Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7024/2025 01.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə qarşı “atalıq faktının müəyyən edilməsi və doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək atalıq faktını müəyyən edərək, doğum haqqında akt qeydində düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı atalıq faktının müəyyən edilməsi və doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması barədə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadında qeyd olunanları nəzərə alıb Bakı şəhəri Suraxanı Rayon Mhkəməsinə müraciət etmişdir. Suraxanı RM-in 2(010)- 3596/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının həmin iş üzrə cavabdehlər X1, X2 və Suraxanı Qeydiyyat şöbəsinə qarşı atalıq faktının müəyyən edilməsi və doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair mülki iş üzrə icraata “doğum haqqında akt qeydində düzəliş edilməsi vəzifəsinin cavabdeh Suraxanı Qeydiyyat şöbəsinə həvalə edilməsi” hissəsinə xitam verilməsi və bununla bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edə biləcəyi tövsiyə edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və işin mümkünlük məsələsinin müzakirə edilməsi üçün hazırlıq iclası təyin edilərək tərəflərə bildiriş göndərilmişdir. Cavabdeh tərəflər hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymış və iddiaçıya zəruri hüquqi təkliflər verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini olduğu kimi müdafiə edərək işə mahiyyəti üzrə baxılmasını və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İddiaçı cavabdeh Suraxanı rayon Qeydiyyat şöbəsinə qarşı eyni iddia tələbi ilə bundan əvvəl də Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6432/2024 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardadı mübahisələndirməmiş və qərardad qanuni qüvvəsini almışdır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). İstinad olunan Plenum Qərarında həmçinin göstərilmişdir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5-ci bənd). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6-cı bənd). Göründüyü kimi, iddiaçı hazırkı tələb ilə cavabdehə qarşı bundan əvvəl inzibati məhkəmədə qaldırdığı iddia mümkün sayılmamış və bununla bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur. Belə olan halda cavabdehə qarşı eyni əsaslarla eyni tələb üzrə mübahisəyə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hüquqi qiymət verildiyindən, hazırkı iddiaya yenidən baxılması mümkün sayılmamalıdır. Məhkəmə iddiaçının hüquqi marağını nəzərə alaraq bir daha qeyd edir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3596/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının həmin iş üzrə cavabdehlər X1, X2 və Suraxanı Qeydiyyat şöbəsinə qarşı atalıq faktının müəyyən edilməsi və doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair mülki iş üzrə icraata “doğum haqqında akt qeydində düzəliş edilməsi vəzifəsinin cavabdeh Suraxanı Qeydiyyat şöbəsinə həvalə edilməsi” hissəsində xitam verilmişdir. Həmin qərardadda həmçinin, atalıq faktı müəyyən edildikdən sonra akt qeydində müvafiq düzəlişlərin edilməsi üçün aidiyyəti qeydiyyat şöbəsinə müraciət etmək hüququnun olduğu iddiaçıya izah edilmişdir. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-7024/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7024/2025
01.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver