Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7023/2025 12.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi Şükürov Ramin Ramiz oğlunun katibliyi Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı təqaüdün ödənilməsi barədə iddiası üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1-ci dərəcəli əlilliyi müəyyən edilmiş və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş xx.xx.2006-cı il təvəllüdlü X7 qulluğa görə təqaüdün 2024-cü ilin aprel ayından ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2006-cı il təvəllüdlü övladı X9 anadangəlmə “spastik tetrapleqiya, spastik tetraparez, ağırlaşma r26.3 immobilik (hərəkətsizlik), əsas diaqnoz G80.0 kvadroplegiq spostik serebral iflic” xəstəliyindən əziyyət çəkdiyi üçün müddətsiz 1-ci dərəcəli əlildir. xx.xx.2024-cü il tarixində iddiaçının övladının 18 yaşı tamam olduğu üçün “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün” verilməsi dayandırılmışdır. X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra xx.xx.2024-cü il tarixdən təqaüd ödənilməyə başalnılmışdır. Lakin həmin tarixədək 6 ay müddət üçün təqaüd ödənilməmişdir və iddiaçının bununla bağlı müraciətləri nəticəsiz qalmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmaqla, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh iddia ərizəsinə qarşı etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, qanunvericiliyin təhlilindən və işin araşdırılmış hallarından göründüyü kimi şəxs üzərində qəyyumluq müəyyən edilir və sözügedən məsələyə münasibətdə qəyyumun həmin şəxsə qulluq etməsi faktı rəsmiləşərək hüquqi nəticə doğurmaq xüsusiyyəti qazanır. Bu qaydada rəsmiləşmə olmadıqda isə müraciət edən şəxsin əlilliyi müəyyən edilmiş şəxsə həqiqətən qulluq etməsi faktını müəyyən etmək mümkün olmur. Hazırkı işdə də, iddiaçının orqanizmin funksiyalarının pozulmasına görə əlilliyii müəyyən edilmiş şəxsə qəyyum təyin olunması Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli sərəncamı ilə qərara alındığından əvvəlki dövr üzrə iddiaçıya təqaüdün ödənilməsi qanunvericiliyin tələbinə ziddir. Qeyd edilənləri nəzərə alaraq cavabdeh iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iddiasını müdafiə edib, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi" haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən aşağıdakılar qeyd olunmuşdur: Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: - 2019-cu il aprelin 1-dək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; - Təqaüdü almaq hüququ olan şəxslərdən yalnız birinə ödənilir; - Bu məqsədlər üçün dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış xərclər hesabına həmin nazirlik tərəfindən bu Fərmanın 3.1.2-ci yarımbəndində nəzərə tutulan qaydaya uyğun olaraq ödənilir. Tibbi-Sosial Ekspert komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən X7 “Spastik tetraplegiya, spastik tetraparez. Ağırlaşma R26.3. İmmobillik (hərəkətsizlik). Əsas diaqnoz G80.0 Kvadroplegik spastik serebral iflic” diaqnozu ilə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir (qiymətləndirmə və təyinat tarixi: xx.xx.2023-cü il). İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən alınmış sosial müavinət və təqaüd haqqında arayışa əsasən X6 anası X8 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə 100 manat məbləğində “Sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluğa görə Azərbaycan Respublikası Prezidenti təqaüdü" təyin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-3565/2024 nömrəli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının “X6 üzərində qəyyum təyin edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 410 №-li sərəncamı ilə İddiaçı övladı xx.xx.2006cı il təvəllüdlü X9 üzərində qəyyum təyin edilmişdir. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli 643 nömrəli Fərmanı:
1. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 100 (bir yüz) manat müəyyən olunsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi” Qaydası: 1.1. Bu Qayda “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün (bundan sonra – təqaüd) ödənilməsi mexanizmini müəyyən edir. 1.2. Təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə verilir. 2.2.1. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinə münasibətdə Şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun ərizəsi (bundan sonra – Ərizə) və onların qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətləri. Şəxsin həqiqətən ona qulluq etdiyi barədə ərizə Quruma, “DOST” mərkəzlərinə və ya Mərkəzə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilməlidir; 2.2.2. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən, ailə üzvü olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 39-cu maddəsinə uyğun olaraq patronajın təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti və Şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) ərizəsi. Şəxsin həqiqətən ona qulluq etdiyi barədə ərizə Quruma, “DOST” mərkəzlərinə və ya Mərkəzə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilir; 2.2.3. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti; 2.2.4. 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə onların qohumluq əlaqəsini təsdiq edən sənəd. Təqaüd təyin edilməsi barədə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə onlarla qohumluq əlaqəsi olmayan qəyyumlar (himayəçilər) müraciət etdikdə, müraciətə qəyyumluq (himayəçilik) təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti əlavə edilir. Cavabdeh orqan müvafiq qaydaların 2.2.3-cü maddəsinə istinad edərək (Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surətini əsas kimi nəzərə alaraq) X7 qulluğa görə prezident təqaüdünü xx.xx.2024-cü il tarixdən təyin etmişdir. Belə ki, cavabdeh orqan mövqeyini əsaslandırmaq üçün bildirir ki, İddiaçı Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli 410 №-li Sərəncamı ilə xx.xx.2006-cı il təvəllüdlü X9 üzərində qəyyum təyin edilmişdir. Proseduru tənzimləyən maddi hüquq normaların ciddi tətbiqi maddi hüququn əsl mahiyyətinə xələl gətirə bilər. Bu zaman müvafiq normalar hüququn ümumi prinsiplərinə və maddi hüququn əsl mahiyyətinə uyğun şəkildə təvsir olunaraq tətbiq edilməlidir. X17 Məhkəməsinin qərarlarında bildirilir ki: - ifadə edilən fikir ayrıca deyil, ümumi kontekstdə araşdıralaraq hərtərəfli qiymətləndirilməlidir (Bax: Yəhova şahidləri dini icmasının Azərbaycana qarşı iş üzrə X17 Məhkəməsinin qərarı ərizə 52884/09, xx.xx.2020-ci il tarixli qərar § 36-37). - istənilən sənəd tətbiq edilərkən onun hazırlanma məqsədi, eləcə də hazırlıq sənədləri (fransızca “travaux préparatoires”) nəzərə alınmalıdır (bax: Nolan Rusiyaya qarşı iş § 48, Marks Belçikaya qarşı iş § 63 və s.). - İstənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X12rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X10 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). - Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi” Qaydası”nın tətbiqi zamanı hərfi təfsirə yol verilməməli, müvafiq maddələr tənzimləmənin ümumi məqsədi nəzərə alınaraq tətbiq edilməlidir. Belə ki, hüquq normasını tətbiq etməzdən əvvəl onun həqiqi məzmununu aydınlaşdırmaq, tənzimləyicinin sözlə ifadə etdiyi mahiyyətin aşkara çıxarılması lazımdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 iyul 2019cu tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi” Qaydasında prezident təqaüdünün təyin edilməsi üçün meyarlar (4 meyar) müəyyən edilərkən 1) əlilliyi müəyyən edilmiş şəxs və ona qulluq edən şəxs arasındakı münasibətin xarakteri, 2) əlilliyin təyin edilmə vaxtı nəzərə alınmışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, müvafiq Qaydanın 2.2-ci maddəsində qeyd olunan sənədlərin tələb olunmasında məqsəd şəxsin həqiqətən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq etməsini təsdiqləməkdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi” Qaydasının 2.2.3-cü maddəsi deyil, 2.2.1-ci maddəsi tətbiq edilməlidir. Belə ki, hazırkı iddia tələbi üzrə müəyyən edildi ki, xx.xx.2006-cı il təvəllüdlü X7 müddətsiz birinci dərəcə əlillik təyin edilmiş və ona qulluğa görə onun anasına “Sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluğa görə Azərbaycan Respublikası Prezidenti təqaüdü" təyin edilmişdir. X6 18 yaşı tamam olduqda qeyd olunan təqaüdün ödənişi dayandırılmışdır. X3 məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdən və xx.xx.2024-cü il tarixdə qəyyumu olaraq atası İddiaçı təyin edildikdən sonra, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxs kimi İddiaçı prezident təqaüdü təyin edilmişdir. Beləliklə, X7 davamlı olaraq valideynlərinin qulluq etdiyi, bu qulluğa görə X7 18 yaşı tamam olanadək, yəni xx.xx.2024-cü il tarixədək və onun üzərində qəyyum təyin edildikdən sonra, yəni xx.xx.2024-cü il tarixdən prezident təqaüdünün ödənildiyi, lakin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət üçün həmin təqaüdün ödənilmədiyi müəyyən edilmişdir. Məhkəmə nəzərə alır ki, hazırki işdə X6 18 yaşı tamam olduqdan sonra onun vəziyyətində hər hansı dəyişiklik olmamış, o, əvvəllər olduğu kimi qulluğa ehtiyacı olan şəxs olmuşdur və həmin qulluq ona valideynləri tərəfindən göstərilmişdir. Hüquqi vəziyyəti dəyişən yeganə meyar isə X6 18 yaşına çatması ilə əlaqədar artıq sağlamlıq imkanları məhdud şəxs kimi deyil, orqanizmin funksiyaları 81-100 faiz pozulmuş şəxs kimi nəzərə alınmasıdır. Məhkəmə hesab edir ki, belə olan təqdirdə İddiaçı münasibətdə prezident təqaüdünün təyin edilməsi üçün əsas onun qəyyum təyin edilməsi barədə qəyyumluq orqanının qərarı olmamalıdır (müvafiq Qaydanın 2.2.3-cü maddəsinə əsasən), iddiaçı Vəliyev X5 Sadiq Həbib oğlunun ailə üzvü olan və ona qulluq edən şəxs kimi (müvafiq Qaydanın 2.2.1-ci maddəsinə əsasən) nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, X7 qulluğa görə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət üçün təqaüdün ödənilməsindən cavabdehin imtinası əsassızdır. Müvafiq qaydalarda nəzərdə tutulan prezident təqaüdü mahiyyətcə eyni vəziyyətdə olan (əlilliyi olan şəxsə qulluq edən) şəxslərə tətbiq edilir, təqaüdün formasını fərqləndirən tək meyar əlilliyi müəyyən edilmiş şəxsin yaşıdır (18 yaşına çatıb-çatmaması: 1)Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və ya 2) 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər). Digər tərəfdən məhkəmə qeyd edir ki, həmin Qayda “Orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi mexanizmini müəyyən edir. Qaydaların 2.2.3-cü bəndinə əsasən “məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti”nin təqdim edilməsi tələbi şəxsə təqaüdün məhz qəyyumluq və himayəçilik orqanının qərarının qəbul edildiyi tarixdən təyin edilməli olması qənaətinə gəlməyə əsas vermir. Belə ki, təqaüdü almaq hüququ məhz orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxs kimi nəzərdə tutulur. Odur ki, iddia təmin edilməli, İddiaçı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan övladı X7 qulluğa görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü xx.xx.2024-cü il tarixdən hesablanmaqla ödənilməlidir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan övladı X7 qulluğa görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün xx.xx.2024-cü il tarixdən hesablanmaqla ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Araz Hüseynov