Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7010/2024 16.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin faktiki vəziyyətinə uyğun yeni plan-ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin faktiki vəziyyətinə uyğun yeni plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən yaşayış məntəqəsinin torpaqlarına aid sahəsi 0.0165 ha torpaq sahəsinin ikinci dərəcəli yola sürüşmüş koordinat nöqtələrinin uyğunsuzluğunu faktiki (mövcud) torpaq sahəsinin koordinatları vəziyyətinə qaytaraq 0.0165 ha torpaq sahəsinin plan və ölçüsünün uyğunsuzluğunun düzəldilmiş qaydada verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən yaşayış məntəqəsinin torpaqlarına aid sahəsi 0.165 ha olan torpaq sahəsini X3 alqı-satqı müqaviləsi əsasında almışdır. AN-İ seriyalı ******* №-li xx.xx.2014-cü il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsi Bakı şəhəri 6 saylı Dövlət Notariat Kondtorunda bağlanmış və 4Ə-194№-li reyestrdə rəsmiləşdirildikdən sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən adına xx.xx.2014-cü il tarixli ******* №-li RX seriyalı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin vaxt maddi imkanı zəif olduğundan orada hər hansı bir tikinti işləri apara bilməmişdir. Torpaq sahəsinin yerləşməsinə dair 2014-cü il aprelin 08-də tərtib olunmuş reyestr nömrəsi **********44 olan AA seriyalı 061231 №-li “Torpaq sahəsinin planı və ölçüsü” üzrə koordinat nöqtələri ilə hazırki koordinat nöqtələri arasında uyğunsuzluq əmələ gəlmiş və həmin uyğunsuzluğun aradan qaldırılması üçün cavabdehə 2023cü il noyabrın 17-də yazılı surətdə müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubu ilə elektron kadastr məlumatlarına əsasən sənəd üzrə torpaq sahəsi ilə faktiki sahənin yerləşməsində uyğunsuzluğun olduğu təsdiqlənmiş və 2014—cü ildə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv olunmuş Dövlət Trpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş kadastr planı əsasında verilməsi bildirilmişdir. Adı çəkilən təşkilat hazırda cavabdehin nəzdində fəaliyyət göstərdiyindən və koordinatları verilməsi cavabdehin səlahiyyətində olduğundan 2023cü il dekabrın 29-da cavabdehə yenidən müraciət edərək, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən yaşayış məntəqəsinin torpaqlarına aid sahəsi 0.0165 ha torpaq sahəsinin faktiki koordinat nöqtələrinin müəyyən olunması üçün yeni kadastr plan və ölçünün verilməsini xahiş etmiş, lakin cavabdeh bundan imtina edərək xx.xx.2024-cü il tarixli məktubla özünün xx.xx.2023-cü il tarixli məktubuna istinad edərək kadastr plan və ölçünün verilməsindən təkrar imtina etmişdir.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.165 ha torpaq sahəsinin koordinatlarında uyğunsuzluğun aradan qaldırılmaqla torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun yeni plan və ölçü sənədinin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraat qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, vahid elektron kadastr baza məlumatlarına əsasən sənəd üzrə torpaq sahəsi ilə iddaçı tərəfindən göstərilən faktiki sahənin yerləşməsində uyğunsuzluq mövcuddur.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. AN-İ № 039248 nömrəli 01 aprel 2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə” əsasən X6 əvəzinə Bakı şəhəri 6 DNK-nun xx.xx.2009-cu il tarixli 7E-31974 reyestrli etibarnaməsinə əsasən imza etdi X5 (Satıcı) ilə İddiaçı əvəzinə Bakı şəhəri NK-nun xx.xx.2013-cü il tarixli 7E-11771 reystrli etibarnaməsinə əsasən imza etdi X8 (alıcı) arasında alqı-satqı müqaviləsi bağlanaraq satıcı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr kitabında № 481, səhifə 45515, qeydəalma №**********, xx.xx.2014-cü il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanda yerləşən 0.0165 ha torpaq sahəsini Alıcının mülkiyyətinə vermişdir.
9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən ölçüsü 0.0165 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına ********** qeydiyyat nömrəsi, xx.xx.2014-cü il qeydiyyat tarixi ilə **********44 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.
11. X1 36 nömrəli 28 fevral 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, İddiaçı şəxsi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid 0.0165 ha torpaq sahəsinin faktiki ölçüləri (eni və uzunu) müəyyən olunmaqla mövcud vəziyyətdə həmin torpaq sahəsinin 164.86 kv.m (0.165 ha) təşkil etdiyi müəyyən olunur.
12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 15 dekabr 2023-cü il tarixli imtina məktubuna əsasən elektron kadastr məlumatlarına əsasən sənəd üzrə torpaq sahəsi ilə tərəflərindən göstərilən faktiki sahənin yerləşməsində uyğunsuzluq mövcuddur. “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ləğv edilmiş Dövlə Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş kadastr planı əsasında verilmişdir.
13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 02 may 2024-cü il tarixli 3- 21—30/2-16200/2024 **********00 nömrəli məktubla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.165 ha torpaq sahəsi ilə bağlı xx.xx.2014-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq cavabdeh inzibati orqana müraciət etdilmişdir. Cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
20. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsini AN-İ№0396248 nömrəli 01 aprel 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 əldə etmişdir. Sonradan iddiaçının müraciəti əsasında cavabdeh tərəfindən 16 aprel 2014-cü il tarixdə torpaq sahəsi üzərində onun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçıya 08 aprel 2014-cü il tarixdə torpaq sahəsinin paln və ölçüsüdə verilmişdir. Lakin, iddiaçıya “torpaq sahəsinin plan-ölçüsü” sənədinin verilsə də, sonradan məlum olmuşdur ki, torpaq sahəsinin yerləşməsində faktiki uyğunsuzluq mövcuddur. İmtinanın əsası kimi ona istinad edilmişdir ki, sənəd üzrə torpaq sahəsi ilə tərəfindən göstərilən faktiki sahənin yerləşməsində uyğunsuzluq mövcuddur. Məhkəmə hesab edir ki, bu uyğunsuzluqların aradan qaldırılması isə cavabdehin fəaliyyət sferasına aiddir.
21. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz Maddə 11. Qanunçuluq prinsip 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər Maddə 20. İnzibati orqana müraciət etmək hüququ 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz ...
20. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.59. mülkiyyət növündən asılı olmayaraq, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliyin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədilə tədqiqat və monitorinq aparmaq ..
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8. Daşınmaz əmlak üzrəində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. Daşınmaz əmlak barəsindən notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı ...
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin:
14. Sübut etmə vəzifəsi: ... 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
24. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqan istər inzibati icraat zamanı, istərsə də, məhkəmə araşdırması zamanı iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair plan-ölçünün tərtib edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmiş, iddiaçının plan-ölçünün tərtib edilib ona verilməsi barədə müvafiq müraciətinin təmin edilməsindən heç bir qanuni əsas olmadan imtina etmişdir.
25. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin edilməməsi əsaslı olmamışdır. Çünki istinad olunan hallar imtina üçün əsas deyildir.
26. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 1.3.-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir.
27. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının adına torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz.
28. Yuxarıda qeyd edilən qanunvericiliyin normalarının hazırki işin faktiki hallarına tətbiqi nəticəsində məhkəmə belə bir qənaətə gəlir ki, cavabdehin iddiaçıya plan-ölçü sənədinin verilməsindən imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır və sözügedən uyğunsuzluq elə cavabdehin özü tərəfindən də, aradan qaldırılmalıdır.
29. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1138/2023 saylı xx.xx.2032-cü il tarixli qərarında sərgilənmişdir.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
31. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
32. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
33. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.165 ha torpaq sahəsinin koordinatlarında uyğunsuzluğun aradan qaldırılmaqla torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun yeni plan və ölçü sənədinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva