentgen şəklində sol ağciyərin aşağı və orta paylarında böyük sklerotik sahə izlənilmişdir. Bakı Baş Səhiyyə Mərkəzi PHŞ 2 nömrəli Vərəm Əleyhinə dispanserin xx.xx.2022-xx.xx.2022-ci il tarixli çıxarışda diaqnoz “Ağciyərlərin fibroz-kavernoz vərəmi. TDM (-) mənfi. Qanhayxırma. Tənəffüs çatmamazlıqı İİ dərəcə” kimi müəyyənləşdirilmişdir. X1 İnstitutunun xx.xx.2023-cü il tarixli Tibbi rəydə diaqnoz “Sağ ağciyərin sirrotik vərəmi sağa səpələnmə ilə. Qarısıq tipli kəskin ventilyasiya pozğunluğu. Ağciyərlərin xroniki obstruktiv xəstəliyi ağır gedişli kəskinləşmə mərhələsində” kimi qeyd olunmuş, əlillik təyinatına əsas vermişdir. X1 İnstitutunun xx.xx.2023-cü il tarixli Spirometriya müayinəsinin nəticəsi “Qarısıq tipli kəskin ventilyasiva pozğunluğu qeyd olunur. FVC 29%, FEV1 26%” kimi qeyd olunmuşdur. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 70 faiz pozulması barədə qərar qəbul edilmişdir.

8. İddiaçı məhkəməyə müraciət etməmişdən öncə cavabdehə müraciət etmiş, cavabdeh tərəfinədn müraciətinin təmin edilməsindən imtina edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

9. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə haqqında iddia növünə aiddir.

10. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

12. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

13. Məcburetmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən müraciəti təmin edilmədiyindən aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

14. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

15. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddət bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi- sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur.

18. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona əlillik dərəcəsinin təyin edilməsinə yönəlmişdir.

19. Bununla bağlı işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə 5 il müddətinə aparılmış əlillik təyinatının müddəti xx.xx.2021-ci il tarixində bitmişdir. Sonradan xx.xx.2021-ci il tarixli göndəriş əsasında “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-xəstənin 1 gün də olsa müalicəsi yoxdur. İxtisaslaşmış müalicəyə ehtiyacı var” barədə, xx.xx.2022-ci il tarixli göndəriş əsasında “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir.” əsası ilə imtina qərarları verilmiş, həmin qərarlar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış, “Diaqnozun mətni: Tənəffüs orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş, Sol ağciyərin fibroz-kavernoz vərəmi, sağa səpələnmə ilə. TDM(-). Xroniki respirator çatmamazlıq, Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu. Xroniki tənəffüs çatmamazlığı İİİ dərəcə; Meyar: Tənəffüs sistemi orqanlarının xəstəlikləri => Tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq edilməmiş vərəmi => Tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq edilməmiş vərəmi => ll-lll dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması)” ikinci dərəcəli əlillik təyin edilmişdir.

20. İddiaçı hazırda əlillik təyinatı müddətinin xx.xx.2021-ci il tarixli göndəriş əsasında xx.xx.2021-ci il tarixdən təyin edilməsini xahiş edir. Bununla bağlı məhkəmə qeyd edir ki, hətta göndərişlərin məzmunun eyniliyi müəyyən olunsa belə, ilkin göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina barədə qərar mübahisələndirilmədən (hazırki iş üzrə mübahisələndirilməmişdir) əlilliyin təyinatı tarixinin dəyişdirilməsinə dair iddiaçının tələbi əsaslı hesab edilə bilməz. Belə ki, inzibati orqanın əvvəlki imtina qərarı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə görə inzibati akt kimi özünün hüquqi qüvvəsini saxlayır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

21. Göründüyü kimi, iddiaçının tələbinin əsassız olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə olan təqdirdə, iddiaçının tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

22. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

23. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

24. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

25. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

27. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X5 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

28. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

30. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

32. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

33. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

34. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar