Məhkəmə qərarları › İş №2-1(112)-7004/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7004/2023

03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7004/2023 03.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qanundan çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əlillərin “əmək zəmanətinin" müəyyən edilməsinin hansı xəstəlik diaqnozları və hansı qanunvericilik aktı ilə tənzimlənməsi haqqında qanundan (bütün xəstəlik diaqnozu qeyd edilməklə) çıxarış edilərək ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

3. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2021 saylı qanuni qüvvəsini almış qərarını, tibb müəssisəsisinin 0280003AAFMA göndərişini nəzərə alaraq Diaqnoz qrafasında “Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçirilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli təzahür edən psixotik hallar. Postravmatik ensefalopatiya İİ mərhələ, 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ50-İ50.9), 2.4.4. emosional- iradi pozuntular (F48- F48.9) qeyd edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı xx.xx.2023-cü il tarixdə isə yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əlillərin “əmək zəmanətinin” müəyyən edilməsinin hansı xəstəlik diaqnozları, hansı qanunvericilik aktı ilə tənzimlənməsi haqqında qanundan (bütün xəstəlik diaqnozu qeyd edilməklə) çıxarış edilərək təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda poçt vasitəsilə göndərdiyi axırıncı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin nəzərə alınmasını xahiş etmişdir.

5. İddiaçının iddianın dəyişdirilməsi barədə sonuncu ərizəsi ilkin iddia tələbi ilə eyni olduğundan məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının ilkin tələbinə baxılaraq qiymət verilməlidir. İİ Tərəflərin əsaslandırması

6. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 2008-ci ildən bu günədək eyni xəstəliyə malikdir. Eyni diaqnozla və səhhətində olan digər xəstəliklərlə bağlı bir çox vaxtlarda, bir çox xəstəxanalarda müalicələrdə olmuşdur, bu xəstəlik diaqnozuna əsasən ona xx.xx.2021-ci il tarixdən etibarən 2-ci qrup müddətsiz əlillik təyin edilməsi qanunamüvafiqdir. Ona müddətsiz əlillik təyin edilməsindən cavabdeh imtina etdiyi üçün məhkəməyə müraciət etmiş, Ali Məhkəmənin 2-1(102)-1012/2022 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-855/2022 nömrəli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8104/2021 nömrəli Qərarları ilə xx.xx.2021-ci il tarixdən etibarən ona 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlillik təyin edilməsinə qərar verilmiş və cavabdeh tərəfindən icra edilmişdir. Ona müddətsiz əlillik təyin edilənədək Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının diaqnoz və əmək zəmanəti qrafasında düzəlişlər edilərək cavabdeh tərəfindən ona qarşı bir çox qanuna zidd hərəkətlərə yol verilmişdir, xx.xx.2021-ci ilə kimi təyin olunmuş əlillikdə əmək zəmanəti qrafasında “Xüsusi yaradılmış şəraitdə işləyə bilər" kimi qeyd edilmiş, sonradan xx.xx.2021-ci ildə əlillik səbəbi dəyişdirilməsi ilə bağlı müraciət etdikdən sonra əmək zəmanəti qrafasında “Ruhi-əsəb gərginliyi tələb olmayan yüngül işlərdə işləyə bilər" kimi qeyd edilmiş, daha sonra Ali Məhkəmənin 2-1(102)-1012/2022 nömrəli qərarı icra edilərək xx.xx.2022-ci ildə xx.xx.2021-ci il tarixdən etibarən ona 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlillik təyin edilərkən əmək zəmanəti qrafasında “Ruhi-əsəb gərginliyi tələb olmayan yüngül işlərdə işləyə bilər” kimi qeyd edilmişdir. Cavabdehin qanuna zidd hərəkətləri barədə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası adından çıxarılan qanuni qüvvəsini alan Ali Məhkəmənin 2-1 (102)-1012/2022 nömrəli qərarı nəzərə alınmaqla xx.xx.2021-ci il tarixdən etibarən ona 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlillik təyin edilərkən Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının Əmək zəmanəti qrafasında yazılmış “Ruhi-əsəb gərginliyi tələb olunmayan yüngül işlərdə işləyə bilər” sözlərinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışında əmək zəmanəti qrafasında “yüngül işlərdə işləyə bilər” sözləri ilə əvəz edilməsinə göstəriş verilməsini xahiş etmişdir. Lakin xx.xx.2022-ci il tarixli müraciətindən sonra cavabdeh əvvəllər olduğu kimi yenə də ona qarşı qərəzli mövqe nümayiş etdirmişdir, belə ki, xx.xx.2022-ci ildə elektron sistemə baxış keçirən zaman ona məlum olmuşdur ki, müraciətinə əsasən ona köməklik etmək əvəzinə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının Diaqnoz qrafasında yazılmış "Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçirilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli təzahür edən psıxotik hallar. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları” sözlərinin Diaqnoz qrafasında "Postkontuzion sindrom, baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi ilə. Anamnezində psixotik epizodlar keçirilməsi qeyd olunur. Nevrasteniya, Kəskin asteno-nevrotik sindrom. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar" sözləri ilə və Əmək zəmanəti qrafasında yazılmış “Ruhi-əsəb gərginliyi tələb olunmayan yüngül işlərdə işləyə bilər" sözlərinin əlillik arayışında Əmək zəmanəti qrafasında “əmək qabiliyyətsiz " sözləri ilə əvəz etmişdir. Halhazırda əlilliyin əmək zəmanəti müəyyən edilməsi barədə hansı qanunvericilik aktına istinad edərək təyin olunması barədə ona məlumat verilməsi barədə müraciətinə cavab verilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir.

7. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim edərək, bildirmişdir ki, vətəndaş İddiaçı “xx.xx.2021-ci il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması" tələbinə dair inzibati iş üzrə, Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2021-ci il tarixli, 2-1(112)- 8104/2021 nömrəli qərarı icra edilərək vətəndaş İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” xx.xx.2021-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar qəbul edilmişdir. Məhkəmə qərarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin (bundan sonra - Əsasnamə) 2.4-cü bəndinin 2.4.1-ci, ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı; 2.4.3-cü, şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) və 2.4.4-cü, emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağılıq (demensiya) yarımbəndlərinə istinad edilmiş və iddiaçıya qoyulmuş diaqnozlar ilə əlaqədar müddətsiz əlillik təyin edilməli olduğu qeyd edilmişdir. Qeyd edilən məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra Agentlik tərəfindən Əlillik altsisteminə (bundan sonra - altsistem) işlənmə zamanı texniki yanlışlıq nəticəsində İddiaçı təyin edilmiş əlillik diaqnozu Əsasnamənin 2.2.11-ci, epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); bəndi qeyd edilmişdir. Daha sonra məhkəmə qərarının düzgün icra edilməsi məqsədilə qərarda qeyd edilən diaqnozlar altsistemə işlənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 2.6cı bəndinə əsasən, Tibbi-Sosial Ekspert Komissiyasının əlillik təyinatına dair qərarı əmək zəmanəti qeyd edilməklə Əlillik altsisteminə (bundan sonra - altsistem) daxil edilir. xx.xx.2021-ci il tarixli, 2-1(112)-8104/2021 nömrəli məhkəmə qərarı ilə müəyyən edilən diaqnozlar əsas götürülməklə iddiaçının əmək qabiliyyətsiz olması barədə qeyd altsistemə daxil edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1918/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «cavabdehin inzibati aktının əsassız hesab edilməsi və iddiaçının əlilliyi ilə bağlı müvafiq məlumatlarda dəyişiklik edilməsi» tələbinə dair iddiası mümkünsüz hesab edilmişdir. Həmin iddia tələbinin predmeti ilə əlaqəli olan hazırkı mübahisə ilə bağlı qeyd olunmuşdur ki, mövcud qanunvericilik normaları şəxsin əlilliyinin qiymətləndirilməsi üzrə müstəqil inzibati icraat aparılması səlahiyyətlərini Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə etmişdir. Əlilliyin qiymətləndirilməsi zamanı mövcud xəstəliklərə verilən diaqnozlar və onlara müvafiq olaraq əmək zəmanətinin müəyyən edilməsi ilə bağlı məsələlər tamamilə inzibati orqanın diskresion səlahiyyətlərinə aiddir. Qanunvericilikdə bu məsələni tənzimləyən xüsusi normalar qeyd olunmamışdır. Digər hüquq normaları ilə bağlı iddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi Aktların Elektron bazası vasitəsilə məlumat ala bilər. Bu səbəbdən iddiaçının hazırkı tələbi əsassızdır, qanuni qüvvəsini almış məhkəmə qərarının icrası ilə əlaqədar Agentlik tərəfindən hər-hansı qanun pozuntusuna yol verilməmişdir. Belə olan halda iddiaçının “qanundan çıxarış verilməsi” barədə tələbi əsassız və icrası mümkünsüz olduğundan təmin edilməməlidir.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi

9. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

10. Belə ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

11. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

12. Hazırkı iddianın mümkünlüyünü yoxlayan məhkəmə qeyd edir ki, iddiaçının tələbi əlillərin “əmək zəmanətinin" müəyyən edilməsinin hansı xəstəlik diaqnozları və hansı qanunvericilik aktı ilə tənzimlənməsi haqqında qanundan çıxarışın ona təqdim edilməsi ilə bağlıdır.

13. Məhkəmə qeyd edir ki, birincisi, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 82.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının normativ hüquqi aktları rəsmi dərc edilməlidir. Həmin Qanunun 82.2-ci maddəsinə görə normativ hüquqi aktların rəsmi dərc edilməsi dedikdə, onların mətninin rəsmi dövri mətbu nəşrdə dərc edilməsi, rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi yolu ilə, ictimai radio və televiziya kanallarında səsləndirilməsi yolu ilə ümumi diqqətə çatdırılması nəzərdə tutulur. Həmin Qanunun 78.1-ci maddəsinə görəhüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının X1 Reyestrinə (bundan sonra – X1 Reyestri) daxil edilməlidir. Qanunun 79.3-cü maddəsinə görə X1 Reyestrinə daxil edilmiş hüquqi aktların mətnləri rəsmi dərc edilmiş hüquqi aktların mətnləri ilə birgə istinad üçün rəsmi mənbə hesab olunur.

14. Göründüyü kimi, qanunverici bütün normativ hüquqi aktların, o cümlədən hazırda iddiaçının ona verilməsini tələb etdiyi qanunların dərc edilməsini nəzərdə tutur, hansı ki, həmin aktlar dərc edildikdən sonra hamı üçün əlçatan olur.

15. İddiaçı ona zəruri olan normativ hüquqi aktın mətni ilə müvafiq mətbu nəşr və ya aktı qəbul etmiş orqanın rəsmi internet informasiya ehtiyatı vasitəsilə tanış ola bilər.

16. İkincisi, cavabdehin etirazda da qeyd etdiyi kimi, hazırda əlilliyi müəyyən edilmiş şəxslərin əmək zəmanətinin müəyyən edilməsini tənzimləyən normativ hüquqi akt, o cümlədən müvafiq qanun mövcud deyildir.

17. Məhkəmə qeyd edir ki, əmək zəmanəti şəxsin əlilliyini qiymətləndirən orqan tərəfindən müəyyən olunur və əlilliyi olan şəxslərin peşə yönümünü müəyyənləşdirmək üçün tövsiyə olunacaq əmək fəaliyyətində onun səhhətinə mənfi təsir göstərə biləcək mütləq və nisbi əks-göstəriş sayılan istehsalat şəraitini və amillərini müəyyən edən göstəricidir.

18. Əmək zəmanəti şəxsin xəstəlikləri, zədələri və çatışmazlıqlarına, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə əsasən hər bir şəxsə münasibət fərdi olaraq qiymətləndirilməklə müəyyən olunur.

19. İşdən görünür ki, iddiaçının hazırkı iş üzrə hüquqi marağı onun əlilliyi qiymətləndirilərkən əmək zəmanətinin “əmək qabiliyyətsiz"dən “yüngül işlərdə işləyə bilər”ə dəyişdirilməsinə yönəlmişdir, hansı ki, iddiaçı bu tələblə artıq məhkəməyə müraciət etmişdir (İş № 2-1(112)-7645/2023, 2-1(112)-1918/2023).

20. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

21. Beləliklə, yuxarıda göstərilənlərə əsasən iddiaçının tələb etdiyi normativ hüquqi aktların mövcud olmadığını, hüquqi marağına uyğun iddia ilə məhkəməyə müraciət etdiyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələbə cavab vermir, buna görə də iddia mümkün sayılmamalıdır.

22. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar