Məhkəmə qərarları › İş №2-1(112)-7012/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7012/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7012/2024 04.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” tələblərinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ünvan 1 ünvanına qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Bakı şəhəri Biləcəri bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 896 saylı qərarı əsasında iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 120 kv.metr torpaq sahəsi ayrılmışdır. Lakin, evin çıxarışı olmadığına görə həmin evə qeydiyyata düşə bilmir, qeydiyyata düşə biləcəyi başqa sənədli evi yoxdur. Bu səbəbdən, iddiaçı hazırda yaşadığı ünvana qeydiyyata alınmaq üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil edilməmiş, məhkəməyə məktubla müraciət edərək iş üzrə təyin olunmuş məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək həmçinin bildirmişdir ki, yaşadığı və qeydiyyata alınmaq istədiyi evin sənədi və rəsmi ünvanı yoxdur. Belə ki, ev özbaşına tikilidir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd təqdim etməlidir. Əks təqdirdə iddiaçının qeydiyyata alınması mümkün deyil. İddiaçıya məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək tövsiyyə edilmişdir. İddiaçı qızna məxsus seriya AA, ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən o, ünvan 3i ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, 49B saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 896 saylı, 02 dekabr 2005-ci il tarixli qərarına əsasən Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 120,0 kv.metr torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı ayrılmış, həmin qərara əsasən torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, 49B saylı evə qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Bu səbəbdən iddiaçıların hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər (1). Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. (2). Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: Azərbaycan Respublikası vətəndaşı barədə onun yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir (3.1) Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi ; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi (5). Göründüyü kimi iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, 49B saylı fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınması barədə cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının müraciətini təmin etməmişdir. Hazırda iddiaçı həmin ünvana qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (180.1). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (180.2). Göründüyü kimi iddiaçının qeydiyyata düşmək istədiyi fərdi yaşayış evi özbaşına tikilidir. Bu səbəbdən iddiaçı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində nəzərdə tutulmuş, yaşayış sahəsinə qeydiyyata düşmək üçün tələb edilən hər hansı sənədi məhkəməyə təqdim etmək imkanında deyil. İddiaçı yalnız bələdiyyə qərarına və onun əsasında tərtib edilmiş torpaqların alqı-satqısına dair akta əsaslanmışdır. Qeyd edilən sənədlər isə yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün hər hansı hüquqi qüvvəyə malik olmadığından məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə verilmiş məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, 49B saylı evin qeydiyyatdan keçməsinə dair hər hansı məlumatın olmadığı qeyd edilmişdir. Qeyd olunanlara əsasən, cavabdehin iddiaçını yaşayış yeri üzrə qeydiyyata almaqdan imtinası qanuni və əsaslıdır. Belə ki, cavabdeh yalnız “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində təsbit olunan hallarda iddiaçını yeni yaşayış yeri üzrə qeydiyyata almaq səlahiyyətinə malikdir. Həmin maddədə göstərilən sənədlər isə ididaçı tərəfindən təqdim edilməmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı "yaşayış yeri üzrə qeydiyyata alınma" barədə iddiası təmin edilməsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar