Məhkəmə qərarları › İş №2-1(112)-701/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-701/2023

12.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-701/2023 12.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin imtinasının qanunsuz sayılması, tibbi müayinədən keçirilməsi və sair” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi:

1. İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ədalətsiz imtinalarının qeyri-qanuni sayılmasını, səhhətinin düzgün qiymətləndirilməsini təmin etmək üçün uyğun bildiyi tibb komissiyasında müayinədən keçməyinə şərait yaradılmasını və ədalətli qərar çıxarılmasını, xəstəliyi sübut olunduğu halda, 2021-ci ilin mart ayından dayandırılmış pensiyasının ödənilməyən aylarının bərpa olunmasını xahiş etmişdir.

2. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2021-ci il tarixli imtinasının qanunsuz sayılması və həmin tarixdən ona 2-ci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.

3. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 03 may 2013-cü il tarixində ürək, sol kürək, boyun nahiyələrində, hər iki qolunda şiddətli ağrı, mədə bulanması şikayətləri ilə xəstəxanaya yerləşdirilmiş və ona “Miokardın ön və arakəsmə nahiyəsinin transmural infarktı” diaqnozu qoyulmuşdur. Bundan sonra Mərkəzi Klinikada bir neçə damarına stend qoyulmuşdur. Dəfələrlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına Elmi-Tədqiqat kordiologia institutunda və ərazi üzrə 18 saylı Birləşmiş Şəhər Xəstəxanasında stasionar müalicə almışdır. Səhhəti ilə əlaqədar 7 nömrəli Tibbi sosial ekspert komissiyasının rəyi ilə ona ilk dəfə xx.xx.2014-cü il tarixindən - xx.xx.2015-ci il tarixədək, xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixədək, xx.xx.2016-cı il tarixindən 5 il müddətinə xx.xx.2021-ci il tarixədək 2-ci qrup əlillik kateqoriyası üzrə pensiya təyin edilmişdir. Lakin, növbəti mart 2021-ci il tarixindəki yoxlamanın nəticəsi olaraq, ona xx.xx.2021-ci il tarixində göndərişin natamam doldurulması cavabı verildi və xx.xx.2021-ci ildə yaşadığı ərazi üzrə xidmət göstərilən TSEK-ə yaxınlaşması tövsiyyə olundu. xx.xx.2021 -ci il tarixində 3 saylı TSEK-də müayinə edən həkim hazırkı vəziyyəti ilə bağlı (ürəyin atım fraksiyası 37%, təngənəfəslik, baş ağrıları, aşağı ətrafa verən şişkinlik və s.) tam əminliklə əlilliyin bərpa olunacağını bildirsə də, 23 noyabr 2021-ci il tarixində Əlillərin bərpa mərkəzinə dəvət olunmuşdur. Gündəlik qəbul etdiyi dərmanlarla tanış olduqdan, təzyiqini ölçdükdən, yatdığı xəstəxanaların, aldığı müalicələrin sənədləri ilə tanış olduqdan sonra hiss etmiş ki, ədalətli qərar çıxarmaq iqtidarında deyillər və beləliklə 2 dəfə rəsmi imtina verilmişdir.

4. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, sonucu dəfə iddiaçının əlilliyi 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0082003AAD5N saylı göndərişi əsasında qiymətləndirilmiş və “X1: İX sinif- Qan dövranı sistemi xəstəlikləri =>120-125- Ürəyin işemik xəstəlikləri=> 120- Stenokardiya (döş inağı) =>120.1- Sənədlər əsasında təsdiqlənmiş spazm ilə gedən stenokardiya; Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜİX: Gərginlik stenokardiyası İİ f/s .Əvəllər keçirilən miokard infarktı, Postinfarktdan sonrakı kardioskleroz (2013) Aortokoronar şuntlu transplantatın olması, Stent əməliyyatından sonrakı vəziyyət (2013). Xr. ürək çatmazlığı İİ Dərəcə AF=38 Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, NSD qarışıq tipli Ürəyin hipertenziv xəstəliyi, Hipertoniya xəstəliyi İİ dərəcə tez-tez krizlərlə; Mərkəzə göndərilmənin/ İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması- Səbəb: xəstənin hazırki vəziyyəti diaqnozun ağırlaşmalarını təsdiq edən aparılan diaqnostik müayinələr funksional pozğunluq dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi).

7. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

8. Belə ki, iddia mümkün iddiadır. Çünki iddaçı onun barəsində əlverişli inzibati aktın qəbul edilməsi üçün qaldırdığı bu iddia məcburetmə haqqında iddia olmaqla inzibati mübahisədir. İddiaçının belə bir idia qaldırmaq üçün subyektiv hüququ mövcudur və məhkəməyəqədər cavabdeh orqana müraciət etmişdir.

9. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

11. Sadalanan normalardan müəyyən olunur ki, şəxsin əlilliyinin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi üçün:

1. tibb müəssisəsinin həkim-məsləhət komissiyası şəxsin müraciətdən 7 iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 iş günündən) gec olmayaraq araşdırma aparır (zərurət olduqda bu müddət əlavə olaraq 10 iş gününədək artırılır) və araşdırma bitdikdən sonra 3 iş günü müddətindən gec olmayaraq göndəriş verilməsi barədə qərar qəbul edir.

2. Göndəriş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra Əlillik altsisteminə ötürülür.

3. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir (əlavə araşdırma tələb olunduğu hallarda, bu müddət 15 iş gününədək uzadıla bilər), əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. 12.İşdən görünür ki, iddiaçının əlillik vəziyyəti 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Səbəbi: “Ümumi xəstəlik; X1: İX Sinif–Qan dövranı sistemi xəstəlikləri => 120-125- Ürəyin işemik xəstəlikləri => 121- Miokard infarktı =>121.0 – Miokardın ön divarının kəskin transmural infarktı, Diaqnozun mətni: ÜİX-i gərginlik stenokardiyası İİ fs.İnfarktdan sonrakı kardioskleroz.ÜİX-i İİ fs; Meyar: İkinci dərəcə əlillik=>2.2.1 Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinciüçüncü dərəcəli çatmazlığı səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 13.Daha sonra iddiaçının əlillik vəziyyəti 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif –Qan dövranı sistemi xəstəlikləri =>120-125- Ürəyin işemik xəstəlikləri => 120- Stenokardiya (döş inağı) => 120.1- Sənədlər əsasında təsdiqlənmiş spazm ilə gedən stenokardiya; Diaqnozun mətni: ÜİX. Stabil gərginlik stenokardiyası İİ f.s ÜİX İİ f.s Hipertoniya xəstəliyi İİ dər., tez-tez krizlərlə. Keçirilmiş miokard infarktından sonrakı kardioskleroz; Meyar: 2.2 İkinci dərəcə əlillik=>2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinciüçüncü dərəcəli çatmazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 14.İddiaçının əlillik vəziyyəti Elekton təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında qiymətləndirilmiş və “Səbəbi: Ümumi xəstəlik; X1: İX sinifQan dövranı sistemi xəstəlikləri => 120-125 - Ürəyin işemik xəstəlikləri =>120- Stenokardiya (döş inağı) =>120.1 Sənədlər əsasında təsdiqlənmiş spazm ilə gedən stenokardiya; Diaqnozun mətni: ÜİX Stabil gərginlik stenokardiyası İİ fs ÜİX İİ f.s Hipertoniya xəstəliyi İİ dər., tez-tez krizlərlə keçirilmiş miokard infarktından sonrakı kardioskleroz; Meyar: 2.2 İkinci dərəcə əlillik=> 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinciüçüncü dərəcəli çatmazlığı” səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi verilmişdir. 15.İddiaçının əlillik vəziyyəti sonuncu dəfə 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0082003AAD5N saylı göndərişi əsasında qiymətləndirilmiş və “X1: İX sinif- Qan dövranı sistemi xəstəlikləri =>120-125- Ürəyin işemik xəstəlikləri=> 120- Stenokardiya (döş inağı) =>120.1- Sənədlər əsasında təsdiqlənmiş spazm ilə gedən stenokardiya; Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜİX: Gərginlik stenokardiyası İİ f/s .Əvəllər keçirilən miokard infarktı, Postinfarktdan sonrakı kardioskleroz (2013) Aortokoronar şuntlu transplantatın olması, Stent əməliyyatından sonrakı vəziyyət (2013). Xr. ürək çatmazlığı İİ Dərəcə AF=38 Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, NSD qarışıq tipli Ürəyin hipertenziv xəstəliyi, Hipertoniya xəstəliyi İİ dərəcə tez-tez krizlərlə; Mərkəzə göndərilmənin/ İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması- Səbəb: xəstənin hazırki vəziyyəti diaqnozun ağırlaşmalarını təsdiq edən aparılan diaqnostik müayinələr funksional pozğunluq dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. 16.İddiaçı məhkəmə iclasında həmin imtinadan sonra cavabdeh qurum tərəfindən əyani müayinə olunduğunu, xəstəliyi ilə bağlı əlilliyin müəyyənləşdiriləcəyi bildirilsə də, bu barədə müsbət qərar qəbul edilmədiyini bildirmiş, məhkəmə tərəfindən sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli qərardadla iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 ekspertlərinə həvalə edilərək ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixli göndərişdə İddiaçı qoyulmuş diaqnoz və ağırlaşmalar onun hazırkı sağlamlıq vəziyyətinə uyğundurmu?

2. Həmin diaqnoz və İddiaçı hazırkı sağlamlıq vəziyyəti ona əlilliyinin müəyyən edilməsinə imkan verirmi?

3. xx.xx.1978-ci il təvəllüdlü İddiaçı hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur (canlı müayinə olunmaqla) və həmin xəstəlik və qüsurlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”sində göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü? 17.Məhkəmənin həmin qərardadının icrası məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 ekspertləri tərəfindən İddiaçı əyani müayinə olunmaqla ekspertiza keçirilmiş və tərtib edilmiş T 245/2022 saylı ekspert rəyi xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. 18.Həmin rəydə belə nəticəyə gəlinmişdir ki, İddiaçı iş materiallarında əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına 18 nömrəli Birləşmiş şəhər xəstəxanasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 0082003AAD5N saylı göndərişdə şəxsin səhhətini əks etdirən “stenokardiyanın digər formaları, ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası İİ f/, əvvələr keçirilən miokard infarktı, postinfarktdan sonrakı kardioskleroz (2013), aortokoronar şutunlu transplantatın olması, stent əməliyyatından sonrakı vəziyyət (2013), xroniki ürək çatmazlığı İİ dərəcə, AF=38%, vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, NSD qarışıq tipli, ürəyin hipertenziv xəstəliyi, hipertoniya xəstəliyi İİ dərəcə tez-tez krizlərlə” diaqnozu kliniki, laborator-insturmental müayinələr əsasında düzgün müəyyən olunmuş, əyani müayinə zamanı KTM-də göndərilərək insturmental müayinə olunmuşdur. Hazırda həmin xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür. Odur ki, ixtisaslaşmış tibb müəssisəsində müalicəni davam etdirməsi və ağırlaşmaların əlillik səviyyəsində olub-olmaması dəqiqləşdirildikdən sonra yeni Forma 88 rəsmiləşdirilməlidir. 19.Göründüyü kimi, ekspert yalnız məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadındakı 3- cü sualı cavablandırmış, həmin suala da tam cavab verməmişdir. Belə ki, ekspert rəyində xx.xx.1978-ci il təvəllüdlü İddiaçı əyani müayinə zamanı KTM-də göndərilərək insturmental müayinə olduğu bildirilsə də, həmin müayinənin nəticələri qeyd olunmamış, bu müayinəyə əsasən iddiaçıda hansı xəstəlik və qüsurların aşkar olunması, ümumiyyətlə, müəyyən olunmamışdır. 20.Buna görə də məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 ekspertlərinə həvalə edilərək ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. xx.xx.1978-ci il təvəllüdlü İddiaçı canlı müayinə olmaqla 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 0082003AAD5N nömrəli göndərişdə İddiaçı qoyulmuş diaqnoz və ağırlaşmalar onun hazırkı sağlamlıq vəziyyətinə uyğundurmu?

2. xx.xx.1978-ci il təvəllüdlü İddiaçı hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur (canlı müayinə olunmaqla) və həmin xəstəliyin beynəlxalq təsnifat kodu nədir?

3. İddiaçı ixtisaslaşmış tibb müəssisəsində müalicəni davam etdirməsindən sonra tam reabilitasiyası (sağalması) mümkündürmü? Əgər mümkündürsə, bu bərpa müalicələri nədən ibarət olmalıdır? 21.Məhkəmənin həmin qərardadının icrası məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 ekspertləri tərəfindən İddiaçı əyani müayinə olunmaqla ekspertiza keçirilmiş və tərtib edilmiş 16 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. 22.Həmin rəydə belə nəticəyə gəlinmişdir ki, İddiaçı iş materiallarında əlillik vəziyyətinin qiymətləndirilməsi üçün adına 18 nömrəli Birləşmiş şəhər xəstəxanasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0082003AAD5N saylı göndərişdə şəxsin səhhətini əks etdirən “stenokardiyanın digər formaları, ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası İİ f/, əvvəllər keçirilən miokard infarktı, postinfarktdan sonrakı kardioskleroz (2013), aortokoronar şuntlu transplantatın olması, stent əməliyyatından sonrakı vəziyyət (2013), xroniki ürək çatmazlığı İİ dərəcə, AF = 38%, vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, NSD qarışıq tipli, ürəyin hipertenziv xəstəliyi, hipertoniya xəstəliyi İİ dərəcə tez-tez krizlərlə” diaqnozu kliniki, laborator-instrumental müayinələr əsasında müəyyən olunmuşdur. İddiaçı düçar olduğu xəstəliklərin tam reabilitasiyası mümkün deyildir. 23.Göründüyü kimi, sonuncu ekspert rəyi ilə iddiaçı barəsində verilmiş göndərişdə təsbit olunmuş diaqnozun düzgünlüyü öz təsdiqini tapmışdır. 24.Ekspert rəyinin tədqiqat hissəsində görünür ki, iddiaçı rəy verilməsi üçün 1 saylı X3 göndərilmiş, doppler rəngli exokardioqrafiya müayinəsi olunmuş, xx.xx.2023-cü il tarixdə verilmiş arayışda göstərilmişdir ki, “Nəticə: Aorta divarı sklerotik. Sol mədəcik son həddə (56mm). LA-son həddə. Sol mədəcik İ tip diastolik diskfunksiyası. Sel mədəcik qlobal sistolik funksiyası aşağı. LVEF-35%. LV- apeks akinetik, antroseptal akinetik, LV midi ciddi hipiokinetik. PH-yox İVC-N AV-sərt MV-fibrotik. Rəngli dopler müayinəsi zamanı: MR-İ dər. TR-İ dər. Perikard, plevra boşluğunda maye yox”. 25.Məhkəmə qeyd edir ki, iddiaçıya imtina verilən tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”sinin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33). 26.İstinad olunan normadan görünür ki, beynəlxalq statistik təsnifat kodu İ20-İ25 olan xəstəliklər ikinci dərəcə əlilliyin təyini üçün əsas olmuş, 18 nömrəli Birləşmiş şəhər xəstəxanasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0082003AAD5N saylı göndərişdə iddiaçının xəstəliyinin İ20 təsnifat koduna uyğun gəldiyi müəyyən edilmiş, ekspert isə həmin diaqnozun iddiaçının sağlamlıq vəziyyətinə uyğunluğunu təsdiq etmişdir. 27.Cavabdeh iddiaçıya imtina cavabı verərkən hazırkı diaqnozunun ağırlaşmalarını təsdiq edən diaqnostik müayinələr funksional pozğunluğun dəqiqləşdirilməsi barədə tibb müəssisəsinə göstəriş versə də, hansı diaqnostik müayinələrin zəruri olmasını qeyd etməmiş, bununla da imtinasını əsaslandırmamışdır. 28.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na əsasən: - 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. - 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri, onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. 29.Göründüyü kimi, qanunverici göndərişdə qeyd olunmalı məlumatları müəyyən etsə də, bu məlumatlar ümumi xarakter daşımaqla, hər bir xəstəliyə münasibətdə konkretləşdirilməmişdir. Buna görə də şəxsə əlillik təyin etmək səlahiyyəti olan Agentlik əgər tərtib edilmiş göndərişi natmam qəbul edirsə, apardığı inzibati icraat çərçivəsində hansı məlumatların əskik olmasını dəqiq göstərməli, zəruri göstərişləri verməlidir ki, aşkar olunan çatışmazlıqlar qısa müddət ərzində aradan qaldırıla bilsin. 30.Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının hazırkı sağlamlıq vəziyyəti onun tələbinin əsaslı olduğu qənaətinə gəlmək üçün əsasdır. 31.İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialara aiddir. İPM-i n 33.1-ci madəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Habelə İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli imtinası qanunsuz hesab edilsin və həmin tarixdən İddiaçı 2-ci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar