Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7032/2023 27.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Əhrəman oğlunun, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X48nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X12, üçümcü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X48nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X17 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda alınması” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X48nin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 10d/3161d №li torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən "10d/3161d” saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” barədə müvafiq qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisindəki sahəsi 0,12 ha olan 10d/3161d saylı bağ sahəsi uzun müddət onun və ailə üzvlərinin istifadəsində olmuşdur. O, həmin bağ sahəsinin ətrafına öz vəsaiti hesabına hasar çəkmişdir. 2007-ci ildə o, ərizə ilə Bakı şəhəri, X16 Birliyinin direktoruna müraciət edib Şüvəlan qəsəbəsi ərazisindəki sahəsi 0,12 ha olan 10d/3161d saylı bağ sahəsinin uzun müddət istifadəsində olmasını və həmin bağ sahəsini öz vəsaiti hesabına hasarlamasını nəzərə alıb həmin bağ sahəsinin onun adına keçirilməsini xahiş etmişdir. Bundan sonra o, Bakı şəhəri, X16 Birliyi tərəfindən bağ növbəsinə qəbul olunmuş və Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 75 saylı Sərəncamına əsasən Bakı şəhəri, X16 İdarəsi tərəfindən Şüvəlan massivində yerləşən 10d/3161d saylı bağ sahəsinin ona icarəyə verilməsinə dair 02 mart 2007-ci il tarixli 39999 saylı icarə müqaviləsi bağlanmışdır. Lakin həmin müqavilənin rəisin imzası ilə imzalanmış və möhürü ilə təsdiq edilmiş surəti ona təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən ləğv olunmuş Bağlar Təsərrüfatı İdarəsinin arxivləri Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə təhvil verilmişdir. O, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə müraciət edərək qeyd olunan icarə müqaviləsinin bağlanmış hesab edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsindən ona müvafiq sənəd verilməsini xahiş etmişdir. Oradan isə ona bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Bağlar Təsərrüfatı idarəsi ləğv olunmuş və bununla bağlı həmin idarənin arxivləri Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə təhvil verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə Bağlar Təsərrüfatı İdarəsinin səlahivvətləri verilməmişdir, onların icarə müqaviləsi bağlamaq və sair hüquqları yoxdur. Ona ayrılmış bağ sahəsi ilə bağlı tərtib edilmiş icarə müqaviləsi naməlum səbəbdən Bağlar Təsərrüfatı İdarəsinin rəisinin imzası və möhürü ilə təsdiq edilmədiyindən həmin müqavilənin verilməsi mümkün deyildir. Bundan sonra o, cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “vəzifəli şəxsin hərəkətləri (hərəkətsizliyindən) şikayətə" dair - Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən Şüvəlan massivində yerləşən 10d/3161d saylı bağ sahəsinə dair tərtib olunmuş xx.xx.2007-ci il tarixli 39999 saylı icarə müqaviləsinin təsdiq olunmuş surətinin ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə zamanı nümayəndəsi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia predmetini dəyişərək Bakı şəhəri, Şüvəlan massivində yerləşən 10d/3161d saylı bağ sahəsinə dair İddiaçı adına tərtib edilmiş xx.xx.2007-ci il tarixli icarə müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 may 2008-ci il tarixli, 2(005)-1114/2008 saylı qətnaməsi ilə iddia təmin edilərək, X16 və İstismarı Birliyi ilə İddiaçı arasında Şüvəlan ərazisindəki 10d/3161d saylı bağa dair tərtib edilmiş xx.xx.2007-ci il tarixli 39999 saylı icarə müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmişdir. Həmin qətnamə xx.xx.2008ci il tarixində qanuni qüvvəsini almışdır. O, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “10d/3161d” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciəti təmin olunmamış və bu barədə ona 27 yanvar 2023-cü il tarixli, 3-2133-30/2-2564/2023,**********64 saylı imtina məktubu ünvanlanmışdır. Hesab edir ki, imtina məktubunda qeyd olunanların heç bir əsası yoxdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 24 fevral 2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Eyni zamanda məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X17 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə Sistemi” vasitəsilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı torpaq sahəsinin qonşu sahələrlə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Həmçinin torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilmədiyindən bağın naturada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, elektron kadastr məlumatına əsasən göstərilən ərazidə heç bir bağçılıqyoldaşlığın ayrıc aktı mövcud deyil, koordinatlarla şərti göstərilən torpaq sahəsinin 347 kv. metr hissəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Torpaq sahəsinə digər fiziki şəxslərin (X13 və X22) müraciətləri qeydə alınmışdır. Həmçinin, xx.xx.2007-ci il tarixli, 39999 saylı müqavilə səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya **********64 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X48nin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil Əhrəman oğlu iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X23 məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs X17 məhkəmə iclasında izahat verərək, mübahisənin məhkəmənin mülahizəsinə əsasən həll olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları: İş materiallarında olan: İddiaçı tərəfindən Bakı şəhər İcra Hakimiyyəti X7 İnkişafı və İstismarı Birliyinə ünvanlanmış və xx.xx.2007-ci il tarixdə Birlik tərəfindən qeydə alınmış ərizədən (surəti) görünür ki, İddiaçı uzun müddət ərzində istifadə etdiyi Şüvəlan qəsəbəsi ərazisindəki sahəsi 0,12 ha olan bağı öz vəsaiti hesabına hasarladığının nəzərə alınmaqla bağlar ərazisindəki 10d/3161d saylı bağ sahəsinin onun adına keçirilməsini xahiş etmişdir. Bakı şəhər İcra Hakimiyyəti X7 İnkişafı və İstismarı Birliyinin İddiaçı ünvanlanmış xx.xx.2007-ci il tarixli məktubunda (surəti) göstərilmişdir ki, İddiaçı 41098 say nömrəsi ilə bağ növbəsinə qəbul edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X7 İnkişafı və İstismarı Birliyi ilə X6 arasında bağlanmış “Şüvəlan ərazisindəki 10d/3161d nömrəli bağın istifadəyə verilməsi haqqında” 39999 №-li xx.xx.2007-cü il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi ərazisində 0,12 ha torpaq sahəsi olan 10d/3161d №-li bağ sahəsi X1 istifadəsinə verilmişdir. Bakı şəhər X16 və İstismarı Birliyinin şöbə müdiri X35, mühəndis X36 və Şüvəlan (Şimal DRES) bağlar massivindəki 2546 a saylı ( müqavilə № 34681) bağın sahibi X27, 2544 a saylı (müqavilə № 34692) bağın sahibi X20 iştirakları ilı tərtib olunmuş xx.xx.2007ci il tarixli aktın surətindən müəyyən olunur ki, Şüvəlan bağlar sahəsində X2 adına bağ sahəsi təhkim olunması barədə X21 daxil olmuş ərizəsini yerində yoxlamaq üçün onun istifadə etdiyi Şüvəlan bağlar massivindəki 0,12 ha torpaq sahəsi olan 10d/3161 saylı bağ yerində olublar. Əraziyə baxışdan və onun üç nəfər qonşusunun - X27, X37 və X20 təsdiqindən müəyyən olunmuşdur ki, həqiqətən də vətəndaş X9 üzun müddətdir ki, birliyin boş balansında olan 10d/3161d saylı bağ istifadə edir və həmin bağ sahəsini hasara almış və bu sahəyə qonşuları ilə birlikdə öz vəsaitləri hesabına yol çəkmişdirlər. Ona görə də tərəflərindən bu akt tərtib olunmuşdur və aktın doğruluğunu imzaları ilə təsdiq etmişirlər. Bakı şəhəri 7 saylı notariat kontorunda xx.xx.2016-cı il tarixdə təsdiq olunmuş Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 9a/3165a, 49a/3200a, 10d/3161d, 29/3180 və 10/3161 saylı Bağ sahəsinin bölgü sxemin surətindən müəyyən olunur ki, X24, X9, X31, X25 bölgü ilə razı olduqlarını, şikayət, etiraz və əlavələrinin olmadığını bildirmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1114/2008 saylı xx.xx.2008-ci il tarixli qətnaməsindən (surəti) müəyyən olunur ki, iddiaçı X24 cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı vəzifəli şəxsin hərəkətləri (hərəkətsizliyindən) şikayətə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 75 №li şərəncamına əsasən Şüvəlan massivində yerləşən 2544b №-li bağ sahəsinə dair tərtib olunmuş xx.xx.2007-ci il tarixli 39994 №-li müqavilənin ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “vəzifəli şəxsin hərəkətləri (hərəkətsizliyindən) şikayətə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 75 №-li Sərəncamına əsasən Şüvəlan massivində yerləşən 10d/3161d №-li bağ sahəsinə dair tərtib olunmuş xx.xx.2007-ci il tarixli 39999 №li icarə müqaviləsinin ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1114/2008 saylı xx.xx.2008-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “vəzifəli şəxsin hərəkətləri (hərəkətsizliyindən) şikayətə” dair 2(005)-1114/2008 saylı mülki iş və iddiaçı X15 cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “Vəzifəli şəxsin hərəkətləri (hərəkətsizliyindən) şikayətə” dair 2(005)- 1119/2008 saylı mülki işləri bir icraatda birləşdirilərək həmin işə 2(005)-1114/2008 nömrəsi verilmişdir. İddiaçıların nümayəndəsi E.Abbasov Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia predmetini dəyişərək, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2007ci il tarixli 75 saylı sərəncamına əsasən, Şüvəlan massivində yerləşən 2544b №-li bağ sahəsinə dair X15 adına tərtib edilmiş xx.xx.2007-ci il tarixli icarə müqaviləsinin və Şüvəlan massivində yerləşən 10d/3161d №-li bağ sahəsinə dair İddiaçı adına tərtib edilmiş xx.xx.2007-ci il tarixli icrarə müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1114/2008 saylı xx.xx.2008-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, X16 və İstismarı Birliyi ilə X24 arasında Şüvəlan ərazisindəki 2544b saylı bağa dair tərtib edilmiş xx.xx.2007-ci il tarixli 39994 saylı icarə müqaviləsi və X16 və istismarı Birliyi ilə İddiaçı arasında Şüvəlan ərazisindəki 10d/3161d saylı bağa dair tərtib edilmiş xx.xx.2007-ci il tarixli 39999 saylı icarə müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qətnamədə aparılmış qeydə əsasən 2(005)-1114/2008 saylı xx.xx.2008-ci il tarixli qətnamə xx.xx.2008-ci il tarixdə qüvvəyə minmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı (etibarnamə üzrə nümayəndəsi X10) ünvanlanmış **********32 №-li, xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, keçmiş X16 və İstismarı Birliyinin xx.xx.2007-ci il tarixli, 75 saylı Sərəncamı ilə Bakı şəhəri, Əzizbəyov rayonu (indiki Xəzər), Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 10d/3161d saylı bağ sahəsinin icarəyə verilməsinə dair İddiaçı adına xx.xx.2007-ci il tarixli, 39999 nömrəli müqavilə tərtib edilmişdir. Lakin müqavilə (hər iki nüsxəsi) səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. Arxiv qovluğunda keçmiş X16 və İstismarı Birliyi ilə İddiaçı arasında Şüvəlan ərazisindəki 10d/3161d saylı bağa dair tərtib edilmiş xx.xx.2007-ci il tarixli 39999 saylı icarə müqaviləsinin bağlanmış hesab edilməsi barədə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(005)- 1114/2008 nömrəli qətnaməsi mövcuddur. DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X10 ünvanlanmış **********10 №-li, xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla şərti göstərilən torpaq sahəsinin 347 kv. metr hissəsi X5 adına **********18-11301 reyestr nömrəsi ilə Şüvəlan qəsəbəsi, 49a/3200a saylı bağ evi kimi xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 49a(49a/3200a) saylı bağ sahəsinə dair X11 adına verilmiş “Xəzər” bağçılıq yoldaşlığının üzvlük kitabçası mövcuddur. DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 04/2856 inventar №-li texniki pasportun surətindən müəyyən olunur ki, Bakı şəhəi, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 49a/3200a ünvanında yerləşən bağ evinə dair X4 adına texniki pasport tərtib edilmişdir. Texniki pasportdan müəyyən olunur ki, faktiki torpaq sahəsi 0,12 ha, tikintialtı sahə 0,00275 ha, digər sahələr 0,11725 ha təşkil edir. Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X48 tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 49a/3200a ünvanında istifadəsində olan 0,0015 ha torpaq sahəsi üzərində yerləşən bağ evi xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə (**********8-11301 reyestr №-li) X4 adına qeyd edilmişdir. X17 tərəfindən Bakı şəhəri 23 saylı notariat kontorunda verilmiş və notarial qaydada təsdiq olunmuş **********844 saylı ərizədən müəyyən olunur ki, X17 İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 10d/3161d saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKRnin 1 saylı Bakı Ərazi İdarəsinin **********64 №-li xx.xx.2023-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 10d/3161d saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı torpaq sahəsinin qonşu sahələrlə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Həmçinin torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilmədiyindən bağın naturada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə elektron kadastr məlumatına əsasən göstərilən ərazidə heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı mövcud deyil, koordinatlarla şərti göstərilən torpaq sahəsinin bir hissəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Qeyd olunanlarla yanaşı torpaq sahəsinə digər fiziki şəxslərin müraciətləri qeydə alınmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının; - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.7. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. - 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1 -ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 10d/3161d saylı bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etmiş, cavabdeh isə torpaq sahəsinin qonşu sahələrlə ümumi hasar daxilində yerləşdiyi, torpaq sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilmədiyindən bağın naturada yerləşməsini müəyyən etmək mümkün olmadığı, elektron kadastr məlumatına əsasən göstərilən ərazidə heç bir bağçılıq-yoldaşlığın ayrıc aktının mövcud olmadığı, koordinatlarla şərti göstərilən torpaq sahəsinin bir hissəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşdüyünü əsas gətirərək ərizənin icrasından imtina etmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. “Daşınmaz əmlakın reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən sərəncamlar və orderlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (Maddə 64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (Maddə 64.2.). İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur (Maddə 64.3.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları əlahiddə olaraq, bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli və kompleks şəkildə təfsir və tətbiq etməlidir. Həmçinin cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da həmin maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. Bağların bölgüsünə dair sxematik xəritədə mübahisəli bağ sahəsinin nömrəsinin qeyd edilməməsinə və elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla şərti göstərilən torpaq sahəsinin 347 kv. metr hissəsinin X5 adına **********18-11301 reyestr nömrəsi ilə Şüvəlan qəsəbəsi, 49a/3200a saylı bağ evi kimi xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir. Bundan əlavə məhkəmə araşdırması zamanı X18 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş ərizədə mübahisəli bağ torpaq sahəsinin iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmasına etiraz etmədiyini bildirmişdir. xx.xx.2007-ci il tarixli, 39999 saylı müqavilənin səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq edilməməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən X16 və istismarı Birliyi ilə İddiaçı arasında Şüvəlan ərazisindəki 10d/3161d saylı bağa dair tərtib edilmiş xx.xx.2007-ci il tarixli 39999 saylı icarə müqaviləsinin bağlanmış hesab edilməsi qət edildiyindən, cavabdeh orqan tərəfindən qeyd olunan əsas, həmin müqavilənin etibarlılığını şübhə altına alan digər əsasların müəyyən olunmadığı təqdirdə, iddiaçının müqaviləyə əsaslanan hüququnun qeydiyyata alınmasından imtina üçün yetərli əsas sayıla bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X7 İnkişafı və İstismarı Birliyi ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə bağlanmış “Şüvəlan ərazisindəki 10d/3161d nömrəli bağın istifadəyə verilməsi haqqında” 39999 №li müqavilə ilə ona ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 0,12 ha torpaq sahəsindən ibarət “10d/3161d” saylı bağ sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-7032/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7032/2023
27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver