Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7030/2025 07.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı “qərarın aidiyyəti hissədə ləğv edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi idarə heyətinin qərarının ona aid hissədə ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-4356/2024 nömrəli qərarının iddiaçıya aid hissədə ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona ilk dəfə xx.xx.2018-ci il tarixdə təyin olunmuş 3-cü dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdeh AR ƏƏSMN yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı xx.xx.2018-ci il tarixdə təyin olunmuş 3cü dərəcəli əlilliyin ləğv edildiyi xx.xx.2019-cu il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(1 12)-9501/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı icra edilərək vətəndaş İddiaçı xx.xx.2018-ci il tarixdə müddətsiz təyin edilmiş İİİ dərəcə əlillik xx.xx.2019-cu il tarixdən bərpa edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək qeyd olunmuşdur ki, məhkəmənin icraatında olan inzibati iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 2-1 (112)-9501/2023 saylı qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən iddiaçıya xx.xx.2019-cu il tarixdən təyin edilmiş 3-cü dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi cavabdehin üzərinə qoyulmuşdur. Adıçəkilən qərar qanuni qüvvəsini aldıqdan sonra cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə icra edilmiş və əlillik qiymətləndirilməsi əlillik altsisteminə daxil edilmişdir. Lakin bir müddət keçdikdən sonra iddiaçının əlillik qiymətləndirilməsi əlillik altsistemindən birdəfəlik olaraq silinmişdir. Bu isə ona dəlalət edir ki, cavabdeh orqan dövlətin adından çıxarılmış məhkəmə qərarını ilk növbədə icra etsə də, bu icra formal xarakter daşımış, üstündən bir müddət keçdikdən sonra öz qanunsuz hərəkətlərinə daxam edərək qəbul edilmiş qərara hörmətsizcəsinə münasibət bəsələyərək altsistemdən qiymətləndirmənin ləğv edilmə tarixini ilkin təyinat olaraq göstərmişdir. Bu hal isə özü-özlüyündə bu qədər əziyyət bahasına məhkəmə çəkişməsini həyata keçirən iddiaçının qanunla qorunan hüquq və maraqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Qeyd edilənləri nəzərə alaraq Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 2- 1(112)-9501/2023 saylı qərarının AR İPM-nin 120-ci maddəsinə uyğun olaraq düzgün şəkildə məcburi icra edilməsi üçün tədbirlər görülməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9501/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Yuxarıda sadalanan hallardan göründüyü kimi iddiaçıya xx.xx.2018-ci il tarixdə müddətsiz olaraq ümumi xəstəik səbəbindən 3-cü dərəcəli əlillik təyin edilmişdir. Təyin edilmiş əlilliyin diaqnoz bölməsində “arxa qütbün və ləkənini degenerasiyası. Astiqmatizm, monokulyar korluq. VİZOD 0.7 korreksiya etmir (onda yeddi) VİZOS=0.01 korreksiya etmir (yüzdə yeddi)” qeyd olunmuşdur. Cavabdeh tərəfindən iddiaçı 3-17-4/2-B-25577/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində Agentliyə əyani müayinəyə dəvət edilmişdir. İddiaçı həmin əyani müayinədə iştirak etməmişdir. Bundan sonra cavabdeh inzibati orqan iddiaçıya xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-19336/2023 saylı məktub ünvanlayaraq ona “diaqnozun təsdiqini tapmaması” barədə qərarın ləğv edilməsi, xx.xx.2018-ci il tarixli 2.5.14 bəndinə müvafiq ümumi xəstəlik-gözdən əlil səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar bərpa edilərək xx.xx.2023-cü il tarixindən “diaqnozun əlillik əlaməti təyin etməməsi" barədə qərar qəbul edildiyi bildirmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın iddiaçıya münasibətdə əlillik qiymətlədirilməsinin ləğv edilməsinə dair hərəkətləri qanuni olmadığından bu barədə qəbul edilmiş qərar ləğv edilməlidir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AADSG nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən möddətsiz İİİ dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Göndərişlərin əsaslılığının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə araşdırılma aparılmış və Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli 029-1354-1219 nömrəli məktubu ilə təqdim olunan siyahıda adları qeyd olunan şəxslərə aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində vətəndaşa dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı həmin məktuba əsasən xx.xx.2019-cu il tarixində ləğv olunmuşdur. Bununla əlaqədar, vətəndaş məhkəməyə müraciət etmiş və həmin dövr Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində bərpa edilmişdir. Sonrakı dövrdə Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən aparılan monitorinq zamanı 8 nəfər vətəndaşın əlillik dərəcəsinin təyini barədə qərarın əsaslı olubolmamasını müəyyən etmək məqsədilə vətəndaşın qeydiyyat ünvanına xx.xx.2023-cü il tarixli, 3-17-4/2-B-25577/2023 nömrəli bildiriş məktubu göndərilərək xx.xx.2023-cü il tarixinə Agentliyə dəvət edilsə də, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər, həmçinin ekspertiza əhəmiyyətli digər məlumatlar üzrə aparılan araşdırma və qiymətləndirmənin nəticəsində diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Daha sonra şəxsin müraciəti əsasında tibbi-sosial ekspertiza sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar yenidən araşdırılmış və xx.xx.2023-cü il tarixdən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilmiş formada müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya qarşı təqdim edilmiş etirazı müdafiə edərək, tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (iddia müddəti) cavab verməklə təqdim olunmuşdur. Belə ki, iş materialları ilə mübahisələndirilən qərarın iddiaçıya təqdim (elan) edilməsi, eləcə də qərarda həmin inzibati akta qarşı mümkün hüquqi müdafiə vasitələrinin izah olunması müəyyən edilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Elektron məhkəmə sisteminin şəxsiyyət vəsiqəsi bölməsindən əldə olunan məlumatlara əsasən İddiaçı xx.xx.1974-cü ildə doğulmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. -İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AADSG saylı, xx.xx.2018-ci il tarixli göndərişi əsasında xx.xx.2018-ci il tarixində Tibbi sosial ekspert komissiyası tərəfindən qiymətləndirilmiş və “ümumi xəstəlik-gözdən əlil” səbəbindən müddətsiz 3-cü dərəcə əlillik təyinatı aparılmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli, **********0 nömrəli məktubuna dair ünvanladığı 029-1354-1219 nömrəli, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, İdarə tərəfindən 378 nəfər barəsində rəsmiləşdirillmiş göndərişlərin əsaslığının araşdırılması ilə əlaqədar müraciətə baxılmışdır. Bildirilir ki, müraciətə əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərin DİN-ə aidiyyəti yoxdur və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. Bununla əlaqədar göndərişlərin etibarsız hesab olunmamasının nəzərə alınması xahiş edilmişdir. Məktuba əlavə edilmiş siyahıda iddiaçının adı 2-ci qrafada göstərilmişdir. -Əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədi ilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə araşdırılma həyata keçirilmiş və rəsmiləşdirilmiş göndərişlərin əsaslılığı yoxlanılaraq aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “əlillik” altsistemində vətəndaşa dair tibbi sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2019-cu il tarixdə **********2 ESDAS nömrəsi ilə etibarsız hesab olunmuşdur. -İddiaçı tərəfindən cavabdeh orqanın etibarsızlığa yönəlmiş hərəkətlərinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9501/2023 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2018-ci il tarixdə təyin olunmuş 3-cü dərəcəli əlilliyin ləğv edildiyi xx.xx.2019-cu il tarixdən bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. -Dövlət Tibbi-Sosial Ekspertiza və X1 nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən aparılan monitorinq zamanı 8 nəfər vətəndaşın əlillik dərəcəsinin təyini barədə qərarın əsaslı olub-olmamasının müəyyən edilməsi məqsədilə cavabdeh orqan tərəfindən iddiaçının qeydiyyat ünvanına xx.xx.2023-cü il tarixli, 3-17-4/2-B- 25577/2023 nömrəli bildiriş göndərilmişdir. Adıçəkilən Bildirişdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən iddiaçı xx.xx.2023-cü il tarixində saat 13:50-də Agentliyə əyani müayinəyə dəvət edilmişdir. -cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-4356/2024 nömrəli qərarından görünür ki, xx.xx.2023-cü ildən etibarən “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə tibbi-sosial ekspert komissiyası tərəfindən qərar qəbul edilmişdir. -Cavabdeh inzibati orqanın xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AADSG nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz 3-cü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Göndərişlərin əsaslılığının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə araşdırılma aparılmış və Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli 029- 1354-1219 nömrəli məktubu ilə təqdim olunan siyahıda adları qeyd olunan şəxslərə aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində vətəndaşa dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı həmin məktuba əsasən xx.xx.2019- cu il tarixində ləğv olunmuşdur. Bununla əlaqədar, vətəndaş məhkəməyə müraciət etmiş və həmin dövr Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində bərpa edilmişdir. Sonrakı dövrdə Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən aparılan monitorinq zamanı 8 nəfər vətəndaşın əlillik dərəcəsinin təyini barədə qərarın əsaslı olub-olmamasını müəyyən etmək məqsədilə vətəndaşın qeydiyyat ünvanına xx.xx.2023-cü il tarixli, 3-17-4/2-B-25577/2023 nömrəli bildiriş məktubu göndərilərək xx.xx.2023-cü il tarixinə Agentliyə dəvət edilsə də, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər, həmçiinin ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılan araşdırma və qiymətləndirmənin nəticəsində diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Daha sonra şəxsin müraciəti əsasında tibbi-sosial ekspertiza sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar yenidən araşdırılmış və xx.xx.2023-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin əlilliyin ləğv edilməsində ifadə edilən qərarı qanunauyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanundan: -2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi vəya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam. -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. -13.3-cü maddəsinə müvafiq olaraq, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.4-cü maddəsinə görə, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. -13.5-ci maddəsinə müvafiq olaraq, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: ... 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; ... -61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. -64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. -64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. -65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. -65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. -65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. -67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. -67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. -67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. -67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi Tibbi Sosial Ekspert komissiyası tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Beləliklə, işin müəyyən edilmiş hallarına görə, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2018-ci ildə ümumi xəstəlik (gözdən əlil) səbəbindən müddətsiz, 3-ci dərəcəli əlillik təyin edilmişdir. Sonradan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli sorğusuna cavab olaraq verilmiş xx.xx.2019-cu il tarixli məktubu və məktuba əlavə edilmiş siyahı nəzərə alınaraq iddiaçıya təyin edilmiş əlillik dərəcəsi xx.xx.2019-cu il tarixdə **********2 ESDAS nömrəsi ilə etibarsız hesab edilmişdir. Bununla bağlı, iddiaçı tərəfindən cavabdeh orqana müraciət edilmiş, lakin cavab verilməmişdir, belə olan halda, iddiaçı cavabdehin bu hərəkət və hərəkətsizliyini məhkəmə qaydasında mübahisələndirmiş, nəticədə cavabdehə qarşı iddiası təmin olunmuş və məhkəmə qərarı ilə iddiaçının xx.xx.2019-cu il tarixdən əlilliyinin bərpa edilməsi cavabdehə həvalə edilmişdir. Qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı cavabdeh inzibati orqan tərəfindən icra edilmiş və iddiaçının əlilliyi xx.xx.2019-cu il tarixdən müddətsiz olaraq bərpa edilmişdir. Bundan sonra cavabdeh DTSERA eyni əsaslar üzrə, yəni iddiaçının əlilliyinin düzgünlüyünü şübhə altına alan əsaslı sübutların təqdim edilməsi ilə bağlı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin məktubu) inzibati icraatı təzələmiş, iddiaçını əyani müayinəyə cəlb edərək (iddiaçı müayinədə iştirak etməmişdir) diaqnozun əlillik əlaməti təyin etməməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli qərarla əlilliyinin ləğv edilməsi barədə qəbul etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli qərar qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş və həmin qərarı qəbul edərkən əlilliyin ləğvi üçün səbəb olan sənədlər üzrə aşkar edilmiş məlumatların 1 il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamış və beləliklə də, iddiaçının qanunla qorunan etimad hüququnu nəzərə almamışdır. Belə ki, ləğv edilən xx.xx.2018-ci il tarixli qərar iddiaçıya münasibətdə əlverişli inizbati akt hesab olunur. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Cavabdehin həmin qərarı qəbul etməsi üçün əsas Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin iddiaçıya verilmiş tibbi göndərişin etibarsız sayılmasına dair məlumatı, başqa sözlə sübutun qeyri-mötəbərliyi olmuşdur. Nəzərə almaq lazımdır ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə materiallardan və işin araşdırılmış hallarından qeyd olunan qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş halların mövcudluğu öz təsdiqini tapmamış, cavabdeh tərəfindən bu qənaətin əksini təsbit edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, həmin Qanunun 67.12-ci maddəsinə müvafiq olaraq, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Göstərilənləri işin hallarına tətbiq edərək məhkəmə qeyd edir ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə əlillik təyin edildiyi halda cavabdeh inzibati orqan ilk dəfə 2019-cu ilin iyul ayında, yəni təxminən 1 il, 2 ay sonra sonra icraata başlamış və iddiaçıya əlillik təyin edilməsi barədə xx.xx.2018-ci il tarixli qərarı ləğv etmək əvəzinə, etibarsız hesab etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində inzibati aktın etibarsız sayılması üçün əsaslar dəqiq göstərilmişdir və həmin halların heç biri iddiaçının əlilliyinin etibarsız sayılması üçün qərarın qəbul edilməsi üçün hüquqi baza kimi çıxış etmirdi. Bundan başqa, “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndidən göründüyü kimi, TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, şəxsin əyani müayinəsinin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edilir. Bu mənada cavabdeh inzibati orqan əldə etdiyi sübutları təzələnmiş inzibati icraatda qiymətləndirib, 67.6-cı maddədəki əsaslar üzrə dəyərləndirməli, beləliklə də 67.12-ci maddəyə və yuxarıda göstərilən Qaydanın 3.7-ci bəndinə uyğun nəticəyə gəlməli idi. Qeyd olunmalıdır ki, şəxsə əlillik qiymətləndirilməsi cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün qiymətləndirmə ilə bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. Hazırkı halda cavabdeh inzibati orqan 2019-cu ildəki icraat üzrə deyil, təxminən 4 il sonra, yəni xx.xx.2023-cü il tarixdə təzələnmiş icraat üzrə səhvini düzəltmək üçün qanunla nəzərdə tutulmuş inzibati icraat aparmaq və təqdim edilmiş sübutlara hüquqi qiymət vermək qərarına gəlmiş, bu isə qanunsuz əlverişli inzibati aktın ləğv edilməsi üçün nəzərdə tutulan müddətin ötürülməsi ilə nəticələnmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının “İnzibati icraat haqqında” Qanunun 13.3, 13.4 və 67.5-ci maddəsinə əsasən etimadın qorunması hüququna istinad etməkdə haqlıdır. Nəzərə alınmalıdır ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir. O da nəzərə alınmalıdır ki, inzibati orqan müddətin keçməsi ilə bağlı inzibati aktı ləğv etmək iqtidarında olmadıqda mübahisələndirdiyi qərarı məhkəmə qaydasında mübahisələndirmək hüququna malikdir. Lakin inzibati orqan Qanunun 67.12-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürməsinə baxmayaraq məhkəməyə müraciət etmədən qəbul etdiyi qərarını ləğv etmişdir. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə bildirir ki, cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən əlillik təyinatının reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda səlahiyyətlidir. Digər inzibati orqanlar kimi əlillik təyinatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan hazırkı aparılmış inzibati icraat üzrə TSEK qərarının əsaslılığına şübhə doğuran hal kimi DİN-nin Tİbb İdarəsinin yuxarıda qeyd olunan məktubunu əsas götürsə də, əslində səhv təyinata səbəb olan hal elə həmin vaxt cavabdeh inzbati orqana məlum olduğundan, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı ləğv etməsi qanuni sayıla bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollefgiyasının 2-1(102)-3135/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında (üç ulduzla işarələnmiş) analoji hüquqi mövqe əks etdirilmişdir. Göstərilənələrə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarı İddiaçı aid hissədə ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-7030/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7030/2025
07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver