Məhkəmə qərarları › İş №2-1(112)-699/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-699/2025

17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-699/2025 17.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı “nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisinə buraxılması və adına rəsmiləşdirilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz sayılması, invoice məlumatlarında qeyd olunan “Mercedes Benz” E-class W212” markalı, WDDHF0CB6EA933178 vinkodlu avtomobilin Azərbaycan Respublikası ərazisinə buraxılması və iddiaçının adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra əlavə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin əsl cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi ilə əvəz edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə “autowini.com” internet saytından şəxsi istifadəsi üçün 2014-cü il buraxılışlı, “Mercedes Benz” E-Class W212” markalı, WDDHF0CB6EA933178 vinkodlu avtomobili almışdır. Avtomobili alarkən autowini.com tərəfindən onun elektron poçt ünvanına avtomobilin “invoice” məlumatları göndərilmişdir. Həmin məlumatlarda qeyd olunan avtomobilin qiyməti 9300 ABŞ Dolları, modeli “Mercedes Benz E-Class W212” (WDDHF0CB6EA933178) və buraxılış ili 2014-cü il qeyd olunmuşdur. Həmin invoice məlumatları əsasında autowini “İnvoice”da göstərilən bank hesabına avtomobilin qiymətini tam olaraq ödəmişdir. Aralarında olan razılaşmaya əsasən avtomobil 45-50 gün müddətində logistik şirkət tərəfindən Azərbaycana çatdırılmalı və çatdırılma xərclərini iddiaçı ödəməli idi. Sözügedən avtomobil xx.xx.2023-cü il tarixdə Gürcüstan Respublikasına çatmış və o, çatdırılma xidmətinə görə 940 ABŞ Dolları ödəmişdir. Bundan sonra qeyd olunan avtomobili Azərbaycan Respublikasının ərazisinə gətirmək və avtomobili öz adına rəsmiləşdirmək istəyərkən Dövlət Gömrük Komitəsi tərəfindən avtomobil buraxılmamışdır. Həmin avtomobilin buraxılması üçün Dövlət Gömrük Komitəsinə elektron formada müraciət etsə də, elektron məktubla onun müraciətinə imtina cavabı verərək avtomobilin Azərbaycan Respublika ərazisinə buraxılması təmin edilməmişdir. İmtina məktubunda buna səbəb kimi avtomobilin buraxılış ilinin “Avtokapital Azərbaycan“ MMC-nin məlumatına görə xx.xx.2023-cü il olduğu, xx.xx.2023-cü il tarixli qərara əsasən istehsal ili 10 ildən artıq olduğundan Azərbaycan Respublikası ərazisinə buraxılması və gömrükləşdirilməsi təmin olunmadığı qeyd edilmişdir. Cavabdehin bu hərəkəti qanunsuz və əsassızdır. Belə ki, iddiaçı avtomobili “autowini.com” saytında yerləşdirilən elanda, avtomobilin “invoice” məlumatlarında və Koreya Respublikasından göndərilən bütün sənədlərində, avtomobilin “Mersedes Benz“ zavodu tərəfindən ban etiketində (birka) metal üzərinə qeyd olunan bütün məlumatlarda avtomobilin 2014-cü il buraxılış olması bəllidir. Belə olan halda cavabdehin bu hərəkəti qanunauyğun deyil. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Dövlət Gömrük Komitəsinin X2 İdarəsinin məktubuna əsasən “Mercedes Benz E-class W212” markalı, WDDHF0CB6EA933178 vin kodlu nəqliyyat vasitəsinin istehsal ilinin xx.xx.2013-cü il olduğu, texniki pasportda qeyd edilmiş “2014-cü il” həmin nəqliyyat vasitəsinin istehsal tarixini deyil, model ilini və ilkin qeydiyyat tarixini göstərdiyi müəyyən olunmuşdur. İşin hallarından məlumdur ki, qeyd edilən nəqliyyat vasitəsinin istehsal ili xx.xx.2013-cü ildir. Həmin nəqliyyat vasitəsinə dair ödəniş də xx.xx.2023-cü il tarixdə bank vasitəsi ilə həyata keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 saylı qərarına əsasən istehsal müddəti 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi məhdudlaşdırılmışdır. 30 mart 2023-cü il tarixdə Dövlət Gömrük Komitəsinin rəsmi saytında edilmiş xəbərdarlıqda da, Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 saylı Qərarının 30 gün sonra qüvvəyə minməsi, yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsinin məhdudlaşdırılması, 2023-cü il 29 mart tarixinədək (29 mart da daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədlərinin gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin nəzərdə tutulduğu ictimaiyyətin diqqətinə çatdırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun çıxış edərək həmçinin bildirdi ki, avtomobili sifariş edərkən bütün sənədlərdə avtomobilin istehsal ili 2014-cü il kimi göstərilmişdir. Bu səbəbdən o avtomobili ölkəyə gətirmişdir. Lakin, cavabdeh istehsal ilinin 2013-cü il olduğunu bildirir. Lakin, cavabdeh bununla bağlı mötəbər sübuta istinad etməyib. İddiaçı avtomobilin istehsal ilini baqa cür müəyyən etmək imkanında olmamışdır. Avtomobilin geri qaytarılması isə qeyri-mümkündür. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. xx.xx.2023-cü il tarixli “İnvoice” sənədlərinə əsasən “Mercedes Benz” E-class W212” markalı, 2014-cü il buraxılışlı, WDDHF0CB6EA933178 vinkodlu avtomobil iddiaçı tərəfindən 9300 ABŞ Dolları qiymətinə “autowini.com” saytı vasitəsilə sifariş edilmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasında iddiaçıya məxsus 2014-cü il buraxılışlı, “Mercedes-Benz” E-class W212 markalı, WDDHFOCB6EA9333178 vinkodlu avtomobilin gömrük rəsmiləşdirilməsi haqqında məlumat mövcüd deyil. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli müayinə aktında göstərilmişdir ki, "xxxx" MMC-nin avto-texnik müayinə mərkəzində iddiaçıya məxsus “Mercedes Benz E220” markalı, WDDHF0CB6EA933178 ban nömrəli nəqliyyat vasitəsi müayinə olunaraq avtomobilin ban etiketi üzərində qeyd olunan məlumatlarda zavod istehsal ilinin 2014 yazıldığı müəyyən edilmişdir. Həmçinin, avtomobilin elektron müayinə vaistəsi ilə diaqnostika edilərək Mercedes Benz zavodu tərəfindən proqramlaşdırılan elektron idarəetmə blokunda da həmin məlumatların eyni olduğu və heç bir müdaxilə edilmədiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin hərtərəfli araşdırılması məqsədilə məhkəmə tərəfindən “Mercedes Benz E220” markalı, WDDHFOCB6EA9333178 vinkodlu avtomobilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, avtomobilin kapotunun alt hissəsində və ön sol qapının içəri aşağı hissəsində nəqliyyat vasitəsinin istehsal ili 2014 olaraq qeyd edilmişdir. Avtomobilin istehsal ilinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə ekspertinin xx.xx.20214cü il tarixli ekspertizanın aparılmasından imtina barədə məktubunda avtomobilin istehsal tarixinin əmtəəşünaslıq ekspertizasının səlahiyyətlərinə aid olmadığı qeyd edilmişdir. Cavabdehin imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisinə buraxılması və adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə (bundan sonra – Gömrük Məcəlləsi) əsasən bütün şəxslər malları bu Məcəllədə nəzərdə tutulmuş qaydada, bərabər əsaslarla gömrük ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququna malikdirlər (82.1.). Bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, heç bir şəxs malları gömrük ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququndan məhrum edilə və ya onun bu hüququ məhdudlaşdırıla bilməz (82.2.). Bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan bütün mallar və nəqliyyat vasitələri, gömrük rüsumları və vergilərin tutulma obyektləri olub-olmadığından asılı olmayaraq gömrük nəzarətindən keçməlidir (82.3.). Gömrük orqanları gömrük nəzarətini həyata keçirərkən, bu Məcəllənin 84-cü maddəsində və gömrük işi üzrə digər qanunvericilik aktlarında müəyyən edilmiş hallar istisna olmaqla, gömrük nəzarətinin bu Məcəllənin 92.2-ci maddəsində göstərilən bütün formalarından istifadə etmək hüququna malikdirlər (82.4.). Gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır (102.1.). Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır (104.1.). Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır (104.2.). Bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilə, habelə onlar barəsində sərəncam verilə bilməz (105.1.). Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir (146.1.). Gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər (157.1.). Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər (162.1.). Qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli, 94 nömrəli qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsinin məhdudlaşdırılması qərara alınmışdır. İşin hallarına görə iddiaçı “autowini.com” saytından şəxsi istifadəsi üçün zavod buraxılış ili 2014-cü il olan “Mercedes Benz E220” markalı, WDDHFOCB6EA9333178 vinkodlu avtomobili sifariş etmiş, həmin avtomobilə görə ümumilikdə 9300 ABŞ dolları ödəniş etmişdir. Cavabdeh həmin nəqliyyat vasitəsinin istehsal ilinin 2014 deyil, xx.xx.2013-cü il olduğuna əsaslanaraq nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisinə buraxılması və adına rəsmiləşdirilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, "xxxx" MMC-nin avto-texnik müayinə mərkəzində iddiaçıya məxsus “Mercedes Benz E220” markalı, WDDHF0CB6EA933178 ban nömrəli nəqliyyat vasitəsi müayinə olunmuş, avtomobilin ban etiketi üzərində qeyd olunan məlumatlarda zavod istehsal ilinin 2014 yazıldığı müəyyən edilmişdir. Həmçinin, avtomobil elektron müayinə vaistəsi ilə diaqnostika edilərək Mercedes Benz zavodu tərəfindən proqramlaşdırılan elektron idarəetmə blokunda da həmin məlumatların eyni olduğu və heç bir müdaxilə edilmədiyi müəyyən edilmişdir. Həmçinin, məhkəmə tərəfindən keçirilmiş avtomobilə baxış zamanı müəyyən edilmişdir ki, “Mercedes Benz E220” markalı, WDDHFOCB6EA9333178 vinkodlu avtomobilin kapotunun alt hissəsində və ön sol qapının içəri aşağı hissəsində nəqliyyat vasitəsinin istehsal ili 2014 olaraq qeyd edilmişdir. Cavabdeh öz mövqeyini əsaslandırmaq üçün "xxxx" MMC-nin məktubuna əsaslanmışdır. Həmin məktubda avtomobilin istehsal ilinin 2013-cü il olduğu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, hər hansı hüquqi şəxsin verdiyi rəy məhkəmə üçün məcburi hesab edilə bilməz. Belə ki, avtomobilin “İnvoice” sənədində, həmçinin iş üzrə digər sübutlarda avtomobilin istehsal ilinin 2014-cü il olduğu öz əksini tapmışdır. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, hazırkı vəziyyətdə nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisinə buraxılması və iddiaçının adına rəsmiləşdirilməsi üçün hər hansı məhdudiyyət mövcud deyil. Bu səbəbdən iddia əsaslı hesab edilərək təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “Mercedes Benz E220” markalı, WDDHFOCB6EA9333178 vinkodlu avtomobilin Azərbaycan Respublikası ərazisinə buraxılması və iddiaçının adına gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar