Məhkəmə qərarları › İş №2-1(112)-7019/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7019/2021

16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7019/2021 16.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 25.01.2017-ci il tarixli, 279 ş/h saylı əmrinin ləğv edilməsi, iddiaçının daxili işlər orqanlarında xidmətə bərpa edilməsini, 25.01.2017-ci il tarixdən işə bərpa edilənə qədər olan dövr üzrə əmək haqqının artımlar da hesablanılmaqla ona verilməsini və 25.01.2017ci il tarixdən qətnamə icra edilən tarixə qədər olan dövrün xidmət illərinə daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin məzmunundan göründüyü kimi iddiaçı bildirir ki, xidməti uyğunsuzluğa görə onun barəsində əmr qəbul edilsə də, hərbi xidmət zamanı o, heç bir qanun pozuntusuna yol verməmiş, xidmət müddətində heç bir cəza almamışdır. Onun göstərilən əsasla xidmətdən xaric edilməsi qanunsuzdur. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə verilmiş iddia İPM-nin 2.2.1- ci və 32-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Bununla bağlı olaraq, həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Qeyd olunmalıdır ki, “təqdim olunma” və “elan olunma” ilə bağlı bu mövqeyi Ali Məhkəmə tərəfindən baxılan bir çox oxşar mübahisələrdən formalaşmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi 25.01.2017-ci il tarixli əmrlə o, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9-cu və 10-cu bəndləri əsasında xaric edilmişdir. Qeyd edilmiş əmrlə bağlı mübahisəli, yəni iddiaçıya əmrin təqdim və ya elan edilməsi məsələsinə qiymət verərkən, məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnaməyə” və inzibati prosessual qanunverciliyin tələblərinin əlaqəli təhlil edilməsini zəruri hesab edir. Belə ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 141-ci bəndinə əsasən daxili işlər orqanları əməkdaşlarının xidmətdən xaric edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Əsasnamənin 146-cı maddəsinə əsasən xidmətdən xaric edilən daxili işlər orqanları əməkdaşlarına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müavinət verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsində aşağıdakı qayda müəyyən olunmuşdur: -2-ci bəndinə əsasən, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Maddələrin tələbləri onu ehtiva edir ki, polis və digər hüquq mühafizə orqanlarının qulluqçularına münasibətdə əmək qanunvericiliyin tələbləri o halda tətbiq edilir ki, əgər onların hüquqi statusunu tənzimələyən normativ hüquqi aktlarda, o cümlədən əmək hüquqlarına dair münasibətlər tam əhatə edilməmişir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həllində iddia müddətlərinə dair qaydalar aşağdakı kimi müəyyən edilmişdir: -2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; -3-cü bəndinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddələrin tələblərindən göründüyü kimi, işçinin əmrinin, əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) aldığı gün onun hüququnun pozulduğu gün hesab olunur və həmin gündən etibarən 30 təqvim günü ərzində həmin şəxs məhkəməyə müraciət edə bilər. Beləliklə, iddia müddətinin axımının başlanması günü – işçiyə əmrin, yaxud əmək kitabşasının, yaxud haqq-hesab sənədlərinin təqdim etdildiyi gün hesab olunmalıdır. Bununla yanaşı, yuxarıda əks olunmuş Azərbaycan Respublikası İPM-nin 38-ci maddəsində inzibati aktın mübahisələndirilməsi üzrə müddətin axımının başlanması onun təqdim və ya elan olunduğu vaxtla müəyyən edilmişdir. Habelə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Beləliklə, inzibati qanunvericliklə müddətin axımının başlanğıc tarixi bilavasitə inzibati aktın təqdim və ya elan edilməsi tarixi ilə əlaqələndirlmişdir. Göründüyü kimi, məsələ sahəvi qanunvericiliyə münasibətdə inzibati qanunvericlikdə daha məhdud dairə çərçivəsində həll edilmişdir. Lakin məhkəmə məsələnin tənzimlənməsində sahəvi qanunvericliyin müddəaların tətbiq edilməsi üstünlüyünün aşağıdakılardan irəli gəldiyini qeyd edir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -1.1-ci maddəsinə əsasən, bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; -3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur; -3.3-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər; Maddənin tələbləri onu ehtiva edir ki, inzibati orqanlar onların fəaliyyətinə dair ilk olaraq xüsusi qanunları rəhbər tutmalı, inzibati icraata dair ümumi normaları isə xüsusi qanunları tamamlayan və ya onlara zidd olmayan halda tətbiq edə bilərlər. Yəni polis orqanında xidmət keçməyə dair qanunverilikdə nəzərdə tutulmuş qaydalar xüsusi qanunveriliyə aid olduğundan imperativ xarakter daşıyır, ümumi normaların tətbiqi isə inzibati orqanın seçim hüququna aiddir. Qanunvericiliyin aparılmış təhlilin nəticəsi olaraq məhkəmə qeyd edir ki, mübahisəli məsələyə münasibətdə inzibati aktın ləğv edilməsinə dair tətbiq edilən 30 gün müddətinin axımı müvafiq əmrin təqdim, elan edilmə günü ilə yanaşı, əmək kitabçasının, yaxud haqqhesab sənədlərinin təqdim edildiyi gün də hesab olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı barəsində qəbul edilmiş 25 yanvar 2017-ci il tarixli əmr – sabiq əməkdaşın daxili işlər orqanlarından xaric edilməsi ilə bağlı olduğundan, iddiaçının sözügedən əmr qəbul edildikdən sonra, müvafiq illər ərzində iş yerinə getməməsi, öz iş fəaliyyətini icra etməməsi, o cümlədən, maddi təminatının almaması (əmək haqqı və pul mükafatları), onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə də bu tələblərə əməl etməklə iddiaçıya müddətin buraxıldığını bildirərək, iddianın mümkün sayılmaması kimi gözlənilən hüquqi nəticəni onun diqqətinə çatdırmış müddətin ötürülməsinin bərpası üçün əsas ola biləcək ötürülmənin üzrlü səbəblərinin olubolmaması barədə məhkəməyə məlumat verməyi təklif etmiş, lakin iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı üzürlü səbəbinin olmasına dair mötəbər sübut təqdim olunmamışdır. Bununla bağlı isə qeyd olunmalıdır ki, müddətin ötürülməsi ilə əlaqədar yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. İddiaçının prosessual müddətin buraxılmasına haqq qazandıracaq bu cür üzürlü səbəblər (onun iddia ərizəsi tərtib edərək məhkəməyə göndərməyə imkan verməyən dərəcədə ağır xəstə olması, ezamiyyətdə olması, təbii fəlakət, fövqəladə vəziyyət və sair kimi hallar) isə hazırkı iş üzrə müəyyən olunmur. Hazırki vəziyyətdə, müddətin buraxılmasının üzürlü sayılmasına imkan verən, habelə bununla bağlı çıxarılacaq məhkəmə aktını qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına almayacaq, qanunla nəzərdə tutulmuş prosessual əsaslar yoxdur. Belə olan halda, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdükdən sonra da qanunda nəzərdə tutulmuş bir il ərzində məhkəməyə müraciət etməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim:Həsənov Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar