Məhkəmə qərarları › İş №2-1(112)-6994/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6994/2023

26.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6994/2023 26.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X8) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Yusubova (Səfərova) Turanə Mail qızının Bakı şəhəri Səbail rayonu Bibi Heybət qəsəbəsi, Məktəbli küçəsi 13 saylı yaşayış evindən qeydiyyatdan çıxarılması” barədə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Bibi Heybət qəsəbəsi, Məktəbli küçəsində istifadədə olan 0,05 ha torpaq sahəsində yerləşən 13 saylı evin bir hissəsi ümumi mülkiyyət hüququ əsasında ona məxsusdur. MH seriyalı, ******* saylı, **********46-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışda həmin fərdi yaşayış evinin 3 otağının (y/s - 40,4 kv.m., üm/s - 59,5 kv.m.) tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 1904 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yusubova (Səfərova) Turanə Mail qızı 2012-ci il tarixdə həmin ünvana qeydiyyata alınmışdır. Onun qeydiyyata alınmasının əsası ona məlum deyil. O, həmin ünvanda yaşayan və qeydiyyatda olan ailələrin üzvü deyil. Yusubova (Səfərova) Turanə Mail qızının qeyd edilən ünvana qanuni əsasları olmadan qeydiyyata alınması barədə cavabdehə ərizə ilə müraciət etmişdir. Onun müraciəti təmin olunmamış və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Cavabdehin imtina məktubu qanunsuz və əsassızdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X8 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, sözügedən mənzil əvvəllər onun babasının mülkiyyətində olmuş, orada mərhum valideyinləri də yaşamışdır. Orada doğulmuş və indiyə kimi orada yaşayır. Mənzil 12 otaqlıdır. 4 otaqda iddiaçı və onun ailə üzvləri yaşayır. Qalan otaqlarda o və digər şəxslər yaşayırlar. İddiaçı öz iddia ərizəsini onunla əsaslandırmışdır ki, X8 mübahisəli mənzilə 2012-ci ildə naməlum əsaslara görə qeydiyyata düşmüş və orada yaşayan sakinlərin ailə üzvü deyil. Burada iddiaçı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunun” 9-cu maddəsinə istinad etdi. Qanunun tətbiq edilməsi, normanın tətbiq edilmə prosesi zamanı ifadə olunan iradənin həyata keçirilməsidir. Bu iradə dəqiq aşkar edilməli və sonra müvafiq məhkəmə aktında həyata keçirilməlidir. Buna görə də, hüquqi, maddi və prosessual normanın tətbiqi onun məzmununun əvvəlcədən aydınlaşdırılmasını nəzərdə tutur. İstənilən normanın tətbiqi zamanı bu tələblərə əməl olunmalıdır, əks halda ədalət məhkəməsinin həyata keçirilməsi zamanı nöqsanlar qaçınılmazdır. Normanı tətbiq edən məhkəmənin mülahizəsi onun həqiqi məzmununa uyğun gəlməlidir. Məhkəmələrin fəaliyyətində qanunilik və qanunlara ciddi şəkildə əməl olunması, vəzifələrin uğurlu həlli və ədalət, məhkəmənin məqsədlərinə çatması üçün vacib şərtdir. Həmin maddəni düzgün tətbiq etmək üçün Konstitusiya Məhkəməsinin "Yaşayış yeri və olduğu yer uzrə qeydiyyat haqqında " Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına nəzər salmaq vacibdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: - yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; - başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; - ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; - öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; - yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; - qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin “qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə” məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 1982-ci ildə qəbul edilmiş Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilmişsə, evdə yaşayış sahəsində onunla bərabər istifadə etmək ixtiyarına malikdir. O halda ki, həmin mənzildə əvvəldən yaşamışsa və yaşayır. Həmin mənzildən istifadə etmək hüququ var. Həmin Məcəllənin 53-cü maddəsində göstərilir ki, “İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.” “Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.” “İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.” “Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.” Həmin Məcəllənin 54-cü maddəsində deyilir: “İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. “Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir.” O, həmin evdə doğulmuş, uşaqlıqdan orada yaşayır, valideynlərinin sağlığında həmin ünvana qeydiyyata alınmışdır. Odur ki, iddiaçının iddiasının təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. İddia mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı xx.xx.2007-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 065-3-13-47/2-33386-S/11/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, iddiaçıya məxsus ünvan 1 ünvanında halhazırda qeydiyyatda olan vətəndaş X2 qeydiyyatdan çıxarılması ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etmək məqsədəmüvafiqdir. III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən X8 ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 065-47/2-9160/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, X8 xx.xx.2012-ci il tarixdə Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Məktəbli küçəsi, ev 13 ünvanına qeydiyyata alınmışdır. Göstərilən ünvana qeydiyyata alınma əsaslarının saxlama müddəti bitdiyindən müvafiq qaydada məhv edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18/2-15034/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, X2 xx.xx.2017-ci tarixdən ünvan 3 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmasına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyil. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-13256/2023 **********56 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, X2 qeyd olunan ünvan üzərində istifadə hüquqlarının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmənin ünvan 4 ünvanına dair bütün hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi barədə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 3-21-3-30/2-13256/2023 **********56 saylı xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş 2005-ci il tarixli (forma 2) arayışa əsasən İddiaçı həqiqətən ünvan 5 ünvanında daimi qeydiyyatdadır və 5 nəfər ailə tərkibi ilə birlikdə yaşayır. Həmin ünvanda daimi qeydiyyatda olan şəxslər: X6, X3, X4, X9, X10, İddiaçı, X7, X5, X11 və X1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsinə əsasən ünvan 6 ünvanda yerləşən evin sahəsi 16,6 kv.m, 11,2 kv.m və 12,6 kv.m sahəsi olan yaşayış otaqları və sahəsi 12,5 və 6,6 kv.m yardımçı otaqlardan ibarət hissəsinə Təhməz Səfəralı oğlunun adına ilkin hüquqi qeydiyyata alınması barədə sərəncam və qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsi Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti və Bakı şəhər Tİ və MİHQ-nə həvalə olunmuşdur. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 573 saylı xx.xx.2005-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi rəhbər tutularaq Bibiheybət qəsəbəsi, Məktəb küçəsi, 13 saylı ünvanda yerləşən sahəsi 16,6 kv.m, 11,2 kv.m və 12,6 kv.m olan yaşayış otaqları, sahəsi 12,5 kv.m və 6,6 kv.m yardımçı sahə mərhum Təhməz Səfəralı oğlunun adına sənədləşdirilmişdir. Mövcud sərəncam əsasında mərhum Təhməz Səfəralı oğlunun adına şəxsi qeydiyyat vəsiqəsi və texniki pasportun verilməsi Bakı şəhər Texniki və İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən xahiş edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi 110630106; qeydiyyat tarixi xx.xx.2006-cı il) əsasən Verilir İddiaçı Təhnıəz oğluna ondan ötrü ki, Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Məktəbli küçəsində istifadədə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli 9 otaqlı 134 kv.m yaşayış, kv.m qeyri-yaşayış, 62.4 kv.m köməkçi sahədən ibarət 13 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı - 3 otaq (y/s - 40,4kv.m., üm/s - 59,5kv.m.) adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 1904 nömrəli vərəqində qeydiyyata alınmışdır. IV. Məhkəmənin mövqeyi ünvan 7 ünvanındakı ev iddiaçının atasının adına ilkin hüquqi qeydiyyata alınmışdır. Üçüncü şəxs hazırda həmin ünvanda (evin digər otağında) faktiki olaraq yaşayır. İşin materialları ilə müəyyən edilir ki, üçüncü şəxs iddiaçının (mülkiyyətçinin) əmisinin nəticəsidir. Sözügedən evdə üçüncü şəxsin ailə üzvləri 1958-ci (X6) ildən və sonrakı illərdə (atası X10 - 1986-cı il tarixdən və s.) qeydiyyata alınmaları və yaşamaları işin materialları ilə müəyyən edilir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ...Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur... Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Məhkəmə nəzərə alır ki, qeyd edilən ünvanda texniki pasportda öz əksini tapmasa da, faktiki olaraq iki ayrı tikili mövcuddur. Üçüncü şəxslər X8 qeyd edilən ünvanda (digər otaqda) faktiki olaraq yaşayır və kommunal xidmətlərdən istifadə edir və hazırki iş üzrə onun məhkəmə həmin yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs olmadığını müəyyən etməyə səlahiyyətli deyil. İddiaçı mümkünlük şərtlərinə cavab verən iddia predmeti üzrə inzibati məhkəməyə müraciət etdiyindən arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsini seçmədiyini və konkret halda hüquqi müdafiəyə ehtiyacı olmadığını iddia etmək olmaz. Lakin məhkəmə hesab edir ki, üçüncü şəxs X8 həmin ünvandakı tikilidə faktiki yaşadığı üçün və “yaşayış sahəsinə istifadə hüququ olmayan şəxs” hesab olunmaması barədə qüvvədə olan məhkəmə aktı olmadığından cavabdeh qurumun hazırki imtinası qanunsuz deyil. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Z.Xəlilov küçəsi - 540) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar