Məhkəmə qərarları › İş №2-1(112)-7017/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7017/2025

28.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7017/2025 28.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə pensiya çıxmağı ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddia tələbi “İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və xx.xx.2020-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1966-cı il tarixdə Naxçıvan MR-nın Şərur rayonu Cəlilkənd kəndində anadan olmuşdur. Orta məktəbi 1983-cü ildə bitirmiş, 01 sentyabr 1983-cü ildə il tarixdə indiki (Şərur) rayonu 165 nömrəli Texniki Peşə məktəbinə daxil olmuş, xx.xx.1984-cü il tarixdə 165 nomrəli texniki peşə məktəbinin meyvə-tərəvəz ustası yəni (aqranomluq) peşəsinə yiyələnmişdir. Ərizəsinə əsasən xx.xx.1985-ci ildə (Şərur) rayonu Dimitrov adına şərab zavoduna işə qəbul edilmişdir. xx.xx.1985-ci ildə mövsümü işlə bağlı Dmitrov adına şərab zavodundan işdən azad edilmişdir. 29 nömrəli əmrə əsasən xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilə kimi Həzi Aslanov adına üzümçülük sovxozuna işə qəbul edilmişdir. xx.xx.1986-cı il tarixdə 100 nömrəli əmrə əsasən işdən azaf edilmişdir. xx.xx.1986-cı ildə 102-saylı əmrə əsasən işə qəbul edilmiş, xx.xx.1987-ci tarixdən xx.xx.1987-ci il tarixədək məzuniyyətə buraxılmış, xx.xx.1988-ci tarixli 18 saylı əmrə əsən azad dilmişdir. 1983-1990-cı illədə muxtəlif yerlərdə işləmişdir. Naxçıvan MRdan Bakı şəhərinə Ali məktəbə qəbul olmaq üçün gəlmişdir. 1990-cı ildə Sumqayıt Kimya- Texnalogiya Texnikumuna daxil olaraq, 1993-cü ildə “polimer materiallardan məmulat və örtüklərin istehsalı” ixtisasını bitirmişdir. Ailə vəziyyəti agır olduğu uçun, tənsıl almaqla paralel Bakı şin zavodunun texniki nəzarət şöbəsinin, yığma, vulkanizasiya, avtokamerni sexlərində əvvəl 3 (üç) növbəli fəhlə işləmişdir, xx.xx.1991-ci ildən xx.xx.2005-ci ilə kimi “B" növbəsinin növbə rəisi işləmişdir. İşlədiyi zavod Mendeley cədvəli üzrə 78 maddə üzrə məmulat istehsal edirdi, zəhərli zavodda can qoymuşdur. Nazirlər Kabinetinin 2021-ci il tarixli qərarında güzəştli şərtlərlə işləyən qadınların pensiya yaş həddinin 52 yaşa catırılması barədə qərar qəbul edilmişdir. 2005-ci ilin sonlarından bu günə kimi öz hesabına „ödənişsiz məzuniyyətə buraxılmışdır. (əmək kitabçasında qeyd edilib) Güzəştli şərtlərlə pensiya çıxmağı ilə bağlı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna müraciəti ilə bağlı əsassız rədd cavabı verildi.

4. Cavabdeh qurumun iddiaçıya ünvanladığı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tanxinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 65 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınrmş pensiya kapitalı emək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı ış yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyət orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-cı maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asili olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maadəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığonaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək sizin ümumi iş stajınız 20 ildən az (16 il 7 ay 12 gün (xx.xx.1985- xx.xx.1985-ci il, xx.xx.1986xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1991- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-ci il tarixindən bugünədək 3 ay)) təşkil edir. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 52 yaşınızın tamam olduğu xx.xx.2018-ci il tarixinə sizə münasibətdə 28602,42 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 11618,67 manat, 55 yaşınızın tamam olduğu xx.xx.2021-ci il tarixinə sizə münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12764,57 manat təşkil edirdi. Əlavə olaraq bildiririk ki, sözügedən Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən qadınlara münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə (hazırda 58 yaş) çatdıqdan sonra sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məsələsinə baxıla bilər. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.”

5. Cavabdehin məhkəməyə ünvanladığı iddiaya yazılı etirazda bildirilmişdir ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə Mərkəzi Filiala müraciət edərək ona 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filialda müraciətə aiddiyyəti üzrə baxılaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı N.X1 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixədək onun ümumi iş stajı 20 ildən az (16 il 7 ay 26 gün (xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-ci il tarixdən bugünədək 3 ay)) təşkil edir. İddiaçı iddia ərizəsində qeyd etdiyi işlədiyi illərin bəzilərinə dair sənədlər və bu illər nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciəti yoxdur. Bundan başqa, Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya sığorta kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 52 yaşınızın tamamlandığı xx.xx.2018-ci il tarixə 28602,42 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalı cəmi 11618,67 manat, 55 yaşınızın tamamlandığı xx.xx.2021-ci il tarixə 45600,00 manat hesablandığı halda isə cəmi 12764,57 manat təşkil edirdi.

6. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən: Arayış verilir İddiaçı ondan ötəri ki, həqiqətən o, Bakı Şin zavodunda xx.xx.1991-ci il (Əmr-57-k, xx.xx.1991 )-ci il tarixindən Bakı Şin zavodunun Yığma sexinə rezin məmulatları kəsicisi-bağlayıcısı işinə qəbul edilmiş xx.xx.1992-ci il (Əmr № 85-k, xx.xx.1992) tarixindən xx.xx.1993-cü il tarixinədək Yığma sexində 2 dərəcəli rezin məmulatları kəsicisi-baglayıcisi, xx.xx.1993-cü il (Əmr-78-k, 16.07.93) tarixindən xx.xx.1994-cü il tarixindək Teniki nəzarət şöbəsində nəzarətçi işləyərək Vulkanlaşdırma sexinə xidmət etmiş, xx.xx.1994-cü il (Əmr-lll-k, xx.xx.1994) tarixindən xx.xx.2005-ci il tarixinədək Texniki nəzarət şöbəsində 2 qrup növbə ustası işləyərək Vulkanlaşdırma, Avtokamer və Yığma sexlərinə xidmət etmişdir. Texniki nəzarət şöbəsinin Vulkanlaşdırma, Avtokamer və Yığma sexlərinə xidmət etmiş nəzarətçiləri və növbə ustaları kimyəvi xüsusi maddələrlə məşğul olduqları üçün ARnın Nazirlər Kabinetinin “320 saylı xx.xx.1993-cü il tarixli Qərarı ilə zərərli sexlər sayıldığından 2 saylı siyahı üzrə “X” bölmə, “Kimya istehsalatı” 2110AO10 pozisiyasına aiddir. Bakı Şin zavodu üzrə verilmiş 01-k saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən Bakı Şin Zavodu "xxxx" ASC-yə çevrilmişdir.

7. Şərur rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli Arxiv arayışındə qeyd edilmişdir ki, Şərur rayon Dövlət Arxivində mühafizə olunan Dimitrov adına sovxozun sənədlərinə baxıldıqda müəyyən olundu ki, İddiaçı xx.xx.1985-cı il tarixli 146 nömrəli əmrlə Dimitrov adına sovxoza fəhlə qəbul olunması və xx.xx.1985-ci il tarixli 161 nömrəli əmrlə işdən azad olunması əmr kitablarında qeyd olunmuşdur. İddiaçı xx.xx.1986-cı il tarixli 29 nömrəli əmrlə xx.xx.1986-cı il tarixdən H.Aslanov adına sovxoza işə qəbul olunması, xx.xx.1986-cı iltarixli 100 nömrəli əmrlə işdən azad olunması, xx.xx.1986-cı il tarixli 102 nömrəli əmrlə işə qəbul olunması əmr kitablarında qeyd olunmuşdur. İşdən azad olunması arxiv sənədləri ilə təsdiq olunmadı, lakin xx.xx.1987-ci il tarixli 113 nömrəli əmrlə xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək məzuniyyətə buraxılması, xx.xx.1988-ci il tarixli 18 nömrəli əmrlə işə qəbul olunması və xx.xx.1990-cı il tarixli 59 nömrəli əmrlə işdən azad olunması əmr kitablarında qeyd olunmuşdur.

8. İddiaçının İT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən, o, xx.xx.1995xx.xx.1985-ci il tarixlərdə Şərab zavodunda fəhlə, xx.xx.1986-xx.xx.1986-cı il tarixlərdə H.Aslanov adına sovxozda, xx.xx.1986-xx.xx.1987-ci il tarixlərdə .Aslanov adına sovxozda, xx.xx.1991-xx.xx.1994-cü il tarixlərdə "xxxx" ASC-də işləmişdir.

9. Məhkəmənin sorğusuna əsasən “Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci” Publik hüquqi şəxs tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, Əliyeva (hal-hazırda Məmmədova) Nüşabə Yaqub qızı xx.xx.1990-cı il tarixli 98-T nömrəli əmrlə Sumqayıt Kimya-Texnologiya Texnikumunun əyani (gündüz) şöbəsinin azərbaycan bölməsinə tam orta (10-illik) təhsil bazasından “Polimer materiallardan əşya və örtüklərin istehsalı” ixtisasına (qrup-185) daxil olmuşdur. Dövlət Attestasiya Komissiyasının 2 saylı xx.xx.1993-cü il tarixli protokolunun qərarına əsasən “texnik-texnoloq” ixtisas dərəcəsi verilməklə, xx.xx.1993-cü il tarixli 70-T nömrəli əmrlə həmin ixtisas üzrə Sumqayıt Texnologiya Texnikumunu bitirmiş, lakin diplom almamışdır.

10. Məhkəmənin sorğusuna əsasən cavabdehin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi Şərur rayon Dövlət Arxivinin 7 iyul 2022ci il tarixli 07/275 nömrəli ona dair arayışında xx.xx.1988-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində işləməsi ilə bağlı məlumat qeyd olunsa da, adıçəkilən şəxsin Mərkəzi Filiala 5 aprel 2023-cü il tarixli müraciətində təqdim etdiyi sözügedən müəssisənin eyni tarixli, eyni nömrəli arayışında həmin dövr ərzində işləməsi ilə bağlı hər hansı məlumat göstərilməyib. Buna görə də qeyd olunan dövrə dair məlumatların həqiqiliyinə əsaslı şübhə yaranır. Eyni zamanda bildiririk ki, Nüşabə X1 təqdim etdiyi 21 may 2008-ci il tarixli 273 nömrəli arayışda 1990-1993-cü illərdə Sumqayıt Kimya Texnologiya Texnikumunda, 13 dekabr 2024-cü il tarixli 187 nömrəli arayışda isə 1983-1984-cü illərdə 165 nömrəli Texniki Peşə Məktəbində təhsil aldığı qeyd olunub. Lakin sözügedən arayışlarda İddiaçı təhsilə başlama və bitirmə tarixləri (gün, ay, il) və təhsil müddətinin əyani olub-olmaması barədə məlumatlar qeyd olunmayıb. Göstərilən səbəblərdən də, qeyd olunan müddətləri İddiaçı iş stajına daxil etmək mümkün olmamışdır.

11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi güzəştli şərlətlə yaşa görə pensiya təyinindən imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

13. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

14. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

15. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

16. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

18. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

19. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

III. Məhkəmənin mövqeyi

20. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.

21. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) - Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).

24. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi: yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.

25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.

26. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır.

IV. Qeyd edilənlərin hazırki işə tətbiqi

27. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur.

28. İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür, 52 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. Odur ki, onun xx.xx.2006-cı il tarixədək əmək stajı nəzərə alınmalıdır.

29. Əmək şəraiti zərərli və ağır olan işlərdə stajına münasibətdə məhkəmə qeyd edir.

30. İddiaçının güzəştli iş stajı ilə bağlı mübahisə yoxdur. Əmək kitabçasına əsasən 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixə iddiaçının güzəştli iş stajı ən azı 10 ildir.

31. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə qeyd edir ki, "xxxx" ASC-nin arayışında qeyd edilmişdir ki, İddiaçı Bakı Şin zavodunda xx.xx.1991-ci il (Əmr-57-k, xx.xx.1991) tarixindən Bakı Şin zavodunun Yığma sexinə rezin məmulatları kəsicisibağlayıcısı işinə qəbul edilmiş, xx.xx.1992-ci il (Əmr № 85-k, xx.xx.1992) tarixindən xx.xx.1993-cü il tarixinədək Yığma sexində 2 dərəcəli rezin məmulatları kəsicisibaglayıcısı, xx.xx.1993-cü il (Əmr-78-k, 16.07.93) tarixindən xx.xx.1994-cü il tarixindək Teniki nəzarət şöbəsində nəzarətçi işləyərək Vulkanlaşdırma sexinə xidmət etmiş, xx.xx.1994-cü il (Əmr-lll-k, xx.xx.1994) tarixindən xx.xx.2005-ci il tarixinədək Texniki nəzarət şöbəsində 2 qrup növbə ustası işləyərək Vulkanlaşdırma, Avtokamer və Yığma sexlərinə xidmət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 № li qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın X (Kimya istehsalatı) bölməsinin 1-ci yarımbölməsinin a və b bəndlərinin vəzifələri əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına aid edilir.

32. İddiaçının mübahisələndirilən ümumi iş stajı ilə bağlı məhkəmə qeyd edir ki, 2006-cı ilə qədər iddiaçının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Cavabdehin bununla bağlı etirazının dəlilləri ondan ibarətdir ki, 1 yanvar 2006-cı il tarixədək iddiaçının ümumi iş stajı 20 ildən az (16 il 7 ay 26 gün (xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1986xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-ci il tarixdən bugünədək 3 ay)) təşkil edir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi Şərur rayon Dövlət Arxivinin 7 iyul 2022-ci il tarixli 07/275 nömrəli ona dair arayışında xx.xx.1988-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində işləməsi ilə bağlı məlumat qeyd olunsa da, adıçəkilən şəxsin Mərkəzi Filiala 5 aprel 2023-cü il tarixli müraciətində təqdim etdiyi sözügedən müəssisənin eyni tarixli, eyni nömrəli arayışında həmin dövr ərzində işləməsi ilə bağlı hər hansı məlumat göstərilməyib. Buna görə də qeyd olunan dövrə dair məlumatların həqiqiliyinə əsaslı şübhə yaranır. Eyni zamanda 21 may 2008-ci il tarixli 273 nömrəli arayışda 1990-1993-cü illərdə Sumqayıt Kimya Texnologiya Texnikumunda, 13 dekabr 2024-cü il tarixli 187 nömrəli arayışda isə 1983-1984-cü illərdə 165 nömrəli Texniki Peşə Məktəbində təhsil aldığı qeyd olunub. Lakin sözügedən arayışlarda İddiaçı təhsilə başlama və bitirmə tarixləri (gün, ay, il) və təhsil müddətinin əyani olub-olmaması barədə məlumatlar qeyd olunmayıb. Göstərilən səbəblərdən də, qeyd olunan müddətləri iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır.

33. Məhkəmə iddiaçının müahisələndirilən xx.xx.1988-xx.xx.1990-cı illərə münasinətdə qeyd edir ki, iddiaçının əmək fəaliyyəti olan dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

34. Göründüyü kimi, qanunvericiliyə əsasən əmək pensiyasının təyin edilməsi üçün 2006-cı il yanvarın 1-dək olan dövr üzrə şəxsin əmək stajını müəyyən etmək üçün əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İddiaçının isə təqdim etdiyi arxiv arayışına əsasən həmin dövrdə işləməsi təsdiq edilir.

35. İddiaçının mübahisələndirilən 1990-1993-cü illərə müasibətdə məhkəmə qeyd edir ki, “Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci” tərəfindən təqdim edilən arayışdan bəlli olur ki, iddiaçı xx.xx.1990-cı il tarixli 98-T nömrəli əmrlə Sumqayıt Kimya-Texnologiya Texnikumunun əyani (gündüz) şöbəsinin azərbaycan bölməsinə tam orta (10-illik) təhsil bazasından “Polimer materiallardan əşya və örtüklərin istehsalı” ixtisasına (qrup-185) daxil olmuşdur. Dövlət Attestasiya Komissiyasının 2 saylı xx.xx.1993-cü il tarixli protokolunun qərarına əsasən “texnik-texnoloq” ixtisas dərəcəsi verilməklə, xx.xx.1993-cü il tarixli 70-T nömrəli əmrlə həmin ixtisas üzrə Sumqayıt Texnologiya Texnikumunu bitirmiş, lakin diplom almamışdır.

36. Göründüyü kimi iddiaçı 1990-1993-cü illərdə əyani formada təhsil almış və ixtisası üzrə təhsil müəssisəsini bitirmişdir. Diplomun almaması iddiaçıdan asılı olan haldır, həmin illərin sığorta stajına daxil etməməsi üçün əsas deyil.

37. Beləliklə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan 20 il ümumi və 10 il güzəştli müddətdə işləməsi ИТ-İ ******* nömrəli əmək kitabçası, arxiv arayışı, təhsil müəssisəsinin arayışı və işəgötürən müəssisə - "xxxx" ASC nin arayışı təsdiqlənir.

38. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

39. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1- 1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

40. Beləliklə, nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən yaranmış, xx.xx.2023-cü il tarixə qədər pensiya təyinatı üçün müraciət etməmiş, odur ki, ona pensiya 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən təyin edilməli, xx.xx.2023-cü il tarixdən əvvəlki 3 illik müddət üçün pensiya fərqi ödənilməlidir.

41. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

42. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

43. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

44. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı xx.xx.2020-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar