Məhkəmə qərarları › İş №2-1(112)-7023/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7023/2021

29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7023/2021 29.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “həqiqi hərbi xidmətdən ehtiyata buraxılması və zabitlər üçün qanunvericilikdə nəzərdə tutulmuş təminat xərcliyinin tam şəkildə ödənilməsi” tələbinə barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə hazırlıq icraatı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həqiqi hərbi xidmətdən buraxılması barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdeh qismində inzibati orqan olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması və zabitlər üçün qanunvericilikdə nəzərdə tutulmuş təminat xərcliyinin tam şəkildə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi X2 iş üzrə yazılı vəsatət verərək, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığından inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 24.08.2021-ci il tarixli müvafiq əmri ilə ehtiyata buraxılmış, N nömrəli hərbi hissə komandirinin 31.08.2021-ci il tarixli N nömrəli nizami hissə üzrə əmri ilə iddiaçıya 45 gün məzuniyyət verilməklə 15.10.2021-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılır və ehtiyata buraxılması ilə əlaqədar iki aylıq maaş miqdarında birdəfəlik pul müavinəti verilir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığını və iddiada qeyd etdiyi təminat xərcliyinin ödənildiyini qeyd edərək, iddia tələblərinin artıq icra olunduğunu, icraata xitam verilməsinə etirazı olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N nömrəli 31.08.2021-ci il tarixli nizami hissə üzrə əmrindən görünür ki, mayor İddiaçı, N nömrəli hərbi hissənin rabitə bölmə rəisi, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) və 164-cü müddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikası Müdafiə nazirinin 24 avqust 2021-ci il tarixli 01232 nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə vəzifəsini və işlərini təhvil vermiş hesab edilmiş, 45 (qırx beş) gün məzuniyyət verilməklə 15 oktyabr 2021-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılması və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinə göndərilməsi, mayor İddiaçı, 2021-ci ilin yanvar-sentyabr aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatının tam həcmdə 1275 (bir min iki yüz yetmiş beş) manat məbləğində ödənilməsi, mayor İddiaçı ehtiyata buraxılması ilə əlaqədar ikiaylıq maaş miqdarında birdəfəlik pul müavinəti verilməsi əmr edilmişdir. Mayor İddiaçı 2021-ci ildə nəzərdə tutulmuş maddi yardım verilmişdir. 2021-ci ilin növbəti məzuniyyətindən 45 (qırx beş) gün istifadə edib, məzuniyyət pulu ilə təmin olunub. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İPM-nin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Azərbaycan Respublikası İPM-nin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Azərbaycan Respublikası İPM-nin 67.3-ci maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “həqiqi hərbi xidmətdən ehtiyata buraxılması və zabitlər üçün qanunvericilikdə nəzərdə tutulmuş təminat xərcliyinin tam şəkildə ödənilməsi” barədə iddia tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcüd olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16.3, 67-ci, 80-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “həqiqi hərbi xidmətdən ehtiyata buraxılması və zabitlər üçün qanunvericilikdə nəzərdə tutulmuş təminat xərcliyinin tam şəkildə ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar