Məhkəmə qərarları › İş №2-1(112)-6987/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6987/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6987/2025 03.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərziəsi ilə müraciət edərək kredit məbləğinin ödənilmə tarixinin dəyişdirilməsinə görə BOKT tərəfindən təqdim olunan preskuranta uyğun 100 (yüz) azn haqq ödənilməsinin qanunsuz hesab edilməsi, eləcə də iddiaçıya bazar və ya bayram günlərinə düşən gecikmə faizi tətbiq olunmasının qanunsuz hesab edilərək cavabdehə qadağan edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixində Manato.az Bank Olmayan Kredit Təşkilatı MMC-dən online müraciət vasitəsi ilə 400 (dörd yüz) AZN pul vəsaiti əldə etmişdir. Həmin pul vəsaitini 30 gün müddətinə və ya istəyə görə uzadılma şərtləri ilə ödəməyi öz öhdəliyinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən borcalan verilmiş kredit məbləğinin ödənilmə tarixini 14 və ya 30 gün müddətinə dəyişmək hüququna malikdir. Bu xidmətdən istifadə etmək üçün Borcalan müvafiq xidməti aktivləşdirərkən, eyni zamanda kredit məbləğinin ödənilmə tarixinin dəyişdirilməsinə görə BOKT tərəfindən təqdim olunan preskuranta uyğun haqq ödənilməsi qeyd olunmuşdur. İddiaçı bu hüququndan 2 ay istifadə etmiş, 2 ay ərzində hər ay 75 (yetmiş beş) azn ödəməklə müddəti 2 ay uzatmışdır. Lakin, müqavilədə haqq məbləği qeyd olunmamışdır. Haqq məbləği müqavilədə deyil, yalnız online saytda 30 gün üçün 75 (yetmiş beş) manat qeyd olunsa da, sonradan şirkət əməkdaşları tərəfindən həmin məbləğ 100 (yüz) manata qanunsuz olaraq qaldırılmışdır. Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən faiz dərəcəsi 500 (beş yüz) manat məbləğinə 45 (qırx beş) manatdan artiq ola bilməz. İddiaçı tərəfindən bu barədə şirkət əməkdaşlarına bildirilsə də, onlar bu məbləğin faiz deyil, xidmət haqqı olduğunu bildirmişdirlər. İddiaçı hesab edir ki, həmin şirkət haqq borcu adı ilə vətəndaşlardan yüksək məbləğdə faiz borcu tutaraq qanunu kobud şəkildə pozmuşdur. Bundan əlavə müqavilə şərtlərinə əsasən Müqavilənin şərtlərinə əsasən, verilmiş kredit məbləğini, habelə bütün digər məbləğləri bu müqavilə bağlandıqdan sonrakı ilk iş günü ərzində, verilmiş kredit məbləği üzrə borcun ödənildiyi tarix bazar və ya bayram gününə düşərsə, gecikmə faizi tətbiq edilmədən ödəmək qeyd olunsa da, şirkət əməkdaşları qanunsuz olaraq qeyri-iş günlərində iddiaçıya gecikmə yazmış və iddiaçını bayram günlərində narahat etmişdirlər.

3. İddiaçı və Cavabdeh Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli, **********005 nömrəli Kredit Müqaviləsi iş materialarına əlavə olunmuşdur.

II. İddianın mümkünlüyü

4. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

5. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Cavabdeh Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati orqan kimi müəyyən olunmur.

9. Məhkəmə qeyd edir ki, hazırki mübahisə iddiaçı ilə inzibati orqan olmayan hüquqi şəxsi arasında mülki hüquqi əqddən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlıdır, mülki xarakterlidir.

10. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Hazırda iddiaçı üçün səmərəli hüquq müdafiə vasitəsi həmin iddia tələbi ilə səlahiyyətli ümumi məhkəməyə müraciət etməkdir.

11. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

12. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

13. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar