Məhkəmə qərarları › İş №2-1(112)-7025/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7025/2022

27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7025/2022 27.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivi ərazisindən yerləşən və qanuni istifadəsində olan 500 kv.m bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivi, 10-cu cənub küçəsində yerləşən 152 saylı və İddiaçı qanuni istifadəsinə verilmiş 500 kv.m bağ torpaq sahəsinin faktiki istifadəsində olan 488 kvm. torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri keçmiş X6 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 №-li qərarına əsasən 1 saylı (keçmiş 26 Bakı komissarı adına) mətbəə işçilərinə Dübəndi qəsəbəsinin ərazisindən bağ torpaq sahəsi ayrılmışdır. Mətbəənin nəzdində yaradılmış “Çapçı” bağçılıq yoldaşlığının 06 may 1988-ci il tarixli iclasının 2 №-li protokoluna əsasən həmin torpaq sahəsi işçilər arasında təsdiq olunmuş siyahı üzrə bölünmüşdür. Sonradan ərizəsi əsasında 16 mart 1992-ci tarixli, 3 №-li protokoldan çıxarışa əsasən ona 8-ci cənub küçəsindən verilmiş 149 №-li bağ torpaq sahəsinin yeri 10-cu cənub küçəsində yerləşən 152 №-li bağ torpaq sahəsinə dəyişdirilmiş və “Çapçı” bağçılıq tərəfindən verilmiş 500 kvm. bağ torpaq sahəsinə dair bağçılığın kitabçası verilmişdir. O, həmin bağ torpaq sahəsini daş hasara almış və müəyyən abadlıq işləri görmüşdür. Azərbaycan Respublikasının "Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinin tələbinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Eyni zamanda həmin Qanunun 10-cu maddəsinin tələbinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. O, qanuni istifadəsində olan 500 kvm. bağ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə o dövrdə qüvvədə olan qanunların tələbinə uyğun olaraq keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə müraciət etmişdir. Komitənin Bakı şəhər şöbəsi tərəfindən həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün X9 kitabında xx.xx.2011-ci il tarixdə 28758 nömrə ilə uçota alaraq A № 375491 torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Bundan sonra o sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün bütün sənədlərlə birlikdə İdarəyə müraciət etmişdir. İdarə tətəfindən ona 03 dekabr 2013-cü il tarixli, **********66 saylı məktubla cavab verilərək bildirildi ki, guya müəssisənin rəhbərliyi və həmkarlar ittifaqı komitəsi tərəfindən "Çapçı” bağçılıq yoldaşlığı üzvlərinin təsdiqlənmiş ilkin siyahısı onlara təhvil verilməmiş və eyni zamanda onun bağ torpaq sahəsi elektrik xəttinin qoruma zolağına düşür. Onun torpaq sahəsi heç bir elektrik xəttinin qoruma zolağında yerləşmir və üzvü olduğu bağçılığın üzvlərinin ümumi siyahısını sənədlərinə əlavə etmişdir. O, məcburiyyət qarşısında qalaraq qanuni istifadəsində olan torpaq sahəsinin elektrik xəttinin qoruma zolağında yerləşib yerləşməməsini dəqiqləşdirilməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. "xxxx" ASC tərəfindən verilən 25 yanvar 2022-ci il tarixli, 01/02/12-13/Q-27/498 saylı arayışdan da göründüyü kimi onun istifadəsində olan torpaq sahəsinin elektrik xəttinin qoruma zolağında yerləşməməsi bir daha öz təsdiqini tapmışdır. Onun da üzvü olduğu bağçılığın başqa üzvlərinə həmin ərazidən bağ torpaq sahələrinə dair çıxarış və torpaq sahəsinin planı və ölçü sənədi verilmişdir. Sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün bütün sənədlərlə birlikdə təkrar İdarəyə müraciət etmişdir. İdarə tərəfindən müraciətinə 17 fevral 2022-ci il tarixli, **********26 saylı məktubla cavab verilərək bildirildi ki, guya “Çapçı” bağçılıq yoldaşlığı üzvlərinin siyahısında onun adı aşkar edilməmiş və eyni zamanda hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsi 500 kv.m göstərilsə də o, faktiki 488 kv.m torpaq sahəsindən istifadə edir, bu səbəbdən də sənədlər geri qaytarılmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə xx.xx.2013 və xx.xx.2022-ci il tarixlərdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi idarəsinə təqdim edilmiş “Çapçı” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında hüquq sahibinin adı aşkar olunmamışdır. Həmçinin bağ sahəsinin ölçüsü sənəd üzrə 500,0 kvm. qeyd edilsə də, faktiki ölçüsü 488,0 kvm.-dir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2013-cü il tarixli, **********66 nömrəli və xx.xx.2022-ci il tarixli, **********26 saylı cavab məktubları ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhəri keçmiş X6 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 №-li qərarının surətindən görünür ki, həmin qərara əsasən Əzizbəyov rayonu, Dübəndi qəsəbəsi, keçmiş Zirə tərəvəz-südçülük sovxozunun ərazisində 26 Bakı Komissarı adına mətbəənin 95 nəfər üzvdən ibarət bağçılıq yoldaşlıq təsərrüfatına torpaq sahəsi ayrılmışdır. - 26 Bakı Komissarı adına mətbəənin nəzdində yaradılmış “Çapçı” Bağçılıq Yoldaşlığının iclasının 06 may 1988-ci il tarixli, 2 №-li protokolunun surətindən görünür ki, iclasın qərarına əsasən Bakı şəhəri X6 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 №-li qərarına əsasən 26 Bakı Komissarı adına mətbəəyə Dübəndi kəndində ayrılmış bağçılıq yoldaşlığının sahəsində mətbəə işçilərinə bağ torpaq sahəsi siyahı üzrə təsdiq edilərək işçilər arasında ayrılmasını qərar verilmiş, həmin siyahıda X5 10 Cənub küçəsi, ev 152-nin ayrılması qeyd edilmişdir. - 1 №-li mətbəənin nəzdində yaradılmış “Çapçı” bağçılıq yoldaşlığının idarə heyətinin yığıncağının 16 mart 1992-ci tarixli, 3 №-li protokolundan çıxarışın surətindən görünür ki, İddiaçı ərizə ilə müraciət edərək “Çapçı” bağçılıq yoldaşlığında ona verilmiş 8 Cənub küçəsi, 149 №-li bağ sahəsinin yerinin dəyişdirilməsini xahiş etmişdir. İddiaçı Dübəndi qəsəbəsi, 10-cu Cənub küçəsində yerləşən sahəsi 500 kvm. olan 152 №-li bağ sahəsinin daimi istifadədən ötəri verilməsi qərara alınmışdır. - “Çapçı” bağçılıq yoldaşlığı tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli üzvlük kitabçasının surətindən görünür ki, İddiaçı Əzizbəyov rayonu, Dübəndi qəsəbəsində sahəsi 0,05 hektar olan 10 Cənub-152 torpaq sahəsi verilmişdir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********92 nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2011-ci il tarixdə 28758 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsü Bakı şəhər XDS İK-nın xx.xx.1987-ci il tarixli, 20/396 saylı qərarı və “Çapçı” b/y-nın xx.xx.1992-ci il tarixli 3 saylı protokolu ilə İddiaçı ayrılmış Xəzər rayonu, Dübəndi bağ massivi, 10-cu Cənub küçəsi, 152 saylı bağ evi tikintisi üçün ayrılmış 500 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Tərtib edilməsinə əsas Bakı şəhəri keçmiş X6 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 №-li qərarı, 1 №-li mətbəənin nəzdində yaradılmış “Çapçı” bağçılıq yoldaşlığının idarə heyətinin yığıncağının 16 mart 1992-ci tarixli, 3 №-li protokolundan çıxarış, “Çapçı” bağçılıq yoldaşlığı tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli üzvlük kitabçası, “Çapçı”nın sahəsinin planı, “Çapçı” bağçılıq yoldaşlığı tərəfindən verilmiş bağ sahəsinin təxmini sxemi, Bakı şəhəri, X6 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 №-li qərarına əsasən 1№-li mətbəəyə (keçmiş 26 Bakı komissarı adına) Dübəndi kəndinə ayrılmış bağçılıq yoldaşlığı üzvlərinin siyahısından çıxarış olmuşdur. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2013-cü il tarixli, **********66 nömrəli məktubun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində yerləşən 152 saylı bağ sahəsinə aid plan və ölçünün tərtib edilməsinə və dövlət reyestrindən çıxarışın verilməsinə dair ********** nömrəli, xx.xx.2013-cü il tarixli ərizəsinə və əlavə edilmiş sənədlərə baxılmışdır. Bakı şəhər Ərazi İdarəsinə “Çapçı” bağçılıq yoldaşlığı üzvlərinin müəssisənin rəhbərliyi və həmkarlar ittifaqı komitəsi tərəfindən təsdiqlənmiş ilkin siyahısı təhvil verilməmişdir. Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, bağ sahəsi elektrik xəttinin mühafizə zolağına düşür. Nəzərə alınması xahiş olunur. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 01/02/12-13/Q-027/498 nömrəli arayışının surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarının 5a saylı bəndinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivi, 10-cu Cənub küçəsi, 152 saylı bağ sahəsi elektrik veriliş xətlərinin mühafizə zonasında yerləşmir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********18 №-li məktuba əlavə edilmiş “26 Bakı Komissarları” adına mətbəə bağçılıq birliyinə aid siyahının, ayrıc aktının, eləcə də arxiv qovluğunda mövcud olan protokolların təsdiq edilmiş surətlərindən görünür ki, 26 Bakı Komissarları” adına mətbəə bağçılıq birliyinə aid siyahıda 36 nəfərin adı qeyd olunmuşdur (siyahıda iddiaçının adı yoxdur). 1/688 nömrəli, 29 yanvar 1988-ci il tarixli aktla Azərbaycan SSR Dövlət Nəşriyyat Komitəsinin yanındakı bağçılıq yoldaşlıq birliklərinə Dübəndi qəsəbəsində 21,4 hektar torpaq sahəsi ayrılmışdır. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********59 №-li, xx.xx.2022-ci il tarixli, **********99 №-li, xx.xx.2022-ci il tarixli, **********73 №-li məkublara əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, “Çapçı” b/-nin 10-cu Cənub küç., sahəsi 0,05 ha. olan 150 saylı bağ sahəsi xx.xx.2010-cu il tarixdə 1 №-li mətbəənin nəzdində yaradılmış “Çapçı” bağçılıq yoldaşlığının idarə heyətinin yığıncağının 16 mart 1992-ci tarixli, 3 №-li protokolundan çıxarış, “Çapçı” bağçılıq yoldaşlığı tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli üzvlük kitabçası, xx.xx.2010-cu il tarixdə 20807 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsü əsasında X1 adına daşınmaz əmlakın dövlət reyestrində 261 nömrəli reyestr kitabının 24325 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, “Çapçı” b/-nin 10-cu Cənub küç., sahəsi 0,048952 ha. olan 158 saylı bağ sahəsi xx.xx.2010-cu il tarixdə 1 №-li mətbəənin nəzdində yaradılmış “Çapçı” bağçılıq yoldaşlığının idarə heyətinin yığıncağının 16 mart 1992-ci tarixli, 3 №-li protokolundan çıxarış, “Çapçı” bağçılıq yoldaşlığı tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli üzvlük kitabçası, xx.xx.2010-cu il tarixdə 21969 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsü əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində 278 nömrəli reyestr kitabının 25953 nömrəli vərəqində qeydiyyata alınmışdır. - İdarə tərəfində iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********26 №-li məktubun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivi, 10-cu Cənub küçəsində yerləşən “152” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 02.02.202.2-ci il tarixli ərizəsinə baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Çapçı" bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında hüquq sahibinin adı aşkar olunmamışdır. Həmçinin hüquqmüəyyənedici sənədlərdə 500.0 kvm. qeyd edilsə də faktiki 488,0 kvm. istifadə edilməkdədir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 1 №-li mətbəənin nəzdində yaradılmış “Çapçı” bağçılıq yoldaşlığının idarə heyətinin yığıncağının 16 mart 1992-ci tarixli, 3 №-li protokolundan çıxarışa və “Çapçı” bağçılıq yoldaşlığı tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli üzvlük kitabçasına əsasən Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivi, 10-cu Cənub küçəsində yerləşən, sahəsi 0,05 ha. olan 152 saylı bağ sahəsi İddiaçı verilmişdir. Qeyd olunan bağ sahəsinə dair İddiaçı adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X9ı kitabında xx.xx.2011-ci il tarixdə 28758 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İddiaçının qeyd olunan bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı müraciətindən cavabdeh inzibati orqan İdarəyə təqdim edilmiş “Çapçı" bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adının aşkar olunmamasını, həmçinin hüquqmüəyyənedici sənədlərdə 500.0 kvm. qeyd edilsə də faktiki 488,0 kvm. istifadə edilməsini əsas gətirərək imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. - Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. - 88-ci maddəsinə görə tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı faktiki istifadəsində olan və iddia etdiyi bağ sahəsi ona 1 №-li Mətbəənin nəzdində yaradılmış “Çapçı” bağçılıq yoldaşlığının idarə heyətinin yığıncağının 16 mart 1992-ci tarixli, 3 №-li protokolundan çıxarış və “Çapçı” bağçılıq yoldaşlığı tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli üzvlük kitabçası əsasında ayrılmışdır. “Çapçı” bağçılıq yoldaşlığının idarə heyətinin yığıncağının 16 mart 1992-ci tarixli, 3 №-li protokolu və üzvlük kitabçası ləğv edilmədiyindən, etibarsız sayılmadığından, eləcə də mübahisələndirilmədiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Qanunvericiliyə görə kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bağ sahəsinə hüququn daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün əsasdır. İdarəyə təqdim edilmiş “Çapçı" bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı həmin təsərrüfat yaranan zaman tərtib edilmiş ilkin siyahıdır. “Çapçı" bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin digər siyahılarının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamına uyğun İdarəyə təhvil verilməməsi iddiaçının iradəsindən asılı olan hal deyildir və bu iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasından imtina üçün əsas hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı ilə eyni hüquqmüəyyənedici sənədlərə malik olan “Çapçı" bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin Dübəndi qəsəbəsində yerləşən bağ sahələri üzərində mülkiyyət hüquqları cavabdeh inzibati orqan tərəfindən dövlət qeydiyyatına alınmışdır. Nəzərə alınmalıdır ki, həmin şəxslərin də adı İdarəyə təqdim edilmiş “Çapçı" bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında deyil, iddiaçı tərəfindən həm inzibati orqana, həm də məhkəməyə təqdim edilmiş siyahıda öz əksini tapır. Halbuki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. - 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Məhkəmə həmçinin qeyd edir ki, təqdim edilmiş sənədlərdə torpaq sahəsinin ölçüsünün 500 kv.m qeyd edildiyinə baxmayaraq, faktiki olaraq 488,0 kv.m torpaq sahəsindən istifadə edilməsi iddianın rədd edilməsinə əsas vermir. Belə ki, iddiaçı faktiki istifadəsində olan 488,0 kv.m torpaq sahəsinə dair tələb irəli sürmüşdür. Bundan əlavə iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı hər hansı digər hüquqi və fiziki şəxsə hüquqi və ya texniki sənədin verilməsi halları məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2010-cu il tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin: - 2.1-ci bəndinə görə mərzçəkmə işləri kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişahlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. - 2.2-ci bəndinə görə mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrinə verilir. - 7.2-ci bəndinə görə mövcud torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq struktur bölməsinin mütəxəssisinin, həmin Komitənin rayon (şəhər) şöbəsinin nümayəndəsinin, bələdiyyənin və sərhədləri müəyyən olunacaq torpaq sahəsinin mülkiyyətçisinin (istifadəçisinin) və ya onların müvafiq qaydada verilmiş etibarnaməsi əsasında vəkil etdikləri nümayəndələrin iştirakı ilə aparılır. Məhkəmə onu da qeyd edir ki, İddiaçı qanuni əsaslarla istifadəsinə verilmiş torpaq sahəsi ilə bağlı “gözlənilən mülkiyyət hüququ" əldə etmişdir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Akimova Azərbaycana qarşı” iş üzrə Avropa Məhkəməsi öz qərarında qeyd etmişdir ki, 02 iyun 1993-cü il tarixdə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr ərizəçini mənzilə dair yaşayış orderinin qanuni sahibi olmasını təsdiq etdilər. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında «sosial kirayə müqaviləsi» adlanan müqavilə bağlanılmalı idi. Həmin müqavilənin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda əks olunmuş şərtlərinə görə ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı və Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Belə olan halda, Məhkəmə razılaşır ki, ərizəzinin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən «mülkiyyət»in təşkil olunması üçün kifayət qədər əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nətcəyə gəlir ki, cavabdeh inzibati orqanın gətirdiyi dəlillər iddiaçının qanuni daimi istifadəsinə verilmiş torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina üçün əsas ola bilməz. Cavabdeh inzibati orqan öz imtinasını formal mülahizələrlə əsaslandırmış və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş qeydiyyatdan imtina üçün hallarla bağlı heç bir tutarlı dəlil təqdim etməmişdir. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanuna zidd sayılmalı və İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivi, 10-cu cənub küçəsində yerləşən “152" nömrəli, faktiki sahəsi 488 kvm. olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivi, 10-cu cənub küçəsində yerləşən “152" nömrəli, faktiki sahəsi 488 kvm. olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar