Məhkəmə qərarları › İş №2-1(112)-6987/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6987/2023

19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6987/2023 19.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Zabrat qəsəbəsi, S.Rəhimov küçəsi 17 saylı mənzilə pasport qeydiyyatına alınması vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 2 sot torpaq sahəsi Bakı şəhəri Zabrat Bələdiyyəsinin 2021-ci ildə verdiyi Şəhadətnamə əsasən anası X1 verilmiş və onlar həmin torpaq sahəsində mənzil tikərək 2021-ci ildən ailəsi ilə birlikdə orada yaşayırlar. Mənzil bütün kommunal xidmətlərlə - qaz, elektrik, su və s. rəsmi qaydada təmin olunmuş və sənədlər anasının adından qeydiyyatdan keçmişdir. İddiaçı göstərdiyi ünvanda ailəsi ilə birlikdə yaşasa da, Bakı şəhərində yaşamağa mənzilin olmadığı üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İnzibati binasına qeydiyyata salınmışdır. Lakin 2023-cü ilin yanvar ayında onun icazəsi və razılığı olmadan Bakı şəhəri Sabunçu rayonu Polis İdarəsinin inzibati binasından pasport qeydiyyatından çıxarılmışdır. İddiaçı sözügedən mənzildə iki ilə yaxın müddətdə yaşadığından, Bakı şəhərində qeydiyyata alınmaq üçün başqa mənzil olmadığından və hazırda pasport qeydiyyatı mühüm əhəmiyyət kəsb etdiyindən mübahisələndirilən mənzilə qeydiyyata alınmağı ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətindən imtina etmişdir.

3. Sabunçu Rayon Polis İdarəsinin iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Sizin Sabunçu RPİ-nə daxil olmuş ərizənizə tərəfimizdən baxılmışdır. Ərizənin icrası ilə əlaqədar olaraq bildiririk ki, Sizin qeydiyyatsız yaşadığınız yuxarıda göstərilən ünvana qeydiyyata alınmağınız üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyatı vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) tərəfinizdən RPİ-nin QMB-nə təqdim olunması vacibdir. Lakin, tərəfinizdən göstərilən sənədlər Sabunçu RPİ-nə təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alınmağınız imkan xaricindədir.

4. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdə verilmiş məlumata əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Zabrat qəsəbəsi, S.Rəhimov küçəsi 17 saylı fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

5. Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən məhkəməyə təqdim edilən ərizədə iddiaya yazılı etiraz təqdim edilmədən işə cavabdeh qurumun iştirakı olmadan baxılması xahiş edilmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

7. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

8. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

9. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

10. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi xx.xx.2023-cü il tarixli cavabında qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

11. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

12. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Zabrat qəsəbəsi, S.Rəhimov küçəsi 17 saylı fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

13. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

14. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir.

16. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir.

18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.

19. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının qeydiyyata alınmalarını tələb etdiyi mənzilə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının qeydiyyata alınmağı tələb etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Zabrat qəsəbəsi, S.Rəhimov küçəsi 17 saylı fərdi yaşayış evi ilə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlılıqlarının (əlaqənin) mövcudluğu müəyyən olunmur.

20. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

21. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası qanunsuz deyil, bu səbəbdən iddia rədd edilməlidir.

22. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar