Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6996/2024 27.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı1 Hüseyn oğlunun və İddiaçı2 cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 Hüseyn oğlu və İddiaçı2 cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mənzil kimi qeydiyyata alınmış əmlak iddiaçıların paylı mülkiyyətindədir və hazırda qeyri-yaşayış sahəsi kimi istifadə edilir. Cavabdehə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmə barədə müraciət edilmiş, lakin müraciətin təminindən imtina edilmişdir. İddiaçılar hesab edir ki, cavabdehin imtinası əsassızdır və onların hüquqlarının pozulmasına səbəb olur. Daha sonra iddaçılar iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən iddia tələbinin “iddiaçılar İddiaçı1 Hüseyn oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında və İddiaçı2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qərar qəbul edilməsi vəzifəsinin Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” formasında icraata qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sərəncamda qeyd edilən ünvanlarda yerləşn yaşayış sahələrinin qeyri-yaşayış sahəsinə keçirilməsi Binəqədi Rayon İcra Hakimiyyətinin səlahiyyətində olan məsələ deyildir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 28 mart 2000-ci il tarixdə tərtib olunmuş texniki pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil 1 otaqlı olmaqla, mənzilin yaşayış sahəsi 21,2 kv.m, köməkçi sahəsi 12,7 kv.m, ümumi sahəsi isə 33,9 kv.m təşkil edir. Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin ümumi sahəsi 33,46 kv.m təşkil edir və həmin mənzil üzərində İddiaçı1 hüquqları xx.xx.2023-cü il tarixdə, İddiaçı2 hüquqları isə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2013-cü il tarixdə tərtib olunmuş texniki pasportdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil 2 otaqlı olmaqla, mənzilin yaşayış sahəsi 25,27 kv.m, ümumi sahəsi isə 39,38 kv.m təşkil edir. Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin ümumi sahəsi 39,38 kv.m təşkil edir və həmin mənzil üzərində İddiaçı1 və İddiaçı2 hüquqları xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İmtina məktubundan görünür ki, iddiaçıların müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, şifahi tapşırığa əsasən yaşayış sahələrinin qeyri-yaşayış sahələrinə (və ya əksinə) keçirilməsi ilə əlaqədar qərar qəbul edilməsi dayandırıldığından, hal-hazırda mənzillərin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Sərəncam verilməsi mümkün deyil. Qeyd olunmalıdır ki, Mənzil Məcəlləsinin: 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); [9] 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli Fərmanın 1.2-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, dövlət mühafizəsində olan daşınmaz tarixi və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 4.9.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətindədir. Sadalanmış qanunvericiliyin və normativ hüquqi aktların tələblərindən göründüyü kimi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətindədir. Nəzərə alınmalıdır ki, bu növ qərar qəbul edilərkən hüquqi qiymətləndirilmənin aparılması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları əsasında həyata keçirilir. Məcəllənin İİİ fəslində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri, qaydası və imtina əsasları konkret olaraq göstərilmişdir. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmədən imtinanın konkret əsasları göstərilsə də, cavabdeh həmin imtina əsaslarına uyğun olmayan imtina dəlilləri ilə çıxış etməklə iddiaçıların müraciətinin təminindən əsassız olaraq imtina etməkdədir. Belə ki, imtina dəlili onunla bağlı olmuşdur ki, şifahi tapşırığa əsasən yaşayış sahələrinin qeyri-yaşayış sahələrinə keçirilməsi dayandırıldığından, iddiaçıların müraciəti təmin olunmamışdır. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi istər yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmə, istərsə də qeyri-yaşayış sahəsindən yaşayış sahəsinə keçirilmənin proseduru, keçirilmə əsasları, imtina əsasları konkret olaraq qanunvericiliklə müəyyən edilmişdir. Qanunvericilikdə həmin prosedurun qanunvericilikdə mövcud olmaması və ya bu prosesin şifahi tapşırığa əsasən dayandırılması deyilməsi, Mənzil Məcəlləsinin “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi” adlanan, özündə Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtina kimi ad verilən 20-22-ci maddənin həmin Məcəllədə sanki mövcud olmaması təzahürü yaradır. Halbuki göstərilən formada keçirilmənin əsasları, şərtləri, qaydası, imtina əsasları konkret olaraq sadalanmış, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan həmin məsələnin digər bir inzibati orqandan, eləcə də, Komitədən asılılığı müəyyən edilməmişdir. Buna baxmayaraq, cavabdeh iddia tələbinə münasibətdə təqdim etdiyi yazılı etirazda özünü səlahiyyətli hesab etməmiş və yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsini onun səlahiyyətləri xaricində olduğunu bildirmişdir. Nəzərə alınmalıdır ki, iddiaçıların tələbindən də göründüyü kimi iddiaçılar paylı mülkiyyətlərində olan mənzillərin, çıxarışda və texniki pasportda olan vəziyyətdə mənzildən qeyri-yaşayış sahəsinə keçirilməsini arzulayırlar ki, bu zaman hər hansı qurumdan razılığın alınması, ümumiyyətlə hər hansı şifahi tapşırığa əsasən bu prosedurun dayandırılması qanunvericilikdə nəzərdə tutulmamış, məhz adıçəkilən səlahiyyət yerli icra hakimiyyəti orqanının müstəsna səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan kimi bu səlahiyyətlərə malik olduğundan o, inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində qeyd olunmuşdur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati Prosessual Məcəlləsinin: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçıların arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə bu mövqeyidən irəli çıxaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtinanın təsdiqlənməsi üçün inzibati orqan imtinanın əsasında duran halın hüquqi əsasını sübuta yetirməli, əks halda həmin əsasın mövcudluğundan söhbət gedə bilməz. Cavabdeh inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda inzibati orqan iddiaçıların müraciəti üzrə tam və hərtərəfli inzibati icraat aparmamış, icraatda iddiaçıların təqdim etdiyi xüsusatlara qiymət verilməsi üçün heç bir təşəbbüskarlıq göstərməmiş və yetərli sübutlar toplamamışdır. Cavabdeh sadecə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin şifahi tapşırıq əsasında dayandırıldığını istinad edərək iddiaçıların müraciətinin təmin edilməsindən imtina etməklə, o, İnzibati icraat haqqında Qanunun tələblərinə riayət etmədiyini və nəticə etibarı ilə inzibati orqan kimi üzərinə düşən araşdırmanı aparmadığını göstərir. Eyni zamanda o da nəzərə alınmalıdır ki, cavabdeh məhkəmə icraatı zamanıda yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsində hər hansı maneə olduğunu təsdiq edən dəlil təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, AR İPM-nin 14-cü maddəsinə uyğun olaraq hazırkı iddianın təminini konkret istisna edən halların müəyyən edilməsi cavabdehin üzərinə düşdüyündən və cavabdeh konkret olaraq müraciətin təminini istisna edən halları sübuta yetirə bilmədiyindən, hazırki iddia təmin olunmalıdır. İnzibati Prosessual Məcəlləsinin: 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçıların paylı mülkiyyətində olan ünvan 1 ünvanında və ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qərar qəbul edilməsi vəzifəsi Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-6996/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6996/2024
27.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver