Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6999/2024 13.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın dayandırılması barədə qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 13 may 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.2014-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondu Qaradağ rayon şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 9.03.2021-ci il tarixli, **********2 nömrəli “Əmək pensiyasının dayandırılması haqqında” Qərarla iddiaçıya təyin edilmiş pensiya ödənişləri dayandırılmışdır. Cavabdeh iddiaçıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 15038,36 manat pensiya məbləğinin iddiaçının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8112/2021 nömrəli, 01 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1228/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8112/2021 nömrəli, 01 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1316/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1228/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “... qanunvericilik artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı şərtləndirir. Hazırkı iş üzrə isə belə razılığın olması müəyyən edilməmişdir. Həmçinin inzibati orqan tərəfindən cavavdehə pensiya təyin edilməsi 23 iyun 2014-cü il tarixli inzibati akt əsasında həyata keçirilmiş, həmin inzibati akt isə hazırda qüvvədə olmaqla, hər hansı qaydada mübahisələndirilməmiş və ya ləğvinə dair məhkəmə qərarı və ya digər inzibati akt qəbul edilməmişdir. Hazırkı iş üzrə müəyyən edilir ki, qanunsuz hesab edilən əlverişli inzibati aktın ləğvinə əsas olan “İnzibati icraat haqqında” Qanunun 67.6-cı naddəsində nəzərdə tutulan (rüşvt, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olma; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsi; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması məhkəmə araşdırmaları nəticəsində müəyyən edilməmiş və bu halları əsaslandıran hər hansı dəlil iddiaçı tərəfindən təqdim edilməmişdir. Birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibati icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman, həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. İddiaçı orqan tərəfindən cavabdehə təyin edilmiş pensiya ödənişinin dayandırılmasını zəruri edən əsas qismində yalnız onun müvafiq dövrdə işlədiyi peşənin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd edilməməsinə dair mülahizə xarakterli məlumat göstərilmişdir. Bu isə müvafiq əlverişli inzibati akt ləğv və ya etibarsız hesab edilmədən, onun icrasının dayandırılmasına və vətəndaşın xeyrinə ödənilmiş pensiya məbləğinin tələb edilməsinə əsas ola bilməz”. İddiaçı hazırkı tələblə xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “...tərəfinizdən sizə xx.xx.2014-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində artıq ödənilmiş pensiya məbləğinin qaytarılması tələbi ilə məhkəmədə iddia qaldırılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-8112/2021 nömrəli qərarı ilə iddiamız təmin edilməmişdir. Məhkəmə çəkişmələri nəticəsində həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1316/2022 nömrəli qərarı ilə qüvvədə saxlanılmışdır. Lakin sözügedən məhkəmə qərarı ilə sizə ödənilən əmək pensiyasının bərpa edilməsi ilə bağlı Mərkəzi Filialın üzərinə hər hansı öhdəlik qoyulmayıb”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə təyin edilmiş pensiyanın dayandırılması barədə xx.xx.2021-ci il tarixli **********2 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixdən DSMF-nin Qaradağ rayon şöbəsi tərəfindən ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Buna görə də xx.xx.2020-ci ilə kimi 15038,36 manat məbləğində pensiya almışdır. Həmin pensiya təyinatı xx.xx.2020-ci ildə dayandırılmışdır. Bu, onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şəriətlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın ümumi peşələr bölməsində (35) qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları nəzərdə tutulmuşdur. Araşdırma zamanı vaxtilə pensiya təyin edilərkən təqdim etdiyi AR Qaradağ Rayon Məhkəməsinin ona dair 04 aprel 2014-cü il tarixli 2(002)-773/2014 saylı qətnaməsində xx.xx.1973-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində “Füzuli şəhər kolxoz təmir tikinti idarəsində qaynaqçı işlədiyi” qeyd edilmişdir. Lakin işlədiyi qaynaqçı peşəsi yuxarıda qeyd olunan qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə uyğun deyildir. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq ona xx.xx.2014-cü il tarixdən DSMF-nin Qaradağ Rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin qənaətinə görə ona verilən pensiya qanunsuz olduğundan aldığı 15038,36 manat artıq pul vəsaitinin könüllü şəkildə qaytarılması barədə xx.xx.2021-ci il tarixdə ona müraciət edilmişdir. Qanunvericilik artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçının razılığı ilə şərtləndirilir. Lakin bu barədə onun razılığı olmamışdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh tərəfindən iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Mərkəzi Filial tərəfindən iddiaçıya xx.xx.2014xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində artıq ödənilmiş pensiya məbləğinin qaytarılması tələbi ilə məhkəmədə iddia qaldırılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1 (112)-8112/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə çəkişmələri nəticəsində həmin qərar Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(102)-1316/2022 nömrəli qərarı ilə qüvvədə saxlanılmışdır. Lakin sözügedən məhkəmə qərarı ilə cavabdehə ödənilən əmək pensiyasının bərpa edilməsi ilə bağlı Mərkəzi Filialın üzərinə hər hansı öhdəlik qoyulmayıb. Göründüyü kimi, Mərkəzi Filial tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Qeyd olunan normaların tələblərindən çıxış etdikdə müəyyən olunur ki, inzibati orqanlara qarşı kompensasiya ödənilməsinə dair iddialar o zaman inzibati məhkəmə icraatında baxıla bilər ki, vurulmuş ziyan inzibati orqanın bilavasitə inzibati hüquq sahəsindəki fəaliyyəti (qərar, hərəkət və ya hərəkətsizliyi) nəticəsində vurulmuş olsun və bununla bağlı yaranmış mübahisə inzibati hüquq mübahisəsi olsun. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən doğan mübahisə isə inzibati mübahisə deyildir. Eyni zamanda bildirilir ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə bağlı inzibati orqana rəsmi müraciəti olmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Belə ki, iş materiallarında həmin qərarın iddiaçıya hansı tarixdə təqdim edilməsinə dair sübut yoxdur. Eyni zamanda tərəflər arasında olan əvvəlki məhkəmə mübahisəsi üzrə iş materiallarında və məhkəmə qərarlarında cavabdehin pensiyanı dayandırılması barədə qərarının olması müəyyən edilmir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İlk növbədə qeyd etmək lazımdır ki, cavabdeh orqan iddiaçıya təyin edilmiş pensiya ödənişlərini 9.03.2021-ci il tarixdən dayandırmış, iddiaçıya 01 aprel 2014-30 noyabr 2020ci illər arasındakı dövr ərzində ümumilikdə ödənilmiş 15038,36 manat pulun pul məğləğinin ödənilməsi barədə məhkəmədə iddia qaldırsa da, cavabdehin iddiası təmin edilməmişdir. Həmin iş üzrə yekun məhkəmə qərarı Ali Məhkəmə tərəfindən 14 sentyabr 2022-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə cavabdehin iddia tələbi təmin edilməməklə, eyni zamanda cavabdehin iddiaçının əmək pensiyasının təyin edilməsi barədə qərarın ləğvinə əsas olan halların mövcud olması məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmədiyi və bu halları əsaslandıran hər hansı dəlilin hazırkı iş üzrə cavabdeh tərəfindən təqdim edilmədiyi təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1316/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “iddiaçı orqan tərəfindən cavabdehə təyin edilmiş pensiya ödənişinin dayandırılmasını zəruri edən əsas qismində yalnız onun müvafiq dövrdə işlədiyi peşənin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd edilməməsinə dair mülahizə xarakterli məlumat göstərilmişdir. Bu isə müvafiq əlverişli inzibati akt ləğv və ya etibarsız hesab edilmədən, onun icrasının dayandırılmasına və vətəndaşın xeyrinə ödənilmiş pensiya məbləğinin tələb edilməsinə əsas ola bilməz”. Cavabdeh orqan isə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında ifadə edilmiş hüquqi mövqeləri nəzərə almamış, iddiaçıya pensiya təyin edilməsi barədə qərar qüvvədə olduğu halda, həmin qərarını ləğv və ya etibrsız etmədən iddiaçıya verilməli olan pensiya ösənişlərini dayandırmışdır. Nə qədər ki, iddiaçıya pensiya təyin edilməsi barədə qərar ləğv edilməmiş və ya etibarasız hesab edilməmiş, cavabdeh iddiaçıya verilməli olan pensiya ödənişlərini verməlidir. Cavabdeh iddiaçıya vaxtı ilə pensiya təyinatının düzgün aparılmadığını iddia edirsə, inzibati icraat qaydalarına əməl edərək iddiaçının da iştirakını təmin etməli və inzibati icraatın yekununda iddiaçıya pensiya təyin edilməsi barədə qərarın qüvvədə saxlanılması və ya ləğv edilməsinə dair qərar qəbul etməlidir. Digər tərəfdən məhkəmə qeyd edir ki, cavabdehin mülahizəsinə görə sözügedən məhkəmə qərarı ilə iddiaçıya ödənilən əmək pensiyasının bərpa edilməsi ilə bağlı Mərkəzi Filialın üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisələndirilən qərarının qanuniliyinə məhkəmə aktları ilə qiymət verildiyindən cavabdeh iddiaçıya ödəmədiyi pensiya ödənişlərini bərpa etməli idi. Məhkəmə qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi məcburilik, preyudisiallıq, icraedilənlik, hüquqimüəyyənlik əlamətlərinə malikdir Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni quvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Onların icra olunmaması müvafiq məsuliyyətə səbəb olur. (“X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” 24 iyul 2003-cü il tarixli işi). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını nəzərə almamaqla bir tərəfdən Azərbaycan Dövləti adından çıxarılmış və qanuni qüvvəsini almış qərarların hüquqi qüvvəsinə saymamazlıq göstərməklə ədalət mühakiməsinin səmərəliliyinə xələl gətirir, digər tərəfdən isə vətəndaşın ən mühüm konstitusion hüquqlarından olan sosial təminat hüququnu məhdudlaşdırır. Həmçinin cavabdeh qanuni qüvvəsini almış məhkəmə qərarlarında ifadə edilmiş hüquqi mövqeyi və məhkəmə praktikasını nəzərə almamaqla məhkəmə mübahisələrinin əsassız çoxalmasına və vətəndaşın pozulmuş hüquqların bərpasının uzun müddət gözləmələrinə səbəb olur ki, bu da vətəndaşın ədalət mühakiməsinə və dövlət qurumlarına olan etimadını sarsıdır. Bundan başqa işin mahiyyəti ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh ididaçının pensiyasını dayandırması əsası kimi o hala istinad edir ki, iddiaçıya vaxtilə pensiya təyin edilərkən təqdim etdiyi Qaradağ Rayon Məhkəməsinin 04 aprel 2014-cü il tarixli 2(002)- 773/2014 saylı qətnaməsində xx.xx.1973-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində “Füzuli şəhər kolxoz təmir tikinti idarəsində qaynaqçı işlədiyi” qeyd edilmişdir. Lakin işlədiyi qaynaqçı peşəsi yuxarıda qeyd olunan qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə uyğun deyildir. Məhkəmə cavabehin bu arqumentinin əsassız hesab edərək qeyd edir ki, həm əl ilə qaynaq aparan elektrik qaynaqçıları, həmçinin qaz qaynaqçıları güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında təsbit edilmişdir. Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair məhkəmə qətnaməsində iddiaçının xx.xx.1973-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində “Füzuli şəhər kolxoz təmir tikinti idarəsində əl ilə qaynaq aparan qaynaqçı yoxsa, qaz qaynaqçısı olmasının göstərilməməsi ona vaxtı ilə pensiya təyinatının düzgün aparılmaması qənaətinə gəlməyə əsas vermir. Çünki qeyd edildiyi kimi qaynaçının hər iki növü güzəştli peşə kimi nəzərdə tutulmuşdur. Başqa növ qaynaqçı peşəsinin olması və bu peşənin güzəştli sayılmaması barədə cavabdehin formal və əsaslandırılmayan mülahizələri iddiaçının pensiya hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı: Kod 23200000; XXXİİİ (“Ümumi peşələr”) bölməsində 23200000-19906 şrifti altında əl ilə qaynaq aparan elektrik qaynaqçıları; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”: 35-ci bölmə - qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçıları; Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli **********2 saylı qərarı ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli **********2 saylı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-6999/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6999/2024
13.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver