Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7017/2024 22.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “qanunsuz hərəkətlərə son qyulması, vurulmuş maddi zərəin əvəzinin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizə ilə müraciət edərək cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti tərəfindən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Neapol küç 7 “V” ünvanda yerləşən binanın qarşısında yerləşən qarajın və onu əhatə edən ərazidə həyata keçirdiyi yaşıllıq zonasının dağıdılmasının dayandırılması, dağıdılmış hissələrin bərpa edilməsi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona yetirilmiş ziyanın miqdarının hesablanaraq cavabdeh tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti nümayəndələri tərəfindən yaşadığı Bakı şəhəri, Xətai rayonu, Neapol küç 7 ünvanda yerləşən binanın qarşısında xüsusi mülkiyyət hüququ əsasında ona məxsus qaraj mövcuddur. Cavabdeh, Xətai rayon İcra hakimiyyəti rəhbərlərinin bilavasitə razılığı ilə on il bundan əvvəl başlamaqla, qarajın ətrafında yaşıllaşdırma işləri aparmış yardımçı tikililər quraşdırmış və ərazini hamının istifadə edə biləcəyi yaşı zonaya çevirmişdir. 20 dekabr 2023-cü il tarixdə Cavabdeh, Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti rəhbərliyinin göstərişi və nümayəndələrinin bilavasitə iştirakı ilə heç bir xəbərdarlıq edilmədən, obyektin mülkiyyət və ya digər hüquqlarla mənsubiyyəti araşdırılmadan, ona məxsus , Bakı şəhəri Xətai rayon Neapol küç 7 “V” ünvanda, yaşadığı binanın qarşısında tərəfindən inşa edilmiş qaraj və yaşıllaşdırma zonası dağıdılmışdır. Nəticədə ona xeyli miqdarda maddi və mənəvi zərər yetirilmişdir. Hazırda mübahisə predmetinə çevrilmiş əmlakın mövcud qeydiyyatına dair zəruri sənədləri Bakı İnzibati Məhkəməsinə təqdim etmişəm və iş məhkəmənin icraatındadır. 27 dekabr 2023-cü il tarixdə Məhkəməyə daxil olmuş həmin ərizə ilə ona məxsus olan qaraj və onun ətrafında tikilmiş tikinti və ya qarajın sökülməsinə edilən tələb və cəhdlərin işə mahiyyəti üzrə baxılana qədər dayandırılmasını tələb edirdi. Lakin, bu günün özündə də, cavabdeh tərəfindən iddiaçının mülkiyyətimdə olan qeyri-yaşayış sahəsinə qarşı atılan qanunsuz addımlar davam etdirilir. Beləliklə iddiaçının AR MM-nin 152-ci maddəsi ilə nəzərdə tutulan mülkiyyət və onun toxunulmazlığı hüququ pozulmuşdur. AR. MM-nin 157-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçi öz əmlakını istənilən qəstdən məhkəmə yolu ilə müdafiə etmək hüququna malikdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin texniki pasportuna əsasən Bakı şəhər, Xətai rayonu, Neapol küçəsi, 7v saylı binanın yaxınlığı İddiaçı adına qeydiyyata alınmışdır.
4. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı X1 iddia ərizəsində yaşadığı ünvan 3 ünvanında yerləşən ona məxsus qarajın sökülməsi barədə qərarın ləğv edilməsi və mülkiyyətinə dəymiş zərərin əvəzinin ödənilməsi öhdəliyinin cavabdeh Xətai Rayon İcra Hakimiyyəti üzərinə qoyulmasını xahiş edir. Məlumat üçün bildiririk ki, qeyd olunan ünvana baxış keçirilən zaman Xətai rayonu,Neapol küçəsində yerləşən 7 v nömrəii binanın ətrafında vaxtiiə sakinlər tərəfindən qeyri-qanuni zəbt olunmuş bağ sahələrinin və konstruktiv qarajların abadlıq- quruculuq işləri çərçivəsində sökülməsi nəzərdə tutulmuşdur. Bildirilmişdir ki, yuxarıda qeyd olunan ünvanda iddiaçıya məxsus qarajda qeyri-qanuni konstruktiv əlavələr inşa edilmiş və bu səbəbdən iddiaçının iştirakı ilə qeyd olunan qaraja maddi ziyan dəymədən sökülmüşdür. Bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 14 yanvar 1999-cu il tarixli, 19 saylı imtiyazı olan şəxslərə qaraj üçün torpaq sahəsinin ayrılması haqqında Sərəncamına əsasən “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yalnız dayaq hərəkət sistemi pozulmuş şəxslərə, müharibə əlillərinə və 1-ci dərəcə əlillərə onların yaşadıqları ərazidə qaraj üçün torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Həmin qanunun həyata keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 18 avqust 1998-ci il tarixli, 733 saylı Sərəncamı qəbul edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin yuxarıda qeyd olunan sərəncamına əsasən bildirilmişdir ki, çox vaxt qarajlar binaların həyətində uşaq və idman meydançaları yanında və ya həmin sahə hesabına, yaxud yaşıllıq zonasında eyni zamanda müəyyən edilmiş ölçülərdən ( 3x6 m ) artıq sahədə tikilmişdir. Bildirilmişdir ki, müvafiq imtiyazı olmayan vətəndaşlar tərəfindən qanunsuz qaraj tikilməsi və ya təsərrüfat məqsədli tikinti üçün ayrılmış sahənin sonradan qaraj kimi istifadə edilməsi halları xeyli artmaqdadır. Bütün bunlar ekoloji mühiti korlamaqla yanaşı, ətraf binaların sakinlərinin haqlı narazılığına səbəb olur. Odur ki, Bakı Şəhər İcra Hakimiyyətinin 14 yanvar 1999-cu il tarixli, 14 saylı Sərəncamın 1,1-ci bəndinə əsasən yalnız avtomaşın ( əl ilə idarə edilən avtomaşınlar da daxil olmaqla) sahibi olan və onu özləri idarə edən, dayaq-hərəkət sistemi pozulmuş və 1-ci dərəcə əlillərə yaşadıqları həyətlərin ərazisində qaraj yerləşdirməyə müvəqqəti icazə verilmişdir. Avtomaşını özləri deyil, ailə üzvləri və ya vəkalətnamə əsasında digər şəxslər idarə etdikləri təqdirdə əlillərə qaraj üçün yer həyət ərazisindən kənarda ayrılması təsdiq olunmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini Sizdən xahiş edilmişdir.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 syalı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli sənəd surətinin təqdim edilməsi haqqında məktubda qeyd edilmişdir ki, İddiaçı adına Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 7V saylı yaşayış binasının yaxınlığında yerləşən qaraja dair tərtib edilmiş xx.xx.2016-cı il tarixli texniki pasport İdarənin arxivində aşkar edilməmişdir.
6. Məhkəmə iclasında tərəflər iştirak etməmişdir.
II. İddianın növü və mümkünlüyü
7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
9. Bununla əlaqədar qeyd edilməlidir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
10. X7 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
11. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X2rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X3rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).
12. Odur ki, məhkəmə hesab edir ki, hazırki iş üzrə “real və ciddi” mübahisənin mövcud olması əsaslandırılmamışdır.
13. Məhkəmə qeyd edir ki, iddia tələbi aydın şəkildə ifadə edilməmişdir, odur ki, iddia mümkünlük şərtini ödəmir. Belə ki, iddiaçı iddia tələbində qeyd etdiyi qaraja dair hər hansı məlumat və sənəd təqdim etməmişdir və qeydiyyat orqanında qeyd edilən texniki pasportun arxiv nüsxəsi aşkar edilməmişdir. Bununla bağlı məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixində keçirilən hazırlıq icraatı iclasında iddia tələbinin iddia tələbinin dəqiqləşdirilməsi və ya iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması məsələsinin müzakirə edilməsi üçün iddiaçıya vaxt verilmişdir. Lakin məhkəmə iclasının keçirildiyi xx.xx.2024-cü il tarixədək məhkəməyə hər hansı məlumat, eləcə də iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilməmiş və iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.
14. Odur ki, iddia mümkün sayılmamalıdır.
15. Məhkəmə hesab edir ki, iddianın mümkün sayılmaması onu məhkəmə müdafiəsi hüququndan məhrum etmir, belə ki, o, qeyd edilən çatışmazlıqları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət edə bilər.
16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
17. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva