Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7025/2025 28.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Yasamal rayon Polis İdarəsinə (üçüncü şəxs X4) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1970-ci il təvəllüdlü X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 3-cü Xrebtovı saylı fərdi yaşayış evi uzun müddətdir iddiaçının istifadəsində və sahibliyindədir. Həmin mənzildə qızı - X1 həyat yoldaşı - X4 uzun illərdir ki, evdə faktiki olaraq yaşamadığı halda, formal şəkildə qeydiyyatdadır. Keçmiş həyat yoldaşı ilə münasibətlərinin bərpası qeyri-mümkün olduğu üçün Yasamal Rayon Məhkəməsinin 2(004)-5685/12 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən nikahları rəsmi qaydada pozulmuşdur. X4 mütəmadi olaraq spirtli içki qəbul edərək iddiaçını, qızını və övladlarını narahat edərək təhqir etmişdir. Bununla bağlı dəfələrlə şikayətləri də olmuşdur. Hətta qızı X6 mühafizə orderinin alınmasına dair Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etmiş və ona müvəqqəti mühafizə orderi də verilmişdir. İddiaçı üçüncü şəxsin həmin mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı ərizə ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə müraciət etmiş, müraciəti təmin edilməmişdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. Məhkəmə hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Çünki iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Belə ki, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1970ci il təvəllüdlü X4 ünvan 2 ünvanında qeydiyyatdadır. Yasamal Rayon Məhkəməsinin 2(004)-5685/12 nömrəli xx.xx.2012-ci il tarixli qətnaməsindən görünür ki, X6 ilə X4 arasında Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin 09 oktyabr 2001-ci il tarixli 558 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Bakı şəhər Yasamal rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-53/2-Ə-71799 nömrəli məktubdan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İddiaçıya ünvan 4 ünvanından X2 qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İddiaçı hazırda cavabdehin bu imtinasını mübahisələndirərək, X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarıılmasını xahiş edir. Lakin iş materialları ilə müəyyən olunur ki, həmin fərdi yaşayış evi özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda isə aydındır ki, iddiaçının özbaşına tikili olan həmin əmlaka hər hansı bir hüququ mövcud deyil. Məhkəmə qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən şəxsin iddia qaldırmaq səlahiyyətinin və ümumi, bəzi iddia (o cümlədən hazırkı iddia növünə) növlərinə münasibətdə isə həm də xüsusi hüquqi müdafiə marağının mövcud olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə iddia qaldırmaq səlahiyyətinə malik olması ilə bağlı şərt də yerinə yetirilmiş olmalıdır. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının belə səlahiyyətə malik olduğu görünmür. İddiaçı aparılmış qeydiyyatın yalnız onun hüququnu pozması ehtimalının mövcud olduğu halda həmin qeydiyyatın ləğvini tələb edə bilərdi. Başqa sözlə, aparılmış qeydiyyatın ləğvini tələb etmək üçün iddiaçı ən azından iddia etdiyi yaşayış sahəsi üzərində qanuni istifadə hüququna malik olmalıdır. Qanuni istifadə hüququ qanundan, inzibati aktdan və ya müqavilədən irəli gəlməli, hüquqmüəyyənedici sənədə əsaslanmalıdır. Lakin iddiaçının mübahisəli sahə üzərində qanuni istifadə hüququna malik olduğu mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunmur (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1892/2023 saylı, 25.102023-cü il tarixli qərarı). Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisə predmeti ilə bağlı iddiaçı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmasını sübuta yetirə bilmir. Buna görə də məhkəmə hesab edir ki, onun bu iddiası mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-7025/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7025/2025
28.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver