Məhkəmə qərarları › İş №2-1(112)-6999/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6999/2022

03.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6999/2022 03.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mənzilə elektrik enerjisinin çəkilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşadığı mənzilə elektrik enerjisi çəkilməsi ilə əlaqədar cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvan 1 ünvanına elektrik enerjisinin çəkilməsi ilə bağlı öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2022ci il tarixli, 2-1(112)-6999/2022 nömrəli qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında yaşayır. Yaşadığı mənzilin elektrik təchizatına ehtiyac var. Bununla əlaqədar "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixində rəsmi müraciət etmişdir. "xxxx" ASC-nin əməkdaşı gəlmiş, əraziyə baxış keçirmiş və sonra imtina gəlmişdir. İmtina səbəbi kimi evinin 7 metrliyindən keçən yüksək gərginlikli elektrik enerji xəttinin olduğu bildirilib. Ancaq onun yaşadığı ünvanda bütün mənzillər elektirik enerjisi ilə təmin olunub, necə ola bilər ki, həmin ərazidə yerləşən yüzlərlə evlərə elektrik enerjisi verilib və işıq sayğacı qoyulub, ancaq ona imtina gəlir, əgər olmazsa, heç kimə olmaz. Baxış keçirilsə, görünər ki, həmin elektirik xəttinin altında 1 kvm. belə boş yer qalmayıb, xəttin altı boyunca evlər tikilib. O, cavabdehdən imtina aldıqdan sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələləri Tənzimləmə Agentliyi Bakı Filialına ərizə ilə müraciət etmişdir. Həmin qurumdan gəlib baxış keçirtdilər və dedilər ki, əgər hamıya icazə verilibsə, necə ola bilər ki tək ona icazə olmasın. Ona da elektrik enerjisi verilib işıq sayğacı qoyulmalıdır və onlar ona məhkəməyə müraciət etməyini bildirdilər. Evinin yerləşdiyi sxemin surətini təqdim etmişdir, həmin sxemdə elektrik xətti onun mənzilinin arxasından keçir və sxemdən də açıq aydın görünür ki, həmin ərazidə yüzlərlə ev var. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 66 saylı MKİS-İ tərəfindən iddiaçıya “ASAN Kommunal”-a təqdim edilmək üçün verilmiş xx.xx.2022-ci il tarixli, 244 №-li arayışdan görünür ki, xx.xx.1988-ci il tarixində doğulan İddiaçı həqiqətən ünvan 3 ünvanında yerləşən özbaşına tikilidə qeydiyyatsız, özünə məxsus evdə yaşayır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubun surətindən görünür ki, "xxxx" ASC-yə daxil olmuş xx-xx-2022-ci il tarixli, ATS**********1158 saylı müraciəti əsasında ünvana baxış keçirilən zaman məlum olmuşdur ki, Xətai rayonu, NZS qəsəbəsi, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi 35 kV-luq xəttin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiqlənmiş "Gərginliyi 1000 Voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalan"nın 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Bu qaydaların 12-ci bəndinə uyğun olaraq mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağandır. Bu səbəbdən də ünvanda göstərilən fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması mümkün deyil. Əlavə olaraq bildirilmişdir ki, 160-İİQ nömrəli, 29 iyun 2001-ci il tarixli "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 6.4 bəndinin tələblərinə uyğun olaraq elektrik xətlərinin mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədi ilə zəruri tikililərin inşası üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. - Azərbaycan Respublikasının Energetika Nazirliyi X2 Agentliyi Bakı filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, AERA-20-694/2 nömrəli məktubun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə (ETŞ) qoşulması ilə bağlı yaranmış problemlər barədə X2 Agentliyinə (bundan sonra - Agentlik) daxil olmuş müraciət Agentliyin Bakı filialında araşdırılmışdır. Bununla əlaqədar Agentliyin Bakı filialının müfəttişləri tərəfindən xx.xx.2022-ci il tarixində göstərilən ünvana baxış keçirilərək müvafiq akt tərtib edilmişdir. Ona məxsus fərdi yaşayış evinin ETŞ-yə qoşulması üçün xx.xx.2022-ci il tarixində ATS**********1158 nömrəli ərizə ilə "ASAN Kommunal” mərkəzinə müraciət etmiş, lakin evin yüksəkgərginlikli hava elektrik veriliş xəttinin (HEVX) mühafizə zonasında yerləşməsi əsas gətirilərək həmin evin ETŞ-yə qoşulmasının mümkün olmadığı bildirilərək müraciətinə imtina verilmişdir. Baxış zamanı ona məxsus fərdi yaşayış evi ilə ərazidən keçən və "xxxx" ASC-nin balansında olan 35 kVluq 3 saylı yüksəkgərginlikli HEVX arasındakı məsafənin təxminən 5 m olduğu müəyyən edilmişdir. Lakin sözügedən ərazidə və qonşuluqda yerləşən digər fərdi yaşayış evlərinin 35 kV-luq HEVX-nin mühafizə zonasında yerləşməsinə baxmayaraq elektrik enerjisi ilə təmin edildiyi aşkar olunmuşdur. Ərazidə enerjitəchizatı müəssisəsi tərəfindən 0,4 kV-luq şəbəkə qurulub və istismar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın (bundan sonra - Qaydalar) 5-ci bəndinə əsasən 35 kV-dək hava elektrik veriliş xətlərinin mühafizə zonası hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində 15 metrdir. Qaydaların 2ci bəndinə əsasən elektrik şəbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları tərəfindən həyata keçirilir. Bu Qaydaların 12-ci bəndinə əsasən isə elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağandır. Lakin Qaydalarda elektrik şəbəkələrinin mühafizə zonalarında yerləşən tikinti obyektlərinin elektrik enerjisi təchizatına dair məhdudiyyətlər qoyulmamışdır. Bu səbəbdən də şikayətçinin fərdi yaşayış evinin elektrik şəbəkəsinin mühafizə zonasında yerləşməsi onun enerji təchizatı şəbəkəsinə qoşulmasından imtina olunmasına əsas ola bilməz. Həmçinin bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.5.14.7-ci yarımbəndinə əsasən gərginliyi 35 kV olan hava xəttinin kənar naqillərinin, onların ən böyük meyllənməsi zamanı istehsalat, anbar, inzibati-məişət və ictimai binaların və tikililərin ən yaxın hissələrinə kimi üfüqi məsafə 4 metrdən az olmamalıdır. Yuxarıda qeyd olunanları, həmçinin onun uzun müddət ərzində həmin ünvanda yaşadığını və ərazidə mövcud 0,4 kV-luq şəbəkənin olduğunu nəzərə alaraq fərdi yaşayış evinin ETŞ-yə qoşulması məsələsinə yenidən baxılması üçün Agentlik göndərilmiş sorğuya cavab olaraq “Azərişıq" ASC-nin 01/11/992 nömrəli xx.xx.2022-ci il tarixli məktubunda ona məxsus fərdi yaşayış evinin 35 kV-luq yüksəkgərginlikli HEVX-nin mühafizə zonasında yerləşdiyi əsas gətirilərək ETŞ-yə qoşulmasının mümkün olmadığı bildirilmişdir. Məlumat üçün bildirilmişdir ki, sözügedən mübahisəli məsələ ilə əlaqədar enerji təchizatı müəssisəsinə qarşı iddia tələbi ilə bilavasitə məhkəməyə müraciət etmək hüququ vardır. - Azərbaycan Respublikasının Energetika Nazirliyi X2 Agentliyi Bakı filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, AERA-20-1426/22 nömrəli məktubdan görünür ki, vətəndaş İddiaçı ona məxsus fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə (ETŞ) qoşulması üçün xx.xx.2022-ci il tarixində ATS**********1158 nömrəli ərizə ilə “ASAN Kommunal” mərkəzinə müraciət etmiş, lakin evin yüksək gərginlikli hava elektrik veriliş xəttinin (HEVX) mühafizə zonasında yerləşməsi əsas gətirilərək enerji təchizatı müəssisəsi tərəfindən həmin evin ETŞ-yə qoşulmasının mümkün olmadığı bildirilərək müraciətinə imtina verilmişdir. Məlumat üçün bildirilir ki, vətəndaş İddiaçı ona məxsus fərdi yaşayış evinin ETŞ-yə qoşulması ilə bağlı Agentliyə etdiyi xx.xx.2022-ci il tarixli müraciətilə əlaqədar tərəflərindən yerində baxış keçirilmiş və evin elektrik enerjisi ilə təmin olunmaması müəyyən edilərək bu barədə müvafiq akt tərtib edilmişdir. Baxış zamanı şikayətçiyə məxsus fərdi yaşayış evi ilə ərazidən keçən və "xxxx" ASC-nin balansında olan 35 kV-luq 3 saylı yüksəkgərginlikli HEVX arasındakı məsafənin təxminən 5 metr olduğu müəyyən edilmişdir. Lakin sözügedən ərazidə və qonşuluqda yerləşən digər fərdi yaşayış evlərinin 35 kV-luq HEVX-nin mühafizə zonasında yerləşməsinə baxmayaraq elektrik enerjisi ilə təmin edildiyi aşkar olunmuşdur. Ərazidə enerjitəchizatı müəssisəsi tərəfindən 0,4 kV-luq şəbəkə qurulub və istismar olunur. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 02-05-915 №-li məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli Qərarı ilə “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul 326 nömrəli Qərarı ilə “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası" və 24 iyul 2018-ci il tarixli 327 nömrəli Qərarı ilə “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulma haqqının məbləği”; Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt-da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizat şəbəkəsinə qoşulması Qaydası” və buna əsasən "Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 27 aprel 2018-ci il tarixli 180 nömrəli Qərarı ilə tələblər müəyyən edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli, 234 nömrəli Qərarına əsasən tələb edilən gücü 800 kVt-dan çox olan istehlakçıların şəbəkəyə qoşulması üçün texniki şərtlər X1 ("Azərenerji” ASC), 800 kVt-dan aşağı güclər üçün Təchizatçı Müəssisə (“Azərişıq" ASC) tərəfindən verilir. Eləcə də bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli 1045 nömrəli Sərəncamına əsasən "xxxx" ASC-nin Respublika ərazisində istehlakçıların elektrik enerjisi ilə təmin edilməsi fəaliyyəti “Azərişıq " ASC-yə ötürüldüyü üçün istehlakçıların elektrik enerjisi ilə təchizatına aid əmlak və digər avadanlıqlar 2015-ci ilin aprel ayından "xxxx" ASC-yə təhvil verilmişdir. Məhkəmə iddiaçının izahatı dinləyib, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ünvan 2 ünvanındakı özbaşına tikilidə yaşayır. İddiaçı yaşadığı ev "xxxx" ASC-nin balansında olan 35 kV-luq 3 saylı yüksəkgərginlikli HEVX-nin təxminən 5 metr məsafədə yerləşir. Ərazidə enerjitəchizatı müəssisəsi tərəfindən 0,4 kV-luq şəbəkə qurulub və istismar olunur. İddiaçı fərdi yaşayış evinin elektirk enerjisi ilə təmin edilməsi barədə müraciəti cavabdeh inzibati orqan tərəfindən fərdi yaşayış evinin 35 kV-luq xəttin mühafizə zonasında yerləşməsi, mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisinin, quraşdırılmasının, təmirinin, yenidən qurulmasının və sökülməsinin qadağan olması əsas gətirilərək təmin edilməmişdir. İddiaçı fərdi yaşayış evinə dair qanunvericiliklə müəyyən edilmiş hüquqmüəyyənedici sənədləri cavabdehə, eyni zamanda məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: - 1.6-cı bəndinə əsasən X1nin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, istehlakçının yeni və ya yenidən quraşdırılmış elektrik qurğularının şəbəkəyə qoşulması, istifadə olunmasına icazə verilmiş gücün artırılması, enerjitəchizatı sxeminin dəyişdirilməsi bu Qaydalara uyğun olaraq, elektrik qurğularının şəbəkəyə qoşulmasına dair verilən texniki şərtlərə və Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X2 Agentliyinin (bundan sonra - X2 Agentliyi) istismara buraxılış aktına əsasən həyata keçirilir - 7.1-ci bəndinə əsasən X1 ilə enerjitəchizatı müəssisəsi arasında, X1lə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. - 7.2-ci bəndinə əsasən X1nin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. - 7.3-cü bəndinə əsasən hesablaşma uçot cihazları, o cümlədən aktiv və reaktiv enerji, aktiv və reaktiv güc elektrik sayğacları, həmçinin cəmləşdirici qurğular və avtomatlaşdırılmış uçot sistemləri “Elektrik qurğularının quraşdırılması qaydaları”na uyğun quraşdırılmalı və standartların tələblərinə cavab verməlidir. - 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş «Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası»nın: - 1.1-ci bəndinə əsasən bu Qayda “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1857 nömrəli Fərmanının 2.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və məişət abonentlərinin (sifarişçilərin) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin (bundan sonra – tikinti obyekti) elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması üzrə proseduru və tələbləri müəyyən edir. - 1.2.1-ci bəndinə əsasən texniki şərtlər – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektinin enerji təchizatı şəbəkəsinə (bundan sonra – ETŞ) qoşulması ilə əlaqədar layihə sənədlərinin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir. - 1.2.3-cü bəndinə əsasən sifarişçi – ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edən məişət abonentidir. - 1.2.4-cü bəndinə əsasən məişət abonenti – yaşayış evlərində, həmçinin qarajlarda məişət ehtiyacları üçün elektrik enerjisindən istifadə etməsi nəzərdə tutulan istehlakçıdır. - 1.2.6-cı bəndinə əsasən mövcud 0,4 kV-luq şəbəkə – tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazidən 400 metrdən çox olmayan məsafədə quraşdırılmış 0,4 kV-luq transformatorun mövcud olduğu elektrik şəbəkəsidir. - 2.3-cü bəndinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq, ETM-in nümayəndəsi sifarişçinin mərkəzlər vasitəsilə şəxsən təqdim etdiyi və ya elektron formada göndərdiyi ərizəsini və ona əlavə olunmuş sənədləri qəbul etməli və qeydiyyata almalıdır. - 2.4-cü bəndinə görə ərizədə aşağıdakı məlumatlar qeyd edilməlidir: 2.4.1. sifarişçinin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar, tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer); 2.4.2. sifarişçinin poçt və elektron ünvanı (elektron ünvanı olduqda); 2.4.3. tələb olunan elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri. - 2.5-ci bəndinə əsasən ərizəyə ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının: - 1-ci bəndinə əsasən elektrik şəbəkəsi - elektrik enerjisinin ötürülməsi və təchizatı üçün nəzərdə tutulmuş elektrik qurğularının məcmusudur. - 2-ci bəndinə əsasən bu Qaydaların məqsədi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin (bundan sonra — elektrik şəbəkələri) qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan, həmçinin elektrik şəbəkələrinin layihələşdirilməsini, tikintisini, istismarını, şəbəkənin mühafizə zonasında işlərin aparılmasını müəyyən etməkdən ibarətdir və tətbiqi məcburidir. Elektrik şəbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları tərəfindən həyata keçirilir. - 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. - 12-ci bəndinun a) yarımbəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 62-ci maddəsinə əsasən elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. - 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Yuxarıda göstərilmiş normativ hüquqi aktların tələblərindən görünür ki, tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün ərizəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş «Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası»nın 2.4cü və 2.5-ci bəndlərində səciyyələnmiş sənədləri təqdim etməlidir ki, bu sənədlərdən biri də sifarişçinin tikintiyə və ya torpaq sahəsi üzərində mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənəd təşkil edir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatının aparılması üçün qanunvericilik ilə tənzimlənən əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı ilə əhatə olunur ki, hazırki mübahisə üzrə iddiaçının elektrik enerjisi ilə təchiz edilməsini tələb etdiyi yaşayış sahəsinə və ya onun yerləşdiyi torpaq sahəsinə münasibətdə mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənəd təqdim edə bilməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, hətta Azərbaycan Respublikasının Energetika Nazirliyi X2 Agentliyi Bakı filialının həm iddiaçıya, həm də məhkəməyə ünvanladığı məktublar nəzərə alınsa belə iddiaçının iddia etdiyi fərdi yaşayış evinin 35 kvV-luq xəttinin mühafizə zolağında yerləşməsi iddianın təmin edilməsini istisna edir. Belə ki, həm torpaq münasibətlərini tənzimləyən qanunvericilik, həmçinin elektrik enerjisindən istifadə qaydaları və elektrik şəbəkələrinin mühafizəsi qaydalarını tənzimləyən normativ hüquqi aktların tələblərindən də göründüyü kimi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkəsinin mühafizə zonasında yerləşən torpaq sahələri yalnız kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin torpaq sahələrinin digər təyinat (hazırki mübahisə üzrə - yaşayış kimi) üzrə istifadəsinə yol verilmir. İşin qeyd olunan hallarına qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı tikiliyə və ya torpaq sahəsinə münasibətdə hüquqlarını təsdiq edən sənədlər olmadığından, həmçinin enerji ilə təmin edilməsi istənilən obyekt elektrik şəbəkəsinin mühafizə zonasında yerləşdiyindən cavabdeh inzibati orqanın iddiaçının iddia etdiyi yaşayış sahəsinin elektrik enerji ilə təchiz edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olduğundan və iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar