Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6995/2021 04.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmə binаsındа şifahi, açıq məhkəmə baxışı iclasında bахаrаq, müəyyən etdi: I. İşin halları
1. İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək onun ünvan 1 ünvanına qeydiyyata alınmasını xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2021-ci il tarixdə 059-15381Ə saylı məktubla qanunda qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilmədiyindən ərizəni təmin etməkdən imtina etmiş, məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
3. Bundan sonra İddiaçı Cavadehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda yaşadığı Gülüstan küçəsi, döngə 11, ev 31 ünvanına qeydiyyata alınmasını xahiş etmişdir. II. Tərəflərin əsaslandırması
4. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 2013-cü il tarixdən hazırda qeydiyyatda olduğu Gülüstan küçəsi, döngə 10, ev 20 ünvanında ona məxsus olan mülkü satmış, elə həmin ildə də xx.xx.2013-cü ildə anası X2 alqı-satqı yolu ilə əldə etdiyi Gülüstan küçəsi, döngə 11, ev 31 ünvanına köçmüşdür. Həmin alqı-satqı müqaviləsi notarial qaydada Binəqədi qəsəbə Bələdiyəsinin xx.xx.2004-cü il tarixli 659 nömrəli qərarına əsasən həyata keçirilmişdir. Həmin tarixdən (xx.xx.2013-cü il) etibarən həmin ünvanda yaşayır və bütün kommunal xərcləri ödəyir.
5. 20.08.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Cavabdeh ərizə ilə məhəməyə müraciət edərək, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair keçiriləcək məhkəmə iclaslarının Binəqədi RPİ-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə qərar qəbul edilməsini xahiş etmişdir. III. Məhkəmənin mövqeyi
7. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
8. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.
9. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda.
10. İşin hallarına görə, İddiaçı yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün istinad edilmiş Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən heç birini təqdim etməmişdir.
11. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli **********4 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.
12. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları həmin Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir.
13. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı qeydiyyata alınma barədə hazırkı tələbi irəli sürsə də, qeydə alınmasını tələb etdiyi evə dair mülkiyyət və ya qanuni istifadə hüquqlarını təsdiq edən sənədi, həmçinin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməmiş və bununla da aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür.
15. İddiaçı hüquqmüəyyənedici sənəd kimi xx.xx.2013-cü il tarixdə bağlanmış Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2004-cı il tarixli, 659 nömrəli qərarına əsasən "Satıcı" - X3 Bakı şəhəri, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində sahibliyində və istifadəsində olan 500 kv.m torpaq sahəsinin 130 kv.m hissəsinin 25120 manata "Alıcı"- X1 barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair ilkin müqaviləni və satıcının həmin əmlakla bağlı hərəkətləri etməyi alıcıya həvalə etdiyi xx.xx.2013-cü il tarixli etibarnaməni təqdim etmişdir. Lakin birincisi, həmin müqavilə iddiaçı ilə bağlanmamışdır, ikincisi nə müqavilə, nə də etibarnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilən sənədlərə aid edilə bilməz.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı : İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova