Məhkəmə qərarları › İş №2-1(112)-6998/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6998/2022

04.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6998/2022 04.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib oğlunun sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisasıhüquqşünas, Femida vəkil bürosunda vəkil işləyir) oğlunun, cavabdehin nümayəndəsi X1 (İsmayıllı rayonunda qeydiyyatdadır, ixtisası-hüquqşünas, hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi barədə iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə “iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarışla Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 73.30 kv.m olan otaq fərdi yaşayış evi iddiaçının mülkiyyətinə verilmişdir. Həmin qurum tərəfindən tərtib edilmiş texniki pasporta əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin həcmi 0,1781 ha kimi qeyd olunmuşdur. Lakin faktiki olaraq torpaq sahəsinin həcmi 0,05 hektardır. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 150 nömrəli sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Siyavuş Məhərrəmov küçəsi, ev 1, 2 saylı mənzilin təsdiq edilmiş layihə əsasında yenidən qurulmasına razılıq verilmiş, mənzilin yenidən qurma layihəsi təsdiq edilmişdir. Lakin layihədə nəzərdə tutulduğundan daha kiçik həcmdə ev inşa edilmişdir. Buna səbəb layihədə göstərilən evin tikintisi zamanı həyətyanı sahədə bəzi çatışmamazlıqların ortaya çıxacaq olmasıdır. İddiaçı həmin vaxtdan bu günədək sözügedən torpaq sahəsi və orada olan tikilidən fasiləsiz olaraq istifadə edir. İddiaçı həmin ərazidə müəyyən abadlıq işləri görmüşdür. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evi və onun ətrafında, qanuni istifadəsində olan 0,05 ha həyətyanı sahə üzərində yaranmış hüquqların dövlət reyestrindən qeydiyyatının aparılması ilə əlaqədar müvafiq sənədləri toplayıb cavabdehə müraciət etmişdir. Cavabdeh imtina edərək bildirmişdir ki, ünvana texniki baxış keçirilən zaman daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş mənzilin söküldüyü və yerində iki mərtəbəli fərdi yaşayış evinin inşa oldunduğu aşkar olunmuşdur. Həmçinin fərdi yaşayış evinə dair təqdim edilən layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər də təqdim edilməmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Siyavuş Məhərrəmov küçəsi, 1 saylı evin 2 saylı mənzilinin məhv olması barədə maraqlı şəxs – iddiaçı, nə də cavabdeh qeydiyyatın ləğvini tələb etməmişdir. Bu səbəbdən cavabdehin imtina məktubunda gətirdiyi əsas iddiaçının xeyrinə şərh olunmalıdır. Bundan əlavə fərdi yaşayış evinə dair təqdim edilən layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluğun mövcud olmaması məsələsinə görə iddiaçı qeyd edir ki, layihə şəhərsalma və tikinti normalarına uyğun qaydada və əvvəlki ölçülərdən daha kiçik həcmdə, ölçülərdə tərtib edilmişdir. Bu xüsusat da qeydiyyatın aparılmasından imtina üçün əsas ola bilməz. Həmçinin cavabdeh imtinasında fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsini göstərsə də, tələb olunan sənədlər - Sabunçu rayon icra hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli sərəncamı, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarış və texniki pasport cavabdeh orqana təqdim edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən sözügedən sənədlər DƏDRX 1 saylı Ərazi İdarəsinin arxivində mövcuddur. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, qeydiyyatdan keçmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Siyavuş Məhərrəmov küçəsi, 1 saylı evin 2 nömrəli mənzilin söküldüyü və yerində 2 mərtəbəli fərdi yaşayış evinin inşa olunduğu aşkar olunmuşdur. Həmçinin fərdi yaşayış evinə dair təqdim edilən layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Bundan başqa, iddiaçı tərəfindən mənzilin fərdi yaşayış evinə keçirilməsi və yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq hüquqmüəyyənedici sənədlər və dövlət reyestrində qeydiyyatdan keçmiş mənzilin sökülüb məhv edilməsi ilə bağlı ərizə təqdim edilməmişdir. Məlumat üçün bildirilir ki, iddiaçı tərəfindən göstərilən fərdi yaşayış evinin faktiki ölçüsü 330.4 kv.m təşkil edir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina məktubunu almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 73.30 kv.m olan mənzil xüsusi mülkiyyət növündə İddiaçı adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, 04/20158 inventar nömrəli texniki pasportuna əsasən, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən torpağın sənəd üzrə sahəsi 0.7187 ha, faktiki sahəsi 0.1781 ha, tikinti altı sahəsi də 0.1781 hektardır. Mənzilin otaqlarının sayı iki, ümumi sahəsi 73.3 kv.m, yaşayış sahəsi 32.9 kv.metrdir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 150 nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Siyavuş Məhərrəmov küçəsində yerləşən 1 saylı evin 2 saylı mənzilinin təsdiq edilmiş layihə əsasında yenidən qurulmasına razılıq verilmiş, mənzilin yenidən qurma layihəsi təsdiq edilmişdir. AN-İ ******* nömrəli 30 may 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı qismində X4, alıcı qismində İddiaçı olmaqla, satıcı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Siyavuş Məhərrəmov küçəsində yerləşən, ümumi sahəsi 69.41 kv.m olan 1 saylı evin 2 saylı mənzilini alıcıya satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubuna əsasən, texniki baxış keçirilən zaman daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş mənzilin söküldüyü və yerində 2 mərtəbəli fərdi yaşayış evinin inşa olunduğu aşkar olunmuşdur. Həmçinin fərdi yaşayış evinə dair təqdim edilən layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Eyni zamanda, fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər və dövlət reyestrində qeydiyyatdan keçmiş mənzilin sökülüb məhv edilməsi ilə bağlı ərizə təqdim edilməmişdir. İddiaçı əlavə sübut qismində Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş(razılaşdırılmış) “X7” MMC-nin tərtib etdiyi xx.xx.2020-ci il tarixli Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Siyavuş Məhərrəmov küçəsində yerləşən ona məxsus olan 2 mərtəbəli yaşayış evinin eskiz layihəsinin Memarlıq razılaşdırma həllini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azəbaycan Respublikaslının Konstitusiyasının 29-cu maddəsinin üçüncü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; Mülki Məcəllənin 150.1-ci maddəsində daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxsin məhkəmə qaydasında qeydiyatın ləğvini tələb etmək hüququ nəzərdə tutulmuşdur. İşin faktiki hallarına əsasən iddiаçı hazırda yaşadığı fərdi yaşayış evini daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında mənzil kimi X2 əvəzini ödəməklə əldə etmiş və buna dair dövlət reyestrindən çıxarış verilmişdir. Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 150 nömrəli sərəncamı ilə sözügedən mənzilin təsdiq edilmiş layihə əsasında yenidən qurulmasına razılıq verilərək mənzil sökülmüş və yerinə iki mərtəbəli yaşayış evi inşa olunmuşdur. Həmin layihə şəhərsalma və tikinti normalarına uyğun olaraq tərtib edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir; Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Azərbaycan Respublikasinin Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20-ci maddəsinə əsasən tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikintiquraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsi; 3.0.27-ci maddəsinə əsasən tikinti layihəsi – şəhərsalma və tikinti normativ sənədləri ilə müəyyən edilmiş və konkret obyektin tikintisi (inşası, təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı hazırlanmış texniki sənədlər toplusudur. Məhkəmə cavabdehin iddiaçıya ünvanladığı məktubunda və iddiaya dair etirazında qeyd edilən əsasla imtinasını əsassız hesab edir. Belə ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş sənədlərə (notarial qaydada təsdiq olunmuş müqavilə, icra hakimiyyətinin sərəncamı, tikinti layihə) malikdir, həmin sənədlərin mötəbərsizliyini təsdiq edən hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdehin imtinasında istinad etdiyi hüquqmüəyyənedici sənədlərin olmamasına dair xüsusatına nəzərən məhkəmə qeyd edir ki, həmin sənədlər cavabdehə təqdim edilmişdir, cavabdeh istinad etdiyi uyğunsuzluğun konkret nədən ibarət olmasını nə etirazında, nə də imtina məktublarında göstərməmişdir, bundan başqa mənzilin məhv olması nəticəsində sahənin ölçüsündə yaranan dəyişikliyə görə cavabdeh tərəfindən qeydiyyatın ləğvi tələb edilməmişdir, odur ki, məhkəmə cavabdehin imtinasında və etirazında göstərilənləri tamamilə əsassız hesab edir. Eyni zamanda tikilinin (fərdi yaşayış evinin) iddiaçının istifadəsində olması, tikilinin təsdiq olunmuş layihə əsasında yenidən qurulmasına razılıq verilməsi, layihəsinin eskiz həllinin müvafiq dövlət orqanları ilə razılaşdırılması, tikinti-quraşdırma işlərinin aparılması iddiaçının ərizəsində göstərilən fərdi yaşayış evinin iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur:10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;...” İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi əsaslı olduğu üçün Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar