Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6990/2022 13.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının nümayəndəsi X3, Cavabdeh X10 publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vəkillər X2 Mərkəzi publik hüquqi şəxsinə qarşı “mənəvi zərərin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək vurulmuş mənəvi zərərin əvəzi olaraq birgə cavabdehlər Azərbaycan Respublikasının Vəkillər Kollegiyasından 20.000 manat, X10 publik hüquqi şəxsindən 100.000 manat olmaqla cəmi 120.000 manat tutulması tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, əvvəllər bir neçə dəfə test imtahanlarını müvəffəqiyyətlə verib şifahi müsahibə mərhələsinə buraxılsa da, Vəkillərin Kollegiyasinin ona qarşı qərəzli münasibətlərindən irəli gəlmiş səbəblərə görə müsahibədən keçməyə imkan verməmişdilər. Nəhayət, 05 mart 2021-il tarixdə X6 keçirilən vəkilliyə namizədlərin test imtahanında mən 59 (əlli doqquz) bal toplamışdı. Ona verilmiş balın nəticəsindən narazı qaldığında X8 Apellyasiya şikayəti təqdim edib. X10 (DİM) tərəfindən ona 2 dəfə rəsmi cavab verilmişdi ki, guya cavabları o düz tapmamışdı, ekspertlər təkrarən cavabları ekspertizadan keçirmiş olduqdan sonra yenə öz mövqelərində qalmış olmuşdular ki, o əsassız apellyasiya şikayəti verib. Nəhayət, rəsmi şəkildə cavab aldıqdan sonra Bakı İnzibati Məhkəməsinə X9 (DİM-i) cavabdeh, Vəkillər Kollegiyasını üçüncü şəxs qismində cəlb etməklə “test tapşırıqlarının qismən etibarsız sayılmasına” dair iddia ərizəsi ilə müraciət edib. X10 (DİM) tərəfindən Bakı İnzibati Məhkəməsinə göndərilmiş cavablarla əlaqədar rəsmi sənədlərə bir daha diqqət yetirdikdə ən azı bir cavabın düzgün tərtib edilmədiyi tam məlum oldu. Bakı İnzibati Məhkəməsinin (hakim Elvin Əliyev) 28 sentyabr 2021-ci il tarixdə keçirilən ilk hazırlıq icraatı iclasında bütün bu nyuanslar məlum olduqda o, X7 (DİM-in) nümayəndəsinə və Vəkillər Kollegiyasinın nümayəndəsinə işlədikləri qurumların rəhbərlərinə bu haqda məlumat vermələrini xahiş etdi. Məhkəmənin növbəti hazırlıq icraatı iclasını 18 oktyabr 2021-il tarixinə təyin etmişdir. Ona dəqiq məlumat çatanda ki, X10 (DİM) onun 60 (altımış) bal topladığını əsaslandırmaqla Vəkillər Kolegiyasına 06 oktyabr 2021-ci il tarixdə rəsmi məktub göndərib, o, həmin iddiasından imtina edib. Həmin məktubu Vəkillər Kollegiyası artıq 11 oktyabr 2021-ci il tarixdə almışdır. Sonradan da loyal münasibət sərgiləyərək heç kimə X10 (DİM) tərəfindən test imtahanından müvəffəqiyyətlə keçməyi haqqında kollegiyaya məktub göndərməsini bildirmədi. Hətta Vəkillər Kolegiyasına da zəng vurub, Orxan Babayevdən, Nümayəndə artıq dərəcədə xahiş edib ki, kollegiyanın sədrinə onun adından bildirsin ki, bal toplamağı, şifahi müsahibəyə buraxılmağı haqda heç kəsə heç bir məlumat verməsinlər. Lakin heç 10-15 gün keçməmiş ona zənglər gəlib, bəziləri təbrik edir, bəziləri də narazılıq edir ki, nəyə görə onlardan gizlədib. Halbuki o, kollegiyanın üzvləri olan, ona hörmətlə yanaşan, onu hər bir faktdan agah edən şəxslərə belə bu haqda məlumat verməmişdi. Bir sözlə, o, 12 oktyabr 2021-ci il tarixdə kollegiya ilə əlaqə saxlayıb, ilk növbədə imtahana buraxılmağını xahiş edib. Necə ki, o, 02 oktyabr 2021-ci il tarixində vəkilliyə namizədlər üçün test imtahanının iştirakçısı yox, məhz ondan 7 (yeddi) ay qabaq keçirilən test imtahanının namizədidir. Həmin vaxt keçmiş hakimlər şifahi müsahibədə iştirak edirdilər. 2021-ci ilin dekabr ayının sonlarından 2022-ci ilin yanvar ayının əvvəllərindən başlayaraq fevral ayının ortalarına qədər şifahi müsahibəyə buraxılması üçün dəfələrlə müraciət etsə də, müsbət cavab verilmirdi. Bütün bunlar bir yana qalsın, hətta dəqiq məlumat çatdırılmışdı ki, şifahi müsahibədən uğurla keçməsinə baxmayaraq, onu qəbul etməyəcəkdilər. Bu məlumatlar bir neçə mötəbər mənbələrdən də çatdırılmışdı. Vəkillər Kolegıyasının ona qarşı bu cür hüquqazidd hərəkətlərini gördüyünə görə o da 05 mart 2021-ci il tarixdə keçirilən test imtahanı zamanı cavabın düzgün qoyulmaması ucbatından uzun müddət stress, mənəvi sarsıntıları keçirmiş olduğuna görə həm Vəkillər Kollegiyasına, həm də X5rşı vurulan mənəvi ziyana görə iddia qaldırmaq məcburiyyətində idi. Məlum olduğu kimi Vəkillər Kollegiyası vəkilliyə namizədlərin test imtahanından keçmələri üçün sualları və onlara olan cavabları hazırlayır. X7 (DİM-in) ekspertləri də həmin cavabların düzgünlüyünü yoxladıqdan sonra imtahanın keçirilməsinə rəylərini verirlər. Vəkillər Kollegiyasının suallara cavabı düzgün qoymaması, X7 (DİM-in) ekspertlərinin də həmin cavablarda səhvləri aşkar etməmələri ucbatından o, test imtahanından müvəffəqiyyətlə keçməmişdir, X8 (DİM-ə) etdiyi müraciət isə rədd edilmişdi. O sarsıntılar keçirmişdi. Məhz məhkəməyə müraciət etdikdən, test imtahanının keçirilməsindən 7 (yeddi) aydan artıq vaxt ötdükdən sonra onun haqlı olduğu etiraf edilərək Vəkillər X2 Mərkəzi (DİM) tərəfindən rəsmi məktub göndərilmişdir. Yəni yuxarıda qeyd etdiyi kimi o, 7 (yeddi) aydan artıq müddət ərzində stress, mənəvi sarsıntılar keçirmişdir. Bu səbəblərdən Vəkillər Kolegiyasi tərəfindən ona 100000 (yüz min) manat, X10 (DİM) tərəfindən isə 20000 (iyirmi) manat təzminatlar ödənilməsinə dair 07 fevral 2022ci il tarixdə hazırladığı, 08 fevral 2022-ci il tarixdə onların olduqları ünvanlara göndərdiyim Ərizələrimlə müraciətlər etdim. Cavabdeh Vəkillər Kollegiyası tərəfindən ona 16 fevral 2022-ci il tarixdə ünvanlanmış məktubda bildirilmişdir ki, mənəvi ziyanın əvəzinin ödənilməsi ilə əlaqədar müraciətinin hüquqi əsası yoxdur. Daha bir az geniş formada nəyə, hansı səbəbə görə hüquqi əsasın olmadığına görə heç bir əsaslandırma ilə cavab verilməmişdir. Cavabdeh X8 ünvanladığı ərizəsi onlara gec çatdığından ünvanlanan 03 mart 2022ci il tarixli cavabı 05 mart 2022-ci il tarixdə imza etməklə alıb. Həmin cavabında da onlar təqsirkar olmadıqlarını qeyd etmiş olmaqla “mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azəbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noybar 2008-ci il tarixində çıxarılmış 7 nömrəli qərarından sitatları gətirmiş olmaqla onlara hansı məbləğdə mənəvi zərər vurulduğunu məhkəmə qaydasında sübut etməyini “təklif etmişdilər”. Hər iki cavabdeh test suallarının cavablarını düzgün qoymamaqla və ekspertizadan düzgün keçirməməklə bu hərəkətləri ilə ona mənəvi ziyanları vurmuş olmuşdular. Əgər vaxtında onların obyektiv cavablarını alsaydı, uzun müddət məhkəmələrdə çəkişməzdi, vaxtında şifahi müsabiqə mərhələsinə buraxılaraq həmin mərhələdən də müvəffəqiyyətlə keçib vəkilik fəaliyyətinə başlayardı. Əzab, istirab çəkməzdi.
3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh X10 tərəfindən bildirilmişdir ki, onun xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar keçirilmiş yazılı test imtahanında istifadə olunan test tapşırıqlarının cavablarının doğru olmaması səbəbindən 59 bal toplayaraq müsahibə mərhələsinə buraxılmamağınız nəticəsində sizə dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının X8 ünvanladığınız müraciətə baxılmışdır. Müraciətlə bağlı bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsində mübahisələndirdiyi 70-ci test tapşırığının Mərkəz tərəfindən təkrar ekspertizası keçirilmişdir. Təkrar ekspertiza nəticəsində həmin test tapşırığında texniki qüsur aşkar edildiyi üçün yazılı test imtahanında topladığınız bal yenidən hesablanaraq 60 bal müəyyən edilmişdir, ixtisas imtahanının yazılı test imtahanı mərhələsində 60 bal toplamağınızı nəzərə alaraq, şifahi müsahibə mərhələsində iştirakınızın təmin edilməsi üçün Mərkəz tərəfindən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına xx.xx.2021-ci il tarixli 01/07- 08/2639 nömrəli məktub göndərilmişdir. Beləliklə, Mərkəz Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə bağladığı müqaviləyə əsasən Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar ixtisas imtahanının yazılı test mərhələsinin nəticələrinin Kollegiyaya tələb edilən formada təqdim edilməsinə dair üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə bağladığı müqaviləyə əsasən Mərkəzin vəzifəsi yazılı test imtahanının keçirilməsi və nəticələrin Kollegiyaya təqdim edilməsi ilə məhdudlaşdığına görə yazılı test imtahanından keçməyinizə baxmayaraq ixtisas imtahanının müsahibə mərhələsinə buraxılmamağınızın yaratdığı nəticələr üçün Mərkəz heç bir öhdəlik daşımır. Ona vurulmuş mənəvi zərərə görə Mərkəz tərəfindən 20000 manat məbləğində təzminat ödənilməsi ilə bağlı bildiririk ki, Mərkəz tərəfindən sizə ünvanlanmış xx.xx.2021-ci il tarixli 04/xx-xx/2240 nömrəli məktubda da qeyd edilmişdir ki, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu tərəfindən 3 noyabr 2008ci il tarixli 7 nömrəli Qərarı qəbul edilmişdir. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya’nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar keçirilmiş yazılı test imtahanında istifadə olunan test tapşırığının cavabı doğru olmadığı üçün 59 bal toplayaraq müsahibə mərhələsinə buraxılmadığı üçün, habelə test tapşırığının təkrar ekspertizası nəticəsində 60 bal topladığı müəyyən edilsə də, indiyədək müsahibə mərhələsində iştirakını təmin edilmədiyinə görə hansı mənəvi sarsıntı və iztirablar keçirdiyini, Mərkəz tərəfindən ona hansı məbləğdə mənəvi zərər vurulduğunu məhkəmə qaydasında sübut etməlidir.
4. Cavabdeh Vəkillər Kollegiyası iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, mənəvi ziyanın ödənilməsi ilə bağlı müraciətinin təmin edilməsi üçün hüquqi əsas yoxdur.
5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı iclası) iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi.
6. Cavabdeh Vəkillər Kollegiyasının nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının mənəvi sarsıntı və stress keçirməsi sübut olunmur. Əlavə olaraq bildirdi ki, iddiaçı şifahi müsahibəyə buraxılmış, lakin şifahi müsahibədə uğur qazana bilməmişdir.
7. Cavabdeh X7 nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək onun təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
8. Məhkəmə hesab edir ki, tələb inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə uyğundur. Belə ki, inzibati orqanla vətəndaş arasındakı münasibətlər inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrinin icrası ilə bağlıdır və tərəflər bu münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmir.
9. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. İPM-in 30.1-ci maddəsinə əsasən, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.
11. Məhkəmə hesab edir ki, hazırki işdə cavabdehlərin mübahisə predmeti baxımından müştərək hüquqi marağı mövcuddur.
12. İddia mümkündür.
II. Məhkəmənin mövqeyi
13. Məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsində X13 Məhkəməsinin presedent hüququna istinad etdiyi məhkəmə qərarları (Luluyev və digərlərinin Rusiyaya qarşı; Varnava və digərlərinin Türkiyəyə qarşı) şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi, itkin düşməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilməli təzminat tələbi ilə bağlıdır. Qeyd edilən halda təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Odur ki, qeyd edilən işlərin halları ilə iddiaçının vəziyyəti, keçirə biləcəyi fiziki və ya mənəvi iztirabın dərəcəsi müqayisə oluna bilməz.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında ifadə edilən mövqeyə əsasən: ...Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir...
15. Məhkəmə hesab edir ki, işin hallarına uyğun olaraq hər hansı müsabiqədə iştirak edən şəxs həmin müsabiqədən keçməmənin mümkün ola biləcəyini bilir. Qeyd edilən halda şəxsin keçirdiyi fiziki əzab və ağrı hüquqazidd əməl nəticəsində yaranmır.
16. Məhkəmə cavabdeh inzibati orqanların hərəkət (hərəkətsizliyində) hüquqa zidd əməlin olduğunu müəyyən etmir. Belə ki, mübahisələndirdiyi test tapşırığında texniki qüsur aşkar edildiyi üçün yazılı test imtahanında topladığı bal cavabdeh X10 tərəfindən yenidən hesablanmış, cavabdeh Vəkillər Kollegiyası tərəfindən də iddiaçının ixtisas imtahanının müsahibə mərhələsinə buraxılması və həmin mərhələdə iddiaçının iştirakı təmin edilmişdir.
17. İddiaçı situasiyasına uyğun olaraq cavabdeh inzibati orqanların hərəkət (hərəkətsizliyində) nəticəsində iddiaçının mənəvi bütövlüyünün, mənəvi tarazlığının pozulmasına, ağrı və iztirabın meydana gəlməsinə, yaşama sevincinin və arzusunu itirməsinə səbəb olacaq hüquqa zidd əməlin olduğunu və həmin hüquqa zidd əməl nəticəsində qeyd edilən məhrumiyyətə məruz qaldığını əsaslandırmamışdır.
18. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
19. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva