Məhkəmə qərarları › İş №2-1(112)-7016/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7016/2021

15.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7016/2021 15.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları

1. İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********8 nömrəli, xx.xx.2020-ci il tarixli imtina məktubunda göstərmişdir ki, təqdim edilən sənədlərdən göründüyü kimi iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən (21 il 1 ay), güzəştli stajı isə 12 il 6 aydan (8 il 7 ay 9 gün) az təşkil edir.

2. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşı tamam olan tarixdən, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuş, xx.xx.1980-cı ildən 1980-cı ilin oktyabr ayına kimi Sovxozda işləmiş, bundan sonra xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə kimi 157 №-li Kənd texnikumunda oxumuşdur. xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilə kimi Sovxozda, xx.xx.1985-ci ildən xx.xx.1989-cu ilə kimi 2 nömrəli mexaniki sexdə, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə kimi korrektorçu, xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilə kimi 2-ci dərəcəli dülgər, xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilə kimi 5-ci dərəcə kərpiç ustası işləmişdir. xx.xx.1997-ci ildən hazıradək Heydər Əliyev adına X5 işləyir. Azərbaycan Dövlət Neft Şirkəti Heydər Əliyev adına X7 tərəfindən DSMF-nin Qaradağ rayon şöbəsinə təqdim edilməsi üçün verilmiş Təqdimatdan müəyyən olunur ki, onun ümumi iş stajı 36 il, 09 ay, 25 gün, zərərli iş stajı isə 23 il, 04 ay, 08 gün təşkil edir. Müvafiq sənədlərlə birlikdə cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin cavabdeh orqan Ərizəsində qeyd edilənlərin icrasından xx.xx.2020-ci il tarixli cavabla imtina etmiş, imtinanın əsası olaraq onun ümumi iş stajının 21 il 1 ay, güzəştli iş stajının isə 8 il 7 ay 9 gün təşkil etdiyini qeyd etmişdir. Cavabdehin imtina məktubunda qeyd edilənlərlə razı deyil və hesab edir ki, imtina məktubu tamamilə qanunsuz və əsassızdır.

4. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında iddiaçıya ünvanlanmış imtina məktubundakı dəlillərə istinad etmiş və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III.Məhkəmənin mövqeyi

7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

8. Belə ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, qüvvədə olan qanunvericilik güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 60 yaşın tamam olmasını şərt kimi müəyyən etmişdir.

9. İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının hazırda 60 yaşı tamam olmamışdır. İşdən görünür ki, xx.xx.2020-ci il tarixdə iddiaçının 57 yaşı tamam olmuşdur və o, 57 yaşından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir.

10. Məhkəmə qeyd edir ki, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində və xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsində nəzərdə tutulurdu.

11. İşin hallarını hər iki qanunvericiliyə uyğun olaraq yoxladıqda aydın olur ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsi üzrə:

12. Qüvvədə olan ƏPQ-nin 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. ƏPQ-nin qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində göstərilirdi ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı isə 25 ildən az olmamalıdır.

13. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlərə (şəxsiyyət vəsiqəsinin, hərbi biletin, təhsil haqqında arxiv arayışının, əmək kitabçasının surətləri) əsasən iddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş, xx.xx.1980-xx.xx.1981-ci illərdə “Partiyanın XXİİ qurultayı” adına sovxozda işləmiş, xx.xx.1981-xx.xx.1983-cü il tarixlərdə hərbi xidmətdə olmuş, xx.xx.1983-xx.xx.1984-cü illərdə peşə məktəbində təhsil almış, xx.xx.1984-xx.xx.1984-cü illərdə yenidən “Partiyanın XXİİ qurultayı” adına sovxozda işləmiş, xx.xx.1985-ci ildə 2 nömrəli mexaniki sexə yükləyici-traktorçu qəbul edilmiş, xx.xx.1989-cu ildə işdən azad edilmiş, xx.xx.1989-cu ildə Analoq zavoduna korrektorçu peşəsinə qəbul edilmiş, xx.xx.1990-cı ildə işdən çıxmış, xx.xx.1990-xx.xx.1993-cü illərdə Sumqayıt Alüminium zavodunda dülgər, metal kəsicisi vəzifələrində, xx.xx.1993xx.xx.1997-ci illərdə 1 nömrəli təmir tikinti idarəsində bənna işləmişdir. İddiaçı xx.xx.1997ci ildən hazıradək Heydər Əliyev adına X5 işləyir.

14. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 24 il 10 ay 13 gün ümumi sığorta stajı olmuşdur. Belə olan halda aydın olur ki, iddiaçı xx.xx.2006-cı il tarixədək qüvvədə olan qanunvericiliyin tətbiqi üçün ilkin şərti, 25 il ümumi sığorta stajının olması tələbini ödəmir.

15. İşdən görünür ki, iddiaçı ikinci tələbi də, yəni 12 il 6 ay xüsusi sığorta stajı tələbini də ödəmir.

16. Belə ki, işdə olan ”Azərbaycan Alüminiumu” ASC-nin xx.xx.2021-ci il tarixli 01- 158 nömrəli məktubundan görünür ki, iddiaçı Sumqayıt “Alüminium” Zavodunun (indiki "xxxx" ASC -nin Sumqayıt “Alüminium “ İstehsalat Sahəsi) Metalyayma və X3 sexində xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilədək tornaçı (tokar), xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək kəsici peşəsində işləmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarında İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə qədər işlədiyi kəsici peşəsi (kodu 1072103а-17928) güzəştli şərtlərlə pensiya təyini üzrə nəzərdə tutulmuş siyahıda mövcuddur.

17. İşdə olan Heydər Əliyev adına X6 SOCAR**********30490075X00146 nömrəli, 21 iyun 2021-ci il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.1997-xx.xx.2000-cu illərdə işlədiyi 1 N-li sex, istehsalat, 2 N-li əmtəə qrupu, (qur.16) əmtəə operatoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda (Xİİ bölmənin 3-cü yarımbölməsi) ******* a-16085 kodu üzrə, xx.xx.2000-xx.xx.2004-cü illərdə işlədiyi mexaniki təmir sahəsi, texnoloji qurğuların təmiri üzrə çilingər peşəsi 2 nömrəli Siyahıda 2130301a- 18547 kodu üzrə, xx.xx.2004-cü ildən hal-hazıradək işlədiyi 21 N-li texnoloji qurğu, texnoloji nasosların maşinisti peşəsi 2 nömrəli Siyahıda 2130301а- 17531 kodu üzrə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda isə 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi üzrə nəzərdə tutulmuşdur.

18. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixə cəmi 9 il 8 ay 13 gün xüsusi sığorta stajı olmuşdur. Belə olan halda aydın olur ki, iddiaçı ona xx.xx.2006-cı il tarixədək qüvvədə olan qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtləri ödəmir. xx.xx.2017-ci il tarixədək qüvvədə olan ƏPQ-nin 9.1-ci maddəsi üzrə:

19. İddiaçıya ƏPQ-nin 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən pensiya təyin edilməsi üçün isə onun: 1) həmin tarixədək 57 yaşının tamam olması; 2) həmin tarixə azı 25 il sığorta stajına malik olması və bu stajın azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması tələb olunur. Lakin iddiaçı bu tələblərdən ilkini, yəni yaş tələbini ödəmir. Belə ki, iddiaçının 57 yaşı xx.xx.2020ci il tarixdə tamam olduğundan ona Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası da tətbiq oluna bilməz (iddiaçı ilkin tələbi ödəmədiyindən ikinci və üçüncü tələbə qiymət verilmə zərurəti aradan qalxır).

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu, yəni ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin ona pensiya təyin edilməsindən imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. 21.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

22. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı :

İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar