Məhkəmə qərarları › İş №2-1(112)-6990/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6990/2025

10.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6990/2025 10.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Xəzər Rayonu İcra Hakimiyyətinin(əvvəlki adı: Əzizbəyov rayon X7 İcraiyyə Komitəsi) xx.xx.1969-cu il tarixli 22 nömrəli qərar ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində 13 saylı 600 kv.m torpaq sahəsinə dair qeydiyyata alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı işlədiyi “Əzizbəyovneft” NQÇİ tərəfindən fərdi yaşayış evi tikmək üçün Xəzər rayonu (əvvəlki adı: Əzizbəyov) Zirə qəsəbəsində torpaq sahəsi ayrılması barədə Xəzər rayonu icra hakimiyyətinin (əvvəlki adı: Əzizbəyov rayon X7 icraiyyə komitəsi) xx.xx.1969-cu il tarixli 22 №-li Qərar ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində 13 saylı 600 kv.m torpaq sahəsi ayrılmışdır. Xəzər rayonu (əvvəlki adı: Əzizbəyov) Zirə qəsəbəsində torpaq sahəsinin ayrılması barədə Xəzər rayonu icra hakimiyyətinin (əvvəlki adı: Əzizbəyov rayon X7 icraiyyə komitəsi) xx.xx.1969-cu il tarixli 22 №-li Qərarında ata adının qərarın əslində düzgün lakin qərarın arxiv çıxarışında fərqli və düzgün yazılmaması onun - Zirə qəsəbəsində istifadəsinə ayrılmış torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin çıxarış əldə edə bilməməyinə səbəb olmuşdur. Bu səbəbədən Bakı şəhəri Xəzər rayon məhkəməsinə Xəzər rayonu (əvvəlki adı: Əzizbəyov) Zirə qəsəbəsində torpaq sahəsinin ayrılması barədə Xəzər rayonu icra hakimiyyətinin (əvvəlki adı: Əzizbəyov rayon X7 icraiyyə komitəsi) xx.xx.1969-cu il tarixli 22 №-li Qərarının və həmin qərarın arxiv çıxarışının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsində qeyd edilən İddiaçı məxsus olması barədə qətnamənin qəbul edilməsi ilə bağlı iddiası Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (003)- 1800/2024 saylı qətnaməsi ilə təmin edilmişdir. Ayrılmış torpaq sahəsi tərəfindən artıq 54 (əlli dörd) ildir ki, istifadə olunsada qeyd edilən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi (çıxarışı) yoxdur. Xəzər rayonu icra hakimiyyətinin (əvvəlki adı: Əzizbəyov rayon X7 icraiyyə komitəsi) xx.xx.1969-cu il tarixli 22 №-li Qərar ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində 13 saylı 600 kv.m torpaq sahəsinə dair ilkin qeydiyyata alınmaqla çıxarışın verilməsi ilə bağlı müraciətinə cavabdeh imtina etmişdir. İmtina səbəbi kimi cavabdeh-istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində 13 saylı 600 kv.m torpaq sahəsinin bir hissəsindən 6 kV-luq hava elektrik veriliş xətlərinin mühafizə zonasında yerləşməsi səbəbilə torpaq sahəsinə ilkin qeydiyyata alınmaqla çıxarışın verilməsi ilə bağlı müraciətinə imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı qeyd edilən məsələyə dair xx.xx.2024-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********83 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Ərizənin icrası zamanı yaranmış zərurətlə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış sorğuya cavab olaraq 13-13/2-1/15-18036/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, sözügedən ünvan 6 kV-luq hava elektrik veriliş xətlərinin mühafizə zonasında yerləşir. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, xx.xx.1940-cı il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətinin xx.xx.32025-ci il tarixli 5-12/2-1562/2025 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -Əzizbəyov Rayon Fəhlə Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1969-cu il tarixli 281 nömrəli İclasından 22 nömrəli Protokola əsasən Fərdi yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin ayrılması haqqında X8 Sovetinin qərarına əsasən Əzizbəyovski Rayon Əməkdaş Deputatları Sovetinin İcraiyyə komitəsi qərara alır ki, 6 saylı binanın Zirə kəndi, Babayev küçəsi, 5-ci zolaq, bina 2, 13 saylı (iş №9/152) NPU Əzizbəyovneft-də mexanik işləyən vətəndaş X1 Məmmədqulu-zadə küçəsi 9 zolağında 600 kv.m torpaq sahəsi. Bakı Şəhər İH-nin 30/U-69 saylı 4/103 saylı qərarı ilə ayrılmışdır. -Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-1800/2024 nömrəli Qətnaməsinə əsasən Ərizə təmin edilmiş, Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Zirə qəsəbəsində torpaq sahəsi ayrılması barədə Əzizbəyov rayon X5 İcraiyyə Komitəsinin xx.xx.1969-cu il tarixli 22 saylı qərarının ərizəçi İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. -Əzizbəyov rayon XDS İK-nin 22 saylı xx.xx.1969-cu il tarixli protokolu ilə Zirə qəsəbəsində vətəndaş İddiaçı ayrılmış 13 saylı torpaq sahəsinin yerləşmə sxeminə əsasən torpaq sahəsinin ümumi ölçüsü 600 kv.m olmaqla 3 tərəfdən qonşu və 1 tərəfdən yol ilə sərhəddir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-11275/2025 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 600 kv.m, faktiki olaraq 642.0 kv.m təşkil edir. Torpaq sahəsi mişar daşı hasar daxilindədir. Sahədə 2 mərtəbəli yaşayış evi və həyət tikililəri var. Torpaq sahəsinin cənub sərhəddi boyu hasarın üzərindən 6.0 kV elektrik xətti keçir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-39296/2025 nömrəli məktubu ilə təqdim edilmiş ortofoto görüntüdən müəyyən olunur ki, iddia olunan torpaq sahəsinin ətrafında **********190, **********54-10301, **********20, **********70, **********, ********** reyestr nömrəli daşınmaz əmlaklar yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-39302/2025 nömrəli məktubunda göstərilmişdir ki, idarənin mütəxəssisi tərəfindən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi hər tərəfdən mişar daşı ilə sərhədlənmişdir. Üç tərəfi qonşu, bir tərəfi isə yoldur. Üzərində yaşayış evi və həyət tikililəri inşa olmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin qərb tərəfindən 6 kVt-lıq yüksək gərginlikli elektrik xətti keçir. Qeyd olunanlarla yanaşı, sözügedən torpaq sahəsinin yerləşməsi ilə bağlı təsdiqlənmiş cizgi və ya sxem təqdim edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-45258/2025 nömrəli məktubunda göstərilmişdir ki, vahid elektron kadastr baza məlumatlarınaq əsasən sahəyə dair təqdim edilmiş cizgi ilə faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Torpaq sahəsinin bitişik hasar qonşuluğunda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə barədə məlumat aşkar edilməmişdir. Təqdim edilmiş ortofoto görüntüdən müəyyən olunur ki, iddia olunan torpaq sahəsinin digər torpaq sahələri ilə üst-üstə düşmə halı yoxdur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli **********83 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən 13 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Ərizənin icrası zamanı yaranmış zərurətlə əlaqədar "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış sorğuya cavab olaraq 13-13/2-1/15-18036/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, sözügedən ünvan 6 kV-luq hava elektrik veriliş xətlərinin mühafizə zonasında yerləşir. "Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə tənzimlənir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı Əzizbəyov (Xəzər) rayon X5 İcraiyyə Komitəsinin xx.xx.1969-cu il tarixli 22 saylı qərarı ilə ona ayrılmış 600 kv.m torpaq sahəsinə mülkiyyət hüquqların qeydiyyatı ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan iddia olunan torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyini əsas gətirərək müraciəti təmin etməmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının əsasızlığını iddia edərək sözügedən torpaq sahəsinə müllkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtina dəlillərini əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar -8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın: 1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 1.4-cü rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və X7ləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar. İşin hallarından müəyyən olunur ki, Əzizbəyov Rayon X5 İcraiyyə Komitəsinin xx.xx.1969-cu il tarixli iclas qərarından görünür ki, iddiaçıya Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında iddiaçıya ümumi sahəsi 600 kv.m olan 13 saylı torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. İddiaçıya ayrılan torpaq sahəsinin yerləşmə cizgisi Xəzər rayonu İcra Hakimiyyəti Təsərrüfat şöbəsinin memarı C.Ələkbərli tərəfindən tərəfindən imzalanaraq və Sabunçu Rayon icra Hakimiyyətinə aid möhürlə ilə təsdiq edilmişdir. Məhkəmənin sorğusuna cavabında Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti sözügedən ərazidə yerləşən torpaq sahəsinin yerləşmə cizgisinin surəti məhkəməyə təqdim etməklə hazırda da həmin yerləşmə cizgisinin qüvvədə olduğunu bilavasitə təsdiq etmişdir. Beləliklə, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun qeydiyyatına əsas verən Əzizbəyov Rayon X5 İcraiyyə Komitəsinin xx.xx.1969-cu il tarixli qərarı və qərarın tərkib hissəsi olan, torpaq sahəsinin naturada ayrılmasını göstərən yerləşmə cizgisi mövcuddur. Cavabdeh faktiki göstərilən sahənin yerləşmə cizgisinə uyğun gəldiyini bildirmişdir. Belə ki, cavabdehin mütəxəsissləri tərəfindən yerində baxış edilərək torpaq sahəsinin faktiki ölçüləri, yerləşmə koordinatları müəyyən edilmiş, göstərilən sahənin “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla, torpaq sahəsinin xüsusi mülkiyyət kimi qeydiyyata alınmadığı bildirilmişdir. Bununla əlaqədar məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin məhkəmə sorğusu əsasında xx.xx.2025-ci il tarixi məktubu ilə təqdim edilmiş iddiaçının iddia etdiyi torpaq sahəsinin yaxınlığında ən yaxın məsafədə qeydiyyatdan keçmiş torpaq sahələrinə dair ortofoto görüntüdən məlum olur ki, iddia olunan torpaq sahəsinin ətrafında yerləşən digər daşınmaz əmlaklar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışlar verilmişdir. Belə olan halda cavabdehin hazırkı iddiaçıya münasibətdə hüququ qeydiyyata almaqdan imtina əsası öz təsdiqini tapmır və bu hal ən azı iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsi ilə nəzərdə tutulmuş (İİQ-nun 12.2-ci maddəsi: İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.) bərabərlik prinsipini pozduğunu deməyə əsas verir. Beləliklə, iddiaçının təqdim etdiyi torpaqayırma sənədləri (qərar və yerləşmə cizgisi) qüvvədə olmaqla həmin sənədlərin məhkəmə icraatında mötbərliliyini istisna edəcək hər hansı hala rast gəlinməmişdir. İddia olunan torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 kVluq) mühafizə zonasında yerləşməsinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın: -1-ci bəndinə əsasən elektrik şəbəkəsi - elektrik enerjisinin ötürülməsi və təchizatı üçün nəzərdə tutulmuş elektrik qurğularının məcmusudur. hava elektrik ötürücü xətti — elektrik enerjisini ötürən, açıq havada yerləşən, dayağa və mühəndis qurğularına izolyator və armaturlar vasitəsilə bərkidilmiş naqillərdən ibarət olan elektrik qurğularıdır; kabel elektrik ötürücü xətti — bir-birindən və yerdən xüsusi dielektrik materialla izolə olunan alüminium və qurğuşunla kip örtülmüş bir və ya bir neçə cərəyan keçirici naqillərdən ibarət olan elektrik qurğusudur; mühafizə zonası — elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələrdir. -4-cü bəndinə əsasən elektrik şəbəkələrinin layihələşdirilməsi, tikintisi və istismarına torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılır. -5-ci bəndinə görə elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir: a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində: xətlərin gərginliyi 1-20 kvt arası olduqda məsafə 10 m-dir. -6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. -12-ci bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması. Göstərilən işlərin elektrik şəbəkələrinin mühafizə zonalarında aparılmasına rəsmi razılıq almış müəssisələr, təşkilatlar və idarələr (bundan sonra — müəssisə) həmin işlərin yerinə yetirilməsi zamanı şəbəkələrin qorunmasını təmin edən şərtlərə əməl etməlidirlər. Elektrik şəbəkələrinin mülkiyyətçiləri və yaxud istismarçıları tərəfindən bu Qaydalarda nəzərdə tutulmuş elektrik şəbəkələrinin mühafizə zonalarında işlərin görülməsi üçün ərizəçiyə razılıq verilmədikdə, ərizəçi qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət verə bilər. -18-ci bəndinə görə elektrik şəbəkələrinin yaxınlığında bina və tikililərin inşası, əsaslı təmiri, yenidən tikilməsi üçün layihə-smeta sənədlərində, elektrik şəbəkələrinin saxlanmasını təmin edən tədbirlər nəzərdə tutulmalıdır. Bu tədbirlər elektrik şəbəkələrinin istismarçısı və yaxud mülkiyyətçisi ilə razılaşdırılmalıdır. Göründüyü kimi qanunvericilik elektrik şəbəkəsinin mühafizə zonasında yerləşən torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı qadağanedici norma nəzərdə tutmamışdır. Qanun yalnız elektrik şəbəkələrinin mühafizə zonalarında yerləşən torpaq sahəsində binaların və qurğuların tikintisi, quraşdırılması zamanı həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığının alınmasını məcburi norma kimi nəzərdə tutur. Hazırkı halda həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasına mane olan hal mövcud deyildir. Belə ki, cavabdehin istinad etdiyi elektrik xəttinin mühafizə zolağında yerləşməsi ilə bağlı dəlil fərdi yaşayış evinin qeydiyyatı ilə bağlı irəli sürə biləcəyi dəlil olub torpaq sahəsinə qeydiyyatı istisna edəcək dəlil kimi çıxış etmir. İddiaçı fərdi evə deyil, torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatını mübahisələndirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən ümum9i sahəsi 600 kv.m olan 13 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən ümumi sahəsi 600 kv.m olan 13 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar