Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7006/2023 30.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Maraqlı şəxs) “dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Maraqlı şəxs) “dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddianın mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən Maraqlı şəxs adına verilmiş, xx.xx.2016-cı il tarixli, **********16 nömrəli dövlət qeydiyyatının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İddiaçı (İB) neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, şimal-şərq hissəsi ünvanında, 39 T 422790.09; 4480810.51 koordinatlarda yerləşən 4,8738 ha-dan ibarət bir hissəsinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və X2 Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vətəndaş Maraqlı şəxs mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2016-cı-ci il tarixli, **********16 qeydiyyat nömrəli olan elektron çıxarış verilmişdir. Qeyd edirlər ki, sözügedən torpaq sahəsinin daxilində Qala yatağında qazılmış 727, 1273,1457,1186, 984,973,711,919, 1356 saylı ləğv olunmuş neft-qaz quyuları, xaricində isə 41m-də 1357 saylı işlək neft quyusu mövcuddur. Cavabdehin belə hüquqazidd hərəkətləri SOCAR-ın İddiaçı (İB) neft və qaz hasilatı üzrə fəaliyyətinə mane olmaqla yanaşı, göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələblərini kobud surətdə pozmuşdur. Belə ki, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanuna və Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft- qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının istifadəsində olmasını təsdiq edən sənəd - Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən sonuncu dəfə 03 iyul 2009-cu ildə təsdiq olunmuş xəritədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin SiyahısT’nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanının 2-ci bəndində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Bakı İnzibati Məhkəmənin 2-1(112)-7006/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə növbəti məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə lazımi qaydada məlumat verilmiş və məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Həmin tarixli məhkəmə iclasında iştirak edən iddiacının nümayəndəsinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım edilmiş və qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın mümkün sayılmamasına etiraz etmədiyini bildirmişdir. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və 3-cü şəxs məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə tabedir və iddia həmin şərtlərə riayət edilməklə qaldırılıldığı təqdirdə məhkəmə tərəfindən mümkün sayılır. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər ödənilmiş olmalıdır. Hazırkı mübahisə mahiyyət etibarı ilə, cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, şimal-şərq hissəsində yerləşən /4.8738 ha torpaq sahəsinə dair Maraqlı şəxs icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2016-cı il tarixli, **********16 nömrəli dövlət qeydiyyatının ləğv edilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, iddiaçının üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın məhkəmə qaydasında ləğvini tələb etməsi üçün onun subyektiv tələb hüququna malik olması zəruri mümkünlük şərtidir. Bununla bağlı nəzərə almaq lazımdır ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququna dair qeydiyyatın aparılmasına əsas olmuş hüquqmüəyyənedici sənədlər qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin adına aparılmış qeydiyyatın ləğvinin başqa şəxslər tərəfindən tələb olunması istisna olunur. Belə tələb hüququnun yaranması üçün maraqlı şəxs ilkin olaraq həmin qeydiyyatın aparılmasına əsas olmuş hüquqmüəyyənedici sənədin qanunla müəyyən olunmuş qaydada, o cümlədən məhkəmə qaydasında ləğv edilməsinə və ya dəyişdirilməsinə nail olmalıdır. Yəni əvvəlcə hüquqmüəyyənedici sənədlər mübahisələndirilməlidir. Yalnız bundan sonra mübahisənin həllindən asılı olaraq maraqlı şəxsin çıxarışın ləğvini (qeydiyyatın) tələb etmək hüququ yarana bilər. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan qeydiyyat üzrə hərəkətləri həyata keçirərkən etibarlı hüquqmüəyyənedici sənədlərə bağlıdır və qeydiyyat hərəkətlərini yalnız həmin sənədlərə əsasən aparmağa səlahiyyətlidirlər. Hazırkı mübahisəyə münasibətdə iddiaçının üçüncü şəxs Maraqlı şəxs adına aparılmış qeydiyyatın ləğvi qeydiyyatın aparılmasına əsas olmuş hüquqmüəyyənedici sənədlərin qüvvədə olması səbəbindən istisna olunur. Belə ki, Xəzər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 478 nömrəli “Binə qəsəbəsində vətəndaş Maraqlı şəxs torpaq sahəsinin icarəyə verilməsi və orada müvafiq tikililərin inşa olunmasına icazə verilməsi barədə” Sərəncamına əsasən vətəndaş Maraqlı şəxs Binə qəsəbəsinin şimal-şərqində istifadəsiz qalmış və antisanitariya vəziyyətində olan 5,0 ha torpaq sahəsini və onun ətrafını abadlaşdırılaraq orada sahibkarlıqla məşğul olmaq üçün icarəyə verilmiş, həmçinin orada müvafiq tikililərin inşa olunmasına icazə verilmişdir. Maraqlı şəxs ilə Xəzər Rayon İcra Hakimiyyəti arasında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, şimal-şərqində istifadəsiz qalmış 5.0 ha boş torpaq sahəsi sahibkarlıqla məşğul olmaq məqsədilə Maraqlı şəxs verilməsi ilə bağlı xx.xx.2014-cü il tarixli İcarə Müqaviləsi bağlanılmışdır. Həmin sənədlər əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, şimal-şərqində Maraqlı şəxs icarəyə verilmiş 4.8738 ha torpaq sahəsi onun adına qeydiyyata alınmış və ona xx.xx.2016-cı il tarixli, reyestr nömrəsi **********16, nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 17-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Beləliklə, vətəndaş Maraqlı şəxs icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının aparılma əsasını inzibati akt (Xəzər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 478 nömrəli sərəncamı) təşkil etdiyinə və iddiaçı müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmadığına, yəni əvvəlcə müvafiq inzibati aktı mübahisələndirməli olduğuna görə iddia tələbi mümkün sayıla bilməz. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkınməyə dair iddia mümkün sayılır. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. (bənd 1.1) İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (bənd 1.4) İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir.(bənd 8.1) Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.(bənd 8.2). Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.(bənd 8.3) Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.(bənd 8.4). İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-7006/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7006/2023
30.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver