Məhkəmə qərarları › İş №2-1(112)-7001/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7001/2022

08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7001/2022 08.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrlərin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2022-ci il tarixdə Cavabdehnə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun sərəncama çıxarılmasının qanunsuz sayılması, sərəncamdan çıxarılması (işdən azad olunması) barədə xx.xx.2021-ci il tarixli, **********066200 saylı əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi və ona xx.xx.2021-ci ildən başlayaraq əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun sərəncama çıxarılması barədə xx.xx.2020-ci il tarixli sərəncamın ləğv edilməsi, işdən azad olunması barədə xx.xx.2021-ci il tarixli **********066200 saylı əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi və ona xx.xx.2020-ci ildən başlayaraq əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, işəgötürən olan cavabdeh ilə onun arasında 10 yanvar 2011-ci ildə əmək müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci ildə ona məlumat vermişlər ki, Vergilər Nazirliyinin müvafiq əmri ilə və "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin 38-ci bəndinə uyğun olaraq təşkilat-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad olunaraq sərəncama götürülmüşdür. Dəfələrlə bu prosesin nə vaxt qurtaracağını öyrənmək istəmiş, lakin ona demək olar ki, heç bir məlumat verilməmişdir. Onun yazılı müraciətindən sonra Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli **********911400 saylı məktubla onun xx.xx.2021-ci ildə (bir il əvvəl) sərəncamdan çıxarılması barədə məlumat vermişlər. Həmin məktubda iddiaçıdan əmək kitabçasını götürməsi xahiş olunmuşdur. İddiaçını 1 (bir) il əvvəl işdən çıxarmışlar və bu barədə ona bir ildən sonra onun müraciətindən sonra məlumat vermiş, əmrdən çıxarışı ona təqdim etmişlər. Həmin əmrdən çıxarışdan görünür ki, iddiaçının işdən çıxarılması ilə əlaqədar **********066200 saylı əmr xx.xx.2021-ci ildə verilmişdir. Nə sərəncama çıxarılması barədə əmrdə, nə də sərəncamdan çıxarılmağı barədə əmrdə heç bir əsaslandırıcı fikir yoxdur. Cavabdehin məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazda bildirilmişdir ki, İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət idarəsinin 1-ci şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. Daha sonra Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********066200 nömrəli əmri ilə İddiaçı xx.xx.2021-ci il tarixdən Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. Hazırkı iddia ərizəsi ilə iddiaçı xx.xx.2021-ci il tarixli **********066200 nömrəli sərəncamdan çıxarılma barədə əmri mübahisələndirərək işə bərpa edilməsini xahiş etmişdir. Halbuki qeyd olunan xx.xx.2021-ci il tarixli əmrlə iddiaçı Dövlət Vergi Xidmətinin sərəncamından çıxarıldığından həmin əmrin ləğvi iddiaçının işə bərpa edilməsi ilə nəticələnə bilməz. Çünki iddiaçı ilə Dövlət Vergi Xidməti arasında əmək müqaviləsinə həmin əmrlə deyil, yuxarıda da qeyd olunanlardan göründüyü kimi xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmrlə xitam verilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli **********98100 nömrəli əmrin icrası ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə İddiaçı ilə təhvil-təslim işləri aparılmış və müvafiq akt əlavəsi ilə birlikdə iddiaçı tərəfindən imzalanmışdır. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktının əlavəsinə əsasən sabiq əməkdaş İddiaçı tərəfindən xidməti vəsiqə təhvil verilmiş və iddiaçı onun işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmrlə tanış edilmiş və əmrin bir nüsxəsi ona təqdim edilmişdir. Göründüyü kimi, İddiaçı ilə xx.xx.2020-ci il tarixdə təhvil-təslim işləri aparılmasına və məhz elə həmin tarixdə işdən azad edilməsi barədə əmrin ona təqdim edilməsinə baxmayaraq o, işə bərpa tələbi barədə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə, yəni iki ildən daha artıq müddət keçdikdən sonra müraciət etmişdir. Nəticədə, iddiaçı mübahisələndirilmə üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2021-ci il tarixli **********066200 nömrəli əmrə gəldikdə, həmin əmr sadəcə formal olaraq iddiaçının Dövlət Vergi Xidmətinin sərəncamından (ehtiyatından) çıxarılmasını nəzərdə tutur və bu əmrin ləğv edilməsi iddiaçının işə bərpa edilməsi anlamına gəlmir. xx.xx.2021-ci il tarixli **********066200 nömrəli əmrlə tanış olma məsələsinə gəldikdə isə **********682100 nömrəli xx.xx.2021-ci il tarixli məktubla şəxsin sərəncamdan çıxarılması və əmək kitabçasının götürülməli olması bildirilmişdir. Analoji məktub xx.xx.2021-ci il tarixli 025 nömrəli göndərilən poçt göndərişi ilə göndərilmişdir. Göründüyü kimi şəxs sərəncamdan çıxarıldığından da xəbərdar olmuşdur. Yuxarıda qeyd olunanlar İddiaçı iddiasının işə bərpa olunma hissəsində mümkün hesab edilməməsinə əsas verir. Məhkəmə iclasında iştirak edən cavabehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İddiaçı hazırda cavabdehin xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli əmrlərini mübahisələndirir ki, iddiaçının bu iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Çünki İPM-in: -2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri iləbağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; - 35.1-ci maddəsinə əsasən, həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında vəmüəyyən hərəkətləri etməkdən çəkinməyədair iddia mümkün sayılır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarı). Məhkəmə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən edir ki, İddiaçı tərəfindən mübahisələndirmə haqqında iddia üçün müəyyən olunan xüsusi mümkünlük şərtinə, yəni iddia qaldırmaq müddətinə əməl edilməmişdir. Belə ki, İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, İPM-nin 38-ci maddəsində inzibati aktın mübahisələndirilməsi üzrə müddətin axımının başlanması onun təqdim və ya elan olunduğu vaxtla müəyyən edilmişdir. Habelə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Beləliklə, inzibati qanunvericliklə müddətin axımının başlanğıc tarixi bilavasitə inzibati aktın təqdim və ya elan edilməsi tarixi ilə əlaqələndirilmişdir. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin: -1-ci bəndinə görə vergi orqanlarında xidmət - Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peşəkar fəaliyyətləri ilə həyata keçirilən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. -8-ci bəndinə əsasən vergi orqanlarına xidmətə qəbul «Dövlət qulluğu haqqında» Qanunla və bu Əsasnaməyə uyğun olaraq aparılır. -75-ci bəndinə görə vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: 1) öz təşəbbüsü ilə; 3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə; 4) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyasının qiyməti olduqda, əgər vəzifəli şəxsin vergi orqanlarında onun ixtisasına uyğun olan digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə, habelə sınağın nəticəsi qənaətedici olmadıqda; 5) xidməti intizamı bir dəfə kobud şəkildə pozduqda və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirilmədikdə; 6) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 7) Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq tərəflərin iradəsindən asılı olmayan hallarda; 8) Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulan digər hallarda. Bu maddənin 3-7-ci bəndlərində göstərilən əsaslara görə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi müvafiq icra hakimiyyəti orqanının təşəbbüsü ilə həyata keçirilir. -79-cu bəndinə əsasən vergi orqanlarında xidmətinə xitam verilməsi və ya başqa vəzifəyə keçirilməsi barədə qərarla razı olmayan vergi orqanının vəzifəli şəxsinin həmin qərardan müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət hüququ vardır. -80-ci bəndinə görə vergi orqanlarında vəzifəyə bərpa olunmaq üçün əsas müvafiq icra hakimiyyəti orqanının əmri və ya qüvvəyə minmiş məhkəmə qərarıdır. Sadalanan normalardan müəyyən olunur ki, vergi orqanlarında xidmətə xitam verilmənin əsaslarından biri də təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilmədir. İşdə olan “Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında” xx.xx.2020-ci il tarixli **********098100 saylı əmrin surətindən görünür ki, İddiaçı (vergi xidməti müşaviri) Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət idarəsinin 1-ci şöbəsinin dövlət vergi müfəttişi ilə bağlanmış əmək müqaviləsinə 29 yanvar 2020-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. İddiaçı hazırda ilkin olaraq bu əmri mübahisələndirir və həmin əmrin ona təqdim edilmədiyini bildirir. Məhkəmə qeyd edir ki, mübahisəli əmrin iddiaçıya təqdim edilmə tarixi müəyyən edilməsə də, işdə olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı bu aktı və əlavəsini imzalamaqla təsdiq etmişdir ki, Vergilər Nazirliyinin “Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında” xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmrin icrası ilə əlaqədar akta əlavə olunmuş siyahıda qeyd olunan sənədlər, inventar, avadanlıq və ofis ləvazimatı bu aktda sabiq əməkdaş kimi qeyd olunan şəxsdən təhvil alınmışdır.” Akı təhvil verən qismində iddiaçı və təhvil alan qismində vergi orqanının əməkdaşları imzalamışlar. Həmin aktda iddiaçı artıq “sabiq əməkdaş” kimi qeyd edilmişdir. Məhkəmə iclasında iddiaçı həmin aktın onun tərəfindən imzalanmadığını və təhviltəslim aparılmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının bu dəlili qəbul edilsə və onun işdən azad edilməsi barədə əmrin ona təqdim edilmədiyi güman olunsa belə, iddiaçının xx.xx.2020-ci il tarixli əmrdən həmin tarixdən etibarən xəbərsiz olması ağlabatan hesab olunmur. Çünki şəxsin tutduğu vəzifədən azad edilməsi onun artıq əmək funksiyalarını icra etməməsi, hər hansı bir xidməti fəaliyyəti həyata keçirməməsi, əmək haqqı almaması deməkdir. Belə bir şəraitdə isə şəxs əmri və ya əmək kitabçasını almasa belə, ən azından əmək funksiyasını icra etdiyi yerə getmir ki, bu da onun işdən azad edilməsindən xəbərsiz olmasının ağlabatan olmadığını deməyə əsas verir. Digər tərəfdən, işdən görünür ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə xx.xx.2020-ci il tarixli və xx.xx.2020-cim il tarixli teleqram göndərməklə onun əsassız olaraq işdən azad edilməsini bildirmiş, həmin teleqrama cavab olaraq cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli **********531400 nömrəli məktubda iddiaçının xx.xx.2020-ci il tarixdə işdən azad edildiyi göstərilmişdir. Həmçinin işdə olan iddiaçının Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, o cavabdehin heç bir səbəb göstərilmədən onu tutduğu vəzifədən kənarlaşdırmasından şikayət etmiş, həmin şikayət xx.xx.2020-ci il tarixdə baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə göndərilmişdir. İddiaçı Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə ünvanladığı xx.xx.2020-ci il tarixli teleqramda isə hazırda mübahisələndirdiyi əmrin tarixinə istinad etmiş, onun xx.xx.2020-ci il tarixdə heç bir səbəb və əsas olmadan Vergilər Nazirinin əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci bəndinə əsasən təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar sərəncama götürüldüyünü və işə bərpa olunmadığını bildirmişdir. Beləliklə, aydın olur ki, iddiaçının onun barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli əmrdən ən geci xx.xx.2020-ci il tarixdə məlumatı olmuş, cavabdeh isə müvafiq əmri ən geci xx.xx.2020-ci il tarixdə iddiaçıya elan etmişdir. Lakin iddiaçı məsələ ilə bağlı müxtəlif dövlət orqanlarına müraciət etsə də, xx.xx.2020-ci il tarixli əmrin ləğvi üçün yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, bununla da mübahisələndirmə haqqında iddia üzrə prosessual müddəti ötürmüş, bu zaman müddətin ötürülməsinin onun təqsiri ucbatından baş verməməsini təsdiq edən hər hansı bir ağlabatan hala istinad etməmişdir. İPM-in 24-cü maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir (maddə 24.1). Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır (maddə 24.2). Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir (maddə 23.3). Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (maddə 24.4). İstinad olunan normalardan görünür ki, qanunverici prosessual müddətin ötürülməsindən 1 il keçdikdən sonra ötürülmüş müddətin bərpası imkanını belə istisna edir, bir şərtlə ki, müddətin ötürülməsi təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasın, hansı ki, hazırkı işdə belə bir halın olması müəyyən edilmir. İddiaçının ikinci tələbi onun sərəncamdan çıxarılması haqqında xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsidir. Belə ki, işdə olan sərəncamdan çıxarılma haqqında əmrdən görünür ki, Vergilər Nazirinin **********098100 saylı 29 yanvar 2020-ci il tarixli əmri ilə Vergilər Nazirliyinin sərəncamın götürülmüş İddiaçı 29 yanvar 2021-ci il tarixdən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamından çıxarımışdır. Məhkəmə hesab edir ki, iddiaçı bu əmrin mübahisələndirilməsi üçün müəyyən edilmiş müddəti də ötürmüşdür. Çünki iddiaçı Azərbaycan Respublikasının Birinci vitseprezidentinə ünvanladığı xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müraciətlərində onun xx.xx.2020-ci il tarixdə işdən azad edilməsinin qanunsuz olduğunu, həmçinin onun işə bərpa olunmaq əvəzinə xx.xx.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinin sərəncamından çıxarıldığını bildirmiş, bununla artıq sərəncamdan çıxarılma haqqında əmrdən məlumatlı olduğunu bəyan etmişdir. Həmçinin iş materiallarında olan Dövlət Vergi Xidməti tərəfindən İddiaçı ünvanlanan xx.xx.2022-ci il tarixli **********682100 nömrəli məktubda göstərimişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə vergilər nazirinin müvafiq əmri ilə və "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin 38-ci bəndinə uyğun olaraq təşkilat-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad olunaraq sərəncama götürülmüş, xx.xx.2021-ci il tarixdən sərəncamdan çıxarılmışdır. Məktubda iddiaçıya məxsus əmək kitabçasını Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsindən götürməsi yaxud poçt vasitəsilə göndərilməsinə rəsmi razılıq verməsi xahiş olunmuşdur. Həmin məktub xx.xx.2021-ci il tarixdə iddiaçıya göndərilmişdir. İddiaçı isə onun sərəncamdan çıxarılması haqqında həmin əmrin mübahisələndirməsi üçün xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə yuxarıda istinad olunan normaların tələblərinə əsasən mübahisələndirmə üçün prosessual müddəti, habelə buraxılmış müddətin bərpası üçün ərizə verilməsi imkanını nəzərədə tutan 1 illik müddəti ötürmüşdür. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ilk iki tələbi mübahisələndirmə haqqında iddia üçün tələb olunan mümkünlük şərtinə cavab vermədiyindən mümkün sayılmamalıdır. İddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və ona xx.xx.2020-ci ildən başlayaraq əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbinə gəldikdə, həmin tələb birinci tələbin müsbət həllindən asılıdır və ilkin tələb mümkün olmadığı halda həmin tələbin də mümkünlüyü istisnadır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar