Məhkəmə qərarları › İş №2-1(112)-70/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-70/2023

02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-70/2023 02.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Azərelektromaş” EİB-nin xx.xx.1990-cı il tarixli Bağçılıq Yoldaşlığının iclasının protokolundan çıxarışına əsasən iddiaçıya ayrılmış, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran-Ləhiş bağ massivi ünvanında yerləşən 5,96 ha torpaq sahəsindən ibarət olan 34 saylı bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərelektromaş” X1 Yoldaşlığı tərəfindən iddiaçıya, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran-Ləhiş bağ massivi ünvanında yerləşən 5,96 ha torpaq sahəsindən ibarət olan 34 saylı bağ sahəsi ayrılmışdır. Bu barədə “Azərelektromaş” EİB-nin Bağçılıq Yoldaşlığının iclasının protokolundan xx.xx.1990-cı il tarixli çıxarışı da mövcuddur (sözügedən çıxarışın surəti iddia ərizəsinə əlavə edilir). Ona ayrılmış sözügedən torpaq sahəsinin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin sözügedən qurumdan ona xx.xx.2020-ci il tarixli imtina məktubu verilmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-601/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Azərelektromaş” EİB-nin xx.xx.1990-cı il tarixli Bağçılıq Yoldaşlığının iclasının protokolundan çıxarışına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran-Ləhiş bağ massivi ünvanında yerləşən ölçüsü 0,05 ha olan 34 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 65/2023 saylı qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - cavabdehin inzibati orqan tərəfindən iddiaçının müraciətinə imtina edilməsi barədə “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” xx.xx.2020-ci il tarixli bildiriş məktubu; - 16.08.199-cı il tarixli 02 saylı “Azelektromaş” EİB -nin Bağçılıq Yoldaşlığının iclasının protokolundan çıxarışın surəti; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubu; - "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubu və məktuba əlavə edilmiş sənədlər; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubu; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubu; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubu;

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Hazırkı mübahisə mahiyyət etibarı ilə, iddiaçının adına verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran-Ləhiş bağ massivi ünvanında yerləşən olçüsü 0,05 ha olan 34 saylı bağ sahəsi üzərində hüququn dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırki tələb ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan tərəfindən xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildiriş məktubunda qeyd edilmişdir ki, sözügedən bağ sahəsi bir neçə bağ sahələri ilə birlikdə digər fiziki şəxslər tərəfindən hasarlanmış ümumi ərazinin daxilində yerləşdiyindən dəqiq yerini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. Məhkəmə cavabdeh orqanın yuxarıda göstərilən dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, məhkəmə İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran-Ləhiş bağ massivi ünvanında bağ sahəsinin ayrılması barədə “Azelektromaş” EİB-in Bağçılıq Yoldaşlığının iclasının xx.xx.1990-cı il tarixli, 2 saylı protokolundan çıxarışın verilməsinə əsas olmuş sənədlərin (protokolun, bağçılığın üzvlərinin siyahısının) təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsinə dair "xxxx" ASC-nin Həmkarlar Komitəsinə sorğu vermiş və məhkəmənin sorğusuna "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli müşayət məktubu ilə, tələb edilən sənədlərin (xx.xx.1989-cu ildə Sabunçu rayonu, Nardaran-Ləhiş bağ massivində torpaq sahəsinin ayrılması haqqında qərarın,xx.xx.1990-cı il tarixli 1 saylı protokoldan çıxarışın,xx.xx.1990-cı il tarixli 2 saylı protokoldan çıxarışın) təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq, cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli məktubda “Azərelektromaş” bağçılıq yoldaşlıq birliyinin üzvlük siyahısında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 33 nömrəli bağ sahəsinin Babaşova Tərgül Eyyub qızına, 35 nömrəli bağ sahəsinin X4 ayrılmasına dair məlumatın olduğu, lakin sözügedən bağ sahələrinə dair sənəd İdarənin arxivində aşkar edilmədiyi bildirilmişdir. Həmçinin qeyd edilmişdir ki, “Azərelektromaş’’ bağçılıq yoldaşlıq birliyi nəzdində ayrılmış bağ sahələrinin yerləşmə sxemi arxiv qovluğunda aşkar olunmamışdır. “Azərelektromaş” X2 Yoldaşlığının 102 üzvünə ayrılmış torpaq sahəsinə dair sxematik xəritənin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsinə dair xx.xx.2022-ci il tarixli 2-191120-180/2022-ci il tarixli məhkəmənin sorğusuna cavab olaraq, cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, “Azərelektromaş’’ bağçılıq yoldaşlıq birliyinə dair arxiv qovluğunda birliyin üzvlərinə ayrılmış torpaq sahəsinə dair sxematik xəritə (bölgü sxemi) aşkar edilməmişdir. Məhkəmə tərəfindən cavabdeh orqana xx.xx.2022-ci il tarixli sorğu məktubu ünvanlanmış və məktubda cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış mütəxəssis rəyində “Azərelektromaş” X1 Yoldaşlığının nəzdində olan “34” saylı bağ sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən bir neçə bağ sahəsi ilə birlikdə digər fiziki şəxs tərəfindən mişar daşı ilə hasara alınmış ümumi ərazinin daxilində yerləşdiyi qeyd edilmişdir. Rəydə qeyd edilən digər şəxs barədə məlumatı, həmçinin mişar daşı ilə hasara alınmış əraziyə dair hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surəti tələb edilmiş, məhkəmənin sorğusuna cavab olaraq cavabdeh orqan xx.xx.2022-ci il tarixli məktub ünvanlayaraq elektron baza məlumatlarına əsasən göstərilən hasar daxilindəki ərazinin kimin istifadəsində olması barədə məlumat aşkar edilmədiyindən məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Göründüyü kimi, mütəxəssis rəyində göstərilən torpaq sahəsi digər fiziki şəxsin hasara almış torpaq sahəsinin ərazisi daxilində yerləşdiyi qeyd olunur. Lakin cavabdeh mübahisəli torpaq sahələrinin digər fiziki şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsini sübut edəcək hər hansı mötəbər dəlil məhkəməyə təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.1990-cı il tarixli 02 saylı protokoldan çıxarışdan görünür ki, “Azərelektromaş” EİB-nin Bağçılıq yoldaşlığının sədri M.N.Mürsəlovun birliyin işçilərinə Bakı şəhəri X9 İcraiyyə Komitəsinin 21 iyul 1989-cu il tarixli 6/255 saylı qərarı ilə Nardaran-Ləiş kəndində, “Azərelektromaş’' bağçılıq yoldaşlığının 102 üzvünə 5.96 ha torpaq sahəsi ayrilmışdır. Protokolda “Azərelektromaş” EİB-nin Bağçılıq yoldaşlığının 102 nəfər üzvünə bağ sahəsi ayrılması ilə bağlı Bakı şəhəri X9 İcraiyyə Komitəsinin 21 iyul 1989 -cu il tarixli 6/255 saylı qərarına istinad edilmişdir. Həmin qərar və “Azərelektromaş” EİB-nin Bağçılıq yoldaşlığının 102 nəfər üzvünə bağçılıq və bostançılıq sahəsindən torpaq sahəsi ayrılmış işçilərin siyahısı əldə edilmişdir. Həmin siyahı üzrə 93 sira nömrəsi ilə qeyd edilmiş şəxs olan iddiaçıya 34 saylı bağ sahəsi ayrılmışdır. “Azərelektromaş” EİB-nin tərəfindən İddiaçı verilmiş xx.xx.1990-cı il tarixli üzvlük kitabçasının surətindən müəyyən olunur ki, bağçılıq yoldaşlığın üzvü olan iddiaçıya Nardaran-Ləiş qəsəbəsi ərazisində 34 saylı sahədə 0.05 ha torpaq sahəsi ayrılmışdır. Həmçinin, iş materiallarına əlavə edilmiş, “Azərelektromaş” EİB-nin Bağçılıq yoldaşlığı təsərrüfatının torpaq sahəsinin payçılar arasında bölüşdürmə sxemində 34 saylı bağ sahəsi mövcuddur. Belə ki, məhkəmə bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinə ayrılmış torpaq sahəsinə dair təqdim edilməli olan hüquqmüəyyəndici sənədlər barədə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Qeyd edilən Qanunun 8.0.7-ci maddəsinin məzmunundan görünür ki, üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildiyi halda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasına əsas ola bilər. İddiaçının üzvlük kitabçasının və üzvlərin iclasının protokolundan çıxarış kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildiyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçı qanuni əsaslarla ona ayrılmış 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etməkdə haqlıdır. Belə ki, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bağ sahəsi üzərində hüquqların yaranmasının əsaslarından biri hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və digər əsaslarla yaranır. - 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. - 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 12-ci maddəsinin birinci hissəsinə əsasən dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. - 12-ci maddəsinin ikinci hissəsinə əsasən dövlət torpaq kadastrı fondu müvafiq icra hakimiyyəti orqanının sərəncamında olur. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 176 saylı 4 avqust 1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinə görə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (əvvəlki Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) həyata keçirir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 12 mart 1999-cu il tarixli 113 nömrəli Azərbaycan Respublikası Fərmanının 2-ci bəndinə əsasən həmin Qanunun 5-ci maddəsinin beşinci hissəsində, 6-cı maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin ikinci hissəsində, 12-ci maddəsinin ikinci hissəsində, 15-ci maddəsinin ikinci hissəsində, 19-cu maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; - 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış belə əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, xx.xx.1990-cı il tarixli 02 saylı Protokoldan çıxarışdan surətindən müəyyən olunur ki, bağçılıq yoldaşlığın üzvü olan iddiaçıya (“Azərelektromaş” EİB-nin tərəfindən Nardaran-Ləiş qəsəbəsi ərazisində 34 saylı sahədə 0.05 ha torpaq sahəsi İddiaçı ayrılmasına dair xx.xx.1990-cı il tarixli X7 mövcuddur) Nardaran-Ləiş qəsəbəsi ərazisində 34 saylı sahə ayrılmışdır. Məhkəmə iş materaillarını araşdırıb hesab edir ki, iddiaçının tələbinin təmin edilməsi üçün hər hansı bir məhdudiyyət yoxdur. Cavabdeh orqanın imtinasında göstərdiyi dəlil məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı verilmiş, Azərelektromaş” EİB-nin xx.xx.1990-cı il tarixli Bağçılıq Yoldaşlığının iclasının protokolundan Çıxarışına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran-Ləhiş bağ massivi ünvanında yerləşən ölçüsü 0,05 ha olan 34 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı verilmiş, “Azərelektromaş” EİB-nin xx.xx.1990-cı il tarixli Bağçılıq Yoldaşlığının iclasının protokolundan çıxarışına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran-Ləhiş bağ massivi ünvanında yerləşən ölçüsü 0,05 ha olan 34 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar