Məhkəmə qərarları › İş №2-1(112)-7009/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7009/2021

12.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7009/2021 12.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehin hərəkətsizliyi nəticəsində tut ağacının məhv edilməsi ilə ona dəymiş ziyanın həcminin müəyyən edilərək cavabdehdən tutulub ödənilməsi, hərəkətsizlik edən cavabdehin vəzifəli şəxslərinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün prokurorluq orqanlarına məlumat verilməsi və "xxxx" MMC-nin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, 06 dekabr 2019-cu il tarixdə İddiaçının yaşadığı ünvan 1 ünvanında dərinliyi 10 m olan tut ağacı “Qaya Qala" MMC-nin əməkdaşları tərəfindən sökülmüşdür. Məsələ ilə bağlı əvvəlcədən 18.11.2019-cu il tarixdə cavabdehin qaynar xəttinə məlumat vermiş və qabaqlayıcı tədbirlər görülməsini xahiş etmişdir. Lakin cavabdeh hərəkətsizlik nümayiş etdirmişdir. İddiaçının nümayəndəsi 01.07.2021-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə daxil olmuş ərizə ilə işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbədar edilməsinə baxmayaraq, Cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda əsas tələbi cavabdeh orqanın hərəkətsizliyi nəticəsində ona vurulmuş ziyanın əvəzinin müəyyən edilərək onun xeyrinə cavabdehdən tutulmasından ibarətdir. Bu iddia kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır ki, yuxarıda da qeyd olunduğu kimi digər mümkünlük şərtləri ilə yanaşı bu iddialar, yəni inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddianın qaldırıla bilməsi üçün tələb olunan mümkünlük şərtlərindən biri zərərçəkmiş şəxsin vurulmuş zərərin əvəzinin ödənilməsinə dair ərizə ilə əvvəlcə müvafiq inzibati orqana müraciət etməsidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Lakin iş materiallarından müəyyən olunur ki, iddiaçı hazırkı tələblə bağlı məhkəməyə müraciət etməzdən öncə inzibati orqana müraciət etməmişdir. Belə olan halda hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Cavabdeh orqanın əməkdaşlarının hərəkətsizlik etməsi ilə bağlı məhkəmə qeyd edir ki, işdə olan X2 Departamentinin 24.02.2020-ci il tarixli 17/M-084 nömrəli məktubundan görünür ki, iddiaçının "xxxx" MMC-nin tikinti ərazisində tut ağacının qanunsuz götürülməsi, lakin 11 saylı (Bakı) Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən qanun pozuntusu ilə bağlı tədbir görülməməsi” ilə bağlı daxil olmuş şikayət ərizəsi araşdırılmış və müəyyən olunmuşdur ki, Nərimanov rayon Bələdiyyəsi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə, Ə.Vahid küçələrinin kəsişməsində "xxxx" MMC-nin tikinti sahəsində olan qurumuş, qəzalı vəziyyətdə olan ağacların kəsilməsi və budanması ilə bağlı rəyin verilməsinə dair 2019-cu il 22 noyabr tarixli 03/331 nömrəli məktubla müraciət olunmuş, həmin müraciətlə əlaqədar X2 Departamentinin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilmiş, nəticədə Nərimanov rayonu, Təbriz küçəsi-34 ünvanında "xxxx" MMC-nin tikinti ərazisinin bərabərliyində (küçənin yaşıllıq zolağında) 1 ədəd tut, 1 ədəd qarağac olmaqla ümumilikdə 2 ədəd ağacın köküstə tam qurumuş vəziyyətdə olduğu müəyyənləşdirilmiş və 2019-cu il 02 dekabr tarixli 22/3559 nömrəli rəylə həmin ağacların götürülməsinə razılıq bildirilmişdir. Həmçinin rəyin icrası ilə bağlı Nərimanov rayon Bələdiyyəsi tərəfindən qərar verilmiş və yaşıllığın götürülməsi vərəqəsi hazırlanmışdır. Sonradan “tut ağacının götürülməsi” ilə bağlı Nazirliyə daxil olmuş şikayətə əsasən əraziyə təkrar baxış keçirilmiş, ərazinin əvvəlki görüntüsünü əks etdirən fotoşəkillərlə tikinti ərazisinin hazırkı vəziyyəti müqayisə olunarkən rəydə qeyd olunan ağaclar deyil, "xxxx" MMC-nin tikinti ərazisində 1 ədəd tut ağacının qanunsuz götürülərək məhv edildiyi məlum olmuş, faktla bağlı 31.01.2020-ci il tarixli ******* nömrəli protokol tərtib edilərək "xxxx" MMC-nin direktoru Sahib Cavadov inzibati qaydada cərimə olunmuşdur. İş materiallarından da görünür ki, 31.01.2020-ci il tarixdə 11 saylı Regional və Təbii Sərvətlər İdarəsi tərəfindən ünvan 3 ünvanında tikinti işləri zamanı bir ədəd tut ağacının qanunsuz kəsilməsinə görə "xxxx" MMC-nin direktoru X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə 18.02.2020-ci il tarixli MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında Protokol tərtib edilmiş, 18.02.2021-ci il tarixli MN №0481508 saylı inzibati təhbeh vermə haqqında qərar ilə həmin şəxsə 5000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Göründüyü kimi, iş materialları ilə cavabdeh orqanın vəzifəli şəxslərinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün prokurorluq orqanlarına məlumat verilməsinə əsas olacaq hər hansı bir hal aşkar olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar