Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6988/2025 26.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2, üçüncü şəxs Qala bələdiyyəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Qala bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 172 nömrəli sərəncamı ilə ona ayrılmış 1200 kv.m torpaq sahəsinin mülkiyyət hüququ qeydiyyata aalınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qala bələdiyyəsinin vətəndaşlara torpaq sahəsinin ayrılmasına dair qeydiyyat kitabına baxış keçirilərkən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair qeyd aşkar olunmuşdur. Həmçinin SOCAR-ın xx.xx.2024-cü il tarixli cavab məktubunda torpaq sahəsinin daimi istifadəyə ayrılmış ərazinin hüdudları kənarında, eləcə də neft-qaz kəmərinin mühafizə zonasının xaricində yerləşdiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddiaçı cavabdehin imtinasını qanunsuz hesab edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə Qala Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. Elektron kadastr məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsi Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir və dövlət mülkiyyəti torpağıdır. Həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüququnun olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (ilkin müraciətin olması) də cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddianın məhkəmənin mülahizəsinə uyğun həll edilməsinə etiraz etmədiyni bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (DƏDKR PHŞ) 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış və imtina cavabı verilmişdir. -Əzizbəyov rayonu Qala bələdiyyəsi sədrinin 172 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamının arxiv surətindən görünür ki, Əzizbəyov rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 595 saylı məktubunu rəhbər tutaraq İddiaçı Qala qəsəbəsində ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. -Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında xx.xx.2005-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin surətindən görünür ki, xx.xx.2006-cı il tarixli aktdan görünür ki, Qala bələdiyyəsinin 172 nömrəli qərarı əsasında yeni massivdə yerləşən 1200 kv.m torpaq sahəsi İddiaçı satılmışdır. -SOCAR-ın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində vətəndaş İddiaçı ayrılmış torpaq sahəsi SOCR-ın daimi istifadəsinə ayrılmış ərazinin hüdudları, eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası xaricində yerləşir. -Qala bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vətəndaşlara torpaq sahəsinin ayrılmasına dair qeydiyyat kitabına baxış keçirilərkən Qala bələdiyyəsi sədrinin 172 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamı ilə Qala qəsəbəsində ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmasına dair qeyd aşkar olunmuşdur. Əlavə olaraq qeyd edilmişdir ki, Qala bələdiyyəsinin mülkiyyətinə ayrılmış torpaq sahəsinin xəritəsi bələdiyyəyə verilməməsi səbəbindən qeyd olunan torpaq sahəsinin yerləşməsinə dair məlumat vermək qeyri-mümkündür. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 172 nömrəli sərəncamı ilə ona ayrılmış 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq bu barədə ona çıxarışın verilməsini istəyir. Bununla bağlı cavabdehə müraciəti təmin edilməmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Cavabdeh inzibati orqan imtina əsası kimi aşağıdakı dəlilləri irəli sürmüşdür:
1. Torpaq sahəsi bələdiyyənin qərarı ilə deyil, bələdiyyənin sədrinin sərəncamı ilə ayrılıb. 2. Yerləşmə cizgisi təqdim edilməyib. 3. Elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Məhkəmə cavabdehin imtinasının qanunauyğun olduğunu hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan Qanunun 8.0.1-ci maddəsinə əsaəsn, Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 4-cü bəndinə əsasən, bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəlləin 2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;... öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. Həmin Məcəllənin 46-cı maddəsinin 1-ci bəndinə əsasən Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); ....2 Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 2-1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 4.Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Həmin Məcəlləin 47-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. 2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. 4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. 5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. 6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. 7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Göründüyü kimi, mövcud əmlak qanunvericiliyi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma əsaslarının dairəsini konkret müəyyən edir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının iddiaolunan torpaq sahəsinə dair təqdim etdiyi sənədlər Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərə uyğun gəlmir. Belə ki, həmin maddənin dispozisiya şərtindən görünür ki, qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas saylır. Lakin iddia olunan torpaq sahəsi Qala Bələdiyyəsinin sərəncamı ilə ayrılsa da, həmin torpaq sahəsinin Qala bələdiyyəsinin mülkiyyətində olmasına dair hər hansı sübut təqdim edə bilməmiş, məhkəmə araşdırılması zamanı da belə bir hal müəyyən edilməmişdir. Odur ki, mübahisə predmeti olan torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi kimi Qala bələdiyyəsi tərəfindən ayrıldığından, iddiaçını təqdim etdiyi hüquqmüəyyənedici sənəd səlahiyyətsiz qurum tərəfindən verilmiş sayılır və belə olan halda torpaq sahəsinə hüququn qeydiyyatından imtina olunmasına əsas verir. Məhkəmə onu da nəzərə alır ki, cavabdeh inzibati orqan daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparılması vəzifələrini daşıyır (Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.19-cu bəndi). Odur ki, məhkəmə iddia olunan torpaq sahəsinin dövlət mülkiyyətində yerləşməsinə dair cavabdeh tərəfindən təqdim edilən məlumatı mötəbər sübut kimi qiymətləndirir. Qeyd olunmalıdır ki, qanunvericilik torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərini müəyyənləşdirərək, qanunvericiliklə müəyyən olunmuş qaydada məhz bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi qaydalarını müəyyən etmişdir. Odur ki, qanunvericiliyin tələbinə görə Azərbaycan Respublikası ərazisində torpaqlar növündən asılı olaraq səlahiyyət daxilində və həddində istifadə edilməlidir. Hazırkı halda isə qeydiyyatı istənilən torpaq sahəsinin bələdiyyə mülkiyyəti deyil, dövlət mülkiyyəti torpağı olduğu müəyyən edildiyindən cavabdeh inzibati orqanın imtinası qanunauyğun olduğundan iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə onu da bildirir ki, “İnzibati icraat haqqında” Qanunun 53.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial inzibati orqanda icraat bu fəslin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Qanunun 53.2-ci mddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial orqana təqdim olunmuş ərizəyə dair qərar yalnız kollegial orqan tərəfindən qəbul edilir. Bələdiyyə qərarları “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Qanunun və «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin tələblərinə uyğun inzibati icraat aparılmaqla kollegial qərar qəbul olunur. Göründüyü kimi qanunda, bələdiyyə torpaqlarına müvafiq hüququn qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi kollegial qaydada qəbul edilən bələdiyyənin qərarı nəzərdə tutulur. Lakin hazırkı işdə Qala bələdiyyəsi tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması zamanı bələdiyyənin iclas protokolunun mövcud olmasına dair məhkəməyə hər hansı sübut təqdim edilməmiş, Dövlət arxivi tərəfindən təqdim olunan sənədlərdən, eləcə də Binəqədi qəsəbə bələdiyyəsinin sorğuya cavab məktublarından da bu protokolun mövcudluğu müəyyən edilməmişdir. Heç Qala bələdiyyəsinin 172 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamında da iddiaçıya torpaq sahəsinin bələdiyyə iclasının qərarı ilə ayrılması barədə qeyd yoxdur, torpağın yalnız Əzizbəyov RİH-in məktubu nəzərə alınaraq ayrılması göstərilmişdir. Odur ki, iddiaçının adının Qala bələdiyyəsinin vətəndaşlara torpaq sahəsi ayrılmasına dair kitabında adının göstərilməsi belə vəziyyəti iddiaçının lehinə dəyişmir. Bu xüsusatlar isə iddiaçıya torpaq ayırma prosesinin qanunla tələb olunan qaydada həyata keçirilmədiyi qənaətinə gəlməyə əsas verir. Oxşar mübahisə üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-269/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında göstərilmişdir ki, “33. Bundan əlavə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2- ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 1-ci hissəsinə əsasən isə Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. 34. Həmin Qanunun 16-cı maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir (maddənin 4-cü və 6-cı hissələri). 35. Hazırkı iş üzrə iş materiallarında olan bələdiyyə qərarı yalnız bələdiyyə sədri tərəfindən imzalanmış, iş materiallarına iclas protokolu əlavə edilməmişdir. 37...Eyni zamanda bələdiyyə qərarının qanuniliyinin yuxarıda istinad olunan normalar baxımından qiymətləndirmək üçün bələdiyyənin iclas protokolunun mövcudluğunu araşdırmalı (başqa sözlə, qərarın kollegial qəbul edilibedilməyini dəqiqləşdirməli) və işin hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymət verməlidir. Həmçinin iddiaçı torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisini) təqdim edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sxemdə iddiaçıya ayrıldığını bildirdiyi sahə ərazinin ümumi planında adi yazı qələmi ilə işarələnmiş, hər hansı koordinatlar və döngə nöqtələri göstərilməmişdir. Sxemin aşağı hissəsində göstərilən sahə isə səlahiyyətli qurum tərəfindən təsdiqlənməmiş və iddiaçının torpaq sahəsinin olduğu yeri müəyyən etməyə imkan vermir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan biri ilə yanaşı torpaq sahəsinin planı və ölçüsünün də təqdim edilməsini zəruri sayır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı şərtlər altında iddia tələbinin təmini istisna olunur. İddia əsassızdır və təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov