Məhkəmə qərarları › İş №2-1(112)-703/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-703/2025

03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-703/2025 03.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və s.” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci ildən etibarən 2-ci qrup əlilliyinin dayandırılması barədə qərarın ləğv edilərək 01 aprel 2022-ci il tarixdən 2-ci qrup əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfin sonuncu ərizəsi nəzərə alınaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “İddiaçı ikinci dərəcə əlilliyin təyin olunasından imtina edilməsi barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-ü il tarixli 3-17-4/3-3-18032/2023 qərarının ləğv edilərək, iddiaçıya xx.xx.2023cü il tarixindən tibbi sənədlərdə öz əksini tapmış diaqnoza uyğun əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci il tarixdə Bakı şəhəri, Əzizbəyov RHK tərəfindən hərbi xidmətə çağırılmışdır. xx.xx.1994-cü il tarixdə hərbi xidmət keçərkən başından yaralanmışdır. xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədində müayinə və müalicə olunmuş, həmin zaman orada ona “Qapalı baş-beyin travması” diaqnozu qoyulmuşdur. Sonra yenidən xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədində müayinə və müalicə olunmuş, həmin zaman orada ona “Baş beyninin orta ağır dərəcəli əzilməsi, qapalı kəllə-beyin travmasının nəticələri. Hipertenziv sindrom ilə posttravmatik araxnoidit” diaqnozu qoyulmuşdur. Daha sonra yenidən xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müayinə və müalicə olunmuş, həmin zaman orada ona “Keçirilmiş baş-beyin travmasından sonrakı isterik qıcolma tutmaları” diaqnozu qoyulmuşdur. Daha sonra xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Klinik Hospitalında müayinə və müalicə olunmuş, həmin zaman orada ona “Astero-nevrotik əlamətlər ilə qapalı kəllə-beyin travmasının nəticələri. Hər iki gözün 0,5D miopsiyası” diaqnozu qoyulmuşdur. Bununla bağlı 2009-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həkim komissiyasına müraciət etmişdir. Oradan ona aldığı xəsarətlər ilə bağlı xəstəxanada yenidən müayinə və müalicə olunmağını bildirdilər. O, bir neçə xəstəxanada müayinə və müalicə götürdükdən sonra 2011-ci ildə ona xəstəlik haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə göstərilmişdir ki, xəstəliyin hərbi xidmət dövründə alındığı, hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız olduğu göstərilmişdir. İddiaçı 2011-ci ildə tibbi komissiyada müayinədən keçəndən sonra ona 2-ci qrup əlillik verilmiş və 2021-ci ilinin aprel ayınadək əlillik pensiyası almışdır. İddiaçı hesab edir ki, onda olan xəstəliklər əlilliyin təyinatına əsas verdiyi halda, cavabdeh əsassız olaraq ona əlilliyin təyinatından imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, Bakı şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0174003AAC49 nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 1413 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı baş-beyin travması. Baş beynin orta ağır dərəcəli əzilməsinin, qapalı kəllə-beyin travmasının nəticələri. Hipertenziv sindrom ilə posttravmatik araxnoidit. Keçirilmiş baş-beyin travmasından sonrakı isterik qıcolma tutmaları. Astenonevrotik əlamətlər ilə qapalı kəllə-beyin travmasının nəticələri. Hər iki gözün 0,5D miopiyası “ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı halsızlıq, başağrıları, bütün bədənində olan ağrılardan, yüksək arterial təzyiq, yuxusuzluq, yaddaşsızlıq, sol ətraflarında keyimə hissindən, eşitməsinin zəif və eyni zamanda qulağında olan səsdən şikayətlənmişdir. Anamnestik məlumatlarında qıcolma tutmaları olduğunu, əsəbləşdiyi zaman ətraflarının keyidiyini, özündə olmadığını, tutmalara görə reanimasiya şöbəsinə yerləşdirildiyini bildirmiş, lakin müvafiq sənəd təqdim etməmiş, həmin vaxtlar sidik yollarına kateter qoşulduğu, bu səbəblə infeksiyaya yoluxduğunu söyləmiş, medikamentoz preparatlardan “Fillepsal”, “Depakin” qəbul etdiyini qeyd etmişdir. Təqdim olunmuş baş-beynin instrumental müayinə nəticəsinə əsasən (MRT) non spesifik ocaqlar qeyd edilmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, təqdim olunmuş EEQ müayinəsinin dalğalarında epiaktiv ocaqlar aşkarlanmamışdır. Psixi statusunda ifadəli şəxsiyyət dəyişikliyi müşahidə olunmamış, astenik vəziyyət izlənilmişdir. X3 xx.xx.2022-xx.xx.2022-ci il tarixli 3560/764 nömrəli Çıxarışında diaqnoz "Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıqları, Posttravmatik ensefalopatiya kəllə daxili hipertenziya və xroniki baş ağrıları ilə. Emosional labil pozuntu, vegetativ damar paroksizmləri' kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 saylı X2 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 1258 nömrəli Çıxarışında diaqnoz "Baş beynin üzvi xəstəliyi (İ Qarabaq müharibəsi zamanı alınmış travma mənşəli) nəticəsində yaranan kəskin ifadəli şəxsiyyət dəyişikliyi kobud davranış pozuntuları özünə xəsarətlərlə" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X4 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 3567 nömrəli Çıxarışında diaqnoz "Epilepsiya xəstəliyi qıcolmadan sonrakı vəziyyət. Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri (hərbi travma). Posttravmatik ensefalopatiya, tez-tez baş verən vegetativ damar krizləri və qıcolmalarla. Kəllə daxili hipertenziya. Beynin xroniki işemiyası. Hipertoniya xəstəliyi İİ mərhələ. Hipertonik ensefalopatiya. Baş beynin travmatik zədələnməsi fonunda şəxsiyyət və davranış pozuntuları" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X6 xx.xx.2021-ci il tarixli BERA testinin nəticəsi "İkitərəfli orta ağır (İİİ-İV) dərəcəli sensonevral tip eşitmə azlığı" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Medistyle Hospitalın xx.xx.2023-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi "Hər iki beyin yarımkürəsində hər iki pariatrial nahiyədə 2-3 mm ölçüdə bir neçə ədəd T2, FL.AİR hiperintens ocaq (Daha çoxunun spesifik ocaq lehinə dəyərləndirir)" kimi qeyd edilmişdir. X7 xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi "Hipoksik vəziyyət. Alın payında təktək paroksizmal işarələr. Vegetativ strukturların paroksizmi. 13 ləng dalğaların paroksiz kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi ‘‘Sağ qulaqda normal eşitmə (25 db). Sol qulaqda İ dərəcəli ağıreşitmə (30 db)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı dəqiqləşdirilmiş iddia tələbində dövlət tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli, R00037833ASB nömrəli tibbi göndərişi əsasında əlilliyinin müəyyən edilməsini istəyir. Həmin tibbi göndəriş üzrə sonuncu dəfə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının 16 oktyabr 2023-cü il tarixdə əyani müayinəsi keçirilərək eyni tarixdə əlillik təyinatından imtina edilməsi barədə qərar qəbul edilmiş, beləliklə də tərəflər arasında inzibati mübahisə yaranmışdır. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının əlillik vəziyyəti qiymətləndirildikdən sonra nəticəsi üzrə qəbul edilmiş inzibati aktın iddiaçıya nə zaman təqdim edilməsi və ona hüquqi müdafiə vasitələrinin izah edilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə, məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-18032/2023 nömrəli qərardan görünür ki, diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1413 saylı, xx.xx.2009-cu il tarixli qərarından görünür ki, Bakı ş. Əzizbəyov RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travma - diaqnoz: «Qapalı baş-beyin travması», xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travmanın nəticələri - diaqnoz: «Baş beynin orta ağır dərəcəli əzilməsinin, qapalı kəllə-beyin travmasının nəticələri. Hipertenziv sindrom ilə posttravmatik araxnoidit», xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travmanın nəticəsi - diaqnoz: «Keçirilmiş baş-beyin travmasmdan sonrakı isterik qıcolma tutmaları» və xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu travmanın nəticəsi - diaqnoz: «Asteno-nevrotik əlamətlər ilə qapalı kəllə-beyin travmasının nəticələri. Hər iki gözün 0,5D miopiyası» “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Müayinə məlumatlarından görünür ki, iddiaçıya: -xx.xx.2014-cu il tarixdə “Keçirilmiş KBT davamlı qalıq əlam. Postravmatik nesafalopatiya. Hipertoniya x-yi 2m” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. -xx.xx.2015-ci il tarixdə “Baş beynin diffuz travması. Dəqiqləşdirilməmiş kəllədaxili travma” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. -xx.xx.2016-cı il tarixdə “Baş beynin diffuz travması. Dəqiqləşdirilməmiş kəllədaxili travma” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Bakı Xəzər Tibb Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, R00037833ASB nömrəli tibbi göndərişdən görünür ki, iddiaçıda aşağıdaki xəstəliklər müəyyən olunmuşdur: Əsas diaqnoz – T90.5 Kəllədaxili travmalarınn nəticələri. Keçirilmiş kəllə beyin travmasının davamlı qalıq əlamətləri Ağırlaşma – F06.6 Üzvi mənşəli emosional (astenik) pozuntu, Travma mənşəli qabarıq asteno nevrotik sindromu; G63.8 Digər rubrikalarda təsnif olunan başqa xəstəliklərdə, Travmatik ensefalopatiya, kəllə daxili hipertenziya və xroniki baş ağrıları ilə vegetativ damar pareksizmaları emosional labil pozuntu H93.3 Eşitmə sinirinin xəstəlikləri, iki tərəfli koxlear nevrit H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. İki tərəfli orta ağır eşitmə İİİ-İV dərəcə Yanaşı xəstəliklər – İ10 Essensial (birincili) hipertenziya. Hipertoniya xəstəliyi İİ mərhələ J44.8 Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi. Ağciyərlərin xroniki obstruktiv xəstəliyi Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekpertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi və X5-Təcrübi və Tədris Birliyinin ekspertlərinə tapşırılmışdır. Ekspertixs qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. xx.xx.1969-cu il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla (zərurət yarandıqda instrumental müayinə vasitələrindən istifadə olunmaqla) xəstəlik (xəstəliklər) diaqnozu müəyyən edilsin.

2. İddiaçı canlı müayinəsi zamanı xx.xx.2022-ci il tarixli, R00037833ASB nömrəli göndərişdə (Forma 88) qoyulmuş diaqnoz müəyyən olunurmu?

3. İddiaçının canlı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) aşkar olunur?

4. İddiaçının xəstəliklərinin qiymətləndirilməsi zamanı onda kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə beyin travmasının davamlı qalıq əlamətləri müəyyən edilirsə, bu diaqnoz onda hansı ağırlaşma formasında təzahür edir?

5. iddiaçının xəstəliklərinin qiymətləndirilməsi zamanı kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə beyin travmasının davamlı qalıq əlamətləri müəyyən edilirsə aşağıdakı ağırlaşmalardan hansı müşahidə edilir? -ümumi beynin mülayim pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası -ümumi beynin təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası -baş beynin əzilməsi, kontuziyası -psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası -vegeto-damar mülayim pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası -vegeto-damar təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası teztez baş verən paroksizmal vəziyyətlərlə (gündəlik tutmalar) və (və ya) ümumi vəziyyətə təzahür edən təsirlə -sinir və sümük-əzələ sisteminə aid simptomlar və əlamətlər. -kəllə sümüklərinin plastikası mümkün olmayan çatışmazlıqları (3 sm2 və daha çox) və ya kəllə sümüyünün plastikası mümkün olan geniş (30 sm2-dən artıq) qüsuru -üzün (kəllə sümüyünün) eybəcərləşmə ilə nəticələnən sümük və dəri strukturlarının həcminə və zədələnməsinə görə çatışmazlıqlar

6. iddiaçının xəstəliklərinin qiymətləndirilməsi zamanı başın travmalarının nəticələri (T90) diaqnozu müəyyən edilirsə onda aşağıdakı ağırlaşmalardan hansı müşahidə edilir? -beyin maddəsində yad cismin olması müəyyən edilirmi? -müvazinətin və koordinasiyanın pozulması, vestibulopatiya ilə nəticələnən mərkəzi sinir sisteminin üzvi mənşəli zədələnməsi (posttravmatik, damar, degenerativdistrofik) müəyyən edilirmi?

7. İddiaçının xəstəliklərinin qiymətləndirilməsi zamanı onda üzvi mənşəli emosional labil (astenik) pozuntu, travma mənşəli qabarıq asteno nevrotik sindromu müəyyən edilirsə, bu xəstəlik onda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 7.6.2-ci bəndinin 7.6.2.1-ci və 7.6.2.2-ci altbəndlərindəki hansı ağırlaşmalarla müşayiət olunur?

8. İddiaçının xəstəliklərinin qiymətləndirilməsi zamanı onda eşitmə sinirinin xəstəlikləri müəyyən edilirsə onda eşitmənin ikitərəfli tam itirilməsi, yaxud eşitmə zəifliyi müşahidə olunurmu? Əgər eşitmə zəifliyi müəyyən olunursa hər iki tərəf üzrə dərəcəsi müəyyən edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin ekspertləri tərəfindən verilmiş T84/2025 saylı ekspert rəyində aşağıdakılar bildirilmişdir: 1-5,8. Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə “Akademik M.Mirqasımov adma Respublika Klinik Xəstəxanası” phş-də audioqramma müayinəsi zamanı “İkitərəfli koxlear nevrit, neyrosensor ağıreşitmə sol tərəfdə İİİ-İV dərəcəli, sol tərəfdə İİİ-İV dərəcəli” diaqnozu müəyyən edilmişdir. -Onun iş materiallarında olan tibbi sənədlərə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün “Bakı Xəzər Tibb Mərkəzi”ndə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, R00037833ASB nömrəli Forma 88 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: T90.5-kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə-beyin travmasınm davamlı qalıq əlamətləri. Ağırlaşmalar: G63.8-digər rubrikalarda təsnif olunan başqa xəstəliklərdə, travmatik ensefalopatiya, kəllədaxili hipertenziya və xroniki başağrıları ilə vegetativ damar paroksizmləri emosional labil pozuntu, F06.6-üzvi mənşəli emosional labil (astenik pozuntu, travma mənşəli qabarıq asteno-nevrotik sindrom, H93.3-eşitmə sinirinin xəstəlikləri, ikitərəfli koxlear nevrit, H90.3-eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, ikitərəfli orta ağır eşitmə İİİ-İV dərəcə” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onun proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Qeyd edilən əsas xəstəlik xroniki hala keçdiyindən ağırlaşmış və onun da ağırlaşmaları yuxarıda qeyd edilmişdir.

6. Qərardadın 6-cı bəndinin yarımbəndlərindəki hallara şəxsin əyani müayinəsi zamanı rast gəlinmədi. Məhkəmə iddianın qanuni əsasları ilə bağlı aşağıdakı normalara istinad edir: Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdqi edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Agentliyinin” Nizamnaməsinin: -1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. -2.1-ci bəndinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətlərinə daxildir. -3-cü bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: -1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. -1.6-cı bəndinə əsasən, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. -1.8-ci bəndinə əsasən, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. -2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: -3.1-ci bəndinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Beləliklə, hazırkı halda iddiaçının hüquqi marağı və məqsədi Bakı Xəzər Tibb Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, R00037833ASB nömrəli tibbi göndəriş üzrə əlilliyinin müəyyən edilməsindən ibarətdir. Məlum olduğu kimi, cavabdeh qurum iddiaçının təqdim etdiyi diaqnoz üzrə əlillik təyinatı aparmaqdan imtina etmiş və bunu həmin diaqnozun “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olmaması ilə əsaslandırmışdır. Lakin təqdim olunmuş sənədlərin və iş materiallarından görünür ki, cavabdeh tərəf təqdim edilən göndəriş sənədində əks olunan xəstəliklərin və diaqnostik nəticələrin iddiaçıda mövcud olmasını mübahisələndirməmiş, sadəcə həmin xəstəliklərin əlilliyin təyininə əsas vermədiyini hesab etmişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, ekspert rəyində iddiaçıda tibbi göndərişdə qeyd olunan əsas xəstəliyin xroniki hala keçdiyindən ağırlaşmaların mövcud olduğu müəyyən edilmişdir. Göründüyü kimi ekspert rəyi ilə də iddiaçının həmin xəstəliklərdən əziyyət çəkməsi təsdiq olunur. Bununla yanaşı bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 9.1-ci bəndində H60-H95 XBT kodu altında nəzərdə tutulan “qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri” xəstəliyi hallarda aşağıdakı hallarda əlilliyin təyinatı üçün əsas verir: 9.1.1 7 yaşa qədər anadangəlmə və ya qazanılmış eşitmənin zəifliyi və ya eşitmənin tam itirilməsinə yaxın azalması, yanaşı nitq pozuntuları ilə (bir qayda olaraq, ömürlük nitq qabiliyyətinin ağır pozulması) 9.1.2 daha sonra qazanılmış (8-18 yaşlarında) eşitmənin tam itirilməsi, ağır nitq pozuntuları ilə (çətin başa düşülən uca nitq, söz ehtiyatının məhdudluğu) 9.1.3 eşitmə zəifliyi bir tərəf üzrə İİİ dərəcə, digər tərəf üzrə İV dərəcə 9.1.4 eşitmə zəifliyi İV dərəcə, ikitərəfli 9.1.5 eşitmənin ikitərəfli tam itirilməsi 9.1.6 psixi pozulmalarla müşayiət olunan eşitmənin tam itirilməsi və nitqin tam olmaması Göründüyü kimi, istinad olunan Meyarlara əsasən şəxsə H60-H95-kodu altında qeyd olunmuş diaqnoz qoyularkən 9.1.1-9.1.6-cı altbəndlərdə nəzərdə tutulmuş ağırlaşmalar üzrə qiymətləndirilmə aparılmalıdır. Həmin qiymətləndirilmədən asılı olaraq şəxsin sağlamlıq vəziyyətində müvafiq ağırlaşmalar müəyyən edildiyi halda, orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsi və müddəti müəyyən edilməklə əlillik dərəcəsi təyin edilir. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi tibbi sənədlər və ekspert rəyi əsasında onda qeydə alınmış “eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, ikitərəfli orta ağır eşitmə İİİ-İV dərəcə” kompleks şəkildə orqanizmə sistemli təsir göstərdiyi və davamlı xarakter daşıyan funksional pozuntulara səbəb olduğu müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, həmin xəstəlik iddiaçının orqanizmin qulağın və məməyəbənzərə dair disfunksiyanın göstəricisidir. Qeyd olunan funksional pozuntuların xarakteri və davamlılığı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 9.1.3-9.1.4-cü yarımbəndində nəzərdə tutulan ağırlaşmalar halına uyğundur. Bu isə əlilliyin təyininə əsas verən xəstəliyin iddiaçıda mövcud olması deməkdir. Oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)-1428/2024 nömrəli 2-1(102)- 1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2- 1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır.” Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə iddiaçının xəstə olması iş materialları ilə öz təsdiqini tapdığından və həmin diaqnoz əlillik təyin edilməsi üçün Meyarlara uyğun olduğundan, cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Məhkəmə əlavə olaraq diqqət yetirilməsini zəruri hesab edir ki, iddiaçı hazırki mübahisə üzrə iddia tələbində yalnız əlilliyin təyin olunması ilə kifayətlənməyərək, eyni zamanda 16 oktyabr 2023-cü il tarixli inzibati aktın ləğv edilməsini də tələb etmişdir. Bu baxımdan qeyd edilməlidir ki, həmin qərar yalnız iddiaçının hüquqi vəziyyətinə deyil, eyni zamanda digər şəxslərin tibbi müayinəsinin nəticələrini də ehtiva edir. Məhkəmə, iddiaçının iradəsini qiymətləndirərək müəyyən edir ki, iddiaçı inzibati aktların yalnız özünə münasibətdə olan hissəsinin ləğvini tələb etməkdə maraqlıdır. İddia tələbinin dəqiqləşdirilməsində bu hal dəqiqliklə ifadə olunmasa da, iddiaçının ifadə tərzi və təqdim etdiyi sübutlar kontekstində onun hüquqi marağının məhz öz hüquqi vəziyyətinə təsir edən hissənin mübahisələndirilməsinə yönəldiyi aydın şəkildə görünür. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının tələbi hüquqi cəhətdən yalnız onun hüquqi vəziyyətinə təsir edən hissənin mübahisələndirilməsi kimi qiymətləndirilməlidir. Odur ki, iddiaçının əlilliyinin təyini ilə yanaşı həmçinin mübahisələndirilən qərar iddiaçıya münasibətdə də ləğv edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi nəticə odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı ikinci dərəcə əlilliyin təyin olunmasından imtina barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-17-4/3- 3-18032/2023 qərarı ona aid hissədə ləğv edilsin. İddiaçı Bakı Xəzər Tibb Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, R00037833ASB nömrəli tibbi göndəriş üzrə əlillik vəziyyətinin qiymətləndirildiyi xx.xx.2023cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 9.1.3-9.1.4-cü yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi müəyyən edilməklə əlillik təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar