Məhkəmə qərarları › İş №2-1(112)-7008/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7008/2023

10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7008/2023 10.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Müdafiə Nazirliyinin Mərkəzi hərbi-həkim komissiyasının 10 iyun 2017-ci il tarixli 1029 nömrəli qərarı əsasında iddiaçıya “hərbi travmadır, hərbi xidmət vəzifələri yerinə yetirərkən alınmışdır” qeyd edilməklə müddətsiz əlilliyin müəyyən edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sisial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçının OZM (72) piyada əleyhinə mina partlayışı nəticəsində aldığı ağır kəllə-beyin zədəsinin, bədininin döş qəfəsi hissəsində bir neçə yerdən aldığı qəlpə yaralarının, sol qulağından aldığı yaranın və dəri xəstəliyinin səbəbli əlaqəsinin hərbi xidməti vəzifəsini yerinə yetirərkən mina partlayışı ilə əlaqələndirilməsi və bu xüsusatın cavabdeh orqanın yeni qərarında qeyd edilməsi və iddiaçıya müddətsiz əlillik dərəcəsinin təyin edilməsini xahiş etmişdir.

2. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

3. İddiaçı sonradan iddia tələbinə dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək “Müdafiə Nazirliyinin Mərkəzi hərbi-həkim komissiyasının 10 iyun 2017-ci il tarixli 1029 nömrəli qərarı əsasında iddiaçıya “hərbi travmadır, hərbi xidmət vəzifələri yerinə yetirərkən alınmışdır” qeyd edilməklə müddətsiz əlilliyin müəyyən edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi 18 iyul 2023-cü il tarixli Qərardadı ilə, iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli qərarın dəyişdirilməsi – OZM (72) piyada əleyhinə mina partlayışı nəticəsində aldığı ağır kəlləbeyin zədəsinin, sol qulağından aldığı yaranın və dəri xəstəliyinin səbəbli əlaqəsinin hərbi xidməti vəzifəsini yerinə yetirərkən mina partlayışı ilə əlaqələndirilməsi və bu xüsusatın cavabdeh orqanın yeni qərarında qeyd edilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının xəstəliyi nəzərə alınaraq 2017-2022-ci illər arasında hərbiçi kimi onda mövcud olan travmaları nəzərə alaraq ona 2ci dərəcəli əlillik təyin edilmişdir. Hal-hazırda isə xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 50 faiz orqanizmin funksiyalarının pozulması üzrə 3-cü dərəcəli əlillik təyin edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.

İİ. İddianın növü və mümkünlüyü

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

- 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

8. Hazırda iddiaçının cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məcburetmə haqqında iddiası ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir.

9. İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışında nümayəndəsinin iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır.

İş materiallarında olan:

AZE seriyalı ******** nörməli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1975ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2017-ci il tarixli məlumatına əsasən göstərilmişdir ki, İddiaçı, əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat – ikinci dərəcəli əlillik, təyinatın tarixi - xx.xx.2017, müddət – xx.xx.2022, əlillik səbəbi – hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2022-ci il tarixli məlumatına əsasən göstərilmişdir ki, İddiaçı, əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat – üçüncü dərəcəli əlillik, təyinatın tarixi - xx.xx.2022, müddət xx.xx.2024, əlillik səbəbi ümumi xəstəlik. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1029 nömrəli, xx.xx.2017-ci il tarixli Qərarına əsasən, Bakı şəhər Nizami RHK tərəfindən 1993cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən xx.xx.1997-ci ildə aldığı və xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilə kimi MN Mərkəzi Hərbi Klinik -Hospitalında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sağ körpücük nahiyyəsinin kor qəlpə yarası, körpücük sümüyünün qəlpəli sınığı və yad cismi'' Azərbaycan Respublikası SHXÇDX-nin Bakı ş. Nizami rayon idarəsinin xx.xx.2014-cü il tarixli 750 nömrəli göndərişi, 21 04.2014-cü il tarixli 115 nömrəli arayışı, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.1997-cı il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2016-cı i! tarixli 2-1-(82)-409/2016 saylı qərarı, iki nəfər seçmiş hərbi qulluqçunun şahid ifadələri. MN MHHK-nın həkim mütəxəssisi - cərrahın rəyi təsdiq edilir) “Hərbi travmadir, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alinmişdir”. MN MHKH-ın xx.xx.2014-cü il tarixli 287 nömrəli qərarı ləğv edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya İddiaçı ünvanladığı 3-17-4/2-S- 1923/2023 saylı, xx.xx.2023-cü il tarixli məktuba əsasən bildirilmişdir ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı müvafiq hərbi həkim komissiyasının qərarı və ya şəhadətnaməsi əsas götürülür. Müəyyən olunmuşdur ki, iddiaçı hərbi xidmət dövrü ilə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi üçün xx.xx.2022-ci il tarixdə Agentliyin Tibbi-Sosial ekspert komissiyası tərəfindən əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı və əyani müayinənin nəticəsində iddiaçıda MHHK-nın qərarlarında qeyd edilən diaqnozlar öz təsdiqini tapmamışdır. Lakin müayinə zamanı yanaşı gedən xəstəliklər müəyyən edildiyindən “ümumi xəstəlik” səbəbindən orqanizmin funksiyasının 50% pozulması ilə 2 il müddətinə əlillik təyinatı aparılmışdır. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə iddiaçı barəsində altsistemdən çıxarışlar təqdim edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial komissiyasının 25 noyabr 2022-ci il tarixli, **********2 nömrəli Qərarına əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial komissiyası xx.xx.2022-ci il tarixdə 29 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlarından şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmişdir: Bakı şəhər sakini xx.xx.1975-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin N00031657QDL nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 1029 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ körpücük nahiyəsinin qəlpəli sınığı və yad cismi" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (Xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Adı psoriaz , Vulqar psoriaz. Yayılmış forma. Yuxarı ətraf qurşağının açıq yarası, partlayış travmasından sonra saq çiyin qurşağının qəlpə yaralanasından sonrakı vəziyyət. Saq körpücük sümüyünün orta 1/3-nin qeyri düzgün bitişmiş sınığı. Sınıq nahiyyəsində yad cism-metal (qəlpə). Sağ bazu oynağının yaxınlaşdırım kontrakturası, uzaqlaşma 20 dər. Əzələ atrofiyası. Daimi ağrı sindromu. Saq yuxarı ətrafın funksiyasının pozulması" diaqnozu araşdırılmışdır. Obyektiv baxış zamanı sağ bazu oynağında kəskin kontarktura, ankiloz, hərəki məhdudluq aşkar edilməmiş əzələlər atrofiyasız olmuş, iflic, parez müəyyən edilməmişdir. Yanaşı olaraq bədənində gövdədə, ətraflarda, sağrı nahiyəsində yayılmış psoriatik səpkilər izlənilmişdir. Təqdim edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) X3 və Ortopediya institutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli Arayışda diaqnoz “Partlayış travması. Sağ çiyin qurşağının qəlpə yaralanmasından sonrakı vəziyyət. Sağ kökcük sümüyünün orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığı. Sınıq nahiyəsində yad cisim- metal qəlpə. Sağ bazu oynağının uzaqlaşdırım kontrakturası. Əzələ atrofiyası, daimi ağrı sindromu” kimi qeyd olunsa da, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı X4 xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz: “Vulqar psoriaz” kimi , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Dəri Zöhrəvi Mərkəzi xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz “Vulqar psoriaz. Yayılmış forma” kimi qeyd olunmuşdur. Əyani müayinə zamanı əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Hərbi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Ümumi səbəbdən 2(iki) il müddətinə orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir.

II. Məhkəmənin mövqeyi

10. Azərbaycan Respublikasının Konstitusiyanın

- 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - 38-ci maddəsinə əsasən, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

11. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun

- 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; - 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. - 3.1.-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2.-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3.-ci maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir - 3.4. –ci maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın

- 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. - 1.2-ci bəndinə əsasən, şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. - 1.3-cü bədinə görə, göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. - 1.4-cü bəndinə əsasən, göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın

- 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - 1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. - 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. - 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir:1.5.1. ümumi səbəblərdən:1.5.1.1. ümumi xəstəlik;1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi;1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar;1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7.terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən:1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar;1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar;1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. - 1.6-cı bəndinə əsasən, orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Qeyd olunmuş qanunvericiliyin müddəalarına görə, əlillik müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. Qanunvericiliklə əlilliyin qiymətləndirilməsinin əsas göstəriciləri müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmişdir. Həmin qərara görə əlilliyin müəyyən edilməsi - insanın həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşması dərəcələrinin müəyyən edilməsidir. İnsan həyat fəaliyyətinin əsas kateqoriyaları aşagıdakılardır: özünəqulluq bacarığı; sərbəst hərəkətetmə bacarığı; istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı; davranışına nəzarətetmə bacarığı; öyrənmə bacarığı; əmək fəaliyyəti bacarığı. Özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları; sərbəst hərəkətetmə bacarığı -sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı; istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı; ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı; davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı; öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı; əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı kimi başa düşülür. Cavabdeh tərəfindən iddiaçının əlilliyi qiymətləndirilməsi üçün müvafiq tibb müəsisəsi tərəfindən iddiaçıda olan xəstəliklər, travma və qüsurlar əsasında qoyulmuş diaqnoz, geyd olunmuş ağırlaşmalar nəzərə alınmaqla iddiaçının həyat fəaliyyətinin əsas kateqoriyalar (yuxarıda qeyd edilmiş bacarıqlar) üzrə məhdudlaşmanın dərəcəsi müəyyən edilir.

14. İşin faktiki hallarına əsasən iddiaçıya ilkin olaraq xx.xx.2014-cü ildə ümumi xəstəlik səbəbindən 1 il müddətinə üçüncü dərəcəsi təyin edilmiş, sonradan xx.xx.2017-ci il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Daha sonra yəni, xx.xx.2022-ci ildə 2 il müddətinə ümumi xəstəlik səbəbindən iddiaçıya üçüncü dərəcəli əlillik təyin edilmişdir. Hazırda iddiaçının tələbi Müdafiə Nazirliyinin Mərkəzi hərbi-həkim komissiyasının 10 iyun 2017-ci il tarixli 1029 nömrəli qərarı əsasında iddiaçıya “hərbi travmadır, hərbi xidmət vəzifələri yerinə yetirərkən alınmışdır” qeyd edilməklə müddətsiz əlilliyin müəyyən edilməsindən ibarətdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1029 nömrəli, xx.xx.2017-ci il tarixli Qərarına əsasən İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən xx.xx.1997-ci ildə aldığı və xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilə kimi MN Mərkəzi Hərbi Klinik -Hospitalında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sağ körpücük nahiyyəsinin kor qəlpə yarası, körpücük sümüyünün oəloəli sınığı və vad cismi'' kimi qeyd olunmuşdur. İddiaçıya cavabdeh tərəfindən isə xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş, daha sonra iddiaçının şikayəti əsasında əyani müayinə qərarı ilə təsdiq edilmiş əlilliyin səbəbiümumi xəstəlik, diaqnoz – Psoriaz. Vulqar Psoriaz.Yayılmış forma .

15. Cavabdeh tərəfindən iddiaçının əlilliyinin səbəbi –hərbi xidməti ilə əlaqəsi olması barədə müraciətinə imtinasının əsaslı olması iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiqlənir. Belə ki, İddiaçı orqanizminin həyat fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olan halhazırda mövcud olan xəstəlik, travma və qüsurların, xəstəliyin səbəbli əlaqəsini müəyyən edilməsi üçün xüsusi elmi bilik tələb olunduğundan, iş üzrə məhkəmənin 05 aprel 2022-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: xx.xx.1975-ci il təvəllüdlü İddiaçı orqanizminin həyat fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olan hansı xəstəlik, travma və qüsurlar müayinə zamanı onda aşkar olunur? - İddiaçı olan xəstəlik, travma və ya qüsurlar əsasında müəyyən edilən orqanizmin funksiyalarının pozulması nəçə faizdir? - Bu xəstəliyin (travma və ya qüsurların) səbəb əlaqəsi nədir? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 T 321/2023 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: İddiaçı məhkəmə tibbi müayinəsi zamanı bədənində yayılmış formada psoriaz və sağ körpücük nahiyəsində əməliyyat yarasının sağalmış izi olan çapıq və tibbi sənədə əsasən körpücük sümüyünün qeyri düzgün bitişmiş sınığı aşkar olundu. Onun iş materiallarında olan tibbi sənədlərində əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş “Psoriaz. Vulqar psoriaz. Yayılmış forma” diaqnozu ilə əlaqədar ümumi xəstəlik səbəbindən, meyarların 12.3.1.1 bəndinə uyğun olaraq “Orqanizmin funksiyalarının pozulma faizi- 50%, təyinatı verilmişdir. Belə olan halda iddiaçının müraciətinə imtina edilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərində qanun pozuntusuna yol verilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyi üçün iddia tələbi əsassızdır.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun

- 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.6-cı maddəsinə əsasən isə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 2.0.7-ci maddəsinə əsasən, diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; - 3.3. –ci maddəsinə əsasən, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. - 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

17. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin

- 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. - 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

18. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Müdafiə Nazirliyinin Mərkəzi hərbihəkim komissiyasının 10 iyun 2017-ci il tarixli 1029 nömrəli qəarı əsasında iddiaçıya “hərbi travmadır, hərbi xidmət vəzifələri yerinə yetirərkən alınmışdır” qeyd edilməklə müddətsiz əlilliyin müəyyən edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.

19. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

20. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar